"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

“Bələdiyyələr tərəfindən görülən işlərin ictimailəşdirilməsinə diqqət artırılmalıdır"

--2021-04-28 / 13:54

“Azərbaycanda yerli özünüidarəetmənin inkişaf perspektivləri: mövcud vəziyyət və qarşıdakı vəzifələri” mövzusunda 28 aprel 2021-ci il tarixdə keçirilən videokonfransda Bələdiyyələrlə iş mərkəzinin rəisi Rəhman Məmmədovun çıxışı

  

Sizləri Ədliyyə Nazirliyinin adından salamlayır və konfransın işinə uğurlar arzulayıram.

Çox aktual bir mövzuda belə bir tədbirin keçirilməsini təqdir edir və təşkilatçılara minnətdarlığımı bildiririrəm.

İlk əvvəl qeyd etmək istəyirəm ki, keçən əsrin 90-ci illərinin ortalarında ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində islahatlara başlanılarkən demokratiyanın inkişaf şərti olan yerli özünüidarəetmə institutunun yaradılmasına da böyük önəm verilmişdir. Ümummilli lider Heydər Əliyevin və onun davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən 20 ildən artıq müddət ərzində yerli özünüidarəetmənin inkişafı, təkmilləşməsi məsələləri daim Azərbaycan dövlətinin diqqət mərkəzində olmuşdur. Bu istiqamətdə bələdiyyələrin fəaliyyətini tənzimləyən hüquqi baza yaradılmasını, bir çox dövlət proqramlarında bələdiyyələrin inkişafını təmin edən, onların yerli əhali qarşısında məsuliyyətini artıran mühüm tədbirlərin nəzərdə tutulmasını, eləcə də yerli özünüidarəetmənin maliyyə vəziyyətinin yaxşılaşdırılması üçün hər il dövlət büdcəsindən dotasiyaların, 2019-cu ildən həm də konkret bələdiyyə layihələrinin icrası məqsədilə subvensiyaların ayrılmasını və s. qeyd etmək olar.

Təbiidir ki, yerli özünüidarəetmənin inkişaf yolu yerli əhəmiyyətli məsələlərin həlli və idarəçiliyində bələdiyyələrin iştirakının genişlənməsi və təkmilləşməsindən keçir.

Yerli özünüidarəetmənin mövcud vəziyyəti haqqında danışarkən qeyd etmək lazımdır ki, bələdiyyələr ölkəmizdə aparılan hərtərəfli quruculuq işlərində, o cümlədən sosial, iqtisadi, ekoloji və digər layihələrin reallaşmasında müəyyən rola malikdirlər. Lakin ölkəmizdə gedən sürətli, hərtərəfli inkişaf prosesindən bələdiyyələrin geri qaldığı, onların fəaliyyətində kifayət qədər problemlərin olduğu danılmaz faktdır.

- Bələdiyyələrin maliyyə vəziyyətində yaranmış çoxsaylı problemlər onların fəaliyyətinin səmərəliliyinə mənfi təsir göstərən əsas amillərdəndir. Mindən yuxarı bələdiyyənin sosial sığorta ödəmələri üzrə 7 milyon manatdan çox, bələdiyyələrin özlərinin verdiyi məlumatlara əsasən bundan daha artıq miqdarda əmək haqqı borcları var.

Təəssüf ki, bu borclar bələdiyyələrin işlərini düzgün qurmaması, büdcə vəsaitlərindən səmərəli istifadə etməməsi, icra aparatını öz imkanlarına uyğun təşkil etməmələrinin nəticəsində yaranıb. Statistik məlumatlara əsasən qeyd etmək istəyirəm ki, 2020-ci ildə ümumilikdə yerli büdcə vəsaitinin 65,7%-i idarəetmə xərclərinə sərf olunmuşdur. Təəssüf ki, idarəetmə xərclərinin çəkisi artmaqda davam edir. Bu xərclər 2018-ci ildə 57,7%, 2019-cu ildə 61,3% olmuşdur. Məsələnin bələdiyyələr üçün əhəmiyyətini nəzərə alaraq bu artım faizlərinin ifadə etdiyi rəqəmləri iştirakçıların diqqətinə çatdırıram. Belə ki, 2021-ci ilin ilk 3 ayı ərzində 9200-dən çox torpaq vergisi, 64 minə yaxın əmlak vergisi obyekti, 82 mehmanxana və turizm obyekti müəyyənləşdirilərək uçota götürülmüşdür. Bu müddət ərzində 21 bələdiyyə üzrə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 493 min manatdan çox torpaq və əmlak vergisi toplanmışdır.

Bələdiyyələrdən əldə etdiyimiz məlumatlar əsasında təhlillər aparıldıqda məlum olmuşdur ki, ümumilikdə bələdiyyələrin debitor borcları kreditor borclarından daha çoxdur. Təcrübə göstərir ki, bəzi bələdiyyələrdə debitor borcları toplamaqla kreditor borcları bağlamaq mümkündür.

Vergi və ödənişlərin ödənilməməsinə əksər bələdiyyə sədrləri, bələdiyyənin digər aidiyyəti vəzifəli şəxsləri laqeyd münasibət göstərirlər. Bu problemlərin həlli məqsədilə qanunvericilik bələdiyyələrə geniş səlahiyyətlər verib. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa görə inzibati orqan sayılan bələdiyyələrin pul tələblərinə dair inzibati aktları icrası məcburi sənəd sayılır və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə icra məmurları tərəfindən məcburi icra etdirilməlidir.

Bu cür aktların qəbulu qaydaları barədə qanunvericiliyin tələblərinin izah edilməsi, qeyd olunan pozuntuların aradan qaldırılması, o cümlədən debitor və kreditor borcların həlli ilə bağlı Ədliyyə Nazirliyi tərəfindən müvafiq tövsiyələr hazırlanaraq bələdiyyələrə göndərilmişdir.

Bələdiyyələr tərəfindən yerli vergilər üzrə yaranmış debitor borcların yığılması məqsədilə icrası məcburi aktların qəbul edilməsi və aidiyyəti icra qurumlarına göndərilməsi vəziyyəti Bakı bələdiyyələri üzrə təhlil edilmişdir. Bu sahədə müsbət təcrübəsi olan Binəqədi bələdiyyəsi pilot kimi müəyyənləşdirilmişdir. Qeyd olunan təcrübənin ilk növbədə bir sıra Bakı bələdiyyələrində təbliği nəticəsində cari ilin yalnız birinci rübündə bu cür inzibati aktların qəbul edilərək məcburi icraya yönəldilməsi halları 4 dəfə artmışdır. Hazırda bu təcrübənin bütün bələdiyyələrdə daha geniş təbliği və təşviqi planlaşdırılır.

Digər mühüm məsələ yerli vergi və ödəniş ödəyicilərinin və obyektlərinin dəqiq uçotunun aparılması, kənarda qalan vergi obyektlərinin vergiyə cəlb edilməsi və nəticədə yerli büdcə gəlirlərinin artırılması ilə bağlıdır. Bu sahədə pilot bələdiyyə kimi Nəsimi bələdiyyəsində həyata keçirilmiş tədbirlər nəticəsində uçota alınan yerli vergi və ödəniş obyektlərinin sayı demək olar ki, 2 dəfəyə yaxın artmışdır. Aparılan təhlil göstərdi ki, yerli büdcə gəlirlərinin artırılması üçün xeyli potensial imkanlar mövcuddur.

Əldə olunan müsbət iş təcrübəsinin digər bələdiyyələrdə də təbliğ olunması işinə başlanılaraq cari ildə ilkin mərhələdə Bakı şəhərində 34 bələdiyyədə vəzifəli şəxslər üçün əməkdaşlarımız tərəfindən seminar-müşavirələr keçirilmiş və davamlı metodiki iş aparılmışdır. Birinci rübün yekunu üzrə ilkin müsbət nəticələr vardır. Uçota götürülən əmlak vergisi obyektlərinin sayında 21%, sanatoriya-kurort, mehmanxana, turizm obyektlərinin sayında 33% artım olduğu müəyyən edilmiş, o cümlədən torpaq və əmlak vergisindən daxil olmalar 48% artmışdır. Bu iş təcrübəsinin bütün bələdiyyələrdə tətbiq edilməsi istiqamətində işlər davam etdirilir.

Yerli vergi və ödənişlərin yığılması ilə bağlı problemlərdən danışarkən subyektiv səbəblərlə yanaşı, obyektiv səbəbləri də qeyd etmək lazımdır.

Məsələn vergilərin ödənilməsindən yayınma halları ilə bağlı məsuliyyət tədbirləri müvafiq qanunvericiliklə tənzimlənir. Lakin yerli ödənişlərlə bağlı bu cür məsuliyyət tədbirləri nəzərdə tutulmamışdır. Həmçinin “Yerli vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanununda yerli ödənişlərin ödənmə müddəti tənzimlənsə də, ödəyicilər tərəfindən müvafiq hesabatların təqdim edilməsi vəzifəsi müəyyən edilməmişdir. Ədliyyə Nazirliyi tərəfindən hazırlanmış layihələr çərçivəsində yerli ödənişlərlə bağlı məsuliyyət tədbirinin müəyyən edilməsi, hesabatların təqdim edilməsi, həmçinin bələdiyyələrin vergi xidməti orqanının fəaliyyətinin təkmilləşdirilməsi, səlahiyyətlərinin artırılması (səyyar yoxlama) barədə müvafiq olaraq İnzibati Xətalar Məcəlləsinə, “Yerli vergi və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanununa və “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə”yə dəyişiklik təklifləri hazırlanmışdır. Həmin layihələrə hazırda Nazirlər Kabinetində baxılır.

Digər bir obyektiv səbəb ondan ibarətdir ki, ödənişlər ödənmədiyi və hesabatlar təqdim edilmədiyi təqdirdə bələdiyyələr icrası məcburi akt qəbul etmək üçün borcun məbləği barədə dəqiq, təsdiqedici məlumata malik olmurlar. Belə məlumatın əldə edilməsi çətinlik doğurur. Bu vəziyyət mədən vergisinə də aiddir. Mədən vergisi ödəyiciləri və mehmanxana, sanatoriya-kurort və turizm xidməti göstərən şəxslərin dövlətin vergi orqanına təqdim etdikləri bəyannamələrdə müvafiq məlumatların göstərilməsi ilə bağlı bəyannamə formalarında aidiyyəti dəyişikliklə bağlı təkliflər Ədliyyə Nazirliyi tərəfindən İqtisadiyyat Nazirliyinə təqdim edilmişdir. Hesab olunur ki, məsələ müsbət həll olunacağı təqdirdə qeyd olunan məlumatları bələdiyyələr çox asanlıqla vergi orqanlarından əldə edə bilərlər.

Yerli büdcə gəlirlərinə təsir edən mühüm amillərdən biri qanunvericiliyə görə əmlak vergisinin yalnız mülkiyyətdə olan tikililər üzrə tutulmasıdır. Qanunvericiliyin tələblərinə əməl etməklə aparılmış tikintilər üzrə əmlak vergisi öhdəliyi yaranır, lakin özbaşına tikintilər mülkiyyət hüququ qeydiyyata alınmadığına görə əmlak vergisi obyekti olmur. Təəsüf ki, xüsusilə Bakı şəhərində bəzi bələdiyyələrin ərazisində mövcud tikililərin əksər hissəsini sənədsiz tikililər təşkil edir. Hesab olunur ki, dövlət başçısının sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı tapşırıqlarının icrası nəticəsində bələdiyyələrin əmlak vergisindən əldə etdiyi gəlirlərində xeyli artım olacaqdır.

Yerli büdcə gəlirlərinin əsaslı artımı üçün digər potensial mənbə bələdiyyə torpaqları ilə bağlıdır. Bələdiyyə torpaqları onların fəaliyyətinin iqtisadi əsaslarını təmin edən ən mühüm vasitələrdən biridir. Bu vasitədən ictimai və bələdiyyə mənafeyi üçün səmərəli istifadə edilməlidir.

Lakin bir çox hallarda bələdiyyə torpaqları zəbt olunur, faktiki istifadə olunan torpaqdan yerli büdcəyə vəsait daxil olmur, özbaşına təyinatı dəyişdirilir. Bəzi hallarda isə icarədə olan torpaqların icarə haqqı illərlə ödənilmir. Təhlillər göstərir ki, bir çox hallarda əvvəlki dövrlərdə icarəyə verilmiş torpaqların icarə haqqı çox aşağı olmasına baxmayaraq bazar qiymətlərinə uyğunlaşdırılmır. Bu kimi hallar yerli büdcə gəlirlərinə mənfi təsir göstərir.

Ədliyyə Nazirliyi tərəfindən bu sahədə də bələdiyyələrlə iş aparılır, tövsiyələrlə yanaşı, aidiyyəti sənəd nümunələri də hazırlanır. Məsələn icarə haqlarının bazar qiymətlərinə uyğunlaşdırılması ilə bağlı görülməli tədbirlər, müvafiq bələdiyyə qərarının, icarəçilərə göndərilməli təklifin və iddia ərizəsinin nümunəvi formaları hazırlanaraq bütün bələdiyyələrə göndərilmişdir. Hazırda tövsiyədə göstərilən tədbirlərin icrası üçün bələdiyyələrlə davamlı izahat işi aparılır, müəyyən müsbət nəticələr mövcuddur.

Bələdiyyə torpaqlarının ümumi mənafe əsas götürülməklə istifadəsi, bələdiyyə torpaqların hərrac və müsabiqəyə çıxarılması hallarının dəqiqləşdirilməsi, tikintiyə vərəsəlik hüququ ilə icarəyə verilməsi institutunun bələdiyyə torpaqlarına tətbiq edilməsi və s. məsələlər üzrə tərəfimizdən hazırlanmış layihələrə hazırda Nazirlər Kabinetində baxılır.

Yerli büdcə gəlirlərinin artırılması yollarından danışarkən bələdiyyələrə təsərrüfat fəaliyyəti ilə məşğul olmaq üçün müstəqil hüquqi şəxslər yaratmaq hüququnun verildiyini, bu müəssisələrin fəaliyyətinin daha səmərəli həyata keçirilməsi üçün qanunvericilikdə müəyyən güzəştlərin nəzərdə tutulduğunu qeyd etməliyik. Belə ki, bələdiyyə torpaqlarının heç bir haqq ödənilmədən yalnız bələdiyyələr tərəfindən yaradılan hüquqi şəxslərin istifadəsinə ayrılmasına yol verilir.

Bələdiyyələr bu sahədə fəallıq göstərməklə yerlərdə kiçik və orta sahibkarlığın inkişafına öz töhfələrini verə bilər, o cümlədən yeni iş yerlərinin açılmasına, eləcə də yerli büdcə üçün əlavə dayanıqlı gəlir mənbələrinin yaranmasına nail ola bilərlər.

Bu istiqamətdə bələdiyyələrlə mütəmadi olaraq maarifləndirmə işi aparılır. 2019-2020-ci illərdə 30-a yaxın yeni bələdiyyə müəssisələri yaradılmışdır. Ancaq qeyd etməliyəm ki, bələdiyyələr bu sahədə də kifayət qədər fəallıq, təşəbbüskarlıq göstərmirlər. Əsas səbəb kimi də maliyyə vəsaitlərinin olmaması göstərilir.

Amma təcrübə göstərir ki, bələdiyyənin vəzifəli şəxslərinin təşəbbüskarlığı, işgüzar bacarıqları yüksək olduqda çətinliklərin həlli yolu tapılır. Misal olaraq Beyləqan rayonu Dünyamalılar bələdiyyəsi tərəfindən “İNNOVASİYA MMC” təsis edilmiş və 100 ha torpaq sahəsində pambıq əkilmişdir. Müəssisə maliyyə məsələsini pambıq təmizləmə zavodlardan biri ilə razılaşmaq yolu ilə həll etmişdir. Nəticədə müəssisə lazımı toxum, dərman preperatları və s. vasitələrlə, o cümlədən avans pul vəsaiti ilə təmin edilmişdir. Gəlir əldə edilərək yerli büdcəyə mənfəət vergisi ödənmişdir. Digər bələdiyyələr də bu təcrübədən istifadə edə bilərlər.

Bələdiyyələrin büdcə gəlirlərinin artırılmasına nail olmaqla paralel digər mühüm məsələ yerli büdcə vəsaitlərinin səmərəli, qanunauyğun istifadəsidir. Əgər yerli büdcə gəlirləri artdıqca bələdiyyələr öz idarəetmə xərclərini də artıracaqsa, yenə də vəsaitin 60-70 faizi idarəetmə xərclərinə istifadə olunacaqsa, onda bu tədbirlərin səmərəsi olmayacaqdır.

Bir sıra bələdiyyələrdə büdcə intizamı çox zəifdir. Həm büdcə layihəsinin hazırlanıb təsdiqi, həm də büdcənin icrası məsələlərinə qeyri ciddi münasibət var. Bələdiyyələrin mövcud maliyyə vəziyyətinin ən başlıca səbəbi də məhz büdcə intizamı ilə bağlıdır.

Bələdiyyələrdə büdcə intizamının gücləndirilməsi, büdcənin icrası barədə hesabatların qanunvericiliyin tələblərinə uyğun hazırlanmasına metodiki kömək məqsədilə “Yerli büdcə layihəsi”nin və “Yerli büdcənin icrası haqqında (yarımillik və illik) hesabat”ın nümunəvi formaları (Maliyyə Nazirliyi ilə razılaşdırılmışdır) tərtib edilərək müvafiq tövsiyələrlə birlikdə bələdiyyələrə göndərilmişdir.

Bələdiyyələr büdcə gəlirlərini artırdıqca yetərli maliyyə vəsaiti formalaşdıraraq yerli əhalinin mənafeyinə xidmət edən öz əhatəli layihələrini həyata keçirməklə özlərinin idarəetmədə rolunu, nüfuzunu, onlara olan ictimai etimadı artıra bilərlər.

Bələdiyyələrin fəaliyyətlərini genişləndirməli olduqları xeyli sahələr var. Məsələn yerli əhəmiyyətli abadlıq quruculuq işləri, ehtiyacı olan şəxslərə əlavə sosial dəstək layihələri, əlavə yaşıllıq sahələrin yaradılması, yerli əhəmiyyətli idman meydançaları və qurğuların təşkili və s.

Göstərilənlərlə yanaşı qəbiristanlıqların idarə olunması, məişət tullantılarının yığılıb-daşınmasının təşkili və s. sahələrdə qanunvericiliklə bələdiyyələrə verilmiş səlahiyyətlərdən də düzgün və səmərəli istifadə yerli əhəmiyyətli məsələlərin həllində fəaliyyətin genişləndirilməsi üçün xeyli potensial imkanlar yaradar.

Ədliyyə Nazirliyi bələdiyyələri bu sahələrdə maarifləndirmək, metodiki köməklik göstərmək istiqamətində davamlı iş aparır. Lakin bu işlər tövsiyə xarakterlidir. Heç kəsin bələdiyyənin əvəzinə bu işləri həyata keçirmək səlahiyyəti yoxdur.

Həmçinin qeyd olunmalıdır ki, bələdiyyələr fəaliyyətlərində qanunçuluğa ciddi əməl etməli, yerli özünüidarəetmə fəaliyyəti tam aşkar, şəffaf olmalıdır. Bir tərəfdən bu korrupsiyaya şərait yaradan halların qarşısının alınmasının ən effektkli vasitəsi kimi dövlət siyasətinin əsas prinsiplərindəndir. Digər tərəfdən isə bələdiyyələrin mahiyyəti özü tələb edir ki, onların fəaliyyəti tam aşkar və hesabatlı olsun.

Yerli özünüidarəetmənin qarşısında duran mühüm vəzifələrdən biri də rəqəmsal idarəetmənin nailiyyətlərindən istifadə ilə bağlıdır. Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrin müasir texnologiyalar və internetdən istifadə sahəsində imkanlarının genişləndirilməsi üçün davamlı iş aparılır və xeyli irəliləyişə nail olunmuşdur.

Hazırda bələdiyyələrlə iş portalının ilkin versiyası vasitəsilə bələdiyyələrlə ədliyyə orqanları arasında sənəd dövriyyəsi elektron qaydada təşkil olunub, bələdiyyə aktları portal vasitəsilə təqdim olunur. Portalın tam versiyasının tətbiqi və bütün bələdiyyələrin bu sistemə qoşulması üçün tədbirlər davam etdirilir. Həmçinin “Bələdiyyələr barədə məlumat əldə olunması” elektron xidməti vasitəsilə vətəndaşların bütün bələdiyyələr və 15 mindən artıq bələdiyyə üzvü barədə məlumat əldə etmək imkanı təmin olunur. Qeyd olunan elektron xidmət üzrə məlumat bazasının genişləndirilməsi də nəzərdə tutulmuşdur. Bu istiqamətdə digər layihələr üzərində işlər aparılır.

Bələdiyyənin vəzifəli şəxslərinin əhali ilə səmimi, açıq təmasları onların ən mühüm iş prinsiplərindən biri olarsa buyerli əhalinin öz bələdiyyəsinə etimadının güclənməsinə gətirib çıxaracaq. İctimai etimad bələdiyyələrin səmərəli fəaliyyəti üçün önəmli şərtdir. Təcrübə göstərir ki, bu halda yerli vergilər də əsasən könüllü ödənilir, məcburi tədbirlərə elə də ehtiyac qalmır.

Konkret nümunə göstərmək istəyirəm. 2019-cu ildə sosial sığorta ödəmələri üzrə borcu olan Bakı bələdiyyələrinin vəzifəli şəxsləri ilə Bələdiyyələrlə iş mərkəzində görüş keçirilərək borcların yaranması səbəbləri, həlli yolları müzakirə edilmiş, müvafiq tövsiyələr verilmişdir. Az sonra məlum olmuşdur ki, Qaradağ rayonu Sahil bələdiyyəsi 37900 manat borcunu tam ödəmişdir. Bu məbləğ həmin bələdiyyə üçün kifayət qədər böyük olduğundan təbii ki, maraq doğurmuşdur. Məlum olmuşdur ki, bələdiyyə sədri qəsəbədə məhəllələr üzrə sakinlərlə görüşmüş, səmimi dialoq qurmuş, yerli vergilərin ödənməməsinin bələdiyyəni çətin vəziyyətə saldığını izah etmişdir. Sakinlərin vergi borclarını ödəmələri sayəsində bələdiyyə borcunu qısa müddətdə həll etmişdir.

Son dövrlərdə assosiasiyaların fəallığını qeyd etməklə yanaşı bildirmək istəyirəm ki, bələdiyyələrin təmsilçiliyinə, eyni zamanda onların gördüyü işlərin ictimailəşdirilməsinə diqqətin artırılması zəruridir. Həm ayrı-ayrı bələdiyyələrin, həm də bütövlükdə bu və ya digər sahədə onların gördüyü tədbirlərin ümumiləşdirilərək işıqlandırılmasına ciddi ehtiyac var. Məsələn Vətən müharibəsində bələdiyyə üzv və qulluqçularının iştirakı, müqəddəs, dini, tarixi bayramlar ərəfəsində bələdiyyələrin qayğıya ehtiyacı olanlara göstərdiyi dəstəyi, aparılan təmir və bərpa işi barədə və s.

Ölkə bələdiyyələri üzrə belə ümumiləşdirmələr aparılacağı təqdirdə diqqətəlayiq göstəricilər əldə ediləcəkdir ki, bu da bələdiyyələr barədə müsbət ictimai rəyin formalaşması üçün əhəmiyyətlidir. Belediyye.info saytı bu sahədə səylər göstərir. Ancaq bu yetərli deyildir.

Çıxışımın sonunda vurğulamaq istəyirəm ki, belə müzakirələrin aparılmasını faydalı hesab edirəm. Müzakirələrdə səslənən fikirlər, təkliflər tərəfimizdən diqqətlə öyrənilir və fəaliyyətimizdə nəzərə alınır. Məsələn “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında 2020-ci il üzrə İllik məruzə”nin Milli Məclisin həm Regional Məsələlər Komitəsində, həm də Plenar iclasında müzakirəsi zamanı səslənən təkliflər nəzərə alınaraq aidiyyəti tədbirlər görülür.

Qeyd edim ki, Komitənin iclasında bələdiyyələrin onlayn iclas keçirməsinin qanunla tənzimlənməsinin vacibliyi ilə bağlı söylənən fikir tərəfimizdən hazırlanmış və Nazirlər Kabinetinə təqdim olunmuş “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununa bir sıra dəyişiklik edilməsi ilə bağlı qanun layihəsində nəzərə alınmışdır.

Eyni zamanda plenar iclasda vitse-spiker hörmətli Adil Əliyevin bələdiyyələrdə gənclər və idman sahəsinə diqqətin artırılması və müvafiq komissiyaların yaradılması barədə təklifi ilə əlaqədar müvafiq tövsiyə hazırlanaraq bütün bələdiyyələrə göndərilmişdir. Artıq bələdiyyələrdə gənclər və idman komissiyalarının yaradılması işi başlanılıb. Bu mövzuda yaxın günlərdə video-konfrans keçirilməsi də planlaşdırılır.

Konfransın müzakirəsinə çıxarılmış məsələ geniş aspektli olduğundan əlbəttə bir çıxışda bütün məsələlərə ətraflı toxunmaq vaxt baxımından mümkün deyildir. Əminəm ki, bizim bu cür müzakirələrimiz davamlı olacaqdır.

Diqqətinizə görə minnətdaram.

ŞƏRHLƏR