Hansı səbəbdən ölkə bələdiyyələrinin 57 faizinin büdcə gəlirində azalmalar olub?
Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkə üzrə 34 rayonda formalaşan 390 bələdiyyənin büdcə gəlirində mülkiyyətin özgəninkiləşdirilməsindən daxil olan vəsaitin həcmi kifayət qədər azalıb. Bu isə o deməkdir ki, azalma ümumi bələdiyyələrin 57 faizinə təsir edib. Nəzərə alsaq ki, kənd rayonlarında formalaşan bələdiyyələrin inzibati ərazilərində olan əmlakın demək olar ki, 90 faizinin sənədi yoxdur, deməli kənd bələdiyyələrinin ümidi yalnız bələdiyyə mülkiyyətinin özgəninkiləşdrilməsinə, icarə və istifadəsindən əldə ediləcək vəsaitə qalır.
Göründüyü kimi, bütünlükdə bu sahədən bələdiyyəyə normal
maliyyənin daxil olması Əmlak Məsələləri Dövlət Xidmətinin bələdiyyələrə göstərdiyi
“diqqətdən” asılı olur. Əgər 57 faiz bələdiyyənin büdcə gəlirlərində azalma
varsa, artıq bu diqqətin hansı səviyyədə olması göz önündədir.
Bu gün Adminstrasiyanın müvafiq sektorunun təşkilatçılığı, Ədliyyə Nazirliyinin müvafiq qurumlarının ciddi səyi, o cümlədən ABMA və Bələdiyyələrin Rəqəmsallaşma və İnnovasiya Mərkəzinin iştirakı ilə son bir neçə ildə bələdiyyələrin maliyyə gəlirlərinin artması üçün ciddi layihələr icra etməsi bələdiyyələrdə yerli vergilərin yığım səviyyəsində kifayət qədər artım müşahidə olunmaqdadır. Maraqlıdır, bəs onda niyə bu qədər əziyyətin və zəhmətin qarşılığında ölkə bələdiyyələrin ümumi büdcə gəlirlərində ciddi artım müşahidə olunmur?
Xatırladım ki, 2025-ci
ildə ölkə bələdiyyələrinin ümumi büdcə gəlirləri 2024- cü illə müqayisədə cəmi
5.2 faiz artıb.
Bəs bu prosesdə əsas günüh sahibi kimdir? Müşahidələr göstərir
ki, Əmlak Məsələləri Dövlət Xidməti bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsi
ilə bağlı tutduğu mövqe heç bir məntiqə
sığmır. Ölkədə formalaşdırılan 685 bələdiyyənin 57 faizi ƏMDX ilə yaratdığı
problemlə üz-üzə qalıb. Reallıqda isə paytaxtda formalaşan 45 bələdiyyəni
çıxsaq, yerdə qalan 640 bələdiyyənin hər biri bu və digər halda ƏMDX yaratdığı
problemlərlə üz-üzə qalmaqdadır.
Bir tərəfdən dürüstləşdirmə, digər tərəfdən qiymətləndirmənin
"əndrabadi" şəkildə tələb kimi qoyulması, başqa bir tərəfdən ƏMDX-nin
regional qurumları arasında əlaqənləndirmənin olmaması, qısası onlara hər hansı
bir səlahiyyətin belə verilməməsi, üstəlik bunlara rəğmən bələdiyyələrə göstərilən
xidmət tariflərinin son illərdə dəfələrlə artırılması tək bələdiyyələri deyil,
həm də vətəndaşları narahat etməkdədir.
Vətəndaş “on sotluq “topaq
sahəsini əldə edincə 18 dəfə bələdiyyəyə gəlirsə, 28 dəfə ƏMDX-nin qaynar xəttinə
zəng edirsə, budurmu xidmətin vətəndaş məmnunluğunun təmin etməsi. ƏMDX rəsmiləri
göstərdikləri xidmət səviyyəsinə kənardan baxıb öz fəaliyyətlərinə, maraqlıdır,
necə qiymət verir.
Bu arada qeyd edim ki, iqtisadiyyat naziri Mikayıl
Cabbarovla şəxsən tanışlığım olmasa da, bütün hallarda vergi sistemində və
hazırda çalışdığı nazirlikdə dövlətinə sədaqətlə xidmət etməsi, hər zaman
yeniliyə can atması ilə diqqətimi çəkib. Etiraf edim ki, cənab nazir adının oliqarx
nazirlər sırasında olmaması ilə, hər hansı obyektin onun adına yazılmaması ilə,
cəmiyyətdə fəaliyyəti ilə hər zaman özünə rəğbət qazanması ilə seçilib.
Ancaq təəsüf hissi ilə qeyd etməliyəm ki, cənab nazirin vergi
xidmətində yaratdığı sistemi və şəffaflığı Əmlak Məsələləri Dövlət xidmətində hələ
də yaratmaması və yaxud yarada bilməməsi təəssuf hissi doğurur.
Nəzərə alaq ki, bu gün bir milyona yaxın əmlak sahibi sənədsiz əmlakın amnistiyasını səbrsizliklə gözləməkdədir. Və bu əmlakların 80 faizədək hissəsinin sənədləşdirilməsi mümkündür. Təsəvvür edin ki, həmin sənədsiz əmlakın sənədləşdirilməsi həm dövlət büdcəsinə, həm də bələdiyyə büdcəsinə kifayət qədər vəsaitin daxil olmasına səbəb ola bilər. Yaxşı, biz bu vəsaitin daxil olmasına niyə şərait yaratmırıq? Əksinə həm vətəndaşa, həm də bələdiyyəyə problem yaradırıq. Budurmu cənab Prezidentin məmurlardan tələb etdiyi vətəndaş məmnunluğunun təmin edilməsi?
Nə isə... Düşünməyə dəyər…
Vüqar Tofiqli
Rəylər
0 Rəy