"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Zəbt olunmuş torpaq sahələrinin ümumi sahəsi günü gündən artmaqdadır

--2022-06-28 / 17:12

Bələdiyyələrin son iki il ərzindəki fəaliyyəti pandemiya dövrünə təsadüf etdiyindən, fəaliyyətimizdə müəyyən problemler meydana çıxmışdır. İstər maliyyə imkanlarının azlığı, istər Dövlət Vergi Xidməti tərəfindən bələdiyyə sədrlərinin ölkədən çıxışına qoyulan qadağa, istər bələdiyyələrin əmlakına qoyulan həbslər, istərsə də xəritələrin hələ də bələdiyyələrə təqdim olunmaması fəaliyyətimizə mənfi mənada təsir edən mühüm amillərdən biridir.

Bunlara baxmayaraq Tüləkəran bələdiyyəsi qarşıya qoyulan hədəflərin böyük bir hissəsinə çatmağa nail olmuşdur. Bu baxımdan bələdiyyənin fəaliyyətini qənaətbəxş hesab etmək olar. Lakin hələdə həll edilməli bir sıra problemlər və məsələlər hələ də qalmaqdadır.

Bələdiyyə-icra münasibətləri qanunlar çərçivəsində qurulub və bu əlaqələr vətəndaşların problemlərinin həll olunması istiqamətinə yönəlib.               Bələdiyyənin əsas büdcə gəlirləri əmlak və torpaq vergiləri hesabına formalaşıb. Mülkiyyətə əmlak və torpaq verilməməsi səbəbindən bələdiyyə büdcəsinin artıtılması imkanlarını əhəmiyyətli dərəcədə azaldır. Və zəbt olunmuş torpaq sahələrinin ümumi sahəsi günü gündən artmaqdadır.

Bələdiyyə büdcəsinin artırılması istiqamətində tədbirlərin həyata keçirilməsi istiqamətində tərəfimizdən müəyyən addımlar atılır. Belə ki Tüləkəran bələdiyyəsinin “Təmiz Kənd” MMC-sinin yaradılması haqqında qərar qəbul olunmuş, müəssisənin dövlət qeydiyyatına alınması və hazırda maddi-texniki bazasının yaradılması üçün işlər aparılır.

Bələdiyyəyə vergi borclarını ödəməyən vətəndaşlar barəsində İcra şöbələrinə müraciətlər olunur və bu sayədə illərdən bəri yığılıb borcların bələdiyyə büdcəsinə ödənilməsi təmin olunur.

Bələdiyyənin fəaliyyətinin ictimailəşdirilməsində yaranan boşluqların əsas səbəbi digər idarə, müəsisiə və təşkilatların bələdiyyələrin fəaliyyətinə biganə yanaşması və bələdiyyələri qurum olaraq tanımaq istəməməsidir. Əsas manelərdən biri də elə əslində bu fəaliyyətləri ictimailəşdirilməli olan mətbuat orqanların bələdiyyələri “gözüm çıxdıya” salmasıdır. Əldə etdikləri məlumatları dəqiqləşdirmə aparmadan böyük həvəslə tirajlamaları bələdiyyələrin nüfuzuna ciddi ziyan vurur. Tövsiyyə edərdik ki, mətbuat orqanları əldə etdikləri informasiya barədə bələdiyyələrin də fikirlərini işıqlandırsınlar. Daha yayımladıqları qərəzli məlumatlarının sonunda özlərini məsuliyyətdən yaxa qurtarmaq xatirinə “bələdiyyələrin də fikrini işıqlandırmağa hazırıq” kimi simvolik bir cümlə əlavə etməklə yox.

Rauf Hüseynov.

Quba rayon Tüləkəran bələdiyyəsinin sədri

 

ŞƏRHLƏR