"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyələr elektron hökumətin mühüm tərkib hissəsinə çevrilməlidir

--2021-07-01 / 16:02

Vətəndaşların yerli əhəmiyyətli problemlərinin həllində bilavasitə iştirak edən, qanunvericilik çərçivəsində üzərinə düşən məsuliyyətin icrası nəticəsində dövlətin mərkəzi institutlarının yükünü azaldan və sakinlər üçün ən əlçatan qurumlardan olan yerli özünüidarəetmə təsisatlarından müasir dövrdə cəmiyyətin gözləntiləri daha da artmaqdadır. Çünki yerli özünüidarəetmə orqanları hər bir sivil, demokratik ölkənin ictimai-siyasi və sosial həyatında özünəməxsus çəkiyə sahib olan, sərt mərkəzləşməni aradan qaldıran və vətəndaşların problemlərini lokal səviyyədə və çevik şəkildə həll edə bilən institutlarından hesab edilir. Ötən 21 il ərzində xeyli təcrübə toplamış, eyni zamanda fəaliyyətinin hüquqi əsasları formalaşdırılmış bələdiyyələrin qarşısında bir sıra çağdaş tələblər dayanır.

Özəl sektor və vətəndaş cəmiyyəti institutları ilə əlaqələrin dərinləşdirilməsi, şəffaflığın və hesabatlığın maksimum səviyyəyə çatdırılması, vergi subyektlərindən maliyyə ödənişlərinin toplanmasının tamlıqla təmin olunması bu gün bələdiyyələr üçün prioritet təşkil edən məsələlərdir. Son 2 ildə qlobal bəlaya çevrilən COVİD-19 pandemiyası dövrünün aktuallığını artırdığı reallıqlardan, həmçinin inkişaf edən dünyanın başlıca tələblərindən olan vətəndaşlara göstərilən elektron xidmətlərin sayının və keyfiyyətinin artırılması da yerli özünüidarəetmə qurumlarının qarşısında dayanan başlıca vəzifələrdəndir. Daha lakonik şəkildə ifadə edəsi olsaq deməliyik ki, Azərbaycan bələdiyyələri də hazırkı dövrdə elektron hökumətin mühüm tərkib hissəsinə çevrilməlidir.

        Doğrudur, ölkəmizdə dövlət qurumlarının xidmətlərinin rəqəmsallaşdırılması istiqamətində indiyədək bir sıra mühüm addımlar atılıb. Azərbaycan, həmçinin dördüncü sənaye inqilabının çağırışlarına uyğun olaraq Böyük Britaniyadan sonra Rəqəmsal Ticarət Qovşağı yaradan ikinci ölkədir. Hazırda da bu sahədə gərgin iş davam etdirilməkdədir.

Prezident İlham Əliyevin 27 aprel 2021-ci ildə “Rəqəmsal transformasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” fərmanında qeyd olunduğu kimi “İqtisadiyyatın və dövlət idarəetməsinin səmərəliliyinin, informasiya təhlükəsizliyinin və vətəndaşların yaşayış səviyyəsinin yüksəldilməsi məqsədilə İKT infrastrukturunun əsasını təşkil edən genişzolaqlı internet şəbəkəsinin inkişafı, “Hökumət buludu” (G-Cloud), “Böyükhəcmli məlumatlar” (Big Data), “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) kimi rəqəmsal təşəbbüslər həyata keçirilir. Azərbaycanın regionda rəqəmsal mərkəzə çevrilməsi istiqamətində ardıcıl islahatlar aparılır”.

Təbii ki, xidmətlərin keyfiyyətinin və əlçatanlığının yüksəldilməsində məqsəd vətəndaş məmnuniyyətini artırmaq, həmçinin informasiya təhlükəsizliyini təmin etməkdir. Ölkəmizin yerli özünüidarəetmə qurumları da bu prosesdən kənarda qala bilməz. Bələdiyyələr xidmətlərin elektronlaşdırılması prosesinə qoşulmuş və bu sahədə müəyyən nəticələr əldə etmişdir.

Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının hazırladığı Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi (BAMS) proqramı 2016-cı ilin oktyabr ayından başlayaraq bələdiyyələrdə uğurla tətbiq olunmağa başlanılıb. Proqramın tətbiqi bələdiyyələrin vergi və maliyyə sahəsindəki fəaliyyətində bir sıra müsbət dəyişikliklərin əldə olunmasına real zəmin yaradıb. BAMS yerli vergi ödəyicilərinin elektron məlumat bazası əsasında dəqiq uçotun aparılmasına önəmli yardım göstərir.

Bütün bunlarla yanaşı etiraf etməliyik ki, hazırda yerli özünüidarəetmə sahəsində tətbiq olunan rəqəmsal xidmətlər dövlət qurumlarının vətəndaşlara göstərdiyi elektron xidmətlərdən kəmiyyət və keyfiyyət göstəricilərinə görə xeyli geri qalır. Bu da öz növbəsində vətəndaşların haqlı narazılığına səbəb olur. Müvafiq informasiyanın əldə olunmasında yaranan çətinliklər eyni zamanda bələdiyyələrin fəaliyyətində bir sıra ciddi problemlər yaradır.

Bələdiyyə vətəndaşlara yerli sosial problemlərin həllində bilavasitə yardım edən seçkili qurumdur. Müasir dövrdə bələdiyyələrə dair elektron xidmətlərin digər əlaqəli qurumların elektron xidmətləri ilə məlumat mübadiləsi aparması, inteqrasiyanın təmin olunması ən zəruri məsələlərdən sayılır. Bu inteqrasiya təmin edildiyi halda vergi subyektləri haqqında bələdiyyə üçün zəruri olan məlumatlar daim yenilənəcək. Bu da öz növbəsində bələdiyyə fəaliyyətinin bütün sahələrində proqreslə müşahidə olunacaq. Çünki vergilərin tam həcmdə toplanması müvafiq yaşayış məntəqəsində sakinlərə daha geniş və keyfiyyətli xidmətin göstərilməsi deməkdir. Eyni zamanda elektron xidmətlərin inteqrasiyasının təmin olunması bələdiyyə fəaliyyətinin şəffaflığını da əhəmiyyətli ölçüdə yüksəltmiş olacaq.

Sadalanan bütün bu məsələlərlə bağlı Avtomatlaşdırılmış Məlumat Sisteminin (BAMS) təkmilləşdirilməsi üçün bir sıra addımların atılması zəruridir.

Birincisi, BAMS-ın Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Elektron Əmlak” informasiya sistemi ilə inteqrasiyasının təmin olunmasının vacibliyidir.

İkincisi, BAMS-ın Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sisteminə inteqrasiyasıdır. Bu zərurəti konkret misallar və nümunələrlə əsaslandırmağa ehtiyac var.

Bildiyimiz kimi bələdiyyələr vətəndaşların adına vergi tədiyyə bildirişi göndərir. Bir sıra hallarda araşdırmalardan sonra məlum olur ki, bələdiyyənin bildiriş göndərdiyi vətəndaşın mülkiyyət aktı ləğv edilib. Yaxud, bəzən məlum olur ki, vətəndaş mülkiyyətində olan əmlakı digər vətəndaşa satıb. Bələdiyyə bu cür alqı-satqı prosesindən tamamilə məlumatsız olduğu üçün vergi bildirişini mülkiyyətin hazırkı yox, keçmiş sahibinə göndərir. O isə təbii ki heç bir vergi ödəmir.

Üçüncüsü, bələdiyyə ərazisində vətəndaşların uzun illərdir istifadə etdiyi, amma mülkiyyət sənədi olmayan yaşayış evlərindən əmlak vergisi toplanılmasının mümkün olmamasıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci bəndində “xüsusi mülkiyyət” anlayışı dəqiq ifadə edilib. Qanunun həmin maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanlarının hazırladığı sənədlər əsasında qeydiyyat orqanının verdiyi dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Ona görə də Dövlət Reyestr Xidmətindən çıxarış olmadıqda həmin mülk xüsusi mülkiyyətdə olan əmlak sayılmır və bələdiyyə onun üçün əmlak vergisi tələb edə bilmir.

Göründüyü kimi bələdiyyənin çıxarışlarla bağlı operativ və əhatəli informasiyaya malik olmaması yerli büdcənin tamlıqla formalaşmasına ciddi əngəl yaradır. Bələdiyyə gəlirlərinin yetərincə olmaması isə bu quruma müxtəlif layihələr həyata keçirərək iş yerləri açmaq və əlavə gəlir mənbələri yaratmasına mane olur. Bələdiyyənin yeni iş yerləri açması yerli sakinlərin sosial müdafiəsini gücləndirməklə yanaşı həm də dövlətin bu sahədəki siyasətinə də önəmli dəstəkdir. Göründüyü kimi həlli o qədər də çətin olmayan maneələri aradan qaldırmaqla bələdiyyələrin yerlərdə sosial problemlərin həllində daha çevik və geniş miqyasda iştirak etməsini stimullaşdırmaq mümkündür.

Dördüncüsü, dövlət büdcəsindən bələdiyyələrə ayrılan dotasiyanın xərclənməsi və hesabatı ilə bağlı bütün proses elektronlaşdırılmasıdır. Belə halda istər müvafiq dövlət qurumları, istərsə də vətəndaşlar canlı təmas və kağız daşıyıcılarsız bələdiyyənin dotasiyanı xərcələməsi prosesini şəffaf şəkildə izləmək imkanına malik olacaq.

Beşincisi, Xırdalan şəhərinin Baş planı ilə bağlı müəyyən sualların meydana çıxmasıdır. Xırdalan şəhərinin Baş planı ötən il təsdiq edilib və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin internet saytında yerləşdirilib. Ancaq təəssüflər olsun ki, bu xəritədə bələdiyyə mülkiyyəti olan ərazilərin sahəsi ayrıca göstərilməyib. Bu isə öz növbəsində Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin reklam yayımına görə yığdığı reklam haqqı məbləğinin qanunvericiliklə müəyyən edilmiş hissəsinin Xırdalan bələdiyyəsinə ödənilməsində maneələr yaradır.

Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Abşeron rayonu Xırdalan bələdiyyəsinin müraciətinə (bələdiyyə ərazisində yerli özünüidarənin səmərəli təşkilinin həyata keçirilməsi ilə əlaqədar “Reklam” haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bələdiyyə mülkiyyətində olan daşınmaz əmlaklardan, eyni zamanda açıq məkanda yerləşdirilən reklama görə müəyyən edilmiş məbləğ Xırdalan bələdiyyəsinin yerli büdcəsinə ödənilməlidir) cavab olaraq bələdiyyə ilə Agentlik arasında müvafiq müqavilənin bağlanması üçün sözügedən əraziyə mülkiyyət hüququnun Abşeron rayonu Xırdalan bələdiyyəsinə məxsus olmasını təsdiq edən sənədləri Azərbaycan Respublikası Reklam Agentliyinə təqdim etməli olduğumuzu bildirib.

“Reklam” haqqında Azərbaycan Respublikasının Qanununun 26.2-2.2-ci maddəsinə əsasən reklam daşıyıcısının bələdiyyə mülkiyyətində olan daşınmaz əmlakda yerləşdiriləcəyi təqdirdə həmin əmlakın icarəsinə dair bələdiyyə ilə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum arasında bağlanılacaq müqavilədən irəli gələn məbləğin həmin quruma ödənilməsi, o cümlədən “Azərbaycan Respublikası Nazirlər Kabineti”nin 26 dekabr 2017-ci il tarixli, 598 nömrəli Qərarının 4.1-ci bəndinə əsasən reklam yayıcısının həmin reklam daşıyıcısında reklam yerləşdirilməsinə icazə verilməsi üçün ödədiyi (ödəyəcəyi) dövlət rüsumu məbləğinin 10 % (on faizi) həcmində müəyyən edilmiş məbləğ bələdiyyələrin yerli büdcəsinə ödənilməlidir. Lakin yuxarıda göstərilən problemə, yəni Xırdalan bələdiyyəsinin mülkiyyət sərhədini göstərən ölçü-planın olmamasına görə həmin ödənişin yerli büdcəyə köçürülməsi mümkün olmamışdır. Bu vəziyyət əhalisinin sayına görə ölkənin dördüncü şəhərinin bələdiyyəsini il ərzində xeyli miqdarda vəsaitdən məhrum edir.

Sadaladığımız problemlərin həll olunaraq Xırdalan bələdiyyəsinin Qanunla nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi bələdiyyəmizin fəaliyyət imkanlarının genişlənməsinə, yerli problemlərinin həllində iştirakına əhəmiyyətli dərəcədə müsbət təsir edə bilər. Həmin problemlərin həlli istiqamətində yuxarıda irəli sürülən təkliflərin nəzərə alınması Xırdalan bələdiyyəsi ilə bərabər, ölkəmizin digər şəhər, qəsəbə və kənd bələdiyyələrinin də səmərəli iş fəaliyyətinin təmin olunması istiqamətində mühüm addım olardı.

 Orxan Musayev

Xırdalan bələdiyyəsinin sədri

ŞƏRHLƏR