"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

“Yerli özünüidarəetmədə gənclərin rolu” mövzusunda videokonfrans təşkil edilmişdir

--2020-07-30 / 15:42

Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyaları tərəfindən 45 şəhər, qəsəbə və kənd bələdiyyəsinin gənclərdən ibarət təmsilçilərinin iştirakı ilə “Yerli özünüidarəetmədə gənclərin rolu” mövzusunda videokonfrans təşkil edilmişdir.

Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov, Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Hümbət Hüseynov tədbirin keçirilməsinin zərurətini və bələdiyyələrin fəaliyyəti zamanı gənc bələdiyyə üzvləri üçün yaradılmış geniş imkanları qeyd etdilər.

Tədbirdə çıxış edən Milli Məclisin Gənclər və İdman Komitəsinin sədr müavini Şahin İsmayılov, Regional Məsələlər Komitəsinin üzvü Kamran Bayramov ölkə başçısı cənab İlham Əliyevin respublikamızda apardığı çoxsahəli gənclər siyasətindən, həmçinin bələdiyyə üzvlərinin qanunvericilikdə nəzərdə tutulan hüquq və vəzifələrinin gənclər tərəfindən daha səmərəli yerinə yetirilməsinin vacibliyindən danışdılar.

Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov, Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova və Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru Rəvanə Həşimova təmsil olunduqları qurumların fəaliyyəti barədə danışdılar və gələcəkdə yerli özünüidarəetmə sahəsində çalışan gənc bələdiyyə üzvlərinin yeni reallaşacaq layihələrdə iştirakları ilə bağlı təkliflərini bildirdilər.

Daha sonra mövzu üzrə müzakirələr aparıldı, videokonfrans iştirakçılarının sualları və təklifləri Milli Məclisin üzvləri, Gənclər Təşkilatlarının və Bələdiyyələrin Milli Assosiasiyalarının nümayəndələri tərəfindən cavablandırıldı.

 Bildirildi ki, bu silsilədən olan tədbirlər müntəzəm olaraq davam etdiriləcəkdir.

 Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyası

ŞƏRHLƏR