"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Yerli büdcə layihəsinin tərtibi prosesi nə vaxt başlanır? Soruşun cavab verək

--2019-09-05 / 14:25

1.Yerli büdcə layihəsinin tərtibi prosesi nə vaxt başlanır?

 “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən yerli büdcə layihəsinin tərtibi prosesi növbəti büdcə ilinə 11 ay qalmış başlanır və büdcə layihəsinin bələdiyyə iclasına təqdim edildiyi günədək davam edir. Yerli büdcə layihəsinin tərtibinə və bələdiyyə iclasına təqdim edilməsinə bələdiyyə sədri cavabdehdir və bu məqsədlə o, bələdiyyənin daimi və başqa komissiyalarını, bələdiyyə qulluqçularını və mütəxəssisləri cəlb edə bilər.

 2.Bələdiyyənin növbəti il üçün büdcə layihəsi nə vaxt bələdiyyə iclasının müzakirəsinə və təsdiqinə təqdim edilir?

 “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən növbəti büdcə ili üçün yerli büdcə haqqında qərar layihəsi müvafiq sənədlərlə birlikdə cari ilin oktyabr ayının 15-dən gec olmayaraq bələdiyyə iclasının müzakirəsinə və təsdiqinə təqdim edilir.

Yerli büdcənin layihəsi bələdiyyə iclasına təqdim edildiyi tarixdən 10 gün ərzində yerli əhalinin onunla tanış olması məqsədi ilə dərc edilir. Növbəti büdcə ili üzrə yerli büdcənin layihəsi bələdiyyə iclasında cari ilin dekabr ayının 20-dən gec olmayaraq təsdiq edilir.

 3.Bələdiyyə büdcəsindən pul vəsaiti hansı qaydada ayrılır?

 “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən bələdiyyə büdcəsindən pul vəsaiti yalnız bələdiyyə iclasının qərarı ilə ayrılır və bu qərarda həmin vəsaitin təyinatı, məqsədi və dəqiq miqdarı göstərilməlidir.

Cingiz Cavadov

Lənkəran regional ədliyyə idarəsinin

baş məsləhətçisi kiçik ədliyyə müşaviri

 

ŞƏRHLƏR