"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Yeniləşən Azərbaycanda yeni elmi təfəkkürə ehtiyac var

--2021-02-11 / 17:34

Azərbaycan indi özünün yeni inkişaf mərhələsində inamla irəliləməkdədir. 44 gün ərzində mənfur düşmənlərin torpaqlarımızdan qovulması, min illərdir ki, ata-babalarımızın vətəni olan müqəddəs torpaqlarımızın qaytarılması ölkəmizdə böyük, mütərəqqi dəyişikliklərin getməsi üçün geniş imkanlar yaradıb. Həm beynəlxalq aləmdə xalqımızın nüfuzu xeyli yüksəlib, həm də ölkə daxilində, bütün insanlarımızda bir ruh yüksəkliyi yaranıb, onlarda sabaha olan inamı xeyli artırıb.

Əhali arasında son iki yüz il ərzində torpaqlarımızın daima əlimizdən alınması hesabına yaranmış məğlubolma sindromu tamamilə ortadan götürülüb və hər kəsdə qalib xalqın nümayəndəsi ovqatı yaranıb.

Torpaqlarımızın düşmən caynağından azad olması bütün mənəvi, siyasi cəhətləri ilə yanaşı, həm də geniş iqtisadi, sosial imkanlar yaratması ilə də çox mühüm əhəmiyyət kəsb edir. Yaxın zamanlarda qaçqın, məcburi köçkün psixologiyası ilə çadırlarda,  rahatlığı olmayan dar mənzillərdə, iqtisadi çətinlik içində yaşayan insanlar indi öz geniş torpaq sahələrində yüksək əhvali-ruhiyyə ilə fermerlik fəaliyyətinə başlayacaq, həm öz güzəranlarını xeyli yaxşılaşdıracaq, həm də ölkə iqtisadiyyatına mühüm töhfələr verəcəklər. Ölkə əhalisinin bir hissəsi bu ərazilərdə gedən tikinti, abadlıq, təsərrüfat işlərində yaxından iştirak edəcəklər, gedib o ərazilərdə məskunlaşacaqlar, torpaq sahibi olacaqlar. Azərbaycan tamamilə yeni inkişaf, tərəqqi imkanları qazanmışdır.

Ölkəmizdə yeni, müsbət bir siyasi iqlim yaranmışdır. Bu isə cənab Prezidentin qeyd etdiyi kimi, İkinci Qarabağ müharibəsində qazandığımız möhtəşəm qələbəni siyasi yollarla möhkəmlətmək imkanları yaradır. Son iki ildə ölkədə ciddi kadr islahatları aparılır, yeni gənc, beynəlxalq aləmdə baş verənlər barədə daha ətraflı, dərin məlumatlara malik olan savadlı, bacarıqlı komanda formalaşır. Artıq əhali də müsbət dəyişiklikləri hiss etməkdədir. İndi korrupsiya və rüşvətxorluğa qarşı mübarizə daha ciddi şəkildə aparılır. Bu neqativ hallara qarşı mübarizə xeyli gücləndirilmişdir. Ölkədə gedən abadlıq işləri uğurla davam etməkdədir.

Bütün dünyanı bürümüş koronavirus bəlası təəssüf ki, ölkəmizdə də müəyyən problemlər yaratdı. Amma buna qarşı da olduqca mühüm işlər görüldü. İlk gündən koronavirusla bağlı vəziyyət, gedən proseslər tam nəzarətə alındı. Dövlət təhlükənin qarşısını almaq üçün milyardlarla manat pul xərclədi və bu iş davam etməkdədir. Cənab Prezidentin qeyd etdiyi kimi, “Azərbaycan bu sınaqdan şərəflə çıxır.” Ötən il koronavirusla bağlı baş verənlər dünyanın bütün ölkələrinin iqtisadiyyatına ağır zərbələr vurdu. Azərbaycan isə ən az itki verənlər siyahısındadır. Hətta qeyri-neft sənayemizdə 11 faiz artım oldu. Kənd təsərrüfatımızda 2 faiz artım olub və bu artım yüksəlməkdədir. Orta əməkhaqqı, pensiya 13-14 faiz artıb. Dövlət öz valyuta fondunu qoruyub saxlaya bilib. Belə bir dövrdə ölkəmizin iqtisadiyyatında ümumi azalma cəmi 4 faiz olub. Azərbaycan əhalinin elektrik təchizatı səviyyəsinə görə dünyada ikinci yerdədir. Hökumətimiz islahatçılıq reytinqinə görə beşinci, uzunmüddətli strategiyalarına görə 10-cu yerdədir. Dünya Bankının “Doing Business” proqramında 190 ölkə arasında Azərbaycan 28-ci yerdədir. Gündən-günə inkişaf etməkdə olan həm neft, həm də qeyri-neft sektorlarının potensialı hesabına, ən yaxın illərdə daha yüksək yerlərdə olacağıq.

Dünyanın belə bir mürəkkəb, ağır dönəmində ölkəmiz başdan-başa yenilənir. Ənənəvi infrastruktur layihələri çox uğurla həyata keçirilməkdədir. Qazla, elektrik enerjisi ilə təmin olunma, avtomobil yollarının inşası, yeni dəmir yolu xətlərinin salınması, suvarma ilə bağlı layihələrin həyata keçirilməsi sahəsində mühüm uğurlar qazanılmışdır. Prezident indi əsas diqqəti həm də işğaldan azad olunmuş torpaqlarımızın abadlaşdırılmasına yönəldib. Artıq görüləcək işlərin əsas istiqamətləri müəyyənləşmişdir. Abadlıq işlərinə başlanmışdır və gündən-günə uğurla genişlənməkdədir. Xalqımız tam əmindir ki, yaxın zamanlarda Qarabağ dünyanın ən gözəl, abad ərazilərindən biri olacaq. Füzuli rayonunda böyük, müasir tələblərə cavab verən beynəlxalq hava limanının tikintisi üçün ciddi hazırlıq işləri gedir. Kəlbəcər və ya Laçın rayonunda da beynəlxalq hava limanları tikiləcəkdir. Bu o deməkdir ki, tezliklə Qarabağ artıq tamamilə başqa bir imiclə - sülh, əmin-amanlıq, abadlıq ünvanlı gözəl bir məkan kimi dünyanın diqqət mərkəzində olacaqdır. Şuşa şəhərinin adı ölkəmizin, dünyanın ən nüfuzlu, ən gözəl bir mədəniyyət mərkəzi kimi səslənəcəkdir. Burada xalqımızın mədəniyyəti ilə, dünya mədəniyyəti ilə bağlı beynəlxalq tədbirlər keçiriləcəkdir.

İşğaldan azad edilmiş torpaqlarda böyük bir məsafədə sərhədlərimizin qurulması ilə bağlı olduqca mühüm işlərə başlanmışdır. İmkanları genişlənən aqrar sektorumuz sürətlə inkişaf edəcəkdir. Prezidetin azad olunmuş torpaqlara səfər etməsi, orada əsgərlərimizlə səmimi söhbətləri, uçurulmuş məscidlərin xarabalıqlarında dünya xalqlarına, dünya müsəlmanlarına müraciət etməsi, tezliklə abadlıq işlərindən danışması əhali arasında olduqca böyük ruh yüksəkliyi yaradır. Onun Birinci vitse-prezident  Mehriban Əliyeva ilə birlikdə Xudafərin körpüsünü məhəbbətlə ziyarət etməsi xalqımızın tarixinə, mədəniyyətinə, taleyinə qarşı necə həssas olduğunu bir daha nümayiş etdirdi.

Bütün məsələlərə dərindən nüfuz etməyi bacaran Prezidentimiz 2021-ci ili “Nizami ili” elan etmişdir. Bu, olduqca düşünülmüş bir addımdır. Bu bir tərəfdən Azərbaycanın hələ 9 əsrdən əvvəlki dövrünün intibahından, bu torpaqlarda kimlərin yaşamasından, necə dahi şəxsiyyətlər yetirməsindən xəbər verir, digər tərəfdən yer üzünün bütün bəlalardan xilas olmasının yalnız müdrikliklə mümkün olduğu fikrini elan edir. Eyni zamanda xalqımızı öz tarixi keçmişini, milli mədəniyyətini, fəlsəfəsini, ədəbiyyatını dərindən öyrənməyə səsləyir. Düşmənə öz yerini göstərir.

Prezident fevral ayının 2-də “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında sərəncam imzaladı. Müəyyən olunmuş bu prioritetlər növbəti on ildə ölkəmizdə tərəqqinin təmin olunmasında mühüm rol oynayacaqdır. Dövlətimizin qüdrətlənməsinə, xalqın rifahının yüksəlməsinə kömək edəcəkdir. Növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafını yüksək şəkildə təmin etmək üçün 5 əsas istiqamət Milli Prioritet olaraq müəyyənləşdirilmişdir: 1) dayanıqlı, artan rəqabətqabiliyyətli iqtisadiyyat; 2) dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət; 3) rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı; 4) işğaldan azad olmuş ərazilərə böyük qayıdış; 5) təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi olmaq.

Müasir dünyanın tələblərinə uyğun olan bu prioritetlərin yerinə yetirilməsi ölkəmizin sürətlə tərəqqi etməsində mühüm rol oynayacaqdır. Bu prioritetlərin həyata keçirilməsi üçün Prezident Nazirlər Kabinetinə həvalə etmişdir ki, 9 ay ərzində “2021-2025-ci illər üçün sosial-iqtisadi inkişaf strategiyaları” hazırlansın. Aparıcı beynəlxalq təşkilatlar və ixtisaslaşmış konsaltinq şirkətləri ilə səmərəli əməkdaşlıq edilsin və müvafiq dövlət orqanları (qurumlarının), elmi təşkilatlar, mütəxəssislər və vətəndaş cəmiyyəti institutları bu işə cəlb olunsunlar.

Göründüyü kimi, bu yolda hər bir kəsin öhdəsinə müəyyən işlər düşür. Təbii ki, Azərbaycan alimlərinin, elmi təşkilatların, xüsusi ilə Azərbaycan Milli Elmlər Akademyasının qarşısında konkret vəzifələr dayanır. Bununla bağlı bütün institutlarımızda ciddi işlər gedir. 2021-ci ildə hər bir institutda elmi-tədqiqat mövzuları bu məqsədin reallaşmasına kömək edəcəkdir. Təbii ki, hər bir institutun qarşısında öz profilinə görə konkret vəzifələr vardır. Məsələn, tarix, arxeologiya istiqamətli tədqiqatlar erməni həyasızlığını, saxtakarlığını ifşa edən, həqiqəti ortaya qoyan araşdırmalara, iqtisadi yönümlü araşdırmalar iqtisadiyyatımızın möhkəmlənməsinə, riyazi yönümlü araşdırmalar inkişafımızın səmərəli yollarını müəyyənləşdirməyə imkan verən riyazi modellərin qurulmasına, hüquq, fələsəfə yönlü tədqiqatlarımız hüquqi, fəlsəfi, sosioloji bazamızın möhkəmlənməsinə xidmət edən tədqiqatlara - bir sözlə, hər bir institut özünün kömək edə biləcəyi sahələr üzrə araşdırma aparmağa başlamışdır.

AMEA-nın Azad Həmkarlar İttifaqı da öz öhdəsinə düşən işləri yüksək səviyyədə, ölkə Prezidentinin çağırışlarına uyğun olaraq həyata keçirməyə çalışır. Ötən ilin əvvəlindən koronavirusla bağlı baş verənlər Həmkarlar İttifaqının diqqət mərkəzində olmuşdur. Bu xəstəlik hələ ölkəmizdə yayılmağa başlamazdan əvvəl xeyli proflaktik tədbirlər görülmüşdür.

Pandemiya dövründə aztəminatlı akademiya əməkdaşlarına ərzaq yardımları edilmişdir. Müharibədə iştirak edən əməkdaşların ailələri ilə əlaqə saxlanmış, onların bir sıra problemlərinin həll olunmasına yardım edilmişdir. Müharibədən qayıdan bir neçə əməkdaşımız ödənişsiz olaraq sanatoriyalara göndərilmişdir.

 

Habil QURBANOV,

AMEA-nın Azad Həmkarlar İttifaqının sədri, hüquq üzrə elmlər doktoru, professor

https://www.azerbaijan-news.az/posts/detail/yenilesen-azerbaycanda-yeni-elmi-tefekkure-ehtiyac-var-1612989187

ŞƏRHLƏR