Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

15-05-2023 , 15:58

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Elmi-Praktik Məsələlər
- +

“Qəbirstanlıqlardakı özbaşınalıqlar”-KİMDİR MÜQƏSSİR

Ötən ay Sabunçu rayonu Balaxanı qəsəbəsi ərazisindəki xristian qəbirstanlığında baş vermiş xoşagəlməz hadisə cəmiyyətdə geniş əks-səda doğurdu. Baş vermiş hadisəyə rəsmi dövlət orqanları tərəfindən  dərhal reaksiya verilməsi, hər halda,   müsbət hal kimi qiymətləndirilməlidir. Bununla yanaşı əldə etdiyimiz məlumata görə, məzar daşlarına qarşı vandalizm aktlarının təkrarlanmaması üçün ciddi addımların atılması da qərara alınıb.

Ancaq baş vermiş hadisədə bələdiyyələri “günah keçisi” kimi seçməklə əsas günahı məhz bu qurumların üstünə atılması, fikrimcə yolverilməzdir. Düşünürəm ki, qəbirstanlıqlarda yaranmış neqativlərlə dolu mövcud vəziyyətdə əsas günahı  bələdiyyə orqanlarının üstünə atmamış ümumi vəziyyəti “götür-qoy” etməli və yaranmış vəziyyəti daha dərindən təhlil etməliyik ki,  real vəziyyətə uyğun günah sahibini tapaq və vəziyyətdən çıxış yollarını düzgün səmtə doğru aparaq.

***

Beləliklə, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2017-ci il 29 dekabr tarixli 960-VQD nömrəli Qanununun və həmin Qanunun tətbiqi haqqında 18 yanvar 2018-ci il tarixli, 1789 nömrəli Prezident Fərmanının icrası istiqamətində tədbirlərlə bağlı, o cümlədən Nazirlər Kabinetin 22 yanvar 2018-ci il tarixli, 29 s nömrəli və 2018-ci il, 4 dekabr tarixli, 522 nömrəli Qərardan  sonra Bakı ŞİH-in Mənzil-Kommunal Təsərrüfatı Departamentinin  Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin balansında olan qəbirstanlıqların ərazilər üzrə bələdiyyələrin balansına verilməsinə başlanıldı.

İlk növbədə dolu, habelə trest tərəfindən xidmət göstərilməyən, əslində isə bu quruma yük olanları çox operativ şəkildə bələdiyyələrə verilməsinə başlanıldı. Hazırda istifadədə olan, habelə xidmət sahələri olmuş qəbirstanlıqların isə  təhvil  verilməsi nəzərdə tutulmadı. Təəssüf  ki, üstündən xeyli vaxt keçməsinə baxmayaraq təhvil-təslim prosesi hələ də başa çatdırılmayıb. İstifadədə olan qəbirstanlıqların  bələdiyyələrin balansına verilməməsinin isə konkret səbəbi  hər kəsə aydındır. Necə ola bilər ki, Zabrat qəsəbəsindəki boş yeri olmayan iki qəbirstanlıq bələdiyyənin balansına rahatlıqla verilir, ancaq kifayət qədər boş yeri olan xristian qəbirstanlığı ilə üzbəüz ərazidəki qəbirstanlıq isə təhvil verilmir. Xətai rayonunda olan qəbirstanlıqlarda eyni taleyi yaşayır. Müvafiq qurum, yəni  Əhaliyə Vətəndaşlıq Xidməti Tresti həmin qəbirstanlıqlardakı boş yerləridə satıb sonra yəqin ki bələdiyyələrin balansına verəcəyini indidən düşünmək olar. Bu gün Zabrat qəsəbəsindəki qəbirstanlıqda iki nəfərklik məzar yeri 2000-3000 manata, Xətai rayonundakı ərazidə isə daha baha qiymətə təklif olunur. Qeyd edim ki, bu qiymətləri 7-77-yə  hər kəs yaxşı bilir.    

Müşahidələrimiz göstərir ki, bu gün  trestin balansında olan qəbirstanlıqlar bələdiyyələrə “alayarımçıq” şəkildə  təhvil verilib. Yəni, qəbirstanlığın ərazisinin “idarəetməsindən” başlamış,  ərazidə qanuni və qanunsuz fəaliyyət göstərən məzar daşı sexlərinədək olan məsələlərin yaratdığı problemlər bu günədək öz həllini tapmayıb. Təhvil-təslim aktının altında ərazinin xəritəsi,  qəbirstanlıq reyestrinin olmadan akti sədrlərə bəzən məcbur imzalatdırıblar.  Bir çox hallarda siyasi rəhbərlərə edilən “hansısa şəxsin” zəngi sayəsində bələdiyyə sədrləri tərəfindən aktı imzalamaq məcburiyyətində qalmaları da danılmaz faktdır.

Bəzi hallarda trest bələdiyyələri günahkar çıxarmağa çalışsa da əslində bələdiyyələrin bu prosesə həvəsli olmamasının əsas səbəbinin açıqlamağa maraqı olmaması da  təəssüf doğurur. Bu istiqamətdə apardığımız müşahidələr göstərir ki, qəbirstanlıqları təhvil almağa maraqlı olmayan bələdiyyələrin əsaslı səbəbləri də var imiş.

Yəni sual olunur qəbirstanlığın əhatə etdiyi torpaq sahəsi, habelə ərazidə yerləşən ziyarətgahlar, ən əsası məzardaşı sexləri hansı səbəbdən  bələdiyyə mülkiyyətinə verilməyib. Bu gün Xətai, Suraxanı, Qaradağ, Binəqədi və Sabunçu rayonu ərazilərində qəbirstanlıqların ərazisindəki məzar daşı sexlərinin bələdiyyələrin balansına verilməsi  niyə “düyünə düşüb”. Min bir bəhanə ilə bu prosesin icrası ləngidilir.

Bununla yanaşı qəbirstanlıqlarda fəaliyyətdə olan, məzar daşı sexlərinin fəaliyyəti barədə müavfiq orqanlarda müffəsəl məlumat varmı. Yəni onların  dövlətə ödədiyi vergilərin həcmi haqqında Dövlət Vergi Xidmətində hansısa məlumat varmı.  Üstəlik ziyarətgahlardan toplanan ianələrin hara xərcləndiyini bilən varmı? Niyə toplanan ianələrdən bələdiyyə büdcəsinə müəyyən vəsait ödənmir? Necə ola bilər ki, bələdiyyə ərazisində və balansında olan ziyarətgahdan ianə toplanır, amma bələdiyyə büdcəsinə vəsait köçürülmür, ancaq əraziyə xidməti bələdiyyələrdən tələb edirik.

Qaradağ, Xəzər, Suraxanı və  Sabunçu  rayonlarındakı bir çox qəsəbələrdə o cümlədən rayonların əksəriyyətində “havadan asılı vəziyyətdə” olan qəbirstanlıqların taleyi hazırda həll olunmamış qalıb. “Havadan asılı vəziyyətdə” olan qəbirstanlıqlar əsasən heç bir qurumun balansında olmadığı üçün  onun bələdiyyələr tərəfindən rəsmiləşdirilməsin də problem yaşanır. Və etiraf edək ki, bu boşluqdan bəzi işbazlar məharətlə istifadə edib, kifayət qədər maliyyə vəsaiti qazanırlar.

Bu gün elə vəziyyət yaranıb ki, qəbirstanlıqlar da “sanki inhisara alınmış vəziyyətdədir”. Elə fikir yaranır ki, qəbirstanlıqlar bələdiyyədən kənar qurumlar və şəxslər tərəfindən idarə olunur,  qəbir yerlərini və onun qiymətini də məhz həmin şəxs və qurumlar müəyyən edir. Bu da danılmaz faktdır ki, paytaxt qəbirstanlıqlarında bir qəbir yerinin qiyməti 500-8000 manat arasında dəyişir. Bu qiyməti də məhz həmin kənar qüvvələrin müəyyən etdiyini güman etmək olar.  

Bu gün yuxarıda qeyd etdiyimiz “havandan asılı vəziyyətdə olan” qəbirstanlıqların bələdiyyələrə təhvil verilməməsi həm vətəndaşlara, həm bələdiyyələrə, həm də yerli icra strukturlarının özlərinə  də ciddi problem yaratmaqdadır.

Beləliklə, bu gün Bakı bələdiyyələrinin əksəriyyətində qəbirstanlıqların   təhvil verilməsi tam başa çatdırılmamış, bir çox hallarda tələm-tələsik təhvil verilmiş, bəzi hallarda isə bu ərazilərdəki qəbirstanlıqların bələdiyyələrə təhvil verilməsi ciddi problemlərlə müşaiyət  olunmuşdur. 

Beləliklə, biz qəbirstanlıqlardakı özbaşınalıqlara toxunarkən ilk olaraq bu özbaşınalığın bələdiyyələr tərəfindən yaradılmadığını bilməliyik.

***

Beləliklə, müşahidələrimizdən belə qənaətə gələ bilərik ki, əgər biz bələdiyyələrin bu prosesə tam nəzarət etməsini, o cümlədən bu sahədəki xidmət səviyyəsinin və keyfiyyətinin artırılmasını istəyirdiksə, onda bu sahəyə dövlət tərəfindən məhz yuxarıda adıçəkilən trestə ayrılan   maliyyə vəsaitini də heç olmasa ilk beş il ərzində, sistemin qurulması üçün bələdiyyə büdcəsinə ayırmalı idik. Nəzərə alaq ki, qanunvericilikdə buna imkan verir. Yəni icra strukturlarına aid edilən hər hansı bir  səlahiyyət bələdiyyələrə verildiyi halda onun icrası üçün tələb olunan maliyyə vəsaiti də bələdiyyə büdcəsinə ayrılmalı idi. Bununla bağlı “Bələdiyyələrin statusu” haqqında Qanunun  42.2 maddəsində konkret şəkildə qeyd edilir:

“Azərbaycan Respublikası icra hakimiyyəti orqanlarının qəbul etdikləri qərarlar nəticəsində bələdiyyənin məxarici artıb mədaxili azalarsa, qərar qəbul etmiş orqanlar kompensasiya ödəyirlər. Kompensasiyanın məbləği müvafiq qərarın qəbul olunması ilə bir vaxtda müəyyənləşdirilir. Bələdiyyələrin əlavə xərclərinə səbəb olan dövlət orqanlarının qərarlarını bələdiyyələr onlara kompensasiya kimi verilmiş vəsait həddində həyata keçirirlər”

Təəssüf ki, hansısa səbəbdən bu addım atılmadı.

İkinci məqam bələdiyyələrə təhvil verilməli olan qəbirstanlıqlar tam tərkibdə, yəni üzərində olan bütün sexlər və digər xidmət sahələriylə birgə, habelə qəbirstanlıq reyestri də daxil olmaqla  təhvil verilməli idi. Bu addım atılmadı. Deməliyəm ki, əsas problemdə  məhz bu addımla bağlıdır.

Üçüncü məqam isə, qəbirstanlıqlara “dikilən baxışlar” dəyişməli, idarəetmənin icrası bütövlükdə bələdiyyələrə verilməsi  təmin edilməli idi. Təəssüf ki, bu məqamda icra edilmədi.

***

Son olaraq qeyd etməliyəm ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan  “bələdiyyə sistemini bu gün “cəmiyyətdə uğursuz bir qurum” olduğu barədə fikri formalaşmaqdadır” fikrinin səsləndirilməsi, konkret olaraq yolverilməzdir. Heydər Əliyev ilində Ulu öndərin banısı olduğu bir sistemin inkişafına təkan vermək əvəzinə bu fikirlərin tirajlanması əslində siyasi səhv hesab edilməlidir.

Maraqlıdır, bu fikri yazanlar özləri bələdiyyə sisteminin hansısa probleminin həlliylə bağlı addım atıblarmı və yaxud ozləri bələdiyyə vergilərini ödəyiblərmi. Nə isə...

Beləliklə, qəbirstanlıqlardakı mövcud olan və hiss edilən özbaşınalıqların kökündə heç də bələdiyyələrin fəaliyyəti dayanmır. Ölkə bələdiyyələri arasında barmaqla sayıla biləcək qədər də olsa bu sahəyə tam nəzarəti ələ alan və lazimı səviyyədə xidmət göstərən  bələdiyyələrimiz var. Məhz  icra strukturlarının, habelə əldə etdiyi maliyyənin hesabına hazırda Bakının Yasamal bələdiyyəsi və Gəncə şəhəri Kəpəz və Nizami bələdiyyələri ərazilərindəki qəbirstanlıqlarda ciddi nizam-intizam  yaratmaqla, həmdə büdcələrinə əlavə vəsait cəlb edə biliblər.

Ancaq bu gün ay ərzində orta hesabla 2.500 manat maliyyə vəsaiti qazanan digər Azərbaycan bələdiyyəsindən  qəbirstanlıqlardakı mövcud vəziyyətə nəzarət etmək və xidmət göstərmək tələbi sadəcə sadəlövlükdür. Odur ki, təhvil-təslimi tam tərkibdə baş çatdırıb, habelə strukturun saxlanması üçün dövlət büdcəsindən maliyyə vəsaitini ayırıb, sonra bələdiyyələrdən hansısa bir tələbi irəli sürsək daha məqbul sayıla bilər. Belə bir vəziyyətdə isə, fikrimcə,  günahı bələdiyyələrdə deyil, elə özümüzdə axtarmalıyıq.

Hər halda düşünməyə dəyər.

Vüqar Tofiqli

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri 

P.S. Mövzu ilə əlaqəli qurumların fikirlərini resursda yerləşdirməyə hazırıq.

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

105 yaşlı Ədliyyə tarixi

Elmi-Praktik Məsələlər
20-11-2023

Yerli büdcənin tərtibi

Elmi-Praktik Məsələlər
10-10-2023