Bələdiyyə üzvünün şəhid həyat yoldaşına həsr olunan kitabın təqdimat mərasimi keçirilib
Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şair, publisist Namiq Dəlidağlının şəhid Sahib Musayevin xatirəsinə həsr etdiyi "Bitməyən ömrün yarımçıq gündəliyi" adlı kitabın təqdimat mərasimi keçirilib.
Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Xırdalan bələdiyyəsinin sədri Anar Abbasov, şəhid ailələrinin üzvləri, şəhidin döyüş yoldaşları, ictimaiyyət nümayəndələri və Sahib Musayevin ailə üzvləri iştirak edib.
Tədbirdə Sahib Musayevin həyatını əks etdirən qısa videoçarx nümayiş olunub.
Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev şəhid ailələrinə və qazilərə diqqət və qayğının göstərilməsinin dövlətimiz və xalqımızın qarşısında duran müqəddəs vəzifə olduğunu deyib. O, Sahib Musayevin qəhrəmanlığına həsr olunan “Bitməyən ömrün yarımçıq gündəliyi” kitabının əhəmiyyətindən danışıb.
Kitabın müəllifi Namiq Dəlidağlı 44 günlük Vətən müharibəsində şəhid olan Sahib Musayevin igidliyindən, cəsurluğundan bəhs edib, “Bitməyən ömrün yarımçıq gündəliyi” barədə danışıb.
Kitabda Şuşa fatehlərindən olan Sahib Musayevin doğmalarının, döyüş yoldaşlarının, dostlarının xatirələri, onun yarımçıq gündəliyindən qeydlər, rəngli foto şəkillər, həmçinin, müəllifin şəhidin xatirəsinə həsr etdiyi şeirlər yer alıb. Müəllif bu kitabı şəhidin yarımçıq gündəliyinin davamı kimi dəyərləndirib.
Şəhidin qızı Sahibə Musayeva atasının qəhrəmanlığından, onun şərəfli ömür yolundan danışıb, atasıyla qürur duyduğunu bildirib.
Kitabın ideya müəllifi, Xırdalan bələdiyyəsinin üzvü, şəhidin həyat yoldaşı Pərvin Musayeva Sahib Musayevlə bağlı xatirələrini bölüşüb, onun qayğıkeşliyindən, ailəsinə, övladlarına hədsiz bağlılığından və sevgisindən danışıb. Pərvin Musayeva həyat yoldaşına həsr olunan şeir söyləyib. O, şəhidin xatirəsinin daimi əziz tutulacağını və unudulmayacağını vurğulayıb.
Qeyd edək ki, Sahib Musa oğlu Musayev 21 iyul 1984-cü ildə Qax rayonunun Şotavar kəndində anadan olub. 2001-ci ildə tam orta məktəbi bitirib. Azərbaycan Ordusunda müddətli həqiqi hərbi xidmət keçib. 19 oktyabr 2002-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olaraq kəşfiyyatçı-istehkamçı, baş kəşfiyyatçı, manqa komandiri vəzifələrində xidmətini davam etdirib.
2006-cı ildə Azərbaycan Respublikası silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin “Gizir hazırlığı kursu”nu başa vurub.
Azərbaycan Respublikası Müdafiə nazirinin 4 mart 2006-cı il tarixli əmri ilə “gizir” hərbi rütbəsi verilib.
Xüsusi təyinatlı alayın xüsusi təyinatlı qrupunun kəşfiyyatçısı, xüsusi əməliyyat taborunun xüsusi əməliyyat qrupunun kəşfiyyatçı kəşfiyyatçısı vəzifələrində xidmət edib.
Vətən müharibəsində xüsusi əməliyyat tapşırıqlarının uğurla yerinə yetirilməsində şəxsi şücaət nümunələri göstərib. Qarşıya qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gəlib. Bir çox yaşayış məntəqələrinin işğaldan azad edilməsində xüsusilə fərqlənib.
2020-ci il noyabrın 7-də Şuşa şəhəri ərazisində kəşfiyyat-döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
Sağlığında “Azərbaycan Ordusunun 90 illiyi (1918-2008)”, “Azərbaycan Ordusunun 95 illiyi (1918-2013) ”, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli, “Azərbaycan Ordusunun 100 illiyi(1918-2018)”, “Şücaətə görə”, ölümündən sonra isə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etdiyinə, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərdiyinə, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhid 12 noyabr 2020-ci ildə doğulduğu Qax rayonunun Şotavar kəndində torpağa tapşırılıb. Bir qızı və bir oğlu yadigar qalıb.
Xırdalan bələdyyəsi
Rəylər
0 Rəy