Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

04-04-2023 , 00:48

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Elmi-Praktik Məsələlər
- +
Bələdiyyələri bir qurum kimi niyə tanımaq istəmirik?

Bələdiyyələri bir qurum kimi niyə tanımaq istəmirik?

Etiraf etməliyik ki, bələdiyyələrin qarşılaşdıqları problemlərin həlli istiqamətində bu gün müəyyən  addımlar atılır. Lakin bütün səylərə baxmayaraq bu qurumlar hələ də ciddi problemlərlə üz-üzə qalmaqdadır. Bir tərəfdən bəzi icra hakimiyyəti başçılarının, o cümlədən RİH-lərdə çalışan məmurların bələdiyyələrin fəaliyyətinə müdaxilələrinin davam etdirməsi, digər tərəfdən yeni inzibati binaya köçən Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) birmənalı şəkildə bələdiyyələri bir qurum kimi tanımaması nəticə etibariylə  bələdiyyələrin fəaliyyətini düyünə salmaqdadır.

Son on ildə dəfələrlə deyilsə də ƏMDX tərəfindən “sənədsiz mənzil” probleminin bu günədək həll edilməməsi, mülkiyyətin sənədləşdirilməsində şəffaflığın təmin edilməməsi, habelə prosesin  icrasında “bir pəncərə” sisteminin tətbiqinə start verilməməsi təəssüf doğurur.

Bununla yanaşı bələdiyyə ərazisində on minlərcə qeydiyyatsız yaşayan əhalinin qeydiyyat məsələsinin bu günədək həll edilməməsi bələdiyyələrin problemini bir qədər də artırıb. Bu gün bələdiyyə ərazilərində rayon qeydiyyatı olan, lakin paytaxtda özünün “gözyümmaq qaydasıyla” inşa etdiyi mənzildə illərcə yaşayıb və işləyən qeyri-məcbur köçkün əhali həqiqətən bələdiyyələr üçün ciddi problem yaratmaqdadır. Bu barədə bir qədər sonra.

***

Hazırda bir çox icra başçıları, xüsusəndə yeni təyinat alanların əksəriyyətində bələdiyyə sistemiylə bağlı hər hansı bilginin  belə olmaması, habelə mövcud qanunların bir çox siyasi rəhbərlər tərəfindən heç olmasa vərəqlənməməsi, bütün hallarda bələdiyyə sədrinə “oyuncaq” kimi baxaraq öz iradəsinə tabe etdirmək niyyətində olmaları, tabe olmayanlara, əsilndə isə siyasi rəhbərin qanunsuz hərəkətiylə barışmayanlara qarşı səlib yürüşünə başlanılmasının yəqin ki, gec-tez cavabı olacaq.

Anlaşılan deyil ki, icarəyə verilən örüş sahəsinə görə qanunvericilik qaydasında  RİH-in rəyinin tələb edilmədiyi halda məmurların  bələdiyyə sədrləriylə ultimativ tonda danışaraq başçının bununla bağlı “görməyin” vacib olduğunun vurğulanmasını necə başa düşək. Məhz bu tələbə riayət etməyən  bələdiyyə sədrlərindən izahatın, sonra isə ərizənin alınması sadəcə icra strukturlarında aparılacaq islahatı, düşünürəm ki, sürətləndirəcəkdir. Yəni belə ədalətsizlik yolverilməzdir.  Bu əslində vəzifə səlahiyyətlərinin konkret olaraq aşmaq deməkdir.

Bir sıra rayonlarda keçirilən vətəndaş qəbullarında bələdiyyə sədrlərinin konkret olaraq kobud şəkildə  təhqir edilməsi, aşağılanması icra başçısına heç bir halda haqq qazandırmır. Ümumiyyətlə, məntiqə sığmayan addımla icra başçıları nə demək istəyir, yəni bununla öz hökmranlığınımı göstərmək istəyirlər. Başa düşülən deyil.

Və yaxud başqa bir məqam. Gənc yaşında olan  icra başçısının dirəniş göstərərək şəhid anası olan bələdiyyə sədrini gözümçıxdıya salınması, sədrin seçilməsinin şübhə altına alınması nə deməkdir.  Üstəlik müvafiq hüquq-mühafizə orqanı vasitəsiylə   təyziqlərin artırılması, bələdiyyənin son on ildəki maliyyə sənədlərinin heç bir hüquqi əsas olmadan bələdiyyədən gətizdirilmə istəyi və qarşılığında bələdiyyəyə heç bir sənədin təqdim edilməməsini necə başa düşək. Bu qədər özbaşınalıqmı olar?

Bu gün bələdiyyələrə inzibati nəzarəti həyata keçirən Ədliyyə Nazirliyi və onun regional idarələrinin intensiv fəaliyyət göstərdiyi bir vaxtda nədən və hansı səbəbdən başqa bir orqan hüquqi əsas olmadan bələdiyyənin fəaliyyətinə müdaxilə edir və hansısa yoxlamanın keçirilməsi barədə hətta sərəncam verir. Hər halda düşünməyə dəyər. Hələ ki, rayonların adlarını qeyd etməyə lüzum görmürəm. Ancaq belə hallar davam edərsə, söz yox ki yerli-yataqlı bütün məsələləri çılpaqlığı ilə qələmə alacağam.

***

Ötən il bələdiyyələrin büdcə gəlirlərində on dörd faizədək artım olsa da, bələdiyyələrimiz hələ ki ərazilərində ciddi və əhəmiyyət kəsb edən layihələrin icrasında acizdirlər. Ancaq bələdiyyələr daha çox maliyyə əldə edə bilərdilər. Bir şərtlə ki, Əmlak məsələləri Dövlət Xidməti bələdiyyələri bir qurum kimi tanısın və bu qurumların qarşılaşdıqları problemlərin həllinə maraqlı olsun. Təəssüf ki, bələdiyyə-əmlak məsələlərində hər hansı dəyişiklik və ya irəliləyiş hiss edilmir. Əmlak məsələləri Dövlət Xidmətinin bələdiyyələrə mülkiyyətə torpaq və əmlakın iyirmi il müddətində təqdim etməməsi, tələm-tələsik təqdim edilən xəritələrdə  ciddi boşluqların olması və ya hərraca çıxarılan torpaqla bağlı ciddi bürokratik əngəllərin hələ də aradan qaldırılmaması təəssüf doğurur. Narahatlıq doğuran məqam bir də ondadır ki, Dövlət xidməti cari ildə iki regional müşavirəni konkret olaraq “fiksə” xatirinə keçirib. Onlarca vəzifə sahibinin iştirak etdiyi tədbirdə konkret şəkildə bələdiyyələri irəli aparan heç bir məqama toxunulmayıb. Amma toxunmaq olardı. Və bununla da bələdiyyə sədrlərində yaratdıqları neqativi bir qədər azaltmış olardılar. Xidmət ən azı sənədsiz mənzillərin yaratdıqları problemlərin həllinə dəstək verməli idi. Bu gün ölkə üzrə olan təsərrüfatların sayı barədə, o cümlədən sənədsiz olanları barədə dəqiq məlumatın olmaması, bununla bağlı müxtəlif qurumlarda müxtəlif rəqəmlərin olması,  xüsusəndə bu problemin həlliylə bağlı bu günədək konsepsiyanın işlənib hazırlanmaması hər kəsdə heyrət doğurur. Üstəlik qəbul edilən hansısa xırda bir məqamı “üfürərək” cəmiyyətə əhəmiyyətli bir addım kimi təqdim edilməsi ən azı özünə hörmətsizlikdir.  

Sual olunur, hüquqi statusu olmayan mənzillərin problemi nə vaxtadək uzanacaq. Bu prosesin ləngiməsi dövlət və bələdiyyə büdcəsinə, habelə vətəndaşa nə qədər ziyan vurduğunu dövlət xidmətinin rəsmiləri bilirmi? Ötən il onlarca xidmət əməkdaşının məhz korrupsiya hallarına görə həbs edilməsi niyə xidmət rəsmilərini hərəkətə gətirməyib. Daha hansı  addım atılmalıdır ki, xidmət hərəkətə keçib cəmiyyətdə özləri haqqında formalaşan neqaviti aradan qaldırsın.

Etiraf edim ki, bir çox bələdiyyə sədrləri vergi-uçot sisteminin düzgün qurmuş olsaydılar, RİH-lərin və Əmlak məsələləri Dövlət Xidmətinin yaratdıqları süni çətinliklərə baxmayaraq, bələdiyyələrin büdcə gəlirləriylə irihəcmli layihələri də icra etmək olardı. Bu gün bələdiyyələrin üzərinə əsas vəzifə məhz vergi-uçot sistemini qurmaqla bələdiyyənin büdcə gəlirlərinin  artımına çalışmaq olmalıdır.

Yeri gəlmişkən əlavə edim ki, Prezident Adminstrasiyasının müvafiq sektorunun dəstəyi ilə bu istiqamətdə ciddi işlərin aparılması haqda məlumatların olması bələdiyyə üzvlərinin müəyyən mənada ümidini artırıb. 

***

Ən nəhayət sonuncu bir  məsələyə də toxunmaq istərdim. Bu günədək bu mövzu diqqətimdən kənarda qalsa da, əslində ciddi narahatlıq yaradan məsələdir. Yəni yaşayış məntəqələrində qeydyyatsız yaşayanların bələdiyyələrə yaratdıqları problemlər günbəgün artmaqdadır.

Bələdiyyə təsmilçiləri haqlı olaraq sual verirlər ki, niyə bizim elektoratımız olmayan şəxsin probleminin həllinə çalışmalıyıq? Qanunsuz olaraq mənzil inşa edən kimi, dərhal kommunal xidmət qurumları həmin mənzilə xətt çəkib qaz, suyu və işığı satır. Olsun. Amma həmin qeydiyyatsız vətəndaşa hansısa sənəd lazım olursa və ya hansısa problem yaşayırsa dərhal üz tutur bələdiyyəyə. Bəs bələdiyyə öz seçicisi olmayan vətəndaşa hansı əsasla xidmət göstərməlidir? Belə çıxır ki, qeydiyyatsız vətəndaş hansısa uzaq dağ rayonunda qeydiyyatda olduğu, lakin yaşamadığı əmlak sahəsinə görə heç bir vergi vermir, paytaxtda  əldə etdiyi mənzilin isə çıxarışı olmadığı üçün, ümumiyyətlə vergi ödənilməsinin üstünə gəlmir. Belə olan halda istər rayonda, istərsə də paytaxtda formalaşan bələdiyyə nə etməlidir?  Hər halda gəlin etiraf edək ki, ciddi məsələdir.

Bu gün paytaxtın 53 bələdiyyəsinin ərazisində bu orqanın formalaşmasında iştirak etməyən təxminən bir milyona yaxın qeydiyyatsız vətəndaşmız və ən əsası yüz minlərlə seçicimiz var. Bu vətəndaşların əksəriyyəti isə özlərinə məxsus mənzillərdə yaşayırlar. Təəssüf ki, bu mənzillərin də hər hansı forma da çıxarışı yoxdur. Bu gün Binə bələdiyyəsində rəsmi qeydiyyatda 53 min nəfər olsa da, faktiki olaraq qəsəbədə əhalinin sayı 150 min nəfəri keçir. Bu hal Binəqədi, Sabunçu və Qaradağ bələdiyyələrinin hər birində təxminən eyni vəziyyətdir.

Göründüyü kimi, bu problemlərdən birinin həlli nəticə etibarıylə digərlərinin həllinə kömək edəcək. Odur ki, müvafiq qurumlar hərəkətə keçərək bələdiyyələrin qarşılaşdığı problemlərin həllnə çalışmalıdır. 

***

Sonda üzümü  adlarını çəkmədiyim siyasi rəhbərlərə və Əmlak məsələləri Dövlət Xidmətində çalışan məmurlara tutub demək istərdim ki, Ulu Öndərin yadigarı olan bələdiyyə sisteminin inkişafına problem yox, inkişafına dəstək olmaq sizin hər birinizin bilavasitə vicdan borcunuzdur. Bu borcu qaytarmağın  isə artıq vaxtı çatıb.

Vüqar Tofiqli                             

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri


 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

105 yaşlı Ədliyyə tarixi

Elmi-Praktik Məsələlər
20-11-2023