"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

22 iyuldan sonrakı gün...

--2021-07-21 / 08:17

Allah bəzən sevdiyi bəndəsini imtahan edərək, çətin suallarla sınağa çəkir. “Qurban olduğum” bizi də otuz ilə yaxın bir müddətdə sınağa çəkməklə, 1992-ci ilin may ayının 8-dən Şuşanın işğal edildiyi günün səhəri - 9 mayı məhz Qələbə günü kimi, 22 iyun Milli Mətbuat günündən sonra gələn tarixi isə Ağdamın işğal günü kimi qeyd etməklə bizə dərs keçirdi. Sanki bununla demək istəyirdi ki, biz daha qətiyyətli olaq, qüdrətli olaq, möhkəm olaq, ən nəhayət fikir birliyimiz olsun. Otuz ilə yaxın bir müddətdə bu günləri bir gözümüzdə gülüş, sevinc, digərində isə kədər, qəm-qüssə ilə qeyd etməli olmuşduq.

28 il ard-arda hər ilin bu gününü cəbhə bölgəsinə yürüşlər təşkil etməklə təskinliq tapır, ya da Bakıda Şəhidlər xiyabanını ziyarət etməklə sıradan bir gün kimi deyil, sanki ən yaxın əzizimizi itirdiyimiz gün kimi daim qeyd edir və qaysaq bağlamış ağrı-acılarımızın yaratdığı təlatümün elə bil “səbbin” alırdıq.

2013-cü ilin bu günündə Ağdamın Quzanlı qəsəbəsindən Soltanbud təpəsinədək təşkil edilən yürüş isə hər kəsi yerindən tərpətdi, oynatdı. Yürüşdə iştirak etməklə 50 min nəfərdən artıq insan “Vətən torpaqlarını işğaldan azad etməyə hazıram”- dedi.

Beləliklə, bundan sonra nə 8 mayı, nə 23 iyulu, nədəki digər agrılı-acılı günlərimizi anım günü kimi qeyd etməyəcəyik. Hər bayram günü etdiyimiz arzu və niyyətləri Ali Baş Komandan və müzəffər ordumuzun əsgər və zabitləri “Dəmir yümruq”la çin etdilər, reallığa çevirdilər.

Bu il ilk dəfədir ki, həm də 22 iyul Milli Mətbuat gününü daha böyük qürur hissiylə keçiririk.

***

Dəyərli xanım Səadət Məmmədovanın səbəbkarlığı ilə 28 may tarixində yolumuz Ağdam şəhərinədir. Bu mənim doğma şəhərimə işğaldan azad ediləndən sonra ikinci səfərim idi.

Etiraf edim ki, son məqamadək səfərin baş tutacağına inanmasamda hər halda Səadət xanım zəng edəndə ondan səfərin məqsəd və məramını soruşanda Çörək muzeyinə həsr olunan geniş bir veriliş hazırlayırıq, deməsi fikrimin yalnış olduğunu göstərdi. Özümlə topladığım eksponatların bir qismini götürməyi də xahiş etdi. Onda artıq səfərin reallaşacağına yüz faiz əmin oldum. Və “sizi evdən Rəfael götürəcək”-deyəndə gedəcəyimizə tam əmin oldum. Özüdə elə ruh yüksəkliyi ilə danışdı ki, bundan sonra Rəfaelin kimliyi haqqında hər hansı bilgi almağa “ayaq yeri” belə qoymadı. Səfər haqqında bilgini isə özünün WotsAP-da yaratdığı qrupdan aldım.

Beləcə tanımadığım ağdamlımla ilk dəfə Ağdama yola düşəsi oldum.

***

Rəfaellə bir azdan söhbətə başlayıram. Məlum olur ki, 20 ildən artıqdır ki, İsrail dövlətində yaşayır. Özünə iş qurub. Ailə-üşaq sahibidir, hətta baba da olub. Yaşı yenicə 50-yə çatıb. Yol boyu Rəfael danışır, amma fikri Ağdamdakı evlərindədir. Onu tapa biləcəyindən, hansı vəziyyətdə olacağını düşünür. Və məlum olur ki, Rəfael Ağdamın vaxtıylə tanınmış simalarından olan, maşın ustası, böyük hörmət və nüfuz sahibi olan “Ford Fuad”ın nəvəsiymiş. Mən isə onun aid olduğu nəsli haqqında, babası Fuadın “Ford” maşını almasından, yaşadığı küçənin və məhəllənin geniş təsvirini verəndən, babasının ailə məcarəlarından, hətta “Fordu” Xaçın çayın körpüsündən aşırmasından, Fuadın qardaşı Əyyub müəllimin işindən, riyaziyyat müəllimi kimi savadlı və bacarıqlı insan olmasından danışandan sonra Rəfael artıq mənimlə faktlara əsaslanmaqla daha diqqətlə danışmağa başladı.

Beləcə, söhbətimiz alındı. Açıq etriaf edim ki, səfərin sonunda elə münasibət yarandı ki, elə bil illərimiş ki bir birimizi tanıyırmışıq. Rəfaelin Çörək muzeyinin yanındakı dədə evlərini hansı həyəcanla axtarması, hətta köhnə caydanlarını belə tapması deyərdim ki, çoxseriyalı bədii filmin ssenarisidir.

***

29 may səhər saat səkkizdə “Dörd yolda” üzü Ağdama yola düşürük. Burda isə dəyərli insanları Çimnaz Əliyevanı və Əli Əmirlini görməkdən məmnun oldum. Çünki bu ziyalıların hər biri Ağdamın, Qarabağın simvollarıdır.

Onlarla yanaşı rəssam-dizayner, Çörək Muzeyindəki pannonun müəllifi Zakir Rüstəmovu və gənc dostum Xəyyam Hüseynovu görməkdən də çox məmnun oldum. Vüsalə Məmmədova isə bacısı Səadət xanım kimi artıq yeni formalaşan yeni Ağdamın simvollarına çevrilməkdədirlər.

Yola düşürük....

İlk dayanacağımız Uzundərədəki dəmiryol körpüsünün yanındakı yol ayrıcında oldu. Körpünün ətrafında qızğın iş gedirdi. Ağdama yeni istiqamətdən magistral yol çəkilirdi.

***

Şəhərdəyik. Səbrsizliklə şəhərin girişini keçməyimizi gözləyirəm. Ətyeməzli kəndinin girişindəki səksəninci illərdə kəndin magistral yola yaxın yerində kooperativ evlərin qalıqlarını çətinliklə seçə bilsəmdə Uşaq xəstəxanasınadək olan hissədə heç nəyi təsəvvür belə edə bimirəm.

“50 nömrəli”nin möhtəşəm binalarından əsər əlamət belə qalmayıb. Uşaq xəstəxanası ilə üz-bə-üz geniş bir ərazidə vaxtıylə mikrorayon salınması üçün nəzərdə tutulan, lakin “perestroyka” vaxtında sakinlərə fərdi yaşayış sahəsi kimi ayrılan ərazidə inşa edilən topdağıtmaz malikanələrin izi-tozu belə yoxdur. Özümü itirmiş kimi oluram. Söküb apara bilmədiklərindən uşaq xəstəxanası ilə doğum evinin qalıqları görünür. O da yalnız bir divarı.

Yüzlərcə dəfə gəzdiyim, xəyalımda isə hər gün ziyarət etdiyim şəhəri tanıya bilmirəm. İnsan üçün bundan dəhşətli nə ola bilər. Səmti ancaq Məscidlə müəyyən etmək mümkün olur.

Gün ərzində İmarəti, Məscidi, Şəhidlər xiyabanını və Çörək muzeyini ziyarət edirik. İlk dəfə isə Qiyaslı məscidində oldum. Şahbulağın havası və suyu isə ayrı bir aləm idi.

Şəhər tamam yer üzündən silinib. Qaşınıb. Amma ermənilər insanların doğma torpaqlarına olan sevgisini silə bilməyiblər.

***

Şəhidlər xiyabanındakı vəziyyəti görəndə dəhşət məni bürüdü. Birinci Qarabağ müharibəsi dövründə, 1992-ci ilin mayın səkkizində Fərrux dağı uğrunda gedən döyüşlərdə şəhid olan yaxın qohumum Eldar Hümmətovun məzarını ziyarət etmək üçün Şəhidlər xiyabanındakı vəziyyəti gözlə görmək mənə çox ağır gəldi. Yaxşı yadımdadır ki, 1975-ci ildə İkinci Dünya Müharibəsində keçmiş SSRİ-nin qələbəsinin 30 illiyi münasibətiylə ucaldılan abidənin ətrafında yaşıllıq zolağı salınmışdı. Deməliyəm ki, xiyabanda əkilən çoxsaylı küknar və “Eldar şam”ları ötən əsrin 90-cı illərində ətrafa ayrı bir gözəllik verirdi.

Ağacları kökündən çıxarmaqla şəhid məzarlarını dağıtmağı yalnız ermənilər edə bilərdilər. Şahid olduğum mənzərə ermənilərin dünyanın ən vəhşi və şərəfsiz millət olmasını bir daha təsdiq edir. İnsan nə qədər şərəfsiz olmalıdıır ki, belə addım atsın. Hər halda gördüklərimdən belə qənaətə gəlirəm ki, Allah bizə gözəl görkəm, ağıl, məntiq, qədim tarixi yaşamağı qismət etməklə, hətta yeraltı və yürüstü sərvət verməklə yanaşı erməni kimi mənfur simanı bizə qonşu verib.

İnsanlıqdan uzaq olan bu vəhşiliyi görmək mənim üçün çox ağır idi.

***

Ancaq özümü mənfur ermənilərin bu vəhşilikləriylə kökləmək fikrində uzağam. Mən artıq qalib ölkənin vətəndaşıyam. Və həyat davam edir.

Prezident İlham Əliyevin xeyr-duasıyla bu gün Ağdamın yerində yüzminlik şəhərin salınmasına başlanılıb. Layihəsi adamı heyran edir. Təməli qoyulan yaşayış binası isə təxminən köhnə avtovağzalın səmtində, keçmiş Lenin küçəsiylə Səməd Vürğun küçəsinin Süleyman Sani Axundov küçəsiylə kəsişməsində idi. Yeni layihədə şəhərin mərkəzi hissəsi məhz həmin ərazidə olacaq.

Biz isə Ağdam Məscidinin qarşısına toplaşmışıq. Rəfaelləbirgə həyatımda ilk dəfə məscidin minarəsinə qürur hissiylə qalxıram. Minarədən təməli qoyulan yeni Ağdamı seyr etməkdən aldığım zövqü sözlə ifadə etməkdən çətinlik çəkirəm. Yol yoldaşlarımın məni “alabaydağ” eləməsindən çəkindiyimdən minarədən “mən artıq Ağdamdayam” deyə “cikkə” çəkmirəm. Özümü tox tuturam. Özümdə böyük ruh yüksəkliyi var idi.    

Çimnaz xanımın Bakıdan bişirib gətirdiyi Ağdam çörəyilə kotleti iştaha ilə yeyirik. Düz “Çay evi”nin tuşunda. Sanki “Çay evi”nin yanındakı fontanın geniş pavilyonundayıq...

Açıq etiraf edim ki, rəhmətlik Milli Qəhrəman Allahverdi Bağırovun restoranında yediyim toyuq supunun, Xıdrılı kəndində qohumlarımgildə qonşu Hamaya arvadın bişirib gətirdiyi çığırtmanın və bir də Çimnaz xanımın həvəslə və ürəklə bişirdiyi kotletlərin dadını heç vaxt unutmayacağam.

Çünki bu təamların hər birində bir Ağdam nəfəsi, Ağdam sevgisi var idi...

PS. Səfərin təşkialtçısı olan ATV kanalına və xüsusəndə xanım Səadət Məmmədovaya təşəkkür edirəm.

Vüqar Tofiqli

ŞƏRHLƏR