Tehran Rəhmanov: “Vergilərin yığılmasında irəliləyişin əsas səbəbi...”
“Türkan bələdiyyəsinin əsas büdcə gəliri torpaq və əmlak vergisindən formalaşır”-bu fikirləri adıçəkilən bələdiyyənin sədri Tehran Rəhmanov deyib.
Sədr qeyd edib ki, vergilər BAMS proqramı ilə hesablanır və hazırda 5000-dən artıq vergi ödəyicisi qeydiyyatdan keçmişdir. Hər il 3500-dən artıq vergi ödəyicisi üçün həm əmlak, həm də torpaq vergisi hesablanır.
Cari ilin altı ayında vergi ödənişlərində əvvəlki illərə nisbətən irəliləyiş qeydə alınib. 2025-ci bələdiyyə büdcəsinə 27.824 manat vəsait vergilərdən daxil olmuşdur.Bu vəsaitin 12.577 manat torpaq vergisi,15.166 manat əmlak vergisi təşkil edib. 2024-cü ilin müvafiq dövründə isə bu rəqəm 19.321 manat təşkil etmişdi. Göründüyü kimi bu il büdcə gəlirlərində 44 fazilik artım müşahidə olnub.
Sədr qeyd edib ki, vergilərin yığılmasında irəliləyişin əsas səbəbi vergi ödəyiciləri ilə təbliğat işlərinin aparılmasıdır. Qəsəbə sakinləri arasında yerli vergilər,onların xərclənməsi istiqamətləri barədə geniş izahat işləri aparılır. Vergi ödəyicilərinin qeydiyyata alınması işi bu gün də davam etdirilir. Bunun üçün bu ilin may ayında bir vergi müfəttişi də işə qəbul edilib. Bu ilin aprel ayında qəsəbə üzrə qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 6.602 idisə, iki ay ərzində bu rəqəm 7.100-ə artırılıb.
Sədr açıqlamasında xərclərə də toxunub. Bələdiyyə qulluqçularına 10542 manat 07 qəpik əmək haqqı kimi ödənilmiş, DSMF-na isə 8421 manat 45 qəpik vəsait köçürülmüşdür.
Türkan bələdiyyəsi fəaliyyətə başladığı vaxtdan qəsəbədəki imkansız ailələrə,şəhid ailələrinə,Qarabağ müharibəsi iştirakçılarına və əlillərinə böyük qayğı ilə yanaşmış,onların müxtəlif problemlərinin həlli istiqamətində işlər görmüşdür. Bu il də 7 imkansız ailəyə 400 manat; hərəyə 50 manat olmaqla birdəfəlik maddi yardım ödənilmişdir. II Qarabağ müharibəsi iştirakçısı Oruczadə Rauf Zöhrab oğluna müalicə üçün 2 dəfə yardım edilmişdir.
15 iyun Milli Qurtuluş günü münasibəti ilə 10 imkansız ailəyə ərzaq payı paylanmışdır.Hər ərzaq payının qiyməti isə 40 manat olmuşdur. Ümumilikdə bu iş üçün 410 manat vəsait ayrılmışdır. Bu işi gələcəkdə də davam etdirmək, həmin ailələrin problemlərinin həllinə imkan daxilində daha çox vəsait ayrılmasını nəzərdə tuturuq.
Bələdiyyə tərəfindən müxtəlif tədbirlərin keçirilməsinə hər il köməklik olunmuşdur.Müxtəlif idman növləri üzrə yarışlarda iştirak edən idmançılara idman forması almaq üçün yardımlar olunub. Bu il də qəsəbənin futbol birinciliyində qalib gəlmiş idmançıları təltif etmək üçün 1 kubok və 35 medal alınmışdır. Bundan ötrü 205 manat vəsait xərclənmişdir.
Bələdiyyə tərəfindən qəsəbədə abadlıq və təmir işləri diqqətdə saxlanılır. Mütəmadi olaraq qəsəbədəki sanitar vəziyyətin monitorinqi keçirilir. Bu iş qəsəbə icra nümayəndəliyi ilə birgə aparılır. Qəsəbə ərazisində sanitar normalara riayət etməyən mağaza sahiblərinə və fiziki şəxslərə xəbərdarlıq edilmiş, bəzi yerlərdə məişət tullantılarının yığılıb məhv edilməsi bələdiyyə rəhbərliyi tərəfindən həyata keçirilmişdir.
Bu məqsədlə qəsəbədə yeni məişət tullantıları konteynerləri yerləşdirilmişdir. Bu konteynerlərin ətrafında səliqə-sahman yaratmaq üçün bələdiyyə tərəfindən baldurlar alınmış və bunun üçün 967 manat vəsait xərclənmişdir.
Yay mövsümü gələndə qəsəbə ərazisindəki yabanı ot və kolların yanğın törətməməsi üçün qabaqlayıcı tədbirlər həyata keçirilməsi üçün bələdiyyə tərəfindən bir otbiçən alınmış və bunun üçün 115 manat vəsait xərclənmişdir.
Ümumilikdə
altı ay ərzində 24.846 manat vəsait xərclənmişdir.
Sədr son da qeyd edib ki, altıaylıq hesabat bələdiyyə üzvlərinin iştirakı ilə müzakirə edilərək müsbət qarşılanmış və daha böyük uğurlara imza atılması üçün hər bir bələdiyyə üzvünün bələdiyyəyə töhfə verməsi tövsiyə olunmuşdur.
Belediyye.info
Rəylər
0 Rəy