"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Sakinlər Badamdar bələdiyyəsi haqqında-BƏLƏDİYYƏ HƏYATI

--2021-04-29 / 16:59

Biz bələdiyyələrlə bağlı müşahidələrimizi davam etdiririk. Bu dəfə yolumuz Səbail rayonu Badamdar qəsəbəsinə düşdü. Qəsəbəyə gəlməkdə isə məqsədim, o cümlədən ərazidə formalaşan bələdiyyənin fəaliyyətinə sakinlərin verdiyi qiyməti öyrənmək idi. Əslində sakinin verdiyi qiymət bələdiyyə üzvləri və xüsusən də sədrlər üçün bələdiyyənin perspektiv fəaliyyətini ciddi şəklildə istiqamətləndirən faydalı bir məqamdır.

Bələdiyyənin 2006-cı ildə açılışı keçirilən inzibati binasının yanından keçirəm. Yadımdadir ki, o illərdə Badamdar bələdiyyəsi ilk bələdiyyələrdən idi ki, öz vəsaitiylə iki mərtəbəli inzibati bina inşa etmişdi. Birinci mərtəbəni isə qəsəbə icra nümayəndəliyinə vermişdi. Nümunəvi vergi xidməti yaradılmış və hətta nümunəvi vergi xidməti əməkdaşının formasını təsdiq etmişdi. Son illərədək o proses davam edirdi. O illərdə bələdiyyənin sədri Bəybala Hüseynov, sədr müavini isə ictimai fəal Ramiq Mustafa idi. O da yadımdadır ki, o illərdə ilk olaraq bələdiyyə öz vəsaitiylə internet resursda yaratmışdı.

Bəli, bunlar 2005-2018-cu illərdə idi. Bu illər ərzində pis-yaxşı proses gedir, əhalini narahat edən məsələlər öz həllini tapırdı.

İnzibati binanın yanından keçərkən ətrafdakı natəmizlik diqqətimi çəkdi. Hər halda bələdiyyə sədri və qulluqçuları heç olmasa bələdiyyənin ətrafının təmizliyinə diqqət yetirməliydi.

Vaxtı ilə gozəl bir yaşıllıq zolağının yerində bu gün çoxmərtəbəli binanın inşasına çox narahat oldum və təəcübləndim. Maraqlıdır, tikintiyə icazə verənlər pilot layihə kimi icazə verdikləri əraziyə bu gün baxış keçiriblərmi, hiss edirlərmi ki, bu ərazidə əhali tam məskunlaşandan sonra insanlara təmiz hava belə çatmayacaq. Qəsəbənin mərkəzi bu gün sanki tikinti meydançasına bənzəyir. Tikinti əlindən qəsəbədə boş yer yoxdur. Hər yerdə yeni tikililər inşa edilir. Hansı icra başçısının vaxtında başlandığı mənə maraqlı olmasada, hər halda hərəkətlilik baxımından qəsəbədə vəziyyət heç də ürəkaçan deyildir. Belə getsə, bir neçə ildən sonra qəsəbədə hərəkət dayanacaq. Nə isə...

Sözüm ondadır ki, qəsəbədə tikinti anarxıyası davam etməkdədir.

Qarşıdakı yol məni düz “Heydər parkı”na apardı. Yolun sağında isə iaşə obyektindəki tikinti işləri başa çatmaq üzrə idi.  Qəsəbənin əsas gəzinti zonası olan “Heydər Əlieyv parkına” gəldim. Park kiçik bir ərazini əhatə etsə də bu gün qəsəbə sakinlərinin yeganə istirahət mərkəzidir.

Maraqlı məqamları telefona köçürəndə isə şəkildə gördüyünüz işçi yaxınlaşaraq az qalmışdı desin ki, nəyi çəkirsiniz və niyə çəkrsiniz. Bu məqamda sözə başlamamış onu sual atəşinə tutdum. Açığı eyni zaman da bu qədər sual verəcəyimi belə düşünmürdüm.

Maraqlı insan idi. “Bakı abadlıq” müəssisəsində çalışır. Əməkhaqqından narazı deyil. Maaşını vaxtlı-vaxtında alır. Lakin kasıbçılıqdan gileyləndi. Oğlunu evləndirmək üçün bankdan götürdüyü pulu hələ də qaytarır. Hiss edirdin ki, işinə etibarlıdır. Qız nəvəsidə varmış. Gözaydınlığı da verdim. Qısa dialoqda həyatının hər məqamına toxundu. Əl qabarıynan, hallalıqla pul qazanır...

Sonda bir şəkildə çəkdim. Amma etiraf edim ki, nətər maraqlı danışdısa adını öyrənməyi belə unutdum...

Adını öyrənməyi unutduğum bağbandan bələdiyyənin binasını yerini soruşdum. Dərhal dedi. Sonra bir neçə nəfər aryı-ayrı yerlərdə, həmçinin “ev alqı-satqı” ofisinin yanında qarşıma çıxanlardan bələdiyyənin binasının yerini soruşanda yerini dəqiq dedilər. Lakin təəssüf edirəm ki, kimin sədr seçildiyini, son bir ildə bələdiyyəniz hansı işlər görüb- sualına cavab isə birmənalı olmadı.

“Görübdə”, “İndikilərin əlindən heç nə gəlmir, ay oğul”, “Onların nə səlahiyyəti var ki”, “Kimləri təyin ediblər, heç bilirsənmi ay oğul” və sair bu tipli cavablar. Sonradan bildim ki, hətta cavab verənlərdən biri də bələdiyyə üzvüymüş.

Sual olunur ötən illərdə il ərzində iki yüz min manat ətrafında vergi toplayan bələdiyyə haqqında bu gün niyə belə fikirlər səslənir?

Demək, problem sakində yox, elə bələdiyyədədir. Yəni bələdiyyə-seçici, bələdiyyə-sakin münasibətləri düzgün tənzimlənməyib. Tənzimlənsəydi yəqin ki, belə cavablar verilməzdi.

Badamdar bələdiyyəsi sakinlərlə görüşlər təşkil etsəydi, hesabatın verilməsini həyata keçirsəydi, ictimai açıqlıq olsaydı, şəffaflıq prinsipləri qorunsaydı yəqin ki, belə olmazdı. Üstəlik elə uzağa yox, bələdiyyənin inzibati binasının yanındakı yaşayış binalarının ətrafındakı kiçik ərazilərdə göz oxşayan yaşıllıq zolağı düzəltsəydilər, habelə səkilərə əl gəzdrsəydilər sakinlərin yaddaşında da dərin iz buraxmış olardı.

Son bir il ərzində konkret həyata keçirdiyi layihələr barəsində, əgər keçirilibsə, nə sakində, nə mediada məlumat yoxdursa demək problem var. Özü də ciddi problem. Atdığı hər bir addım barəsində sakininə, seçicisinə məlumat vermək  isə  sədrin və üzvlərin bilavasitə borcudur.

Güman edirik ki, bələdiyyə sədri və üzvləri yazılan, qeyd edilən ən xırda iradı qəbul edib, heç olmasa bələdiyyə iclasında müzakirə edib düzgün qərar verəcəklər.

Vüqar Tofiqli

ŞƏRHLƏR