"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Yerli (bələdiyyə) vergi və ödənişlər bələdiyyələrin əsas gəlir mənbəyidir

--2021-10-12 / 11:55

Müstəqil və suveren Azərbaycan dövləti postpandemiya və postkonflikt dövründə keyfiyyətcə yeni olan və 2021‒2030-cu illəri əhatə edən strateji mərhələyə daxil olur. Ölkənin ərazi bütövlüyünün bərpası ilə səciyyələnən yeni strateji dövrdə dərin struktur-institusional islahatlar hesabına yüksək iqtisadi artım mənbələrinin tapılması vasitəsilə Azərbaycan dövlətinin qüdrətinin daha da artırılması, yüksək rifah cəmiyyətinin qurulması, azad edilmiş bölgələrə tarixi qayıdış və əbədi məskunlaşma təmin edilməlidir.

Ölkə Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu mühüm prioritetlərdən biri davamlı sosial-iqtisadi inkişafın təmin edilməsidir ki, bu sahədə də yerli sosial-iqtisadi məsələlərin həllində bələdiyyələrin üzərinə çox mühüm vəzifələr düşür. Ona görə də yerli əhəmiyyətli məsələləri müstəqil həll etmək üçün bələdiyyələr kifayət qədər maliyyə ehtiyatlarına malik olmalıdırlar. Bu da onu göstərir ki bələdiyyələrin öz vəzifələrini yerinə yetirməsi onların maliyyə vəziyyəti ilə sıx bağlıdır. Bələdiyyə gəlirlərinin formalaşmasında isə əsas yeri yerli (bələdiyyə) vergilər və ödənişlər tutur. Bələdiyyə vergilərinin və ödəmələrinin stabilliyinin təmin edilməsi üçün 27 dekabr 2001-ci ildə “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanunu təsdiq edilmişdir. Yerli vergilər dedikdə bu Qanuna və Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq bələdiyyələrə ödənilən vergilər başa düşülməlidir və bələdiyyə vergilərinə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi, fiziki şəxslərdən əmlak vergisi, yerli əhəmiyyətli tikinti materialları (kərpic-kirəmit gilləri, tikinti qumları, yüksək möhkəmliyə malik olan çınqıl xammalı) üzrə mədən vergisi və bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərin mənfəət vergisi daxildir.

Qeyd edək ki, bələdiyyə vergilərinin dərəcələri vergi qanunvericiliyində təsbit edilmiş hədlər daxilində müəyyən edilir. Vergi qanunvericiliyinə uyğun olaraq, bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcələrinin aşağı salınması barədə qərar qəbul etmək hüququna malikdirlər.

Yerli ödənişlər isə bu Qanunla müəyyənləşdirilən ödənişlərdən, habelə yerli rəy sorğularının nəticələri əsasında həyata keçirilən məqsədli layihələrin maliyyələşdirilməsi üçün hüquqi və fiziki şəxslərin ödədikləri könüllü birdəfəlik ödənişlərdən ibarətdir. Yerli ödənişlərə bələdiyyə mülkiyyətində olan daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsi ilə bağlı ödəniş, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən, icarəyə və istifadəyə verilməsindən daxil olan ödəniş, bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar və ya səyyar ticarət, ictimai iaşə və digər xidmətlərə görə ödəniş, bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödəniş, bələdiyyə ərazilərində hüquqi və fiziki şəxslərə məxsus olan ixtisaslaşdırılmış avtomobil dayanacaqları və ya bələdiyyələrin qərarına əsasən müəyyən edilmiş yerlərdə bütün növ nəqliyyat vasitələrinin daimi və ya müvəqqəti dayanacaqları üçün ödəniş, qanunvericilikdə nəzərdə tutulmuş qaydada bələdiyyələrin yerli əhəmiyyətli proqramlarının maliyyələşdirilməsi üçün yerli rəy sorğusunun nəticəsinə əsasən hüquqi və fiziki şəxslərin sərəncamında qalan mənfəət və gəlirlər hesabına ödənilən könüllü birdəfəlik ödənişlər aiddir.

“Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində göstərildiyi kimi yerli vergilərin və ödənişlərin yığılmasına, yerli büdcələrə köçürülməsinə və istifadə olunmasına nəzarət bələdiyyələrin müvafiq komissiyaları, habelə seçkili orqanlarda, bələdiyyə qulluğunda işləməyən, yerli məhəllə komitələrinin və vətəndaşların yığıncaqlarında təklif olunan, bələdiyyə iclasında təsdiq olunan nəzarət komissiyaları tərəfindən həyata keçirilir. Zəruri hallarda yerli vergi və ödənişlərin yığılmasına və onlardan istifadə edilməsinə nəzarət məqsədi ilə bələdiyyələrin qərarına əsasən müvafiq yoxlamaların aparılması üçün müstəqil auditorlar cəlb oluna bilər.

Bələdiyyələrin vergi və ödənişlərin yığılması və istifadəsi sahəsində fəaliyyəti tam aşkarlıq şəraitində həyata keçirilməlidir. Bu məqsədlə bələdiyyələr və onların müvafiq nəzarət komissiyaları bələdiyyə ərazisində yaşayan sakinlər qarşısında mütəmadi olaraq hesabatlar verir, bülletenlər buraxır, illik hesabatları bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdirirlər.

Bələdiyyə büdcəsinin əsas formalaşma mənbəyi olan yerli vergi və ödənişlərin vaxtında və tam həcmdə toplanmaması yekunda bu gəlirlərin büdcədə aşağı çəkiyə malik olmasına gətirib çıxarır. Nəticədə isə yerli vergi və ödənişlər üzrə bələdiyyələrin əksəriyyətində debitor borclar yaranır.

Yerli vergi və ödənişlərin düzgün hesablanmasına, tam və vaxtında yerli büdcəyə ödənilməsinə nəzarət tədbirləri Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli, 478-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə" ilə tənzimlənir. Belə ki, bələdiyyələrin vergi xidməti orqanı bələdiyyələrin qərarına əsasən bələdiyyələrin icra aparatının strukturunda yaradılır və bu Əsasnamə ilə müəyyən edilmiş hüquq və vəzifələri yerinə yetirir. Bələdiyyələrin vergi xidməti orqanı yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödənilməsinə nəzarəti Azərbaycan Respublikasının Vergi Məcəlləsində və digər qanunlarda müvafiq yerli (bələdiyyə) vergilərə və ödənişlərə dair müəyyən edilmiş hallarda və qaydada, bu Əsasnaməyə müvafiq bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərdə kameral və səyyar vergi yoxlamaları aparmaqla həyata keçirir.

Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və digər qanunlarına əsasən müvafiq yerli (bələdiyyə) vergilər və ödənişlər ödənilmədikdə, bələdiyyənin vergi xidməti orqanlarının vəzifəli şəxsləri tərəfindən müvafiq akt tərtib edilir. Həmin aktda onun tərtib edildiyi tarix və yer, aktı tərtib etmiş şəxslərin vəzifəsi, soyadı, adı, atasının adı, yerli (bələdiyyə) verginin və (və ya) ödənişin ödəyicisi barədə məlumat, müvafiq verginin və (və ya) ödənişin növü (adı), Azərbaycan Respublikasının Vergi Məcəlləsinin və digər qanunların pozulmasını təşkil edən konkret hal (hallar) və həmin pozuntulara görə məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası Vergi Məcəlləsinin və digər qanunların konkret maddələri göstərilməli, ödəyiciyə müvafiq vergini və (və ya) ödənişi ödəmək təklif edilməlidir. Tərtib edilmiş akt bələdiyyənin sədrinə (yaxud onun müavininə), surəti isə ödəyiciyə təqdim edilməlidir.

Qeyd edilməlidir ki, bələdiyyələrin vəzifəli şəxsləri bəzi hallarda yerli vergi və ödənişlərin ödənilməməsi hallarında üzərlərinə düşən vəzifələri yerinə yetirmirlər. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən bələdiyyələr inzibati orqan hesab edilir və onların qəbul etdikləri inzibati aktların məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir.

Həmin Qanunun 82-ci maddəsinin tələblərinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edə bilər. Tələbin icraya yönəldilməsi haqqında qərarın qəbul edilməsinin şərtləri aşağıdakılardır:

  • borclu tərəfindən ən azı 10 gün ərzində pul tələblərinin ödənilməsini nəzərdə tutan inzibati aktın qəbul edilmiş olması; 
  • pul tələblərinin ödənilməsi üçün müəyyən olmuş icra müddətinin bitməsi;
  • inzibati orqan tərəfindən borcluya edilmiş xəbərdarlıqdan sonra, xəbərdarlığın elan olunduğu gündən sonrakı 10 gün müddətində borclunun ödəməni həyata keçirməməsi.

 

Gülay Mahmudzadə

Lənkəran Regional Ədliyyə İdarəsinin məsləhətçisi (iqtisadçısı)

ŞƏRHLƏR