Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

12-05-2023 , 21:57

Son xəbərlər

Bütün xəbərlər

"Məhv olmuş ömür. Narkotikə YOX de!” 

Gündəlik Xəbərlər
04-10-2023

Yasamal rayonunda Anım Günü qeyd   edilib

Gündəlik Xəbərlər
29-09-2023

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Elmi-Praktik Məsələlər
- +

Müstəqil ölkəmizin bugünkü uğurları Heydər Əliyev strategiyasının təntənəsidir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli sərəncamı ilə 2023-cü il ölkəmizdə "Heydər Əliyev İli" elan edilmişdir. Ümummilli lider, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə bu ilin ölkəmizdə "Heydər Əliyev İli" elan edilməsi xalqımız tərəfindən hədsiz sevinclə qarşılanmışdır. 

Müasir Azərbaycan tarixinin bütöv bir epoxası, önəmli bir mərhələsi ulu öndərimiz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Ümummilli lider Heydər Əliyevin 34 illik rəhbərliyi dövrü Azərbaycan tarixinin ən yüksək inkişaf mərhələsi olmuşdur. Müstəqil ölkəmizin bugünkü uğurları Heydər Əliyev strategiyasının təntənəsidir. Azərbaycan bu gün hərtərəfli və dinamik inkişaf yolundadır, həyatımızın bütün sahələrində yüksəliş, tərəqqi var. İqtisadi artım tempinə görə respublikamız son illər bütün dünyada yüksək mövqeyə sahib olmuşdur. Bu gün ölkəmizdə davam edən geniş quruculuq işləri Heydər Əliyev zəkasının bəhrəsidir. Azərbaycanın tarixinə qurucu və xilaskar kimi daxil olmuş ulu öndərimiz xalqımızın taleyində, mənəvi, siyasi və ictimai həyatında misilsiz xidmətlər göstərmişdir.

 Heydər Əliyev xalqını sonsuz məhəbbətlə sevmiş, xalq da onun sevgisini daim ucu tutmuşdur. Məhz xalqına olan məhəbbəti dünyaşöhrətli siyasi xadimi yenidən öz ana vətəni Azərbaycana ikinci dəfə ölkə rəhbərliyinə qaytarmışdır. 1993-cü ilin keşməkeşli iyun günlərində xalqın təkidli tələbi və xahişi ilə yenidən hakimiyyətə qayıdan böyük və bənzərsiz şəxsiyyət Heydər Əliyev xalqın başının üstünü almış bütün bəlalardan millətini hifz edib qorudu, respublikada ictimai-siyasi sabitliyi təmin etdi, vətəndaş qarşıdurmasını aradan qaldırdı, ölkəni parçalanmaq təhlükəsindən xilas etməklə milli qurtuluşu təmin etdi. Ölkəmiz demokratiya, hüquqi dövlət quruculuğu yolu ilə irəlilədi, xalq birliyi yarandı. XX əsrin 60-cı illərinin sonunda başlayan Heydər Əliyevin idarəetmə siyasətinin başlıca istiqaməti, ideyası xalqın milli özünüifadəsinin vüsət alması, milli qürur hissinin güclənməsi və sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi ilə səciyyələnir.

Müstəqil Azərbaycanın gələcək inkişafının yalnız hüquqi dövlət, demokratik və vətəndaş cəmiyyəti quruculuğu, azad sahibkarlıq və bazar iqtisadiyyatının formalaşdırılması nəticəsində mümkün olacağını yaxşı bilən müdrik dövlət xadimi ilk növbədə, bu münasibətləri tənzimləyən yeni qanunvericilik sisteminin, xüsusən də onun əsasını təşkil edəcək Əsas Qanunun - Konstitusiyanın hazırlanıb qəbul edilməsinə çox böyük önəm verirdi. Eyni zamanda, təcrübəli siyasi və dövlət xadimi Heydər Əliyev vətəndaşların dövlət idarəetməsində iştirakının ən vacib ünsürü kimi yerli özünüidarəetməyə xüsusi diqqət göstərirdi. Təsadüfi deyil ki, ölkəmizdə bələdiyyələrin hüquqi statusunun qanun çərçivəsində müəyyənləşdirilməsi ilk dəfə ulu öndərin bilavasitə iştirakı və rəhbərliyi ilə qəbul edilib, xalqımızın köklü mənafeləri ilə bağlı məsələlərin, mütərəqqi bəşəri dəyərlərin təsbit olunduğu müstəqil Azərbaycan Respublikasının Konstitusiyasında ifadə edilib. Konstitusiyamızın yerli özünüidarəetmə haqqında müddəalara həsr olunmuş IV bölməsində bələdiyyələrin işinin təşkili, onların səlahiyyətləri, qərarların qəbul edilmə qaydası, o cümlədən bələdiyyələrin müstəqilliyinin təminatı kimi məsələlər əksini tapıb.

Məhz yeni Konstitusiyanın qəbulundan sonra "Yerli özünüidarə haqqında" Avropa Xartiyasının müddəaları ilə milli, yerli xüsusiyyətlər uzlaşdırılmaqla bələdiyyələrin, bələdiyyə üzvləri və qulluqçularının statusunu, yerli özünüidarənin maliyyəsinin əsaslarını, bələdiyyə əmlakının hüquqi rejimini və bir sıra başqa mühüm münasibətləri tənzimləyən qanunvericilik aktları qəbul edilmişdir. Bunların sırasında "Bələdiyyələrin statusu haqqında", "Bələdiyyənin nümunəvi nizamnaməsinin təsdiq edilməsi haqqında", "Bələdiyyə qulluğu haqqında", "Bələdiyyə maliyyəsinin əsasları haqqında" və "Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında" Azərbaycan Respublikası qanunlarını və bu qanunların tətbiqi barədə imzalanan fərmanları göstərmək olar.

Azərbaycanda yerli özünüidarəetmə institutunun yaradıcısı ulu öndər Heydər Əliyevdir. Yerli özünüidarəetmə ilə bağlı normaların Ali Qanunda təsbit edilməsi bu təsisata verilən konstitusion dəyərin və ulu öndərin inamının göstəricisi idi. Çünki Azərbaycan tarixinin heç bir dönəmində belə bir təsisat mövcud olmamışdır. Digər mülkiyyətlərlə yanaşı, bələdiyyə mülkiyyəti Konstitusiyanın 13.2-ci maddəsində, yerli özünüidarəetmə ilə bağlı tənzimetmə məsələləri isə 142-146-cı maddələrdə əks olunmuşdur. Yerli özünüidarəetmə orqanı olduğundan bələdiyyələrin təyinatına, ilk növbədə yerli əhəmiyyətli məsələlərin həll edilməsi həvalə olunmuşdur. Konstitusiyanın 144-cü maddəsi ilə yerli əhəmiyyətli məsələlərə vergilərin və ödənişlərin müəyyən edilməsi, yerli büdcənin təsdiq edilməsi, bələdiyyə mülkiyyətinə sahiblik və ondan istifadə məsələləri, yerli sosial müdafiə və sosial inkişaf, həmçinin yerli iqtisadi inkişaf, eləcə də yerli ekoloji proqramların qəbul və icra edilməsi məsələləri daxil edilmişdir. Bununla yanaşı, əhalinin mənafeyi naminə bələdiyyələrə qanunvericilik və icra hakimiyyətləri tərəfindən əlavə səlahiyyətlərin verilməsi imkanı Konstitusiyada təsbit edilmişdir.

Ulu öndərin bələdiyyələrə inamı nəticəsində yerli özünüidarəetmə yalnız normativ formatda qalmadı və 1999-cu ildə bələdiyyələrə ilk seçkilər keçirildi. Mexanizm formalaşdırıldı, məqsədi insan hüquq və azadlıqlarının qorunması olan və bütün respublikanı əhatə edən yeni sistem quruldu. Yerli əhalinin həyat fəaliyyətinin bilavasitə təmin olunması, bu prosesdə vətəndaşların fəaliyyətinin təşkilini sistemləşdirmək yerli özünüidarəetmə fəlsəfəsinin əsasını təşkil etdi.

Bu formatda təsisatların yaradılmasında ulu öndərin ilkin məqsədi demokratik və fundamental dəyərlərin təcəssümü, daha sonra isə bütün mütərəqqi vasitələrlə vətəndaşların hüquqlarının həyata keçirilməsi olurdu ki, məhz bu ideyalar sayəsində bu gün bələdiyyələr inkişaf edir. Təsadüfi deyildir ki, vergi siyasətinin həyata keçirilməsində, yerli vergilərin toplanmasında bələdiyyələr tərəfindən artım müşahidə olunur ki, bu da Konstitusiyada təsbit olunan hər kəsin layiqli həyat səviyyəsinin təmin edilməsinə yönəlmiş fəaliyyətdə bələdiyyələrin iştirakının göstəricisidir. İnkişaf etmiş dünya ölkələrinin də dövlət siyasətinin prioritet istiqamətlərindən olan vətəndaş məmnunluğuna nail olunmasında bu gün bələdiyyələr də maraqlı tərəflərdən biridir, çünki qanun və səlahiyyətlər çərçivəsində yerli əhalinin maraqlarının qorunması bələdiyyələrin əsas məqsədlərindəndir. Vətəndaş məmnuniyyəti dövlətə olan etimadı ehtiva etdiyindən bələdiyyələr ulu öndərin ideyalarına sadiq qalaraq, dövlətə olan inamın göstəricilərindən biri olmaqda əzmlidirlər, eyni zamanda bu, dövlətin iş yükünün azaldılmasını da hədəfləyir.

 Yerli özünüidarəetmə sistemində prioritet istiqamətlərdən biri də gənclərə xüsusi önəm verilməsidir. Belə ki, ulu öndərin həyata keçirdiyi gənclər siyasətinə uyğun olaraq seçilən bələdiyyə üzvlərinin bir hissəsini bu gün də gənclər təşkil edir. Ölkənin inkişafında gənclərin potensialının qiymətləndirilməsi, idarəetmədə onların yer tutması, fəaliyyətləri ilə gənclər tərəfindən dövlətə dəstəyin ifadə edilməsi bu gün dövlətimizin uğurudur. 

Yerli özünüidarəetmə institutunun önəmini yüksək qiymətləndirən ulu öndər seçkilərin şəffaf, mütəşəkkil keçirilməsinin təmin olunmasını şəxsi nəzarətində saxlayaraq seçki öncəsi xalqa müraciətində vətəndaşları seçkilərdə fəal iştirak etməyə çağırıb. Hər bir vətəndaşın Azərbaycanda dövlət quruculuğu prosesində, o cümlədən seçkilərdə fəal iştirak etməsini arzulayan dahi şəxsiyyət deyirdi: "Təbiidir ki, seçkidə iştirak etmək, yaxud iştirak etməmək hər bir vətəndaşın şəxsi hüququdur. Ancaq eyni zamanda, hər bir vətəndaş Konstitusiyanın ona verdiyi hüquqdan istifadə etməli, kənarda qalmamalıdır. Ümidvar olduğumu bildirmək istəyirəm ki, Azərbaycan vətəndaşları Azərbaycanda demokratiyanın yaranmasında, dövlət quruculuğu prosesinin yaranmasında indiyə qədər fəal iştirak etdikləri kimi, yerli idarəetmə orqanlarının yaranması üçün keçirilən bələdiyyə seçkilərində də fəal iştirak edəcəklər".

Yerli özünüidarəetməni ölkəmizdə gedən demokratikləşmə prosesinin mühüm bir sahəsi kimi dəyərləndirən ümummilli lider Heydər Əliyev bələdiyyələrlə bağlı dövlət siyasətinin əsas istiqamətlərini də müəyyən etmiş, onun inkişafına xüsusi diqqət və qayğı göstərmişdir.

Heydər Əliyev bələdiyyə institutunun yaranması və bu sistemin fəaliyyəti ilə bağlı demişdir: "Biz Azərbaycanda tam müstəqil yerli özünüidarəetmə orqanları yaradırıq. Bu, həm demokratiyanın inkişafı deməkdir, eyni zamanda, ölkəni idarə etməkdə vətəndaşlarımıza imkanlar yaranmasının göstəricisidir. Yerli idarəetmə orqanları isə yerlərdə onların səlahiyyətləri çərçivəsində çox işlər görə bilərlər. Bələdiyyələr dövlətin də gördüyü işlərin böyük bir hissəsini öz üzərlərinə götürəcək, dövlətin də yükünü müəyyən qədər yüngülləşdirəcəklər. Ona görə bələdiyyələrin seçilməsi, onların təşkil edilməsi, gələcək fəaliyyəti bizim cəmiyyətimiz üçün, dövlətimiz üçün və hər bir vətəndaş üçün çox vacibdir".

Ötən müddətdə ulu öndər Heydər Əliyevin yerli özünüidarəetmənin inkişafı ilə bağlı müəyyən etdiyi siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilib, yerli özünüidarəetmə daha da təkmilləşdirilib. Bələdiyyələrin işinin qanunauyğunluğunun təmin edilməsi məqsədilə "Yerli özünüidarəetmə haqqında" Avropa Xartiyasında müəyyən edilmiş prinsiplərə uyğun olaraq onların fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı 2003-cü il mayın 13-də "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Azərbaycan Respublikasının Qanunu da qəbul edilib. Ədliyyə Nazirliyi tərəfindən həmin Qanunun tələblərinə uyğun olaraq bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət həyata keçirilir. 

2020-ci il ümummilli lider Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan Respublikası üçün xüsusilə yaddaqalan olub. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev müdrik siyasəti və siyasi iradəsi ilə qüdrətli Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın həmrəyliyi sayəsində Ermənistanı döyüş meydanında və siyasi müstəvidə ağır məğlubiyyətə uğradaraq əzəli torpaqlarımızı işğaldan azad etməklə ümummilli liderin vəsiyyətini şərəflə yerinə yetirdi. 

Allahverdi HƏSƏNLİ, 

Xətai Rayon Əhmədli 

Bələdiyyəsinin sədri


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

44 günlük zəfər tarixinin başlanğıcı 

Elmi-Praktik Məsələlər
26-09-2023

Ümummilli Lider


Elmi-Praktik Məsələlər
26-06-2023

28 May günü Azərbaycan xalqı üçün əziz gündür

Elmi-Praktik Məsələlər
26-05-2023

TƏSADÜFÜN YARATDIĞI REALLIQLAR

Elmi-Praktik Məsələlər
12-05-2023