"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

“Yerli özünüidarəetmədə gender bərabərliyinin təmin edilməsi” mövzusunda silsilə təlimlər keçirilir

--2019-04-10 / 19:10

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı ilə birgə 2012-ci ildən başlayaraq qadınların ictimai həyatda iştirakını gücləndirmək və Azərbaycanda yerli səviyyədə daha çox genderyönümlü idarəetməni təmin etmək məqsədi ilə “Dayaq” Mentorluq proqramı həyata keçirir.

AQUPDK-dan AZƏRTAC-a bildiriblər ki, cari ilin aprel-may ayları ərzində yerli icra hakimiyyətinin, bələdiyyə üzvü olan qadınların bələdiyyə idarəetməsində rolunun və liderlik bacarıqlarının artırılması istiqamətində regionlarda və Bakı şəhərinin rayonlarında “Yerli özünüidarəetmədə gender bərabərliyinin təmin edilməsi” mövzusunda silsilə təlimlər keçirilir.

Aprelin 9-da Bakı şəhərinin Yasamal rayon Heydər Əliyev Mərkəzində Binəqədi və Yasamal rayon yerli icra hakimiyyəti orqanlarında və bələdiyyələrdə çalışan nümayəndələr üçün təlimlərin açılışı olub.

Yasamal Rayon İcra Hakimiyyətinin müavini Təravət Muradova qadın siyasətinin inkişaf etdirilməsi məqsədilə bölgələrdə həyata keçirilən tədbirlər haqqında təlim iştirakçılarına məlumat verib.

Dövlət Komitəsinin informasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov çıxış edərək gender bərabərliyi, BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri, stereotiplərlə mübarizə və digər mövzularda danışıb.

Bələdiyyə, QHT nümayəndələri və ali təhsil ocaqlarının müəllimlərinin də qatıldıqları təlimdə dövlət qadın siyasəti, gender bərabərliyi, məişət zorakılığı, qadınların liderlik keyfiyyətləri, qadınların qərar qəbuletmədə təmsilçiliyi və digər mövzular üzrə məlumatlar təqdim edilib.

Dövlət Komitəsi Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı ilə birgə Bakı şəhərinin Qaradağ, Xəzər, Səbail, Nizami, Xətai, Suraxanı, Nəsimi, Nərimanov, Pirallahı, Sabunçu rayonlarında, həmçinin Sumqayıt şəhərində, Siyəzən, Şirvan və Salyan rayonlarında təlimləri davam etdirəcək.

https://azertag.az/xeber/Yerli_ozunuidareetmede_gender_beraberliyinin_temin_edilmesi_movzusunda_silsile_telimler_kechirilir-1267679?fbclid=IwAR39EkXMrFQ3ZtZVReSOPwiBVaql_TJ0r8Zynmrlacv3tgflD516reQkyBI

ŞƏRHLƏR