"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Yerli özünüidarəetmədə şəffaflıq

--2020-04-07 / 12:26

Ölkədə ümummilli lider Heydər Əliyevin idarəçilik təliminin siyasi varislik, milli maraqlar, sosial ədalət və demokratiya kimi prinsiplərinə əsasən milli və müasir idarəetmə modelinin qurulması istiqamətində ardıcıl islahatlar aparılır. Onların əsas qayəsini  səmərəli və demokratik idarəçiliyin formalaşdırılması, dövlət orqanlarının fəaliyyətində şəffaflığın, operativliyin, çevikliyin artırılması, xidmətlərin daha keyfiyyətli, rahat və müasir innovasiyalarla həyata keçirilməsi və nəticə etibarilə ölkə vətəndaşlarının rifah və məmnunluq səviyyəsinin təmin olunması təşkil edir. Hazırda Azərbaycan güclü siyasi iradəyə əsaslanan sistem xarakterli mütərəqqi islahat tədbirləri, inkişaf tempi ilə də dünyanın diqqət mərkəzindədir.

Müasir dövrümüzdə dövlətlərin idarəetmə sistemində də təzahür edən modernləşmə yeni idarəetmə modellərinin, müasir, vətəndaşa yönümlü, onu məmnun edən idarəetmənin qurulmasının zəruriliyini üzə çıxarmışdır. Subyektivliyin aradan qaldırılması üçün sərt reqlamentlərə əsaslanan ənənəvi modellərdən fərqli olaraq yeni idarəetmə modelləri bunun üçün şəffaflığın artırılmasını ön plana çəkir.

Demokratik idarəetmə siteminin bir qolu kimi bələdiyyələrin də fəaliyyətinin təşkilinin hüquqi əsasları Azərbaycan Respublikasının Konstitusiyasında müəyyən edilmişdir. Belə ki, Konstitusiyamızın 142-ci maddəsinin I hissəsinə əsasən ölkəmizdə yerli özünüidarəni bələdiyyələr həyata keçirir. Bələdiyyələr yerli özünüidarəetmə orqanı olmaqla mahiyyət etibarı ilə yerli əhaliyə ən yaxın idarəetmə formasıdır. Bu baxımdan da, bələdiyyələrin işinin şəffaf təşkil edilməsi, yerli əhalinin onların fəaliyyəti ilə yaxından tanış olması üçün şəraitin yaradılması yerli özünüidarəetmənin mahiyyətindən irəli gələn ən vacib tələblərdir və buna əməl edilmədən yerli özünüidarəetməni təsəvvür etmək mümkün deyildir.

            Bələdiyyələrin fəaliyyətində şəffaflığın təmin edilməsi olduqca mühüm məsələdir. Çünki, əhali qarşısında qanunvericiliklə müəyyən edilmiş müddətlərdə hesabat verən bələdiyyələr yerli əhalinin problemlərinə bələd olmaqla yanaşı, onların həlli üçün qərarlar qəbul edirlər. Həmin qərarlar bir çox hallarda əhalinin yaşayışına, üzləşdikləri məsələlərə aid olduğundan, yerli əhalinin etimad göstərərək seçdiyi bələdiyyə üzvləri fəaliyyətə başladıqları gündən onlara göstərilən etimadı doğrultmalarını gördükləri iş barədə əhalini ardıcıl məlumatlandırmaqla təsdiqləyirlər.

            Bələdiyyələrlə bağlı qəbul edilmiş qanunvericilik aktlarında bələdiyyələrin fəaliyyətində şəffaflığın təmin edilməsinə dair kifayət qədər tənzimləyici normalar müəyyən edilmişdir. Bu normalar istər bələdiyyələrin özünə, istər dövlətə, istərsə də əhaliyə qarşı münasibətdə özünü göstərir. Belə ki, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin 4-cü hissəsinə əsasən bələdiyyə üzvü 6 ayda bir dəfədən az olmayaraq seçiciləri qarşısında hesabat verir. Bu Qanunun 17-ci maddəsinin 5-ci hissəsinə görə daimi və başqa komissiyalar onları seçmiş bələdiyyə qarşısında məsuliyyət daşıyır və ona hesabat verir.

Adı çəkilən Qanunun 52-2-ci maddəsinə görə bələdiyyələr Konstitusiyanın 144-cü maddəsinin II hissəsinə əsasən qanunvericilik hakimiyyəti tərəfindən bələdiyyəyə verilmiş əlavə səlahiyyətlərin həyata keçirilməsi və bu Qanunla müəyyən edilmiş hallarda yerli büdcələrə Azərbaycan Respublikasının dövlət büdcəsindən ayrılmış maliyyə vəsaitlərinin istifadəsi barədə Azərbaycan Respublikasının Milli Məclisinə hesabat verirlər. Bununla yanaşı, bələdiyyələr ilin yekununa görə aprel ayının 1-dək hesabat təqdim etməlidirlər. Bələdiyyə hər ilin yanvar ayının üçüncü həftəsinin bazar ertəsi görülmüş işlər haqqında, o cümlədən maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyyətinin istifadəsi haqqında seçicilərinə hesabat verir. Hesabat yazılı formada tərtib edilir və bələdiyyənin iclaslarında təsdiq edilir. Yerli əhalini tanış etmək məqsədi ilə hesabat bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdirilir, habelə elan, bülleten, vərəqə, yerli mətbuat, internet saytı və digər vasitələrlə əhaliyə çatdırılır.

Şəffaflığın təmin edilməsi məqsədilə dövlət idarəçiliyinin həyata keçirilməsinə Azəbaycan Respublikası vətəndaşlarının cəlb edilməsi üçün “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu Qanun vətəndaşların dövlət idarəetməsinin həyata keçirilməsinə cəlb edilməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir. İctimai iştirakçılığın əsas məqsədləri yerli özünüidarəetmə orqanları ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkili, yerli özünüidarəetmə orqanlarının fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunması, dövlət siyasətinin formalaşması, həyata keçirilməsi, qərarların qəbulu zamanı ictimai rəyin və vətəndaşların qanuni maraqlarının nəzərə alınması və əsas insan və vətəndaş hüquqlarının qorunmasıdır.

Qanunun tələblərinə görə yerli büdcənin tərtibi və icrası ilə bağlı bütün işlər də şəffaflıqla həyata keçirilməlidir. Belə ki, “Bələdiyyənin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən növbəti büdcə ili üçün yerli büdcə haqqında qərar layihəsi müvafiq sənədlərlə birlikdə cari ilin oktyabr ayının 15-dən gec olmayaraq bələdiyyə iclasının müzakirəsinə və təsdiqinə təqdim edilir. Yerli büdcənin layihəsi bələdiyyə iclasına təqdim edildiyi tarixdən 10 gün ərzində yerli əhalinin tanış olması məqsədi ilə dərc edilir. Həmin Qanunun 11-ci maddəsinin 3-cü bəndinə görə bələdiyyələr öz nizamnaməsində müəyyən edilmiş qaydada yerli büdcənin icrası haqqında yarımillik və illik hesabatı bələdiyyə iclasına təqdim edir. Yarımillik maliyyə hesabatları hesabat dövründən sonrakı ayın 15-dək, illik maliyyə hesabatları növbəti ilin yanvarın 30-dək təqdim edilməlidir. Bələdiyyələr təqdim edilmiş maliyyə hesabatlarını bələdiyyə iclasının qərarı ilə 15 gün müddətində təsdiq edirlər. Yerli əhalini tanış etmək məqsədilə bələdiyyələr illik hesabatı onlara elan, bülleten, vərəqə, yerli mətbuat, internet saytı və s. vasitələrlə çatdırırlar. Qanunun 13-cü maddəsinə əsasən yerli büdcənin icrasına, o cümlədən sərf edilən vəsaitin təsdiq edilmiş büdcə göstəricilərinin uyğunluğuna bələdiyyə nəzarət edir və bu məqsədlə ildə bir dəfədən az olmayaraq müstəqil auditorları cəlb edir. Yerli əhalini tanış etmək məqsədi ilə auditin nəticələri onların bələdiyyəyə təqdim edildiyi gündən bir ay müddətinə bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdirilməlidir.

Bələdiyyələrlə iş mərkəzi tərəfindən “Bələdiyyə büdcəsininin planlaşdırılması: şəffaflıq və hesabatlılıq” mövzusunda metodik vəsait hazırlanaraq bələdiyyələrə paylanmışdır. Bu vəsaitdə yerli büdcə məsələləri, büdcənin gəlir və xərcləri, büdcə prossesi və bu prossesə vətəndaş cəmiyyətinin cəlb olunması, büdcənin tərtibi və icrası, bələdiyyələrdə şəffaf büdcə siyasəti, onun əhəmiyyəti, bələdiyyə büdcəsinə nəzarət, büdcənin auditi, monitorinqi və büdcənin təhlili kimi mövzular da işıqlandırılmış və müəyyən tövsiyyələr verilmişdir.

“Yerli vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinə görə bələdiyyələrin yerli vergi və ödənişlərin yığılması və istifadəsi sahəsində faəliyyəti tam aşkarlıq şəraitində həyata keçirilməlidir. Bu məqsədlə bələdiyyələr və onların müvafiq nəzarət komissiyaları bələdiyyə ərazisində yaşayan sakinlər qarşısında mütəmadi olaraq hesabatlar verir, bülletenlər buraxır, illik hesabatları bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdirirlər.

Təkcə maliyyə sahəsində deyil, eyni zamanda bələdiyyələrin hüquqi, ekoloji, sosial məsələlərlə bağlı fəaliyyətində də şəffaflıq təmin edilməlidir. Bələdiyyə mülkiyyətinə verilmiş torpaq sahələrinin qanunvericiliyə uyğun idarə edilməsi xüsusi mülkiyyətə və icarəyə verilən torpaq sahələri barədə, habelə bələdiyyə ərazisində yaşayan müəyyən sosial təbəqələrə güzəştlərin edilməsi, maddi kömək göstərilməsi barədə yerli əhaliyə məlumat verməklə bələdiyyələrin fəaliyyətində şəffaflığın təmin edilməsi mümkündür. Ədliyyə Nazirliyinə daxil olmuş müraciətlər isə göstərir ki, bir sıra bələdiyyələrdə mülki dövriyyəyə cəlb edilən torpaqlar barədə əhaliyə məlumat verilmir.

Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinin 8-ci hissəsinə görə müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr mülkiyyətə və icarəyə verilməsi nəzərdə tutulan sərbəst torpaq sahələri və yeni torpaqların mülki dövriyyəyə cəlb edilməsi proqramları barədə əhaliyə məlumat verməli və kütləvi informasiya vasitələrində hər il hesabat dərc etdirməlidirlər.

Bələdiyyələrdə kadr potensialının gücləndirilməsi, yerli özünüidarə işində qanunçuluğun təminatı bələdiyyə qulluğuna qəbulun şəffaf keçirilməsindən də çox asılıdır. “Bələdiyyə qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 5-1-ci maddəsinə görə bələdiyyə qulluğuna qəbul müsabiqə əsasında həyata keçirilməlidir. Müsabiqə komissiyasının yaradılması, fəaliyyəti, hüquq və vəzifələri həmin Qanunla müəyyən edilmişdir. Bu sahədə qanunun tətbiqinə kömək məqsədilə Bələdiyyələrlə iş mərkəzi tərəfindən “Bələdiyyə qulluğuna qəbulda şəffaflıq” adlı metodik vəsait hazırlanaraq bütün bələdiyyələrə göndərilmiş və Ədliyyə Nazirliyinin internet səhifəsində yerləşdirilmişdir. Həmin vəsaitdə “Bələdiyyə qulluğu haqqında” Qanundan istifadə edilərək bələdiyyə qulluğunun təşkili, qulluğa qəbul qaydaları, qulluğa qəbulla bağlı məhdudiyyətlər, bələdiyyə qulluğuna qəbulla bağlı müsabiqənin elan edilməsi qaydaları, sənədlərin qəbulu, müsabiqənin keçirilməsi, müsabiqənin nəticələrinin qiymətləndirilməsi məsələləri əhatə olunmuşdur.

Bələdiyyələrin fəaliyyətində şəffaflığın təmin edilməsi vasitələrindən biri kimi vətəndaşların və kütləvi informasiya vasitələrinin sorğularına vaxtında və dolğun cavab verilməsi də çox önəmlidir.

“İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə uyğun olaraq bələdiyyələr informasiya sahibi sayılırlar. Həmin Qanunun 10-cu maddəsinə əsasən, informasiya sahibi öz informasiya ehtiyatlarından hər kəsin sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə informasiya əldə etmək hüququnu bu Qanunla müəyyənləşdirilmiş qaydada təmin etməyə borcludur. İnformasiya sahibi bu məqsədlə informasiya məsələləri üzrə vəzifəli şəxs təyin edir, yaxud struktur bölmə yaradır, informasiya xidmətləri göstərir. İnformasiya məsələləri üzrə vəzifəli şəxsin təyin olunmaması və ya struktur bölmənin yaradılmaması informasiya xidmətləri göstərməkdən imtina üçün əsas ola bilməz.

Qanunun 29-cu maddəsinə görə, informasiya sahibi cəmiyyətin maraqlarını daha asan və daha operativ şəkildə təmin etmək, çoxsaylı informasiya sorğularını azaltmaq məqsədi ilə malik olduğu, ictimai vəzifələrin yerinə yetirilməsi nəticəsində yaradılmış, yaxud əldə olunmuş aşağıdakı informasiyaları açıqlamalıdır:

- ümumiləşdirilmiş statistik məlumatlar;

- büdcə proqnozları;

- bələdiyyələrin fəaliyyətləri ilə bağlı hazırlanmış təlimatlar;

- bələdiyyələrin ştat cədvəlləri, həmin idarələrdə çalışan vəzifəli şəxslərin adları, soyadları, telefon nömrələri, elektron poçt ünvanları, həmçinin onların təhsili və ixtisasları barədə məlumatlar;

- bələdiyyələrin fəaliyyəti barədə hesabatlar;

- bələdiyyə satınalmalarının şərtləri, nəticəsi, eləcə də bələdiyyə əmlakının satılması, onun üzərində əmlak hüquqlarının dəyişməsi barədə məlumatlar;

- informasiya sahiblərinin aldıqları kreditlər, qrantlar onların şərtləri və istifadəsi haqqında məlumatlar;

- bələdiyyələrin əmr, sərəncam və qərarları - əmr, sərəncam və qərar qüvvəyə mindiyi gündən;

- bələdiyyələrin vakansiyaları haqqında məlumatlar;

- bələdiyyələrin mal və xidmətlərinə dair məlumatlar;

- bələdiyyələr tərəfindən təsis edilmiş və ya onların iştirakı ilə fəaliyyət göstərən özəl hüquqi şəxslərə dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə dair məlumatlar;

- kütləvi tədbirlərin proqramları;

- bələdiyyələrin göstərdikləri xidmətlə bağlı dəyişikliklərə dair məlumatlar – bu dəyişikliyin edilməsinə ən geci on gün qalanadək;

- bələdiyyə orqanları rəhbərlərinin qəbul saatları barədə məlumatlar;

- bələdiyyə müəssisələrində qüvvədə olan əmək haqqı dərəcələri, əməyin ödənilməsinə dair təlimatlar, habelə əlavə haqların ödənilməsi qaydaları və xüsusi güzəştlər barədə məlumatlar;

- əhaliyə göstərilən ictimai xidmətlər haqqında, habelə xidmət göstərilməsi zamanı onların qiymətlərində edilən dəyişikliklər barədə məlumatlar – bu dəyişikliklər edilənədək;

- ictimai rəy sorğusunun nəticələri;

- informasiya sahibinin mülkiyyəti və mülkiyyət öhdəliyi haqqında məlumatlar;

- açıqlanması xüsusi qanunla, beynəlxalq müqavilələrlə və ya onların əsasında qəbul edilən normativ aktlarla müəyyənləşdirilən informasiyalar, yaxud informasiya sahibinin açıqlanmasını zəruri saydığı digər məlumatlar.

İctimai informasiyalar kütləvi informasiya vasitələrində, rəsmi nəşrlərdə, kitabxanalarda, ictimai informasiya mərkəzlərində, kütləvi istifadənin mümkün olduğu digər yerlərdə sənədlərin tanış olmaq üçün şərait yaradılması yolu ilə və qanunvericilikdə nəzərdə tutulan başqa üsullarla açıqlana bilər.

İnformasiya sahibi bu Qanunun 21-ci maddəsində göstərilən hallarda sorğunun icrasından imtina edir:

- sorğu əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyaya aid olduqda, yaxud sorğuçunun bu informasiyanı əldə etməyə səlahiyyəti çatmadıqda və ya bu Qanunla tələb edildiyi hallarda, sorğuçu şəxsiyyətini təsdiq edən sənəd təqdim etmədikdə;

- informasiya sahibi sorğulanan informasiyaya malik olmadıqda və yaxud həmin informasiyanın sahibini müəyyənləşdirməkdə çətinlik çəkdikdə;

- sorğuçunun hansı informasiyanı əldə etmək istədiyini aydınlaşdırmaq mümkün olmadıqda.

İnformasiya sahibi aşağıdakı hallarda sorğunun icrasından imtina edə bilər:

- sorğuçuya artıq belə bir informasiya verilibsə və sorğuda informasiyanı təkrar əldə etmək zərurəti əsaslandırılmayıbsa;

- sorğu edilən informasiyanın həcmi iri olduğundan sorğunun icrası informasiya sahibinin üzərinə qoyulmuş ictimai vəzifələrin yerinə yetirilməsinə ciddi maneə yaradırsa və ya əsassız böyük məsrəflərə səbəb olursa;

- sorğunun icrasını bir dəfəyə təmin etmək mümkün deyilsə;

- sorğunun icrası informasiyanın sistemləşdirilməsini, təhlil edilməsini və ya sənədləşdirilməsini tələb edirsə.

Ölkə prezidenti cənab İlham Əliyevin 2011-ci il 16 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və yerli özünüidarə orqanlarının aktlarının elektron informasiya sistemləri vasitəsilə açıqlanması Qaydası”na əsasən yerli özünüidarəetmə orqanlarının aktlarının informasiya sistemləri vasitəsilə açıqlanması nəzərdə tutulmuşdur. İnformasiya sahiblərinin aktlarının elektron informasiya sistemləri vasitəsilə açıqlanması sorğu verilmədən həmin aktların internet informasiya ehtiyatlarında yerləşdirilməsidir. İnformasiya sahiblərinin aktları dedikdə, hüquqi aktlar (normativ hüquqi aktlar, normativ xarakterli aktlar və qeyri-normativ hüquqi aktlar), hüquqi aktların layihələri və məhkəmə aktları nəzərdə tutulur.

Azərbaycan Respublikasında dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, hesabatlılığın təmin edilməsi, ictimaiyyətin iştirakının genişləndirilməsi, yeni texnologiyaların tətbiqi əsas prinsiplərdir. Dövlət orqanlarının fəaliyyətinin müasir standartlara uyğun təkmilləşdirilməsi məqsədi ilə 2007-2011-ci illərdə “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya” uğurla icra edilmişdir. Strategiyada həmçinin açıq hökumət prinsiplərinin tətbiqi üzrə mühüm tədbirlər müəyyən edilmişdir. Azərbaycan Respublikası düzgün idarəçiliyin təşviqi üzrə bütün beynəlxalq təşəbbüslərə qoşulmuşdur.

 Şəffaflığın artırılması və açıq hökumətin təşviqi ilə bağlı fəaliyyətin təkmilləşdirilməsi, bu sahədə beynəlxalq təcrübənin mübadiləsi və beynəlxalq səylərə öz töhfəsini verə bilmək üçün ölkəmiz 2011-ci ildə Açıq Hökumət Tərəfdaşlığına qoşulmuşdur. Faktiki olaraq vətəndaş cəmiyyətinin olmadığı, yaxud bərabər hüquqlu tərəfdaş kimi tanınmadığı ölkələrin Açıq Hökümət Tərəfdaşlığı üzrə beynəlxalq Platformada təmsilçiliyi mümkün deyil.

Prezident İlham Əliyevin uğurlu və məqsədyönlü siyasəti ölkəmizin yeni inkişaf mərhələsinə keçməsi, yeni demokratik mexanizmlərin yaradılması və xalqa xidmət müstəvisində səmərəli və şəffaf, müasir idarəetmə modelinin, vətəndaş - dövlət qulluqçusu münasibətlərində yeni düşüncə tərzinin, kadr potensialının formalaşdırılması, korrupsiya yarada bilən səbəbləri aradan qaldırmaq üçün zəmin olmuşdur. Dövlət orqanlarının fəaliyyətinin müasir standartlara uyğun təkmilləşdirilməsi üçün ölkə Prezidenti tərəfindən Açıq Hökümətin Təşviqinə dair 2012-2015-ci illər üzrə Milli Fəaliyyət Planı, Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üzrə Milli Fəaliyyət Planı təsdiqlənmiş, uğurla icra olunmuşdur. Bu sənədlərdə qarşıya qoyulan əsas məqsədlər hökümətin şəffaflığa, çevik idarəetmə sisteminə keçməsinə, hesabatlılığa cəlb etmək və korrupsiyanın qarşısını almaq idi.

Təbii ki, ölkə Prezidentinin təsdiqlədiyi Milli Fəaliyyət Planlarında bələdiyyələr də kənarda qalmamışdır. Bələdiyyələrin fəaliyyətində şəffaflığın təmin edilməsi, ardıcıl olaraq öz seçiciləri qarşısında fəaliyyətləri ilə bağlı hesabat vermələri, etik davranış qaydalarına ciddi riayət etmələri mühüm vəzifə kimi qarşıya qoyulmuşdur. Bu, bələdiyyələrin vəzifəli şəxslərini, üzvlərini və qulluqçularını da öz işlərinə məsuliyyətlə yanaşmağa, vətəndaşlarla münasibətdə diqqətli olmağa sövq edir.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 1859 nömrəli Sərəncamı ilə Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı təsdiq edilmişdir. Yeni Milli Fəaliyyət Planı ölkəmizdə açıqlıq, şəffaflıq və hesabatlılıq prinsiplərinin tətbiqinin daha da genişləndirilməsi məqsədilə həyata keçirilən islahatların tərkib hissəsi olmaqla, burada nəzərdə tutulan tədbirlər dövlət xidmətlərinin təkmilləşdirilməsi, vətəndaş cəmiyyəti üzvlərinin fəaliyyətinin dəstəklənməsi, ictimai nəzarətin gücləndirilməsi, korrupsiyanın qarşısının alınması, maliyyə şəffaflığının artırılması, həmçinin informasiya əldə edilməsinin təmin olunması sahələrində mühüm töhfə verəcəkdir. Ölkə rəhbərliyinin yerli özünüidarəetmənin təkmilləşdirilməsinə göstərdiyi diqqətin nəticəsidir ki, Milli Fəaliyyət Planında yerli özünüidarəetmədə hesabatlılığın, aşkarlığın və ictimai iştirakçılığın təmin edilməsi sahəsində bir sıra tədbirlərin görülməsi nəzərdə tutulmuşdur. Belə ki, bələdiyyələrin milli assosiasiyalarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə daimi fəaliyyət göstərən ictimai şuranın yaradılması, kütləvi informasiya vasitələrindən, internet informasiya ehtiyatlarından istifadə etməklə yerli büdcənin hesabatlılığının təmin edilməsi, bələdiyyələrin internetə çıxışının artırılması, bələdiyyələrin internet səhifələrinin açılması və aktiv fəaliyyət göstərməsinin təmin edilməsi və Bələdiyyələrlə iş portalının yaradılması tapşırılmışdır.

Bələdiyyə üzvləri və qulluqçuları üçün hər il Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən silsilə maarifçilik tədbirləri keçirilir və bir qayda olaraq bələdiyyə üzvlərinin böyük bir qismi bu tədbirlərə cəlb olunur. 23 dekabr 2019-cu il tarixdə keçirilmiş növbəti bələdiyyə seçkilərinin nəticəsində bələdiyyə üzvlərinin tərkibi xeyli yenilənmişdir. Bu da Ədliyyə Nazirliyinin diqqətindən kənar qalmamış nazirliyin 2020-ci ilin birinci yarımilinə dair İş planında yeni seçilmiş bələdiyyə üzvləri və qulluqçuları ilə maarifləndirmə işinə xüsusi diqqət yetirilməsi, bu məqsədlə bələdiyyələrə metodoloji yardımın səmərəliliyinin artırılması üçün əlavə tədbirlərin görülməsi nəzərdə tutulmuşdur. İş planının icrası istiqamətində “Bələdiyyə üzvlərinin Yaddaş Kitabçası” hazırlanmış, digər tədbirlər həyata keçirilməkdədir.

Bələdiyyələrin işində şəffaflığın təmin edilməsi aktual məsələ kimi diqqətdə saxlanılır. Bu mövzuda maarifçilik tədbirləri davam etdirilir və yeni seçilmiş bələdiyyə üzvlərinin də bu tədbirlərə geniş cəlb olunmaları təmin edilir. Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) ilə əməkdaşlıq çərçivəsində nazirliyin regional ədliyyə idarələri ilə birgə bələdiyyə üzvləri və qulluqçuları üçün Gəncə-Qazax iqtisadi rayonunda 2019-cu ildə keçirilmiş təlimlərdən biri də "Bələdiyyələrdə şəffaflıq və hesabatlılıq" mövzusuna həsr olunmuşdu.

Bələdiyyələrin fəaliyyəti zamanı şəffaflığın təmin edilməsi, yerli əhalinin gedən proseslərlə yaxından tanış olması üçün şəraitin yaradılması əsas tələblərdən biridir. Bələdiyyə üzvləri fəaliyyətə başladıqları gündən onlara göstərilən etimadı doğrultmalı, yerli əhalinin problemlərinin daha da düzgün və tez həllinə çalışmalı və gördükləri iş barədə əhalini mütəmadi məlumatlandırmalıdırlar.

Şəffaflığın təmin edilməsi yönündə görülmüş çoxsaylı tədbirlərə baxmayaraq bir sıra bələdiyyələrin fəaliyyətində bu sahədə çatışmazlıqlar hələ də mövcuddur. Belə ki, bir sıra bələdiyyələr bələdiyyə iclasları keçirmir və yaxud keçirilən iclasın nəticəsi barədə yerli əhalini tanış etmir, bələdiyyənin qəbul etdiyi qərarları və ya digər vacib məlumatları əhalinin tanış edilməsi üçün bələdiyyə binasının qarşısında olan lövhələrdə yerləşdirilmir, elektron informasiya ehtiyatlarında açıqlanmır. Bəzi bələdiyyələr yerli əhalini tanış etmək məqsədilə illik hesabatı onlara çatdırmırlar, yerli əhalini tanış etmək məqsədilə audit yoxlamasının nəticələri bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdirilmir.

Bələdiyyələrin fəaliyyətində şəffaflığın təmin edilməsi yalnız yerli əhalini məlumatlandırmaqdan ibarət olmamalıdır. Bələdiyyələr ilk öncə büdcə vəsaitlərini ən vacib problemlərin həlli istiqamətinə yönəltməlidirlər. Buna görə də, büdcə tərtib olunarkən ilk növbədə ən vacib problemlər, onların həlli istiqamətləri, bu məqsədlərə büdcədən ayrılacaq maliyyə vəsaitlərinin həcmi və strukturunun müəyyənləşdirilməsi, eləcə də büdcənin təsdiq olunması və büdcənin icrasına ictimai nəzarətin təmin olunması məqsədilə bələdiyyə ərazisində yaşayan əhali proseslərə fəal cəlb olunmalıdır. Bununla da bələdiyyələrdə büdcə vəsaitinin xərclənməsinin şəffaflığına və səmərəliliyinə, son nəticədə isə bir çox problemlərin həllinə nail olmaq olar.

Kənd və qəsəbə bələdiyyələrinin bir hissəsində maliyyə imkanları məhdud olduğu üçün və digər obyektiv səbəblərdən onların öz fəaliyyətlərini kütləvi informasiya vasitələrində işıqlandırılmasında çətinliklər yaranır. Ona görə də, bələdiyyələrin inzibati binasının qarşısında, əhalinin sıx məskunlaşdığı ərazilərdə müxtəlif elan lövhələri yerləşdirməklə, əhali ilə mütəmadi olaraq görüşlər keçirməklə, qanunla nəzərdə tutulmuş vaxtlarda əhali qarşısında hesabatlar verməklə bu çətinlik aradan qaldırıla bilər. Həmçinin maliyyə vəziyyəti məhdud olan bir necə bələdiyyə birləşərək özləri üçün internet səhifəsi yaradıb istifadə edə bilərlər.

Bələdiyyələr şəffaflığın təmin edilməsi üçün insanlarla daim təmasda olmalı, öz işləri haqqında onlara məlumat verməlidirlər. Bunun üçün bələdiyyələrə geniş səlahiyyətlər verilmişdir. Bələdiyyələr öz işlərini aşkarlıq və şəffaflıq şəraitində qurmalı və yerli əhalini ölkədə gedən proseslərə cəlb etməlidirlər. Bununla yanaşı, bələdiyyələr gördükləri işləri də təbliğ etməyi bacarmalıdırlar, çünki bu da aşkarlığın və şəffaflığın təmin edilməsinin mühüm formasıdır.

Bələdiyyələr unutmamalıdırlar ki, onların fəaliyyətlərinin səmərəliliyinin mühüm şərtlərindən biri yerli əhalinin onlara etimadının, inamının və dəstəyinin olmasıdır.

Nigar Səlimli

Bələdiyyələrlə iş mərkəzinin

İnzibati nəzarət idarəsinin

məsləhətçisi 

II dərəcəli ədliyyə qulluqçusu 

ŞƏRHLƏR