"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Mədən vergisinin toplanması yerli əhəmiyyətli məsələlərin həllini stimullaşdırır

--2021-05-09 / 18:51

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamız dinamik inkişaf yolunda inamla irəliləyir və müasir çağırışlara uyğun genişmiqyaslı islahatlar həyata keçirilir. Dövlət başçısının qanunun tələblərinə dönmədən əməl olunması, insanlara layiqli xidmət göstərilməsi, şəffaflığın artırılması və korrupsiyanın yolverilməzliyi barədə göstərişləri bütün mərkəzi və yerli icra hakimiyyətləri ilə yanaşı, bələdiyyələrin də dinamik inkişafını şərtləndirir.

Ölkədəki inkişaf, dünyada baş verən hadisələr, demokratik dəyişikliklər, ictimai həyatın tələbatları bələdiyyələri yeni məqsədlərə, səmərəli fəaliyyətə istiqamətləndirir.  

Həyata keçirilən mühüm Dövlət proqramlarında icra orqanları ilə bərabər, bələdiyyələrin vəzifələrinin də müəyyən edilməsi onların fəallığının yüksəlməsinə yeni bir stimul yaradır. Son illər bir çox qanunlara edilmiş dəyişikliklər bələdiyyə torpaqlarından səmərəli istifadə olunmasına, bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsinə, onların mülkiyyətinin, ərazilərinin müəyyənləşdirilməsinə xidmət edir.    

Ümumilikdə bələdiyyə institutunun cəmiyyətin idarə olunmasında rolunun artırılmasına hərtərəfli şərait yaradır.

Yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması, onların iqtisadi resurslardan istifadə səmərəsinin yüksəldilməsi və yerli əhəmiyyətli məsələlərin həllində rolunun artırılması məqsədilə ötən dövrlər ərzində qanunvericilik aktları təkmilləşdirilmiş, bələdiyyələrin fəaliyyətində şəffaflığın artırılması, həmçinin yerli özünüidarəetmədə büdcə intizamına riayət edilməsi və bunun davamlı xarakter alması üçün inzibati nəzarəti həyata keçirən Ədliyyə Nazirliyi tərəfindən dəfələrlə bələdiyyələrə tövsiyələr verilmişdir.

Qeyd etmək istərdik ki, bələdiyyələr büdcə gəlirlərini artırdıqca yetərli maliyyə vəsaiti formalaşdıraraq yerli əhalinin mənafeyinə xidmət edən öz əhatəli layihələrini həyata keçirməklə özlərinin idarəetmədə rolunu, nüfuzunu, onlara olan ictimai etimadı artıra bilərlər.

Aparılmış təhlillər onu göstərir ki, bəzi bələdiyyələrin ərazisində yerli əhəmiyyətli tikinti materialları üzrə karxanalar olduğu halda bələdiyyələr mədən vergisini toplaya bilmirlər. Bu da yerlərdə idarəetməni zəiflədir, digər vergi ödəyicilərinin bələdiyyəyə olan etimadını azaldır.

“Yerli vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərinə əsasən yerli vergilərə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi, fiziki şəxslərdən əmlak vergisi, yerli əhəmiyyətli tikinti materialları (kərpic-kirəmit gilləri, tikinti qumları, yüksək möhkəmliyə malik olan çınqıl xammalı) üzrə mədən vergisi, bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərin mənfəət vergisi aiddir.

         Həmin Qanunun 6-cı maddəsinin tələblərinə əsasən vergilər bilavasitə mənbədən (verginin gəlir və ya mənfəət əldə edilməsinədək tutulması), bəyannamə üzrə (verginin gəlir və ya mənfəət əldə edilməsindən sonra tutulması), bildiriş üzrə (vergitutma obyektinin dəyəri və sahəsi əsasında, bələdiyyələrin vergi xidməti orqanlarının hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi üzrə vergi ödəyicisi tərəfindən verginin ödənilməsi) formasında tutulur.

Azərbaycan Respublikasının Vergilər Məcəlləsinin 214-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində (Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi də daxil olmaqla) yerin təkindən faydalı qazıntıları çıxaran fiziki şəxslər və müəssisələr mədən vergisinin ödəyiciləridir.

Həmin Məcəllənin 215-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində (Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan sektoru da daxil olmaqla) yerin təkindən çıxarılan faydalı qazıntılar vergitutma obyektidir.

Həmin Məcəllənin 217-ci maddəsinin tələblərinə əsasən mədən vergisi bu Məcəllənin 216.1-ci maddəsində müəyyən edilmiş faydalı qazıntılar üzrə yerin təkindən çıxarılmış faydalı qazıntıların topdansatış qiymətinə, 216.2-ci maddəsində müəyyən edilmiş faydalı qazıntılar üzrə isə yerin təkindən çıxarılmış faydalı qazıntıların hər kubmetrinə müvafiq vergi dərəcələrini tətbiq etməklə hesablanır.

Hesabat ayı üçün mədən vergisinin məbləği faydalı qazıntıların çıxarıldığı aydan sonrakı ayın 20-dən gec olmayaraq ödənilir.

Mədən vergisinin ödəyiciləri hər ay hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq vergi orqanına, yerli büdcələrə daxil olan mədən vergisi üzrə isə bələdiyyələrə mədən vergisinin bəyannaməsini verirlər.

Yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödənilir.

Məlumat üçün bildiririk ki, “Mədən vergisi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən verginin düzgün hesablanmasına və vaxtında büdcəyə ödənilməsinə görə ödəyicilər və onların vəzifəli şəxsləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Odur ki, yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması, onların iqtisadi resurslardan istifadə səmərəsinin yüksəldilməsi və yerli əhəmiyyətli məsələlərin həllində rolunun artırılması məqsədilə mədən vergisi ödəyicilərinin vergiyə cəlb olunması zəruri xarakter daşıyır.

 

Ramin Musayev

Göyçay regional ədliyyə idarəsinin

böyük məsləhətçisi,

I dərəcəli ədliyyə qulluqçusu      

ŞƏRHLƏR