"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Yerli büdcənin tərtibi və təsdiqi

--2020-10-28 / 07:38

Yerli büdcə bələdiyyə statusuna uyğun olaraq özünüidarəetmə prinsiplərini reallaşdırmaq, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyənləşdirilmiş bələdiyyə səlahiyyətlərini həyata keçirmək üçün formalaşan və istifadə olunan maliyyə vəsaitlərinin məcmusudur.

Yerli büdcə bələdiyyə büdcəsi olub dövlət büdcəsinin tərkib hissəsi deyil.

Yerli büdcənin tərtibi və icrası prosesində büdcə sisteminin qanunvericiliklə müəyyən edilmiş ümumi prinsipləri və Azərbaycan Respublikasında tətbiq olunan büdcə təsnifatından istifadə olunur. Büdcə ili yanvarın 1-də başlanır dekabrın 31-də qurtarır.

Qanunvericiliyə görə bələdiyyələrin müvafiq komissiyalarında yerli büdcə layihəsinin tərtibi və onun müzakirəsi prosesi növbəti büdcə ilinə 11 ay qalmış başlanır və büdcə layihəsinin bələdiyyə iclasına təqdim edildiyi günədək davam edir. Yerli büdcənin layihəsi sosial-iqtisadi proqnozlar və məqsədli proqramlar əsasında tərtib edilir. Bələdiyyələrin müvafiq komissiyalarında büdcə layihəsinin tərtibi zamanı istifadə edilən normativ sənədlər, materiallar əks etdirilir, büdcənin tərtibinin əsas mərhələləri, büdcənin gözlənilən icrasının qiymətləndirilməsi, maliyyə planları və smetaların tərtibi məsələləri xarakterizə edilir. Büdcənin mədaxil və məxaric hissələrinin balanslaşdırılması üçün dövlət büdcəsindən yerli büdcəyə verilən ayırmaların, dotasiya (subsidiya və subvensiya) məbləğinin müəyyən edilməsi şərh edilir, əmələ gələn büdcə kəsiri, onun səbəbləri, maliyyələşmə mənbələri izah edilir.

Yerli büdcənin xərclərinin həcmi və istiqamətləri bələdiyyələr tərəfindən müəyyənləşdirilir. Yerli büdcə bələdiyyənin idarəetmə xərcləri, sosial-məişət, yaşayış, mədəniyyət və idman obyektlərinin, habelə əhalinin ümumi istifadəsində olan küçə, həyət və bağların saxlanılması xərcləri nəzərə alınmaqla bələdiyyələrin müəyyən etdiyi xərc normativləri əsasında formalaşdırılır.

Yerli büdcələrdə həmçinin sosial müdafiə, sosial və iqtisadi inkişaf, habelə ekoloji proqramların maliyyələşdirilməsi üçün xərclər nəzərdə tutula bilər.

Bələdiyyələrin ərazisində yaşayan əhalinin aztəminatlı təbəqəsindən olan mərhumların dəfn və yas mərasimlərinin təşkilinə yardım məqsədi ilə yerli büdcədə zəruri xərclər nəzərdə tutulur və təyinatı üzrə sərf edilir.

Yerli büdcənin xərc istiqamətləri müəyyən edilərkən əməkhaqlarına ayırmalar ümumi büdcənin əlli faizindən çox ola bilməz.

Növbəti büdcə ili üçün yerli büdcə haqqında qərar layihəsi müvafiq sənədlərlə birlikdə cari ilin oktaybr ayının 15-dən gec olmayaraq bələdiyyə iclasının müzakirəsinə və təsdiqinə təqdim edilir. Yerli büdcənin layihəsi bələdiyyə iclasına təqdim edildiyi tarixdən 10 gün ərzində yerli əhalinin tanış olması məqsədilə dərc edilir.

Növbəti büdcə ili üzrə yerli büdcənin layihəsi bələdiyyə iclasında cari ilin dekabr ayının 20-dən gec olmayaraq təsdiq edilir.

Yerli büdcə layihəsinin tərtibinə və bələdiyyə iclasına təqdim edilməsinə bələdiyyə sədri cavabdehdir və bu məqsədlə o, bələdiyyənin daimi və başqa komissiyalarını, bələdiyyə qulluqçularını və mütəxəssisləri cəlb edə bilər.

 

 Çingiz Cavadov                   

Lənkəran Regional Ədliyyə İdarəsinin

baş məsləhətçisi, kiçik ədliyyə müşaviri

          

ŞƏRHLƏR