"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Ağdam, İmarət, Qarahacı və Şəhidlər Xiyabanı

--2021-04-16 / 05:59

Hər bir insanın xarakterində bir fərqlilik olur. Məndə də ozüm bildiyim fərqlilik belədir ki, yaxından tanıdğım, mənim üçün dəyərli olan insanı xəstəxanada, xüsusəndə “son nəfəsi”ndə görmək və belə ağrı-acılarla dolu anlara şahidlik etmək istəyində olmamağımdır. Açığı yekəxanalıqla və ya laqeydliklə heç bir əlaqəsi olmayan bu cəhətim o insanı hər daim canlı və sağlam görmək arzusuyla bağlıdır. Bu məqamda özümü həmdə neqativə yükləməklə sanki vicdanım qarşısında günah işlətmiş kimi görünürəm. Bu gün o insan lap dünyasını dəyişmiş olsa belə mənim fikrimdə artıq CANLI qalır və YAŞAYIR...

Ötən ilin sonlarında təsadüfdən bu həyat prinsipimi pozası oldum. Verilən təklifə dərhal razılıq verdiyimdən, artıq daim qaynayan, tərəqqiyə və hər zaman ilklərə imza atan xoş təkəbbürlü şəhərimi ziyarət etməyə tələsirdim. Yol boyu insanların qaynar hərəkətini görmək istəyində olsamda quru torpaq, daş qırıntılarından və kol-kosdan başqa şəhərdə heç bir əlamətə rast gəlmədim.

Etiraf edim ki, dekabrın soyuq günlərində olduğum şəhəri güclə tanıdım. Reallıqda, həmçinin fikrimdə, xəyallarımda yüzlərcə dəfə gəzib dolaşdığım şəhəri bu dəfə çox çətinliklə və əzab çəkə-çəkə gəzəsi oldum. Hərdən fikirləşirəm ki, kaş getməyəydim. Bu səfər valideyn itkisi ilə yenicə qaysaq bağlamış yaramın sanki qaysağını qoparmış oldu...

***

İmarət qədim Ağdamın tarixini özündə yaşadan bir məkan olub və bundan sonra da olacaq. İmarət əslində şəhərin ziyarət ediləsi məkanlarından biri və birincisidir. Bu ərazini Qarabağ xanı Pənahəli xanın Seyidli sakinlərindən qızıl pulla aldığı söylənilir. İstər tarixi mənbələrə nəzər yetirsək, istərsə də Ağdamin yaşlı sakinlərinin söylədiklərinə inansaq, habelə İmarətin öz tikiniti layihəsinə diqqət yetirsək bu məkanı  Pənahəli xanın mənzili kimi deyil, ehtimal etmək olar ki, məhz İbrahimxəlil xanın istirahət məkanı kimi inşa edildiyini görərik. Yəni atasının məzarını ziyarətə gələn xan və əsabələri məhz İmarətdə dincini alıb geri qayıdarmış. Fikrimcə, son vaxtlar İmarətin Qarabağ Xanının evi kimi təqdim edilməsinin heç bir əsası yoxdur. Ağdamla bağlı əsas çətinlik və problem ondadır ki, nə şəhərin tarixi, nə dəki şəhər və rayon ərazisindəki qədim tarixi məkanlar lazımı səviyyədə tarixçilər tərəfindən sovet dövründə dərindən tədqiq edilməyib. Yalnışlıqda məhz buradan qaynaqlanır desəm, yəqin ki, yanılmaram.

Ancaq o dəqiqdir ki, ötən əsrin səksəninci illərində Sadıq Murtuzayevin Ağdam RPK-nın birinci katibi işlədiyi dövrdə, yəni 1981-ci ildə İmarətdə ciddi və əsaslı təmirə start verildi. Məhz həmin ildə də əməkdar incəsənət xadimi, heykəltəraş Həyat Abdullayevanın müəllifliyi ilə Xurşud Banu Natəvanın məzarüstü abidəsi ucaldılıb. Məhz bu təmir bərpa işlərindən sonra İmarət şəhərin ən qaynar məkanlarından birinə çevrilir. Natəvan Qızlar Bayramı və indiki “Qarabağ”, o zamanlar “Şəfəq” adlanan futbol klubunun bütün ev oyunları məhz İmarət stadionunda keçirilməsi artıq ənənəyə çevrilmişdi. (Bu mövzuyla əlaqəli geniş araşdırmanı media orqanlarına bir neçə il əvvəl təqdim etmişəm)

Bu gün isə bu ziyarətgah mənfur ermənilər tərəfindən dağıdılıb. X.B Natəvanın və İmarətdəki digər məzarlar yerlə yeksan edilib. Ancaq tək bu məzarlar deyil, həm də qədim “Qarahacı” qəbrstanlığı, Şəhidlər xiyabanı, Uzundərədə salınan ikinci Şəhidlər xiyabanı dağıdılıb.

***

“Qarahacı” yazılsada “Qarağacı” kimi səslənən qəbrstanlıq Ağdamın ən qədim məzarlığıdır. Məzarlığın ərazisi böyükdür, on hektardan artıq olduğu deyilir. Şəhərdən Əhmədavar kəndi istiqaməti tərəfdən gəldikdə “Şampan” zavodu keçib bir qədər sağa burulan asfalt yol qəbrstanlığa qədər düz gəlirdi. Yol boyu sağ tərəfdə “Su idarəsi” və “Qaqarin”” bulağı, sol tərəfdə isə Qarqar çayın sahilindəki “Çay Bağçası” deyilən yaşıllıq zolağı var idi. Çuxurməhəllə kəndinin sonunda işğaldan bir qədər əvvəl istifadəyə verilmiş “Nevroloji” dispanserin binası gəlirdi.

Məhz həmin ərazidə yol sola Əsgəran-Xankəndi istiqamətinə, sağ tərəfə isə Xidırlı kəndinə, ordanda Uzundərəyə gedirdi. Bu yolun çəkilməsiylə deməliyəm ki, həm də Ağdərədən gələn ermənilər və erməni karvanı Xankəndinə Ağdama daxil olmadan keçmək şansı qazanmışdı. 1985-ci ilədək istifadəyə verilən bu yol bəlkə də elə ermənilərin çoxdankı arzusunu həyata keçirmək məqsədiylə salınmışdı.

“Qarahacı” qəbrstanlığının əsas girişi Əsgəran yolunun üstündə, qeyd etdiyim Çuxurməhəllə döngəsinin təxminən 300 metrlik məsafəsində idi. Nəhəng qədim Xan Çinar və Eldar şamları ətrafa ayrı bir yaraşıq verirdi. Ziyarətə gələnləri sanki Muxtar Əliyevin, Məhəmməd Əliyevin, Surxay Qurbanovun və rayonun digər tanınmışların heykəli qarşılayırdı. Əlavə edim ki, Çuxurməhəllə kəndi tərəfindən ermənilərin yaşadığı Xoramord kəndinə gedən yolun üstündə qəbrstanlığın ikinci dəmir qapısı var idi. Qəbrstanlığın bu ərazisində isə Xıdırlı və Çuxurməhəllə kəndindən dünyasını dəyişənlər dəfn olunurdu.

Yeri gəlmişkən bir məqamı qeyd edim ki, ötən əsrin əllinci illərindən başlayaraq mütəmadi olaraq ərazidə rayon rəhbərliyinin təşəbbüsü ilə iməciliklər təşkil edilərdi. Məhz belə günlərin birində Ağdam RPK-nın birinci katibi işləyən Hümbət Mustafayevin təşəbbüsü və rayon kommunal təsərrüfat müəssisinin rəhbəri, rayonun tanınmış simalarından olan Muxtar Əliyevin icraçılığı ilə qəbrstanlığa pud daşdan hasar çəkildi. Ancaq əlavə edim ki, Qarahacı qəbrstanlığının kiçik bir hissəsi də Xankəndinə gedən yolun alt tərəfində idi. Burada çox qədim məzarlar, o cümlədən Qarabağ xanının nəslindən olan Uğurlu bəyin məzarı da var idi. Çay bağçası deyilən yaşıllıq zolağı da məhz bu əraziyədək uzanırdı. Həmin ərazidə kommunal təsərrüfat müəssisəsinin “Qəbr daşı” sexi və Yaşıllaşdırma idarəsinin tingiliyi də yerləşdi. Əsgəran tərəfə getdikdə isə yolun solunda yeməkxana və bir qədər sonra “Un dəyirmanı” fəaliyətdə idi. Onu da əlavə edim ki, Qarahacı qəbrstanlığı qədim yaşayış məskəninin yerində salınmışdı və tarixi çox qədim, deyərdim ki, bəlkə də xanlıq zamanından də əvvələ gedirdi.

Bu arada bir məqamı da qeyd edim ki, qəbrstanlığın üst tərəfində hələ Çar Rusiyasi dovründə salındığı deyilən “Kukuska” dəmir yolu keçirdi. Ağdamdan yan keçən həmin “kukuşka” dəmir yolu stansiyasının binası isə Xıdırlı kəndinin ərazisindəki “beş nömrəli” deyilən ərazi idi. Sonralar həmin stansiya binasında Xıdırlı səkkizillik məktəbi fəaliyyət göstərmişdi. “Kukuşka” yolunun Tərtər çayı üzərində olan korpüsünün qalıqları bu gün hələ də Tərtər şəhərində qalmaqdadır.

***

Ağdam Şəhidlər xiyabanı II Dünya müharibəsində həlak olan Ağdam sakinlərinin şərəfinə ucaldılan abidənin ərazisində salındı. Abidənin aşılışı isə 1975-ci ildə keçmiş SSRİ-nin II Dünya müharibəsində alman faşistləri üzərində qələbənin 30 illiyi ərəfəsində olmuşdu. Həmin ərazinin bir hissəsi Pərioğular kəndinə digər hissəsi isə Sarıhacılı kəndinin ərazisinə düşürdü. 1974-cü ildə artıq abidənin layihəsi təsdiq edilərkən həmin ərazidə şəhərdə müəllim işləyən Əfqan Mikayılovun həyət və mənzilinə düşdüyündən ona digər ərazidə mənzil verildiyindən, o ərazidəki mənzil və digər obyektlər sökülür və ərazi genişləndirilir. Lakin sonralar S.Murtuzayevin dövründə abidənin qarşı tərəfində su fəvvarələri inşa edilir və abidənin postamenti Gülablı mərməriylə üzlənir.

Ərazinin Şəhidlər Xiyabanına çevrilməsi isə Xocalı soyqırımın baş verdiyi günlərə təsadüf edir. İlk olaraq məhz soyqırım günü döyüşdə həlak olan özünmüdafiə dəstələrindən birinin komandiri olan “Qatır Məmməd” adı ilə tanınan Yaqub Rzayevin oğlu Canpolad Rzayev dəfn edilir. Ölümündən sonra C. Rzayevə “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verildi. Sonra isə xiyabanda Xocalı soyqırımında qətlə yetirilən xocalılar dəfn edildilər. Və sonradan Birinci Qarabağ müharibəsi dövründə döyüşlərdə şəhid olan qəhrəman əsgər və zabitlərimiz də sıra ilə xiyabanda dəfn edildi. Əlavə edim ki, bu xiyabanda yaxın qohumum sonradan “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilən Eldar Hümmətov da dəfn edilmişdi. On iki cərgə də dəfn olunanların sayı 1000 nəfəri keçmişdi. Sonradan bu ərazidə yer dolduğundan Xocalıdan olanların bir qismi Uzundərədə ki Şəhidlər xiyabanında dəfn edilməyə başlanıldı. Burada kifayət qədər insan dəfn olunmuşdu.

***

Səfər müddətində o məzarların hər birini qazılmış, dağıdılmış vəziyyətdə görmək mənə çox ağır gəldi. Hansı hisslər keçirdiyimi isə hər halda sözlə ifadə etmək mümkün deyil.

Bu araşdırma ilə əlaqəli danışdığım insanların hər birinə söhbətimin sonunda verdiyim sualı bir daha təkrar etmək istərdim:

- Etdikləri bu vəhşiliklərə görə erməniləri bağışlamaq olarmı?

Yekdil cavab isə belə oldu.

- Müharibədir, hər bir addımın atılması, o cümlədən şəhərlərin dağıdılması, hətta dinc əhalinin öldürülməsi, qənimət kimi evlərin qarət edilməsi mümkün ola bilən variantlardır. Baxmayaraq ki, əslində bunlarda yolverilməzdir. Lakin işğal altında saxlanılan ərazilərdəki qəbrstanlıqların, qəbrlərin “göreşən” kimi eşilərək dağıdılmasını, hətta Qarağacı məzarlığındakı kimi əkin sahəsinə çevrilməsini ermənilərə bağışlamaq olmaz. Onlar bununla sanki bizim əzizlərimizin ruhları ilə olan əlaqələrimizi kəsmək istəyiblər. Amma yanılıblar...

P.S. Son olaraq yuxarıda qeyd etdiyim həyat prinsipimi pozmağa gəlincə isə deməliyəm ki, heç heyfslənmədim. Çünki Azərbaycanın havasını udan, suyunu içən, torpağının üstündə sərbəst gəzən ermənilərin bu qədər xəbis, şərəfsiz və ən nəhayət NANKOR olduqlarının bir daha şahidi oldum...

Vüqar Tofiqli

ŞƏRHLƏR