"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

AĞSU RAYONU GƏGƏLİ BƏLƏDİYYƏSİNİN 2021-Cİ İLİN BİRİNCİ YARISINDA GÖRDÜYÜ İŞLƏRİN HESABATI

--2021-07-18 / 12:50

 Büdcə. 2021-ci ilin birinci yarısında Gəgəli Bələdiyyəsinin ümumi gəliri cəmi 39228 manat olub. Ümumi gəlirin 36693 manatı torpaqların icarə haqqından, 1896 manatı torpaq vergisindən, 208 manatı əmlak vergisindən, 431 manatı digər mənbələrdən əldə edilib. Həmin dövrdə Gəgəli Bələdiyyəsinin ümumi xərcləri cəmi 31112 manat təşkil edib. İşçilərin əmək haqqına 13383 manat, Dövlət Sosial Müdafiə Fonduna 3400 manat, İcbari tibbi sığortaya 270 manat xərclənib. 2020-ci ildə universitetlərə daxil olan abituriyentlərin mükafatlandırılmasına 860 manat, ofis üçün printerin alınmasına 570 manat, Silahlı Qüvvələr Fonduna 30 manat, Fövqəladə Hallar Nazirliyinə 51 manat, rabitə xərclərinə 60 manat, piar xidmətinə 150 manat, “Azərmətbuatyayımı” ASC-yə 288 manat, ikiillik audit yoxlaması rəyinin alınmasına 1100 manat, kəndin müxtəlif yerlərində informasiya panelləri üçün banerlərin çapı və montajına 1170 manat, Qaranlıq dərədə torpaq abadlaşdırma işlərinə 2040 manat, giriş dayanacağına elektrik xəttinin çəkilməsi və sayğacın quraşdırılmasına 847 manat, bank xərclərinə 185 manat, Təmiz kənd MMC-nin nizamnamə kapitalının artırılmasına 6500 manat, Yeni Azərbaycan Partiyasına 8.40 manat maliyyə vəsaiti köçürülüb.

Dotasiya. 2021-ci ilin birinci yarısında Ağsu rayonu Gəgəli Bələdiyyəsinə Dövlət büdcəsindən hər hansı dotasiya ayrılmayıb.

  1. Gəgəli Bələdiyyəsi Dövlət büdcəsindən bələdiyyələrin layihələrinin maliyyələşdirilməsi üçün ayrılan subvensiya proqramı üçün "Antik Nərgizava sənət mərkəzi" layihəsini hazırlayıb və təqdim edib. Lakin indiyə qədər Maliyyə Nazirliyindən layihə ilə bağlı hər hansı münasibət bildirilməyib.
  2. Bələdiyyənin maliyyə və dəftərxana sənədlərinin qaydaya salınması, məsləhətlərin verilməsi xidmətini İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi həyata keçirib, birliyə 600 manat xidmət haqqı ödənilib. Bələdiyyənin 2019 və 2020-ci illər üzrə fəaliyyəti barədə audit rəyinin alınması işini isə müstəqil auditor Alqış Nuriyev həyata keçirib, ona 500 manat xidmət haqqı ödənilib.
  3. Yerli Büdcə Məsələləri daimi komissiyasının sədri Baxış Əlişahlı, üzvləri Qürbət Kərimov və Yusif Hacıyev, Yerli Sosial-Mədəni Siyasət və İqtisadi İnkişaf Məsələləri daimi komissiyasının sədri Murad Dəmirli, üzvləri Fariz Xəlilli və Xəyyam İbadzadə, Yerli Ekologiya və Aqrar Siyasət Məsələləri daimi komissiyasının sədri Səxavət Həsənov, Ülvi İsmayılzadə və Hüsniyə Həsənova təsdiq ediliblər.

Dəqiqləşdirilmiş yeni ştat cədvəli qəbul edilib. Yeni ştat cədvəlində bələdiyyənin icra aparatı beş işçidən ibarətdir: bələdiyyə sədri, sədrin müavini, baş mühasib, kargüzar və vergi toplayıcısı. İşçilərin maaşları dövlət standartları nəzərə alınmaqla müvafiq olaraq bələdiyyə sədri 530 manat, sədrin müavini 475 manat, baş mühasib 380 manat, kargüzar 300 manat, vergi toplayıcısı 260 manat müəyyən edilmişdir.

Bələdiyyə üzv və qulluqçularının IKT imkanlarından istifadə sahəsində bilik və bacarıqlarının artırılması, İKT geniş tətbiq olunmaqla idarəçiliyin təkmilləşdirilməsi, fəaliyyətdə şəffaflıq və aşkarlığın təmin eddilməsi məsələləri daim diqqətdədir. Gəgəli bələdiyyəsinin gegeli.az internet saytı Colorit - Creativity Workshop şirkəti tərəfindən hazırlanır. İKT sahəsində Gəgəli bələdiyyəsi, digər bələdiyyələrə və müəssisələrə xidmətlərin göstərilməsi “Ağsu rayonu Gəgəli Bələdiyyəsi Yerli Media” MMC-yə həvalə edilib.

Bələdiyyə ərazisində yaşayan əhalinin COVİD19-a qarşı vaksinasiya haqqında maarifləndirilməsi mütəmadi davam etdirilib, səhiyyə işçilərinə köməklik göstərilib. Nəticədə Gəgəli sakinlərinin böyük bir hissəsi vaksinləşib.

İcarə torpaqları. Bələdiyyə mülkiyyətindəki torpağın icarəçiləri Habil Mütəllimov, Azat Bağırov, Zakir Mürsəliyevin ərizələrinə əsasən bələdiyyə İqtisadiyyat Nazilriyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və həmin Nazirliyin yanında Dövlət Vergi Xidmətinə məktub ünvanlayıb. İcarəçilərin torpaqları təyinatına görə istifadə vəziyyəti aktlaşdırılıb, dövlət büdcəsinə vergi ödəmə vəziyyətləri araşdırılıb. İcarəçilərin yaşayış və qeyri-yaşayış əmlakları ilə bağlı aktlar tərtib olunub. Məlum olub ki, bu sahədə problemlər çoxdur. Torpaq təyinatına görə istifadə edilmir, tikililər bələdiyyə ilə razılaşdırılmadan tikilir, işçilərlə müqavilə bağlanılmır və dövlətə sosial sığorta və digər vergilər ödənilmir.

Gəgəli kənd sakini Azat Bağırov ona icarəyə verilmiş ümumi sahəsi 182.00 ha olan torpaq sahəsindən 102.00 hektar torpaq sahəsinin icarə hüququnun Bakı şəhəri sakini Vurğun Süleymanova satılması ilə bağlı bələdiyyəyə müraciət edib. Gəgəli Bələdiyyəsi bu müraciəti müsbət cavablandırıb, bu haqda qərar qəbul edərək aidiyyatı orqanlara göndərib. Vurğun Süleymanov illik icarə haqqını tamamilə ödəyib.

  1. Ötən dövrlər üzrə borcları olan və ödənişlərə məhəl qoymayan Ağayev Ağası Haqverdi oğlu, Əzimov Cəbrayıl Kərim oğlu, Həsənov Həsən Qardaşalı oğlu, Camıyev Əfsəl Əlcamı oğlu, Mürsəliyev Zakir Ayaz oğlu, Sadıqov Valeh Babaləddin oğlu, Talıbov Arif Atalı oğlu və Zülfalıyev Şakərəm Xanzalı oğlunun – vergi borclarının məcburi qaydada tutulması Ağsu şəhəri İcra və Probasiya şöbəsindən xahiş olunub. İcarə ödənişlərini etməyən icarədarlardan – Mürsəliyev Zakir Ayaz oğlu və Mürsəliyeva Nurxanım Atalı qızının – icarə ödəniş borclarının məcburi qaydada tutulması da Ağsu şəhəri İcra və Probasiya şöbəsindən xahiş olunub. Ağası Ağayev, Əfsəl Camıyev və Valeh Sadıqov borcu tamamilə ödəyiblər. Arif Talıbov borcu hissə-hissə ödəməyə başlayıb. Cəbrayıl Əzimov, Həsən Həsənov, Zakir Mürsəliyev, Şakərəm Zülfalıyev, Nurxanım Mürsəliyeva isə borcun ödənməsinə məhəl qoymayıblar.

Bələdiyyə ərazisində qeydiyyatda olan yaşayış və qeyri-yaşayış binalarının, onların sahələrinin dəqiqləşdirilməsi üzrə yeni komissiyanın yaradılması planlaşdırılıb. Yaxın günlərdə həmin işin yerinə yetirilməsinə başlanacaqdır.

Şəhid ailələri. Gəgəli Bələdiyyəsinin yanında Şəhid Ailələrinin Təşəbbüs Qrupu yaradılıb. Təşəbbüs Qrupu Gəgəli şəhidlərinin həm doğum, həm də şəhid olduğu günlərin kənddə Şəhid anım günü elan edilməsi ilə bağlı müraciət edib. Bələdiyyə qərarı ilə Şəhid anım günləri elan edilib. Şəhid anım günlərində iməcliklərin təşkil edilməsi, kənd sakinlərinin, şəhid ailələrinin, ziyalıların həmin iməcliklərdə iştirakının təmin edilməsi nəzərdə tutulub. İndiyə qədər 12 dəfə Şəhid anım günü keçirilib. Həmin günlərdə kənd ərazisində təmizlik işləri aparılıb, ağaclar əkilib, qəbir abidələri ziyarət edilib.

Layihələr. Gəgəli Bələdiyyəsinin başlatdığı “Abad küçə” layihəsinin planlı şəkildə həyata keçirilməsi üçün Gəgəli kəndi yaşayış məntəqəsinin işçi plan və sxemlərinin hazırlanması məqsədilə layihəçi-memar Xanlar Hüseynova müraciət edilib. İlk 13 abad küçənin şərti olaraq Qarabağ müharibəsi şəhidlərinin adı ilə adlandırılması qərara alınıb. Həmin küçələr şəhid ailələrinin razılığı ilə xəritə üzərində göstərilib.

Gəgəli Bələdiyyəsi tərəfindən 2000-ci illərdə tikilmiş Bələdiyyə binasının balansa götürülməsi üçün plan-sxemi hazırlanıb. Yaxın vaxtlarda bələdiyyə mülkiyyətində olan bütün əmlak inventarlaşdırılacaqdır. Bunun üçün təcrübəli təşkilatlarla işləmək nəzərdə tutulur. Bununla yanaşı, bələdiyyə binasında imkan olduğu təqdirdə təmir işlərinin görülməsi qərara alınıb. Heç bir inventara malik olmayan bələdiyyə ofisinin mebel və avadanlıqla təchiz edilməsi də vacibdir. Bu il bələdiyyə həyətində sanitar qovşaq da tikilib istifadəyə verilib. Bələdiyyə binasına fövqəladə hallarla bağlı avadanlıqların alınması və təchiz edilməsi məqsədilə belə avadanlıqları satan şirkətlərin biri ilə müqavilə bağlanılması qərara alınıb.

Qaranlıq dərə boyunca “Antik Nərgizava” ekoparkının yaradılması, Şəhid anım günlərində ekoparkda iməcliklərin davam etdirilməsi, Ekoparkda ağaclandırma işlərinin aparılması, Ekoparka birinci mərhələdə bir nəfər bağbanın işə götürülməsi, çəmən və yonca otlarının əkilməsi ilə yaşıllaşdırma işlərinin aparılması, tarixi Şirməmməd körpüsünün piyada körpüsü kimi bərpa edilməsi, Dəmir körpünün yeni layihə əsasında bərpa edilməsi, açıq yerlərdə ekoparkın ətrafının bağlanılması, uyğun yerlərdə uşaq oyun aksesuarlarının yerləşdirilməsi, “Nərgizava atlısı” heykəlinin ucaldılması, dərə boyunda su anbarının qazılması, bəzi yerlərdə həyətlərin öz təbii sərhədlərinə çəkilməsi və piyada yolunun salınması, Qaranlıq dərə boyunda düzən yerdə futbol və at meydançasının salınması qərara alınıb.

Gəgəli kəndinin mərkəzindən keçən Qaranlıq dərənin üzərindəki Dəmir körpünün vəziyyəti Daxili Komissiya tərəfindən aktlaşdırılıb. Aktda körpünün materiallarının yararlılığı qeyd edilib və əvvəllər körpüdən aparılan materiallar akta daxil edilib. Layihəçi memar Xanlar Hüseynovun yağış sularını ötürmək üçün tikilən yeni “Sarılı” körpüsünün memarlıq-planlaşdırma layihəsi qəbul edilib. Körpünün tikintisi üçün lazım olan materialların alınması üçün fiziki şəxs Aqil Süleymanovla müqavilə bağlanılıb. Körpüdə inşaat işlərini kənd sakinləri Niyazi Quliyev və Natiq Osmanlı görür. Körpü tikintisi davam edir. Körpünün beton işi Elməddin Cəlilov tərəfindən həyata keçirilir.

Gəgəli Bələdiyyəsi kəndin evlərinin altında yerləşən antik və ilk orta əsrlərə aid Nərgizava nekropolunun xəritədə yerinin müəyyən edilməsi məqsədilə layihəçi-memar Xanlar Hüseynovla işləyir. Yaxın vaxtlarda kəndin ərazisinin işçi planı hazırlanarkən həmin nekropolun yeri də dəqiq göstəriləcəkdir.

Bununla yanaşı, Gəgəli Bələdiyyəsi kənd ərazisindəki qədim və müasir qəbiristanlıqların təhvil alınmasını da həyata keçirib. Belə ki, Gəgəli kəndi ərazisindəki qəbristanlıqların təhvil alınmasına dair akt təsdiq olunub və bir nüsxəsi Ədliyyə Nazilriyinə göndərilib. “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarından irəli gələn işlərin görülməsinə başlanılıb. İlk növbədə təlimatla yerli din xadimlərinin tanış olması təşkil edilib. "Zeyvə nənə" qəbiristanlığında dəfnlərin reyestrinin aparılması üçün dəfn reyestr kitabı, əvvəlki qəbirlərin inventarizasiyasının aparılması üçün inventar kitabı çap edilərək “Ağsu rayonu Gəgəli Bələdiyyəsi Zəfər Parkı” MMC-yə təhvil verilib. Bico Bələdiyyəsinə Gəgəli sakinlərinin dəfn edildiyi qədim qəbiristanlığın təhvil və ortaq qorumaya alınması ilə bağlı müraciət edilməsi planlaşdırılıb. Tanınmış şəxslərin, şəhidlərin qəbirüstü abidələrinin daim nəzarətdə saxlanılması, təmirə ehtiyacı olanların müəyyən edilərək xeyirxah insanların birədəfəlik könüllü yardımı vasitəsi ilə təmir olunması qərara alınıb. Qəbiristanlıqların tarixi ilə bağlı müvafiq rəyin hazırlanması üçün yerli ziyalılara - Musa Musayev və Sabit Abdullayevə müraciət edilib.

Yerli sakin Hasil Quliyevin təklifi ilə "Köhnə dəyirman"ın bərpa edilərək mərasim zalı, daha sonra dini icma formalaşdıqdan sonra məscid kimi istifadəyə verilməsi məsələsi gündəmə gətirilib. Yerli sakinlər tərəfindən bu təklif rəğbətlə qarşılanıb, hətta bərpa işlərinin başlanması üçün müəyyən vəsait də toplanıb. Lakin "Köhnə dəyirman"ın bərpası məsələsi torpağın və binanın aidiyyət məsələsinin həll edilməsinə qədər təxirə salınıb. Gəgəli kəndində dini təyinatlı hər hansı binanın olmasına böyük ehtiyac var.

“Gəgəli kəndinin şəhidləri”, “Nizami Gəncəvi – 880 il”, “Şuşa mədəniyyət paytaxtıdır” informasiya panelləri və kəndə giriş panellərinin baner çapı və montaj xidməti fiziki şəxs Kənan Mürsəliyev tərəfindən həyata keçirilib.

Gəgəli Bələdiyyəsi kəndimizin zəhmətkeş qadınlarından biri, uzun müddət tərəkəmə həyat tərzi keçirmiş, yaylaq-qışlaq köçmə maldarlığı ilə məşğul olmuş Abidə Mürşüdova haqqında “Tərəkəmə qadın: Günəşə doğru köç” filminin çəkilişlərinə dəstək verib. Bu məqsədlə "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və İSART Prodakşn şirkəti ilə yaxından əməkdaşlıq edilib. Filmin çəkilişləri kənd, qışlaq və yaylaqda baş tutub. Yaxın vaxtlarda filmin təqdimatı olacaq. Film festivallar üçün nəzərdə tutulub.

Tövsiyələr. Göyçay Regional Ədliyyə İdarəsinin tövsiyəsi ilə icarədə olan bələdiyyə torpaqlarından təyinatına zidd istifadə edilməsi hallarına qarşı mübarizənin gücləndirilməsi, icarəçi həmin hallara təkrar yol verdiyi halda icarə müqavilələrinin ləğv edilməsi, torpaqayırma ilə bağlı qərar qəbul edilərkən qanunvericiliyin tələblərinə ciddi əməl edilməsi, mübahisəli ərazilərlə, xüsusən də ümumi istifadədə olan torpaq sahələrinin təyinatının dəqiqləşdirilməsi, vətəndaşlarla bələdiyyə arasında yaranmış halların qısa müddətdə həll olunması üçün ərazidə monitorinq aparılması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Torpaqların Təşkili üzrə Dövlət Agentliyinə müraciət olunması, vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə mütəmadi görüşlərin və sorğuların keçirilməsi, ərizələrə vaxtında və ədalətli baxılması, hər ərizə haqqında arayışların hazırlanması və iclasda müzakirəyə çıxarılması, bələdiyyə üzvləri və qulluqçuları tərəfindən qanunvericiliyin tələblərinin daima öyrənilməsi və ciddi əməl olunması qərara alınıb.

Göyçay Regional Ədliyyə İdarəsinin tövsiyəsi ilə gələcəkdə Bələdiyyənin bütün qərarlarında "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"ə istinad edilməsi nəzərdə tutulub.

Bələdiyyə şirkətləri. Bələdiyyənin xidmət sahələrinin yaxşılaşdırılması və məşğulluğun təmin edilməsi üçün “Ağsu rayonu Gəgəli Bələdiyyəsi Təmiz Kənd” MMC, “Ağsu rayonu Gəgəli Bələdiyyəsi Zəfər Parkı” MMC, “Ağsu rayonu Gəgəli Bələdiyyəsi Yerli Media” MMC və “Ağsu rayonu Gəgəli Bələdiyyəsi Axtaçı Obası” MMC şirkətləri yaradılıb. Şirkətlər bu sahədə Ağsuda ilk bələdiyyə şirkətləri olub, öz fəaliyyət sahələrinə uyğun işlərə başlayıb. “Ağsu rayonu Gəgəli Bələdiyyəsi Təmiz Kənd” MMC, “Ağsu rayonu Gəgəli Bələdiyyəsi Yerli media” MMC və “Ağsu rayonu Gəgəli Bələdiyyəsi Zəfər parkı” MMC-nin ştat cədvəli təsdiq edilib. Ştat cədvəlində işçi kimi hər üç MMC-nin yalnız direktorları qeyd olunub. İlk növbədə xidmətlərin həyata keçirilməsində mülki hüquqlu və xidmət müqavilələri bağlanmaqla yerli sakinlər məşğulluğa cəlb ediləcəkdir.

Təmiz kənd. Kənd sakini Həzi Həsənovun fiziki şəxs kimi təşkil etdiyi “Təmiz kənd xidmət mərkəzi” obyekti “Ağsu rayonu Gəgəli Bələdiyyəsi Təmiz Kənd” MMC-yə təhvil verilib. 01 iyun 2021-ci ildən “Ağsu rayonu Gəgəli Bələdiyyəsi Təmiz Kənd” MMC-yə məişət tullantılarının daşınması üçün yerli sakinlərlə müqavilə bağlaması səlahiyyəti verilib. Bununla yanaşı, “Ağsu rayonu Gəgəli Bələdiyyəsi Təmiz Kənd” MMC-yə özüqaldıran maşının və zibilin yandırılması üçün insinerator cihazının alınması səlahiyyəti də verilib. Gəgəli Bələdiyyəsi bələdiyyə mülkiyyətində olan torpaqdan iki hektar “Ağsu rayonu Gəgəli Bələdiyyəsi Təmiz Kənd” MMC-nin istifadəsinə verib. Ot biçini və gələn gəlirlə bağlı hesabata əsasən MMC-nin büdcəsinə 3431.60 manat maliyyə vəsaiti daxil olub. Həmin vəsaitin MMC-nin işinin təşkil edilməsinə xərclənməsi nəzərdə tutulub. Bununla yanaşı, maddi-texniki bazanın möhkəmləndirilməsi, nizamnamə kapitalının artırılması üçün bələdiyyə büdcəsindən 6500 manat “Ağsu rayonu Gəgəli Bələdiyyəsi Təmiz Kənd” MMC-nin hesabına köçürülüb.

Fiziki şəxs kimi Həzi Həsənova kənd ərazisində səliqə-sahman yaratdığına, ekoloji tarazlığın təmin olunmasında bələdiyyəyə kömək etdiyinə və qazancı olmadığı halda digər çəkdiyi xərcləri bələdiyyəyə bağışladığına görə təşəkkür elan edilib. Bələdiyyə qərarı ilə kəndarası bütün yollar və onların mühafizə zolaqları, kəndin bütün küçələri, kənd ərazisindəki bütün su nohurları və onların mühafizə zolaqları, kənd ərazisindəki bütün bulaqlar və onların mühafizə zolaqları, körpülər, dayanacaqlar və onların mühafizə zolaqları, kəndin Giriş darvazası, Şəhid informasiya panellərinin saxlanılması "Ağsu rayonu Gəgəli Bələdiyyəsi Təmiz kənd" MMC-yə həvalə edilib. Bələdiyyənin abadlaşdırma işləri və adı çəkilən yerlərin təmiz saxlanılması üçün "Ağsu rayonu Gəgəli Bələdiyyəsi Təmiz kənd" MMC-yə ilkin olaraq bələdiyyə büdcəsindən xidmət haqqı kimi 850 manat köçürülüb. Habelə, “Təmiz kənd” MMC-nin işçiləri xüsusi geyimlə təmin olunacaqdır.

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Şimal-Qərb regional Dövlət Yanğın Nəzarəti İdarəsinin təşəbbüsü ilə yol kənarlarında, meşə ayrıclarında və yüksək gərginlikli elektirk xətlərinin mühafizə zolağında yanğına qarşı mübarizə tədbiri məqsədilə şum işlərinin aparılması “Ağsu rayonu Gəgəli Bələdiyyəsi Təmiz kənd” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilib.

Yerli Media. Gəgəli Bələdiyyəsinin aşağıdakı internet resursları rəsmi şəkildə qəbul olunmuş və "Ağsu rayonu Gəgəli Bələdiyyəsi Yerli media" MMC-nin idarəçiliyinə verilmişdir: gegeli.az internet səhifəsi, bələdiyyənin Feysbuk səhifəsi, Bələdiyyənin Feysbuk qrupu, Bələdiyyənin İnstaqram səhifəsi, Bələdiyyənin Linkedin səhifəsi, Bələdiyyənin Tvitter səhifəsi, Bələdiyyənin Yutub kanalı (Gəgəli TV), Bələdiyyənin Pinterest səhifəsi, Bələdiyyənin TikTok səhifəsi. Bələdiyyənin internet resurslarının idarə edilməsi üçün "Ağsu rayonu Gəgəli Bələdiyyəsi Yerli media" MMC ilə xidmət müqaviləsi bağlanılıb və ilkin olaraq bələdiyyə büdcəsindən xidmət haqqı olaraq 850 manat köçürülüb.

“Ağsu rayonu Gəgəli Bələdiyyəsi Yerli Media” MMC Gəgəli gəncləri arasında rəy sorğusu keçirib, onların cavablarını emal edib, təklif və tövsiyələr hazırlayıb. Həmin təklif və tövsiyələr bələdiyyənin gələcək fəaliyyətində dəyərləndiriləcəkdir.

Zəfər Parkı. Aşağıdakı obyektlər Gəgəli Bələdiyyəsinin balansına qəbul olunmuş və "Ağsu rayonu Gəgəli Bələdiyyəsi Zəfər parkı" MMC-nin istifadəsinə verilib: Zəfər parkı və Zəfər muzeyi, "Antik Nərgizava" Ekoparkı, "Zeyvə nənə" qəbiristanlığı, "Uzun ata" qəbiristanlığı, "Türk", "Əyri pir", "Sarı pir", "Dam yeri" qəbristanlıqları, "Köhnə dəyirman" Mərasim zalı, Şəhidlər xiyabanı, Qəhrəmanlar parkı. Layihəçi-memar Xanlar Hüseynov tərəfindən həmin obyektlərin layihə eskizlərinin hazırlanması planlaşdırılıb. Bələdiyyənin yaşıllaşdırma işləri və obyektlərinin saxlanılması üçün "Ağsu rayonu Gəgəli Bələdiyyəsi Zəfər parkı" MMC-yə ilkin olaraq bələdiyyə büdcəsindən xidmət haqqı kimi 850 manat köçürülüb. "Ağsu rayonu Gəgəli Bələdiyyəsi Zəfər parkı" MMC işçiləri də xüsusi geyimlə təmin olunacaqdır.

Ağsu rayonu Gəgəli Bələdiyyəsi Zəfər Parkı MMC "Zeyvə nənə" qəbristanlığında inventarlaşma və dəfnlərin reyestrini aparacaq. "Zeyvə nənə" qəbiristanlığında təmizlik və abadlıq işlərinin aparılması üçün qəbir sahibləri "Ağsu rayonu Gəgəli Bələdiyyəsi Zəfər parkı" MMC-yə könüllü birdəfəlik ödənişlər və ianələr edə bilərlər. Qəbiristanlığın idarə olunması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli 522 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qəbiristanlıqların salınması və idarə olunması” Qaydalarına əsasən həyata keçiriləcək, nəzərdə tutulmayan bütün növ fəaliyyətlər qadağan edilir. Standart qəbirdaşı forması Qaydalarda göstərdildiyi kimi qəbul edilir, qəbir sahiblərinin müəyyənləşdirdiyi digər qəbirdaşı formaları Ağsu rayonu Gəgəli Bələdiyyəsi Zəfər Parkı MMC ilə razılaşdırıldıqdan sonra montaj ediləcək.

Ərizələr. Kənd ərazisində əkin sahələrində heyvanların otarılması müşahidə olunur. Haqlı narazılıqlar yaranır. Bu məqsədlə maarifləndirmə işləri aparılır. Şikayətçilərə hüquqları başa salınır. Bələdiyyənin internet resurslarında elanlar yerləşdirilir.

Kəndin örüş sahəsinin yerləşmə mövqeyinin təyin olunması və yerquruluşu planının hazırlanması məqsədilə Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinə müraciət edilmişdir. Lakin yeni xəritənin hazırlanması məsələsi ilə əlaqədar bələdiyyəyə cavab verməyi təxirə salmışlar.

Gəgəli kənd sakini Təbriz İbişovun xüsusi mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların şoranlaşması dərəcəsinin müəyyən edilməsi və torpağın keyfiyyətinin artırılması üçün Aqrar Xidmətlər Agentliyi və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə müraciət etməsi tövsiyə olunub. Bəzi kənd sakinlərinə kənd perspektiv inkişafı fondundan şifahi şəkildə müvəqqəti əkin üçün şoran torpaq əvəzi verilmiş torpaqların 2021-ci ildən verilməsinin dayandırılması qərara alınıb. Bu haqda xəbərdarlıq bildirişi qanunun tələbləri izah olunmaqla həmin sakinlərə göndərilib. Gəgəli Bələdiyyəsi şoranlaşmanın qarşısının alınmasında maraqlıdır. Bu istiqamətdə dövlət qurumlarına müraciət edilib, bələdiyyənin büdcəsindən bu problemin köklü həlli üçün müəyyən vəsait ayırmağa hazır olduğunu bildirib.

Gəgəli kənd sakini Nərminə Sahabovanın ev təmiri ilə bağlı müraciətinin hazırda bələdiyyə imkanları xaricində olduğu məktubla bildirilib. Bələdiyyə ev təmiri ilə bağlı öz Feysbuk səhifəsində xeyirxah insanlara yönəlmiş müraciət formasında poster yerləşdirib. Təəssüf ki, heç kim reaksiya verməyib. Sahabov İsmayılın daimi iş yerinin olması üçün Dövlət Məşğulluq Agentliyinə yönəldilməsi təklifi də edilib. Ailəyə bayram və özəl günlərdə kömək göstərilməsi nəzərdə tutulub.

Gəgəli kənd sakini Hicab Xasayevin və həyat yoldaşının işaxtaran kimi qeydiyyata alınması üçün sənədlərinin Dövlət Məşğulluq Agentliyinə təqdim olunmasına köməklik göstərilməsi nəzərdə tutulub. Ailənin çatışmayan sənədlərinin tezliklə düzəldilməsi onlara tövsiyə olunub və köməklik göstərilib. Hicab Xasayevin zərərli vərdişlərə son qoyması üçün psixoloq və aidiyyatı həkimlərin dəstəyi tövsiyə edilib. Şərtlər izah olunduqdan sonra öz razılığı ilə Hicab Xasayevə həyətyanı torpaq sahəsinin ayırılması üçün işlərin başladılması qərara alınıb. Bayram və özəl günlərdə xeyirxah insan və qurumların yardımları zamanı Hicab Xasayevin ailəsinin nəzərə alınması qərarlaşdırılıb.

https://www.youtube.com/watch?v=gx_RVPmLC28

AĞSU RAYONU GƏGƏLİ BƏLƏDİYYƏSİ

 

 

 

ŞƏRHLƏR