"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bayraq mənliyimdir, bayraq kimliyim, Bayraq öz yurduma öz hakimliyim!

--2021-05-20 / 16:22

Hər bir xalqın ən müqəddəs neməti olan müstəqilliyinin real mahiyyəti və məzmunu dövlət rəmzlərində əksini tapır. Hələ minilliklər bundan əvvəl dünyada təşəkkül tapmağa başlayan ilk dövlətlər öz xalqlarının ibtidai dünyagörüşü əsasında dövlət rəmzlərini formalaşdırmağa çalışıblar. Bəşər övladı ən ağır müharibələrdən, çətin mücadilələrdən sonra ucaltdığı bayrağa həm də qalibiyyət simvolu kimi yanaşıb, bayrağı öz şərəfi, ləyaqəti kimi qoruyaraq daim uca tutub.

Bayraq xalqın müstəqillik, suverenlik, milli azadlıq ideallarının simvoludur. Azərbaycan bayrağı xalqımızın dilini, dinini, milliyyətini, mədəniyyətini, tarixini, milli-mənəvi dəyərlərini və s. amilləri özündə ehtiva edən çalarlardır.

Bayraq, gerb və himn hər bir dövlətin rəsmi dövlətçilik atributudur. Bu atributlar hər bir vətəndaş üçün o qədər müqəddəsdir ki, qərar tutduğu yüksəklikdən enməməsi üçün canlar fəda olunur. Üçrəngli bayrağımızı daim yüksəklərdə dalğalandırmaq hər birimizin müqəddəs borcudur. Üçrəngli bayrağımız milli birliyimizin təcəssümü, şəhid ruhlarının daşıyıcısıdır.

Azərbaycanın bayrağı sadəcə bayraq deyil. O bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun. Bayraq milli ləyaqət, heysiyyat, dövlətə sədaqət simvoludur. Onu başı üzərində daşımaq hər bir azərbaycanlının şərəf borcudur. Ölkəmizin hər bir vətəndaşı bayrağımıza, gerbimizə və himnimizə ehtiram göstərməli, bunu özünün müqəddəs borcu bilməlidir.

Bəli, "Bayraqları bayraq yapan üstündəki qandır, Torpaq...uğrunda ölən varsa, vətəndir”...

Ulu öndərimiz Heydər Əliyevin dediyi kimi: "Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmağını istəyirsə, kim Azərbaycanın işğal edilmiş torpaqlarının azad olmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir”.

Və nəhayət, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin elan etdiyi "Qarabağ Azərbaycandır və nida" şüarı xalqımızın müqəddəs vətən torpağı uğrunda savaşının ideya qayəsi, qələbəyə səsləyən rəhbər çağırışı oldu. 44 gün davam edən müharibədə cəmiyyətimizin nümayiş etdirdiyi möhtəşəm səfərbərlik xalqımızın dövlət başçısının ətrafinda sıx birləşməsinin bariz ifadəsi olmaqla yanaşı, eyni zamanda yeni və qüdrətli Azərbaycanın bütün dünyada özünütəsdiqi kimi qəbul edildi.

Azərbaycanın müzəffər ordusunun zəfər yürüşü, düşmənin sonadək bütün torpaqlarımızdan qovulması, Qarabağın, xüsusən də xalqımızın ləyaqət və qürur simvolu Şuşanın işğaldan tam azad edilməsi, uzun illər düyünə düşmüş və region üçün təhlükə mənbəyi olan Dağlıq Qarabağ münaqişəsinin uğurla və ədalətlə həll edilməsi, həm də yaşadığımız bölgədə sülhə və təhlükəsizliyə əvəzsiz töhfədir.

Vətən müharibəsi günlərində xalqımız üçün səciyyəvi olan ən mühüm cəhətlərdən biri də milli birlik və həmrəyliyin sarsılmazlığı faktoru idi. Təsadüfi deyildi ki, İkinci Qarabağ savaşında minlərlə gənc erməni işğalçılarına qarşı mübarizə aparmaq üçün könüllü müraciət edərək cəbhəyə yollanmaq istəklərini ortaya qoydular. Arxa cəbhədə olanlar həmrəylik göstərərək öz əməlləri ilə ön cəbhədə vuruşanlara əllərindən gələn köməyi əsirgəmədilər, hər cür maddi və mənəvi dəstək verməyə hazır olduqlarını göstərdilər, küçələr, kəndlər, şəhərlər bütünlüklə bayraqlarla büründü. Bu günlər Azərbaycan xalqı öz əzmi ilə bütün dünyaya, sözün həqiqi mənasında, birlik və həmrəyliyini, vətənpərvərliyini nümayiş etdirdi.

Yuxarıda da qeyd etdiyimiz kimi, üçrəngli dövlət bayrağımız bizim qürur mənbəyimizdir. Bu bayrağa dərin hörmət və ehtiram hissi ilə yanaşdığımız kimi, ondan istifadə qaydalarına da ciddi əməl etməliyik.

“Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Dövlət bayrağı yerli özünüidarə orqanlarının, qeyri-hökumət təşkilatlarının, müəssisələrin və idarələrin binaları, habelə yaşayış evləri üzərində qaldırıla (asıla) bilər.

Həmin Qanunun 8.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağı, digər dövlətlərin dövlət bayraqları, habelə beynəlxalq təşkilatların, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, müəssisə və idarələrin bayraqları ilə birgə qaldırılırsa (asılırsa) və ya yerləşdirilirsə, qarşıdan baxıldıqda, Azərbaycan Respublikasının Dövlət bayrağı həmin bayraqlardan solda olmalıdır.

Həmin Qanunun 9-cu və 10-cu maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikasının Dövlət bayrağı bütöv olmalı və solğun görünməməlidir. Azərbaycan Respublikasının Dövlət bayrağı ya bayraq dirəyi, ya da xüsusi tutqaclara bərkidilən dəstək üzərində qaldırılır. Azərbaycan Respublikasının Dövlət bayrağı elə qaldırılmalıdır ki, onun parçasının aşağı tərəfi yerdən azı üç metr hündürlükdə olsun. Azərbaycan Respublikasının Dövlət bayrağı masaların və ya kürsülərin üstünə örtük kimi sərilə bilməz, oturulan və ayaq basılan yerlərə qoyula bilməz.

Azərbaycan Respublikasının dövlət bayrağından düzgün istifadə edilməsi hər kəsin vətəndaşlıq borcudur. Bayrağa münasibət dövlətə münasibətin ifadəsidir. Ona görə də mühüm dövlət atributu ilə istifadə qaydalarında son dərəcə dəqiq olmaq lazımdır.

Mübariz Abdullayev Göyçay regional ədliyyə idarəsinin     böyük məsləhətçisi,

II dərəcəli ədliyyə qulluqçusu                                 

ŞƏRHLƏR