"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Könüllü birdəfəlik ödənişlərin tətbiqi ilə bağlı bələdiyyələrin səlahiyyətləri barədə- BƏLƏDIYYƏLƏRLƏ İŞ MƏRKƏZİ TÖVSİYƏ GÖNDƏRİB

--2021-05-03 / 16:12

                                                                   Bütün bələdiyyələrə

 

Könüllü birdəfəlik ödənişlərin

tətbiqi ilə bağlı bələdiyyələrin

səlahiyyətləri barədə

 

   

    Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə başlanmış demokratik dövlət quruculuğu sahəsində genişmiqyaslı islahatlar nəticəsində ölkədə iqtisadi və siyasi sabitlik təmin edilmiş, beynəlxalq aləmdə Azərbaycan Respublikasının nüfuzu əhəmiyyətli dərəcədə yüksəlmiş, iqtisadiyyatın dinamik inkişafının əsası qoyulmuşdur. Həyata keçirilən islahatların başlıca məqsədi demokratik və güclü iqtisadiyyata malik müstəqil dövlətin qurulmasından ibarət olmuşdur. İqtisadi sahədə həyata keçirilən tədbirlər bazar iqtisadiyyatı mexanizmləri əsasında sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, yerli və xarici investisiyaları, müasir texnologiyaları cəlb etmək və qabaqcıl idarəetmə təcrübəsindən faydalanmaqla rəqabətə davamlı məhsul istehsal edən müəssisələrin, yeni iş yerlərinin yaradılmasına və nəticə etibarilə ölkənin iqtisadi qüdrətinin artırılmasına yönəlmişdir.

Uğurlu neft strategiyasının həyata keçirilməsi nəticəsində ilbəil artan neft və qaz gəlirlərini qeyri-neft sektoruna yönəltməklə iqtisadiyyatın tarazlı inkişafına nail olmaq son illər Azərbaycan dövlətinin qarşısında duran ən mühüm vəzifələrdən biri olmuşdur. Bu baxımdan regionların inkişafının sürətləndirilməsi  dövlətin iqtisadi siyasətinin başlıca hədəflərindən biri kimi müəyyənləşdirilmişdir.

Yerli əhalinin sosial, iqtisadi və ekoloji məsələlərinin həll edilməsində isə yerli özünüidarəetmənin rolu danılmazdır. Yerli özünüidarəetmənin əsas mahiyyəti yerli əhəmiyyət daşıyan bütün məsələlərin və konkret inzibati ərazidə yaşayan vətəndaşların iqtisadi – sosial və mədəni inkişafına təminat verilməsindən ibarətdir. Bu işi Konstitusiyamıza görə Azərbaycanda bələdiyyələr həyata keçirməlidirlər.

Məlumdur ki, yerli özünüidarəetmə prinsiplərinin reallaşdırılması, bələdiyyələrin fəaliyyətinin səmərəli və qanunauyğun qurulması yerli büdcə ilə birbaşa bağlıdır. Hər bir bələdiyyə qarşısında dayanan vəzifələri yalnız öz büdcəsinin imkanları həddində həyata keçirə bilər. Ona görə də yerli büdcə layihəsi ətraflı təhlil, dəqiq məlumat və hesablamalar əsasında hazırlanmalıdır. Bu məsələyə çox məsuliyyətlə yanaşılmalı, qanunvericiliklə müəyyənləşdirilmiş bütün gəlir mənbələri real səviyyədə nəzərə alınmalıdır.

Təcrübə göstərir ki, bəzən yerli büdcə layihəsinin hazırlanması zamanı lazımi səviyyədə peşəkar və məsuliyyətli yanaşma olmur, bələdiyyənin debitor və kreditor borcları, eləcə də gəlir mənbələri üzrə (məsələn ərazisində olan mədən vergisi obyekti, sanatoriya, kurort, mehmanxana ödənişi obyektləri üzrə) büdcəyə ödənilməli vəsaitlər nəzərə alınmır və ya real həcmdə nəzərə alınmır.

Bələdiyyələr öz sərəncamında olan mülkiyyət və əmlakdan bazar iqtisadiyyatının tələblərinə uyğun istifadə edərək gəlir əldə edə bilərlər. Bələdiyyələrin büdcəsində daha çox maliyyə vəsaitinin olması yerli problemlərin kənardan yardım gözləmədən qısa müddətə həlli imkanı deməkdir. Bələdiyyə büdcəsinin əsasını təşkil edən maliyyə mənbələrindən biri də yerli vergilərlə yanaşı, yerli ödənişlər hesab olunur.

“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununa görə yerli ödənişlər dedikdə, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən bələdiyyələr tərəfindən müəyyənləşdirilən, habelə yerli rəy sorğularının nəticələri əsasında həyata keçirilən məqsədli layihələrin maliyyələşdirilməsi üçün hüquqi və fiziki şəxslərin ödədikləri könüllü birdəfəlik ödənişlər başa düşülür.

“Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində bələdiyyələr tərəfindən tətbiq edilən ödənişlər müəyyənləşdirilmişdir. Həmçinin “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununda yerli əhəmiyyətli proqramların maliyyələşdirilməsi üçün yerli rəy sorğusunun nəticəsinə əsasən hüquqi və fiziki şəxslərin sərəncamında qalan mənfəət və gəlirlər hesabına ödənilən könüllü birdəfəlik ödənişlərin tətbiqi də nəzərdə tutulmuşdur. Könüllü birdəfəlik ödənişlər barədə qərarlar nəticəsində əldə olunan vəsait yalnız məqsədli təyinatı üzrə istifadə olunur.

Yerli əhəmiyyətli problemlərin həllini təşkil etmək, ərazidə yaşayan və çalışan vətəndaşların sosial qayğıları ilə məşğul olmaq, sakinlərin yaşayışı və istirahəti üçün sağlam mühit yaratmaq və qorumaq bələdiyyələrin əsas vəzifələrindəndir. Lakin bir sıra hallarda yerli büdcə vəsaitindən səmərəli istifadə edilməməsi, habelə yerli büdcə vəsaitinin kifayət etməməsi səbəbindən bu məsələlərin bələdiyyələr tərəfindən həlli mümkün olmur. Məhz bələdiyyələrin büdcə vəsaitinin kifayət etmədiyi yerli xarakterli problemlərin həllinin, həmçinin yerli əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılmasına xidmət edən proqramların maliyyələşdirilərək reallaşdırılması üçün qanunvericilikdə bələdiyyələrin birdəfəlik yerli ödənişlərin tətbiqi ilə bağlı səlahiyyətləri təsbit olunmuşdur.

Bələdiyyələr qanunla onlara verilmiş səlahiyyətlərdən istifadə edərək könüllü birdəfəlik ödənişlərin tətbiqi ilə bağlı təşəbbüskarlıq göstərərək, bir sıra yerli əhəmiyyətli proqramları maliyyələşdirə və reallaşdıra bilərlər.

Bələdiyyənin vəzifəli şəxsləri və üzvləri əhali ilə sıx təmasda olmalı, onların konkret problemlərini həll etməli, onları narahat edən məsələlər, sakinlərin arzu və istəkləri barədə dolğun məlumat əldə etməlidirlər. Çünki birdəfəlik könüllü ödənişlərin tətbiq edilməsi yolu ilə həlli nəzərdə tutulan məsələlər yerli əhalinin ümumi mənafeyi üçün əhəmiyyətli olmalı və onlar tərəfindən dəstəklənməlidir.

Qanunvericilikdə könüllü birdəfəlik ödənişlərin tətbiqi ilə bağlı məsələlər ətraflı tənzimlənmişdir.

Azərbaycan Respublikası Konstitusiyası və qanunvericiliyi ilə bələdiyyələrin səlahiyyətinə aid edilmiş yerli əhəmiyyətli məsələlər yerli rəy sorğusuna çıxarıla bilər. Yerli rəy sorğusunun keçirilməsi qaydası isə “Yerli rəy sorğusu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Belə ki, yerli rəy sorğusu dedikdə, yerli əhəmiyyətli məsələlər barəsində bələdiyyə ərazisində yaşayan vətəndaşların rəyinin öyrənilməsi nəzərdə tutulur. Müvafiq Qanuna görə yerli rəy sorğusu bələdiyyə orqanının və ya bələdiyyə ərazisində yaşayan vətəndaşların təşəbbüsü ilə keçirilir. Yerli rəy sorğusunun nəticələrinin hüquqi qüvvəyə minməsi üçün bələdiyyə müvafiq qərar qəbul etməlidir. Həmin qərarın əsasını yerli rəy sorğusunun nəticələri təşkil edir. Bələdiyyənin qərarı bələdiyyə ərazisində məcburi hüquqi qüvvəyə malikdir. Yerli rəy sorğusunu təyin etmək hüququ isə bələdiyyələrə məxsusdur və bununla bağlı müvafiq qərar qəbul edilməlidir. Həmin qərarda yerli rəy sorğusunun keçirilməsi tarixi göstərilir, yerli rəy sorğusuna çıxarılan məsələnin ifadəsi verilir, maliyyələşdirmə qaydası müəyyən olunur və digər məsələlər həll edilir.

Qanunun 5-ci maddəsinə əsasən yerli rəy sorğusu aşağıdakı prinsiplər əsasında həyata keçirilir:

  • yerli rəy sorğusunda vətəndaşların bilavasitə və könüllülük əsasında iştirak etməsi;
  • yerli rəy sorğusunun ümumi, bərabər və birbaşa seçki hüququ əsasında keçirilməsi;
  • yerli rəy sorğusunda səsvermənin gizli keçirilməsi;
  • vətəndaşların öz iradəsini ifadə etməsi üzərində nəzarətə yol verilməməsi.

Qanunun 8-ci maddəsinə görə yerli rəy sorğusunun hazırlanması və keçirilməsi ilə bağlı tədbirlər bələdiyyə büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir.

Bələdiyyələr maliyyə imkanlarının yaxşılaşdırılmasına və yerli büdcə gəlirlərinin artırılmasına daim təşəbbüs göstərməlidirlər ki, yerli əhəmiyyətli problemlərin həllini təşkil etmək, ərazidə yaşayan və çalışan vətəndaşların sosial qayğıları ilə məşğul olmaq, sakinlərin yaşayışı və istirahəti üçün sağlam mühit yaratmaq və qorumaq imkanlarına malik ola bilsinlər.

Bu vəzifələrin icrasını təmin etmək üçün könüllü birdəfəlik ödənişlərin tətbiqi vasitəsindən də istifadə olunmasında təşəbbüskarlıqlarının artırılması, o cümlədən yerli rəy sorğusu ilə bağlı tənzimlənən məsələlərin ətraflı şəkildə öyrənilməsi üçün “Yerli rəy sorğusu haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri ilə yaxından tanış olmaq bələdiyyələrə tövsiyə olunur.

                                                                Bələdiyyələrlə iş mərkəzi

ŞƏRHLƏR