Yeni Dövrün Lokomotivi: Qeyri-Neft Sektoru və Yerli İnkişaf: BƏLƏDİYYƏ SƏDRİ YAZIR
Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində Prezidentimiz cənab İlham Əliyevin iqtisadi dayanıqlıq və inkişaf prioritetləri haqqında çıxışı, Azərbaycanın dünya iqtisadiyyatında mövqeyini bir daha təsdiqlədi. Bir bələdiyyə sədri kimi, yerli inkişafı təmin etmək üçün ölkənin iqtisadi müstəqilliyinin nə qədər həyati əhəmiyyətə malik olduğunu dəqiq dərk edirəm. Cənab Prezidentin vurduğu əsas zərbə isə bu idi: "Bu gün iqtisadiyyatımızın aparıcı təkanverici qüvvəsi qeyri-neft sektordur." Neft hasilatının obyektiv səbəblərdən azalmasına baxmayaraq, qeyri-neft sektorunda artımın qeydə alınması, islahatlarımızın dayanıqlı və uğurlu olduğunu göstərir.
Bu iqtisadi dayanıqlıq bizi heç kimdən asılı vəziyyətdə
qoymur. Beynəlxalq reytinq agentliklərinin kredit reytinqimizi ardıcıl olaraq
artırması, iqtisadi islahatların beynəlxalq səviyyədə tanınması deməkdir.
Maliyyə göstəricilərimiz, sözün əsl mənasında, qürurvericidir: xarici borcumuz
Ümumi Daxili Məhsulun (ÜDM) cəmi 6 faizdən bir qədər çoxdur. Ən əsası isə,
valyuta ehtiyatlarımızın ildən-ilə artaraq 80 milyard dolları ötməsi və xarici
borcdan 16 dəfə çox olmasıdır. Bu göstəriciyə görə, Prezidentimizin qeyd etdiyi
kimi, Azərbaycan dünya miqyasında aparıcı yerlərdən birini tutur. Bu maliyyə
gücü böyük investisiya layihələrini, xüsusilə də Qarabağ və Şərqi Zəngəzurda həyata
keçirilən misli görünməmiş quruculuq işlərini heç bir xarici asılılıq olmadan
icra etməyimizə şərait yaradır.
Bu möhkəm təməlin qurulmasında Ulu Öndər Heydər Əliyevin hələ
90-cı illərin çətin şəraitində müəyyənləşdirdiyi iqtisadi kursun, xüsusilə neft
strategiyasının rolu əvəzsizdir. Onun təməlini qoyduğu siyasət Prezident İlham
Əliyev tərəfindən uğurla davam etdirilərək, ölkəni maliyyə baxımından ən
dayanıqlı ölkələrdən birinə çevirmişdir.
Biz yerli idarəetmə orqanları olaraq, Azərbaycanın Birinci
vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu
vasitəsilə bölgələrdə həyata keçirilən abadlıq, mədəniyyət, təhsil və
sosial-iqtisadi inkişaf layihələrindən güc alırıq. Bu layihələr iqtisadi gücün
hər bir vətəndaşın rifahına yönəldilməsinin ən yaxşı nümunəsidir.
Prezidentin texnoloji inkişafa, rəqəmsallaşmaya və süni
intellektə çağırışı qeyri-neft sektorunun gələcəyi üçün yeni imkanlar açır. Biz
bələdiyyələr olaraq, qeyri-neft sektorunun inkişafı üçün sahibkarlığa dəstək
verməli, yeni texnologiyaların tətbiqini təşviq etməli, bununla da ölkənin
iqtisadi lokomotivini daha da sürətləndirməliyik. Eyni zamanda, Vətən müharibəsində
qazanılan Şanlı Zəfər sayəsində bərpa edilən Qarabağ və Şərqi Zəngəzurda həyata
keçirilən bərpaolunan enerji və geoloji kəşfiyyat layihələri yerli
iqtisadiyyatlar üçün böyük perspektivlər vəd edir.
İxdiyar Nəcəfov
Suraxanı rayonu, Qaraçuxur Bələdiyyəsinin sədri
Rəylər
0 Rəy