"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Xəzərin hasarlanması etiraz doğurdu - Mənə dəniz verin!

--2021-07-30 / 17:39
“Düşünürəm ki, məsələ ictimailəşdirilməli, günahkarlar isə öz cəzasını çəkməlidir”
 
“Dəniz sahilini hasarlamaq, onu vətəndaşın ixtiyarına buraxmamaq ən böyük və ciddi qəbahətdir”
 
Xəzər dənizinin sahillərinin hasarlanması, əhalinin çimərliklərə çıxışının məhdudlaşdırılması problemi yenə də gündəmə gəlib. Milli Məclisinin Mədəniyyət Komitəsinin sədr müavini, millət vəkili  Fazil Mustafa Baş prokuror Kamran Əliyevə müraciət ünvanlayıb.
Deputat müraciətin mətnini sosial şəbəkə hesabında da paylaşıb. Qeyd edək ki, müraciət əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləiş bağları 9-cu dalan massivində yaşayan sakinlərin millət vəkilində şikayətləri əsasında hazırlanıb.
 
Millət vəkili bildirib:
 
“Xəzər dənizinin qeyd olunan ərazisində sahilboyu zolaq altında olan torpaqlar, vətəndaşların ümumi istifadəsindəki yol sahəsi yerli əhalinin maraqları, ictimai ehtiyacları nəzərə alınmadan ayrı-ayrı fiziki və hüquqi şəxslərin istifadəsinə və icarəsinə verilib. Qanunsuz yollarla torpaq sahələrini əldə etmiş şəxslər tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla dəniz kənarı zolaqda bağ evləri və digər obyektlər inşa edilib, sakinlərin dəniz sahilinə çıxışı məhdudlaşdırılıb”.
 
Millət vəkili bildirib ki, həmin ərazinin hasarlanması, yolun bağlanması və yol sahəsinə dəmir qapı qoyulması vəzifəli şəxslərlə sahibkarların qabaqcadan əlbir olması yolu ilə cinayət əlaqəsinə girmələrinin nəticəsidir:
 
“Bu əməldə cinayət tərkibi olduğundan müraciətimin araşdırılmasınına, eləcə də cinayət əməli törətmiş vəzifəli şəxslərin və sahibkarlıq subyektələrinin cinayət məsuliyyətinə cəlb edilməsinə, dövlətin və vətəndaşların qanunla qorunan mənafelərinə vurulmuş zərərin aradan qaldırılmasına yardımçı olmağınızı xahiş edirəm”.
 
“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli “Sherg.az”a bildirib ki, ümumi istifadədə olan ərazilərin hasarlanması yolverilməzdir:
 
“Yəqin buna yol verənlər düşünürlər ki, onlardan böyük adam yoxdur. Bu zaman cəmiyyətdə müəyyən fikir formalaşır ki, kimin pulu çoxdursa, istədiyini edə bilər. İnsanın cibində pulu çox ola bilər, lakin gərək intellekti, təfəkkürü və dünyagörüşü olsun.
 
Cəmiyyətimizdə imkanlı insanların böyük əksəriyyəti düşünür ki, hər kəsi qarışqa gözündə görə bilər. Məhz Xəzər sahillərinin hasarlanması da qanunauyğun olmayan bir məqamdır. Cənab Prezidentin bununla bağlı imzaladığı fərman var.
 
Düşünürəm ki, məsələ ictimailəşdirilməli, günahkarlar isə öz cəzasını çəkməlidir. Dəniz sahilini hasarlamaq, onu vətəndaşın ixtiyarına buraxmamaq ən böyük və ciddi qəbahətdir”.
 
ŞƏRHLƏR