"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə ərazisindəki hansı torpaqlar xüsusi mülkiyyətə verilə bilməz? SORUŞUN CAVAB VERƏK

--2021-06-02 / 16:22

 1. Bələdiyyə ərazisindəki hansı torpaqlar xüsusi mülkiyyətə verilə bilməz?

 “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinə əsasən ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların,  stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz.

 2. Yerli büdcənin icrası ilə bağlı hesabatı bələdiyyələr nə vaxt təqdim edir və əhaliyə hansı vasitələrlə çatdırırlar?

 “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsinə əsasən bələdiyyələr öz nizamnaməsində müəyyən edilmiş qaydada yerli büdcənin icrası haqqında yarımillik və illik hesabatı bələdiyyə iclasına təqdim edir. Yarımillik maliyyə hesabatları hesabat dövründən sonrakı ayın 15-dək, illik maliyyə hesabatları isə növbəti ilin yanvarın 30-dək təqdim edilməlidir. Bələdiyyələr təqdim edilmiş maliyyə hesabatlarını bələdiyyə iclasının qərarı ilə 15 (on beş) iş günü müddətində təsdiq edirlər. Yerli əhalini tanış etmək məqsədilə bələdiyyələr illik hesabatı onlara elan, bülleten, vərəqə, yerli mətbuat, rəsmi internet saytı və s. vasitələrlə çatdırırlar.

 3. Dotasiya dövlət tərəfindən bələdiyyələrə hansı məqsədlə ayrılır və hansı istiqamətlərə yönəldilə bilər?

 Dotasiya dövlət tərəfindən bələdiyyələrə yerli büdcə kəsirinin ödənilməsi məqsədilə ayrılır. Dövlət tərəfindən bələdiyyələrə ayrılan dotasiyadan maksimim səmərəli istifadə olunmalı, dotasiya vəsaiti ilk növbədə “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsində müəyyən edilmiş müdafiə olunan (sekvestr tətbiq edilməyən) xərc maddələrinə (əmək haqqı, əmək haqqına üstəlik və s.) və sosial sığorta borclarına yönəldilməlidir. Göstərilən sahələr üzrə borcu olan bələdiyyələrin dotasiya vəsaitini başqa xərclərə yönəltməsi yolverilməzdir.

 Hazırladı: Çingiz Cavadov, 

Lənkəran Regional Ədliyyə İdarəsinin

baş məsləhətçisi kiçik ədliyyə müşaviri

 

ŞƏRHLƏR