"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Xırdalan bələdiyyəsinin sədri Orxan Musayev: “"JEK"-ləri bələdiyyələrin modern xidmət mərkəzləri əvəz etməsi faydalı olardı”

--2021-12-21 / 13:59

Mediaya verilən açıqlamalarda 2022-2026-cı illər üzrə Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasında ölkədə mənzil kommunal istismar sahələrinin (MKİS) ləğvinin nəzərdə tutulduğu bildirilir. Strategiyada mənzil təsərrüfatının idarə edilməsi ilə bağlı bir sıra yeniliklərin edilməsi nəzərdə tutulur.
Mövzu ilə bağlı saytımıza açıqlama verən Xırdalan bələdiyyəsinin sədri Orxan Musayev bildirib ki, MKİS-lərin funksiyaları da daxil olmaqla mənzil təsərrüfatının idarə edilməsi ilə bağlı müasir və effektiv modellərin seçilməsi vacibdir: “Ölkəmizdə bütün sahələrdə aparılan islahatlar, effektiv dəyişikliklər, tətbiq olunan yeniliklər yerli özünüidarəetmə sahəsində də vətəndaş məmnunluğunun təmin olunmasına yönələn mühüm transformasiyaların həyata keçirilməsini zəruri edir. Cəmiyyətdə hamı razılaşar ki,
Sovetlərin mənzil idarəçiliyi modeli olan mənzil istismar idarələri artıq müasir tələblərlə ayaqlaşmaq imkanında deyil. 2009-cu ildə qüvvəyə minən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi mənzil-istismar təsərrüfatlarını mənzil fondunun idarə edilməsi prosesindən hüquqi baxımdan kənarlaşdırıb. Amma faktiki olaraq MKİS hələ də fəaliyyətini davam etdirir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 14-cü maddəsinə əsasən dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları özəlləşdirilmiş mənzillərin mülkiyyətçiləri ilə ancaq müqavilə əsasında bu mənzillərə (evlərə) xidmət göstərə bilərlər. Mənzil İstismar İdarələri təbii ki indiyə qədər heç bir mənzil sahibi ilə belə müqavilə imzalamayıblar. Bu, öz növbəsində mənzil sahiblərinin müştərək cəmiyyətlərinin yaradılmasını və onların fəaliyyəti üçün zəruri hüquqi normaların formalaşdırılmasını tələb edir. Mənzil sahiblərinin müştərək cəmiyyətlərinin çevik və səmərəli fəaliyyətinin təşkili üçün bələdiyyələrin xidmət mərkəzlərinin açılması faydalı olardı. Təklif edərdim ki, 2022-ci ildə bu model pilot layihə kimi bir neçə şəhərin, o cümlədən Xırdalan bələdiyyəsində tətbiq olunsun".

Belediyye.info

ŞƏRHLƏR