"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Xalqımızın Zəfər Carçıları

--2022-09-26 / 08:13

 Sənin qüdrətindən mayalanıbdı

Dözümüm, inadım, səbrim, ay Vətən.
Nəyimə lazımdı yad ellər mənim,
Qoynunda qazılsın qəbrim, ay Vətən.

Sən rəngi solmayan, ətri getməyən,
Gülü saralmayan çəmənsən, Vətən.
Füzuli sevdiyi, Sabir sevdiyi,
Vurğun vəsf etdiyi Vətənsən, Vətən!

                               Zəlimxan Yaqub.

       XX əsrin 80-ci illərinin sonları-90-cı illərinin əvvəllərində Ermənistan Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları ilə çıxış etmiş və ölkəmizə qarşı hərbi təcavüzə başlamışdır. Həmin dövrdə Azərbaycanda hökm sürən hərc-mərclikdən istifadə edən Ermənistan torpaqlarımızın 20%-ni işğal etmiş, Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı öz doğma yurd-yuvasından didərgin düşmüşdür. Azərbaycana qarşı hərbi təcavüzün nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin həyata keçirilməsi üzrə 30 ilə yaxın davam edən danışıqlar prosesi Ermənistanın destruktiv mövqeyinə görə nəticə verməmişdir. 2019-cu ildən etibarən isə Ermənistan hərbi-siyasi rəhbərliyinin bir-birinin ardınca verdiyi təxribatçı bəyanatlar və atdığı addımlar danışıqlar prosesini məqsədyönlü şəkildə tamamilə pozmuşdur. Bununla Ermənistan bir daha özünün əsl məqsədinin mövcud status-kvonu möhkəmləndirməkdən və Azərbaycan ərazilərini ilhaq etməkdən ibarət olduğunu nümayiş etdirmişdir. Ermənistanın qəbul etdiyi təcavüzkar və hücum xarakterli milli təhlükəsizlik strategiyası və hərbi doktrina, işğal edilmiş ərazilərdə qeyri-qanuni məskunlaşdırma siyasətini genişləndirməsi, “yeni ərazilər uğrunda yeni müharibə” çağırışı, mülki şəxslərdən ibarət “könüllü dəstələri” yaratmaq qərarı, 2020-ci il iyulun 12-də Ermənistan–Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində təxribat törətməsi, eyni zamanda, bütövlükdə qoşunların təmas xəttində gərginliyi artırması, cəbhə xəttinə yaxın ərazilərdə qoşunlarını cəmləşdirməsi, böyük həcmdə silah-sursat toplaması Ermənistanın genişmiqyaslı hücuma hazırlaşdığını göstərirdi.
   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə dərhal Təhlükəsizlik Şurasının iclası keçirilmiş, təcavüzkara adekvat cavab verilməsi istiqamətində konkret tapşırıqlar verilmişdir. Ölkədə elan edilmiş səfərbərliyə cavab olaraq xalqımızın yüzlərlə oğulları düşmənlə döyüşüb illərdir davam edən işğala son qoymaq üçün vətən naminə könüllü olaraq cəbhəyə getməyə hazır olduqlarını bəyan etmişlər. Xalqımızın qeyrətli övladları cəbhənin müxtəlif istiqamətlərində rəşadətlə, qeyrətlə vuruşaraq düşməni lərzəyə salmış, igidcəsinə torpaqlarımızı işğaldan azad etmişlər. Vətən torpaqlarını işğaldan azad edən rəşadətli və müzəffər Ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində Ermənistan Respublikasının silahlı qüvvələri darmadağın edilərək, canlı qüvvə və texnika sarıdan böyük itkilər verərək geri çəkilməyə məcbur olmuş və döyüş meydanındakı acınacaqlı məğlubiyyətlərinin əvəzini çıxmaq üçün Azərbaycanın münaqişə zonasından və cəbhə xəttindən uzaqda yerləşən şəhər və rayonlarındakı mülki infrastruktur obyektlərini – yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri hədəf seçmiş, müxtəlif növ silahlarla, o cümlədən artilleriya və ballistik raketlərlə atəşə tutaraq insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri törətmiş, mülki şəxsləri vəhşicəsinə qətlə yetirmiş, mülki əhaliyə zərər vurmuşlar. Düşmənin məkrli, hiyləli tələlərini, pusqularını öz canları bahasına dəf edən igid əsgərlərimiz, fatehlərimiz üç rəngli bayrağımızı tarixi torpaqlarımızda dalğalandırmışlar. Hələ sorağı illərlə yaşayacaq əfsanəvi Şuşa fatehlərimizin şücaəti bütün düşməni lərzəyə salmışdır. Millətimizin genetik yaddaşında olan qəhrəmanlıq, ulu babalarımızdan gələn qeyrət, rəşadət ruhu , cəngə çıxan Babəklərimiz, Koroğlularımız, Xətailərimiz, Cavadxanlarımız, Nəbilərimiz, Mübarizlərimiz, Poladlarımız düşməni rüsvay edərək qaçmağa məcbur etmişlər. Rəşadətli Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçmişlər, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad edilmişdir. Xalqımız Vətəninə, torpağına bağlı qəhrəmanlar yetişdirən xalqdır. İgid oğullarımız bu cəsarəti, əzmi, mübarizliyi 1-ci Qarabağ döyüşlərində , 2016-cı ilin Aprel döyüşləri zamanı da bütün dünyaya nümayiş etdirmişdilər. O zaman da Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən canından keçən nə qədər mərd oğullarımız sənin yolunda canından keçdi, Ana Vətən. Həmin gün onlar düşməni bir addım da irəli buraxmamaq üçün son damla qanlarına kimi vuruşdular. Qorxu duymadan, ürəklərində Azərbaycana sonsuz sevgi ilə qəhrəmancasına döyüşüb şəhid olan igidlərimiz bir daha sübut etdilər ki, bu xalqın qəhrəmanları yüzlərlə, minlərlə, milyonlarladır. Xalqımızın hər bir şəhidinin xatirəsi bizim üçün əziz olaraq qalacaq. Azərbaycanın bayrağını öz canları, qanları bahasına şəhid olaraq dalğalandıran igid əsgərlərimizi hərbiçilərimizi qəlbimizdə daim yaşadacağıq. Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin müəllifi və sərkərdəsi olduğu qələbəmiz Azərbaycan xalqının adını tarixdə qızıl hərflərlə yazdırmışdır. Şəhidlər ölməz vətən bölünməz!

 Rüfət Qasımov

İmişli regional idarənin

məsləhətçisi

ŞƏRHLƏR