"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Xalqımıza xidmət etməkdən qürur duyuruq-TƏBRİK

--2016-01-26 / 16:20

Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin sədri, 
Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədr müavini

2014-cü il dekabrın 23-ü ölkəmizdə 4-cü çağırış bələdiyyə seçkiləri günü kimi yadda qaldı. Həmin gündən bizi təxminən bir il bir ay vaxt ayırır. Prezident İlham Əliyevin rəhbərliyi ilə bələdiyyə seçkiləri şəffaf, demokratiya şəraitində keçirildi. Son bələdiyyə seçkiləri qadın və gənclərin daha çox mandat qazanması ilə də yadda qaldı. Bələdiyyələrə seçilən qadınların sayı ümumi rəqəmin 29%-ni, gənclər isə 24%-ni təşkil etdi. Halbuki 2-ci Bələdiyyə seçkilərindən sonra qadınların təmsilçiliyi cəmi 4%, gənclərin təmsilçiliyi isə cəmi 5% idi. Binəqədi Bələdiyyəsinə seçilən üzvlərin 41,2%-ni gənclər təşkil edir: 17 nəfərdən 7-si gəncdir. Qadınların təmsilçiliyi isə daha yüksək oldu – 47%, yəni 17 nəfərdən 8-i.

Bizə etimad göstərən, namizədliyimizi irəli sürən YAP-na, bizi seçən seçicilərə bir daha dərindən minnətdarıq.

2015-ci il yanvarın 26-da Binəqədi rayon Binəqədi Bələdiyyəsinin ilk iclası keçirildi, bələdiyyə üzvləri səlahiyyətlərinin icrasına başladı. İlk iclasda təşkilati məsələlərə baxıldı, sədr, sədr müavinləri, komissiyalar yaradıldı.

Seçkilərdə iştirakımız, üstəlik, seçilməyimiz bizim üçün şərəf, eyni zamanda son dərəcə böyük məsuliyyət idi. Yeni işimizə də bu məsuliyyəti dərk edərək başladıq. Fəaliyyət göstərdiyimiz bir ildə bu məsuliyyəti bir an da olsun unutmadıq. Hər addımda anladıq ki, xalqımıza, insanlara xidmət etməliyik. “Azərbaycan xalqının birinci xidmətçisi mənəm!” deyən Prezident İlham Əliyevin bir fikri bizim üçün əsas proqram oldu: “Dövlət məmurları xalqın xidmətçiləri olduqlarını unutmamalıdırlar”. Bələdiyyə olaraq bizim də xidmətimiz xalqımızın rifahına, əmin-amanlığına ünvanlanıb.

Bəs ötən bir ildəki fəaliyyətimiz nə ilə yadda qaldı? Hansı işləri görə bildik, nələrin öhdəsindən gəldik? Nəyi bacarmadıq? Hansı problemlər var, qarşıda hansı vəzifələr dayanır?

Ulu öndər Heydər Əliyevin ideyalarından qaynaqlanan bələdiyyə institutu 17 illik tarixində cəmiyyət həyatında mühüm yer tutub. 1995-ci il noyabrın 12-də qəbul edilmiş Azərbaycan Konstitusiyasının 4-cü bölməsi bələdiyyələrə həsr olunub. Bələdiyyələr ölkəmizdə daha uğurlu gələcəyə hədəflənən islahatlar dövründə özünün inkişaf yolunu keçir, vətəndaşların manafeyi naminə yerli əhəmiyyətli məsələlərin həllində fəal iştirak edir, onların etibarını qazanmağa çalışır. Prezident İlham Əliyev bələdiyyələrin fəaliyyətinə daim diqqətlə yanaşır. Heç şübhəsiz, bələdiyyələr bu etimadı doğrultmalı, ölkənin inkişafında əhəmiyyətli rol oynamalı, cəmiyyətdə layiq olduqları yeri tutmalıdırlar.


Biz, Binəqədi rayonu Binəqədi Bələdiyyəsi olaraq bir il əvvəl yeni tərkibdə işə başlayarkən qarşımıza bir məqsəd qoyduq: bələdiyyələrin cəmiyyətdəki nüfuzunun artırılmasına nail olmaq. İndiyədək bu məqsədə çatmaq yönündə gördüyümüz işlər nəticəsiz qalmayıb. Son bir ildə qəsəbə sakinlərinin Bələdiyyəyə müraciətləri artıb. Bunu müsbət hal kimi dəyərləndirmək lazımdır, çünki bu faktın özü bələdiyyələrin nüfuzunun, onlara inam, güvən hissinin artmasının göstəricisidir. Əlbəttə, bələdiyyələrin vətəndaşlarla əlaqələrinin möhkəmləndirilməsi, münasibətlərin yüksək səviyyədə qurulması böyük önəm kəsb edir.

Ən vacib şərtlərdən biri yerli əhəmiyyətli sosial məsələlərin həllində bələdiyyələrin fəaliyyətini düzgün qurmaqdan ibarətdir. Bu sahədə də müsbət təcrübə əldə olunub. Ötən dövr ərzində mövcud problemlər araşdırılıb, onların həlli istiqamətində xeyli iş görülüb, bir sıra mühüm layihələr həyata keçirilib.

2016-cı il yanvarın 10-da Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında  Prezident İlham Əliyev qeyd etdi ki, “Azərbaycan 2015-ci ildə uğurla inkişaf etmişdir. Qarşıda duran bütün vəzifələr icra edilmişdir. Ölkəmizin beynəlxaq nüfuzu daha da artmışdır.” Bu inkişaf, ölkəmizdə aparılan quruculuq işləri, əldə olunan uğurlar həyatımızın bütün sahələrinə köklü şəkildə təsir etməkdədir. Binəqədi rayonunda da bu inkişaf özünü bariz şəkildə göstərir. Bələdiyyəmiz də bu inkişafla ayaqlaşmağa çalışır.

Binəqədi Bələdiyyəsi fəaliyyətini mövcud qanunvericiliyə və təsdiq edilmiş iş planına əsasən həyata keçirir. Hər ay Bələdiyyənin ümumi iclasları keçirilir, müvafiq qərarlar qəbul olunur və onların icrası təmin edilir. Daimi komissiyaların və şöbələrin fəaliyyətinə dair hesabatlar, sosial maliyyə məsələləri, təmir-tikinti və abadlıq işləri, vətəndaşların müraciətlərinə baxılması diqqət mərkəzində saxlanılır. 2015-ci ildə 22 iclas keçirilib, cari məsələlərə aid 108 qərar qəbul edilib. Vətəndaşlardan Bələdiyyəmizə 633 müraciət daxil olub.

Bələdiyyəmizdə sədr və müavinlərin, daimi komissiya sədrlərinin, eləcə də şöbə müdirlərinin qəbul günləri müəyyənləşdirilib və il ərzində Bələdiyyəmizdə 376 nəfər qəbul edilib. Rayon sakinləri, ağsaqqallar, ziyalılar, gənclərlə mütamadi olaraq çoxsaylı görüşlər keçirilib. Sakinlərin Bələdiyyənin fəaliyyətini izləyə bilməsi, eləcə də öz müraciətlərini Bələdiyyəyə gəlmədən belə bizə ünvanlaya bilməsi üçün sosial şəbəkələrdə, o cümlədən FB sosial şəbəkəsində Bələdiyyəmizin səhifəsi yaradılıb.

Ötən ilin oktyabrında “Azərbaycanda yerli demokratiya həftəsi” çərçivəsində müxtəlif tədbirlər keçirilib. Sakinlər həftə haqqında əvvəlcədən məlumatlandırılıb, bu məqsədlə təşviqat işləri görülüb. “Açıq qapı” günü elan olunub. Bələdiyyənin inzibati ərazisində “Bələdiyyə poçtu” qutuları quraşdırılıb, sakinlərin müraciətlərini anonim şəkildə ünvanlaması təmin edilib. Vətəndaşların bələdiyyələrlə əlaqələrinin asanlaşdırılması üçün “Qaynar xətt” telefonu da fəaliyyət göstərir, bu isə sakinlərin öz problemləri, şikayətləri ilə bağlı daha rahat müraciət etmələrinə imkan yaradıb. Bütün bu tədbirlər bələdiyyə-vətəndaş, vətəndaş-bələdiyyə münasibətlərinin inkişafina və şəffaflığın artırılmasına xidmət edir. Həftə çərçivəsində GİZ Alman əməkdaşlıq təşkilatı ilə birgə Bələdiyyənin sakinlərlə birbaşa ünsiyyətdə olan əməkdaşları üçün “Ünsiyyət qurmaq bacarıqları” mövzusunda təlim keçirilib. Təlim müddətində əməkdaşlarla effektiv ünsiyyətin qurulması, fəal dinləmə üsulları, çətin mübahisələrin öhdəsindən gəlmək yolları müzakirə olunub.

Bələdiyyələrin görəcəyi işlər sakinlərin sosial sifarişindən irəli gəlir. Həmin sifarişlərin öyrənilməsi vacibdir. Bu işdə məmurların sakinlərlə görüşlərinin təşkili çox vacibdir. Vətəndaşların qəbulu, problemlərinin öyrənilməsi, təkliflərinin dinlənilməsi, sakinlərlə hesabat xarakterli görüşlər, zəruri məsələlərin birgə müzakirələri böyük əhəmiyyət kəsb edir.

2015-ci il oktyabrın 20-də bələdiyyə qulluqçuları, eləcə də “Bələdiyyə gəlirləri və yerli vergilər şöbəsi”nin əməkdaşları üçün “Bələdiyyələrdə yerli vergi və ödənişlərin yığılması üzrə kadr potensialının artırılması” mövzusunda təlim keçiriilb. Bu, bələdiyyə əməkdaşlarının hüquqi biliklərinin artırılmasına xidmət edən bir layihə idi. 

Bələdiyyəmiz öz işini Binəqədi rayon İcra Hakimiyyəti ilə sıx təmasda, qarşılıqlı işgüzar əlaqələr əsasında qurub. Rayon İcra Hakimiyyətinin dəstəyini daim hiss edirik. 2015-ci il martın 16-da Binəqədi rayon İcra Hakimiyyəti başçısının Bələdiyyə üzvləri ilə görüşü bu dəstəyin göstəricisi idi.

Sosial layihələr son bir ildə Binəqədi Bələdiyyəsinin daha çox diqqət mərkəzində olub. Artıq, demək olar ki, rayonun sosial-iqtisadi inkişafı, yerli əhəmiyyətli məsələlərin həlli, yaşayış məhəllələrinin abadlaşdırılmasında rolumuz artıb. RİH başçısının 1 iyul 2014-cu il tarixli əmrinə əsasən keçirilən “Təmiz Binəqədi” layihəsində Bələdiyyəmiz yaxından iştirak edib. İlk dəfə ölkəmizdə keçirilən və Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış Ӏ Avropa Oyunlarına hazırlıq işlərində də böyük fəallıqla çalışmışıq. Belə ki, I Avropa Oyunlarına hazırlıq ərəfəsində Binəqədi Bələdiyyəsinin inzibati ərazisinə aid olan Ziya Bünyadov prospektində abadlıq işlərinin görülməsində yaxından iştirak etmişik.

Binəqədi Bələdiyyəsi ekoloji tarazlığın, təmizliyin, səliqə-sahmanın qorunub-saxlanılması məsələlərinə böyük diqqət ayırır. Yaşıllıq və gözəlliklərin artırılması, ətraf mühitin korlanmasının qarşısının alınması əsas hədəflərimiz sırasındadır. RİH tövsiyyəsinə uyğun olaraq, Novxanı, Göradil, Fatmayi bağları, çimərlik və yaşayış sahələrində məişət tullantılarının yığılması və daşınması işi gündəlik olaraq həyata keçirilir, eyni zamanda müxtəlif irimiqyaslı təmizlik aksiyaları reallaşdırılır. Təmizliyin qorunması üçün əraziyə yeni konteynerlər yerləşdirilib, məişət tullantıları üçün daş yerlər tikilib sakinlərimizin istifadəsinə verilib.

Ötən ilin mayında Binəqədi Bələdiyyəsinin təşkilatçılığı ilə Dərnəgül metrostansiyasının ətrafında keçirilən ağacəkmə aksiyasında yüzlərlə ağac əkilib. “Ümumrespublika yaşıllaşdırma marafonu” çərçivəsində rayonumuzun digər bələdiyyələri ilə birlikdə “Birgə yaradaq” aksiyasında da həmrəy olduq və Xocəsən bələdiyyəsinin ərzasində ağacəkmə aksiyasında yaxından iştirak etdik.

2015-ci il dekabrın 24-ü Binəqədi bələdiyyəsi üçün əlamətdar tarix oldu. “Süleyman Sani Axundov küçəsi, 4” ünvanında yerləşən yeni məhəllədaxili parkın açılışı oldu. Bu tədbiri Binəqədi Rayon İcra hakimiyyəti başçısının 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi ilə birgə təşkil etdik. Bu faktı vurğulamaqda məqsədim var. Biz Binəqədi bələdiyyəsi olaraq Binəqədi Rayon İcra hakimiyyəti başçısının ərazimizdə yerləşən 1 və 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri ilə birgə tədbirlər həyata keçiririk. Görülən işlər sakinlər tərəfindən razılıqla qarşılanır.

Binəqədi Bələdiyyəsi ötən ilin mühüm hadisəsi olan, 1 noyabr 2015-ci ildə ölkəmizdə keçirilən 5-ci çağırış Milli Məclisə seçkilərdə, ona hazırlıq mərhələsində RİH hakimiyyəti və YAP Binəqədi rayon təşkilatının tövsiyyələrinə uyğun olaraq böyük fəallıq nümayiş etdirib. 

Bələdiyyəmiz sakinlərin sosial problemlərinin həlli sahəsində də öz səylərini əsirgəməyib. Tənha qocalar, əlillər, şəhid və aztəminatlı ailələr daim diqqət mərkəzində olub. Müqəddəs “Ramazan bayramı” münasibətilə sakinlərimiz üçün “İftar süfrəsi” təşkil edilib, “Qurban bayramı” münasibətilə ərazimizdə yaşayan 279 aztəminatlı ailəyə bayram payı çatdırılıb, Novruz bayramı münasibətilə şənlik təşkil edilib.

Ötən il yeni dərs ili ərəfəsində ərazimizdəki aztəminatlı ailələrin övladları ilə görüş keçirilib, onların övladlarına yeni məktəbli formaları hədiyyə olunub. Azərbaycanın müstəqilliyinin bərpasının 24-cü ildönümü münasibətilə bir neçə orta məktəbin şagirdləri üçün “Müstəqilliyimiz, gənclərimiz və gələcəyimiz ” adlı tədbir təşkil olunub, onlara Qarabağ müharibəsindən bəhs edən “Dolu” filmi nümayiş etdirilib. Heç şübhəsiz, bu cür tədbirlər məktəblilərin vətənpərvərlik ruhunda tərbiyəsində əvəzsiz rol oynayır. “Dövlət Bayraq günü” münasibətilə Binəqədi qəsəbə bələdiyyəsi ilə birlikdə yeniyetmələrin “Dövlət Bayraq Meydanı”na ekskursiyasını təşkil etdik.

2015-ci il iyulun 23-də Binəqədi rayonunda daha bir ilkə imza atıldı. İlk dəfə Binəqədi rayon bələdiyyələri mətbuat qarşısında hesabat verdilər. Binəqədi rayon, Binəqədi qəsəbə, Biləcəri qəsəbə və Xocəsən qəsəbə bələdiyyələri birlikdə kütləvi informasiya vasitələrinin nümayəndələri üçün birgə mətbuat konfransı keçirdilər. Mətbuat işçiləri ilə görüşdük, bir növ onlara ilin 6 ayının hesabatını verdik. Əslində, məqsəd o idi ki, jurnalistlərlə “dostlaşaq”, onlara gördüyümüz və görəcəyimiz işlərdən danışaq. Azərbaycan Milli mətbuatının 140 illik yubileyi çərçivəsində keçirilən bu konfransda bir qrup KİV nümayəndəsinə “Bələdiyyə dostu” Fəxri fərmanı da təqdim olundu.

Biz fəaliyyətimizi təkcə sosial layihələr həyata keçirməklə bitmiş hesab etmirik. Prezident İlham Əliyevin məmurlardan tələbi budur ki, xalqın içində olun, insanlarla ünsiyyətdə olun, onları dinləyin, problemlərini həll edin. Biz də əhali ilə daha çox təmasda olmağı, onları dinləməyi, problemlərini öyrənməyi, bu problemlərin həlli üçün çalışmağı fəaliyyətimiz üçün əsas hesab edirik. Sakinlərlə təması gündən-günə daha da artırırıq, məhəllə komitələri yaratmışıq. Bu komitələrin fəaliyyəti işimizə çox kömək olur. Sakinlərdən çox sayda təklif alırıq, onların iştirakı ilə keçirilən iməciliklər münasibətlərimizin “istiləşməsində” müsbət rol oynayır.     

Bələdiyyəmizin müəyyən problemləri də var. Binəqədi Bələdiyyəsinin hələ də özünün inzibati binası yoxdur... 

Binəqədi Rayon İcra hakimiyyəti rayonda fəaliyyət göstərən 5 bələdiyyəyə lazimi dəstəyi göstərir. Bu dəstək bizim üçün çox önəmlidir. Həmin dəstəyi sübut edən amillərdən biri də bələdiyyələrə “tövsiyyələr zərfi”nin təqdim olunması idi. Həmin “tövsiyyələr zərfi”ndə bələdiyyələrin xidmət sahələrinin yaradılması xüsusi qeyd olunur. Və mən etiraf edirəm, müəyyən təkliflərimiz olmasına baxmayaraq, maddi gəlirlərimizin aşağı olması səbəbindən həmin xidmət sahələrinin yaradılmasında müəyyən çətinliklər çəkirik. Təbii ki, bunun üçün maliyyə resursları tələb olunur. Bələdiyyələrin gəlirləri isə əsasən torpaq və əmlak vergisi hesabına təmin olunur. Bu, qanunvericiliklə təsbit olunur, qanunlarla, normativ-hüquqi aktlarla tənzimlənir. Məlumdur ki, əksər bələdiyyələrin mövcud büdcələri, nəinki layihələrin həyata keçirilməsinə, hətta cari fəaliyyətin təşkilinə belə çatmır. Səbəblərdən biri də odur ki, sahibkarlar bəzən vergiləri verməkdən imtina edirlər. Onlar unutmamalıdırlar ki, dövlətin vergisini hər kəs tam şəkildə ödəməlidir.  Binəqədi Bələdiyyəsi bu problemi yoluna qoymaq üçün fəaliyyətini gücləndirib. Bunun üçün Vergilər Nazirliyi ilə birgə pilot layihəyə başlanılıb, ərazinin inventarizasiyası yeni pasportlaşdırma üsulu ilə həyata keçirilir. Bu məqsədlə ötən ilin sentyabrında Vergilər Nazirliyinin Şamaxıdakı Tədris Mərkəzində “Yerli (bələdiyyə) vergilərin ödəyiciləri olan fiziki şəxslərin və sahibkarlıq subyektlərinin uçota alınması, Yerli (bələdiyyə) vergi və ödənişlərin hesablanması, ödənilməsi və uçotu, habelə yerli (bələdiyyə) vergi və ödənişlərin elektron uçotunu nəzərdə tutan “Bələdiyyə Vergi İnformasiya sistemi” proqramı təminatının tətbiqi” mövzusunda tədbir də keçirildi. Binəqədi Bələdiyyəsinin rəhbər heyəti də həmin təlimdə iştirak etdi. Onu da qeyd edim ki, indi Binəqədi Bələdiyyəsi vergi gəlirlərini xüsusi proqnozlaşdırma əsasında hesablayır ki, bu da yığımlara müsbət təsir edir...

Bələdiyyələrin qarşısında duran vəzifələrin icrası, mövcud resursların yerli səviyyədə müəyyən edilmiş hədəflərə, sosial yönümlü məsələlərin həllinə yönəldilməsi kadrlardan da birbaşa asılıdır. Biz bunu yaxşı başa düşür və fəaliyyətimizi bu yöndə qurmağa çalışırıq. Xidmət sahələrinin yaradılması da bundan sonrakı fəaliyyətimizdə prioritet istiqamətlərdən biri olacaq. Bələdiyyənin təkcə əmlak və torpaq vergisindən yox, eyni zamanda digər xidmət sahələrindən də gəlir mənbələrinin olmasını təmin etmək, bu gəlirləri də sakinlərin rifahı naminə xərcləmək üçün lazimi tədbirlər görəcəyik...           

Problemlər var, amma bu problemlər bizi qorxutmur. Ölkəmizin inkişafı, dövlətimizin qayğısı, Prezidentimizin dəstəyi, RİH-nin köməyi, seçicilərimizin inamı bizə stimul verir ki, bütün problemlərin öhdəsindən uğurla gələk. Biz Prezidentimizə, dövlətimizə, xalqımıza və bir də öz qüvvəmizə, bacarığımıza arxalanır, bizə göstərilən etimadı doğrultmağa çalışırıq.

 “Azərbaycan heç vaxt indiki kimi güclü inkişaf etməyib”. Prezident İlham Əliyevin qeyd etdiyi bu sürətli inkişaf hər birimizin gözü önündə baş verir və ölkəmizlə duyduğumuz iftixar hissini daha da artırır. Dövlətimizin başçısı hər bir vətəndaşın Prezident olduğunu, nöqsanlara qarşı barışmazlığını, dövlətin, xalqın mənafeyi naminə qanunun aliliyi prinsipini hər şeydən üstün tutduğunu bütün qərarları ilə təsdiq edir. Dəfələrlə söyləyir ki, “bizim siyasətimizin təməlində Azərbaycan vətəndaşı dayanır”. Möhtərəm Prezidentimizin son günlər Azərbaycanda pensiyaların və maaşların artırılması ilə bağlı Sərəncamları da bunu təsdiq edir. Bu, hər birimizi sevindirməklə yanaşı, öz işimizdə, öz fəaliyyətimizdə daha inamlı, daha ardıcıl, daha məsuliyyətli olmağa səfərbər edir. 

Ulu öndərimiz Heydər Əliyevin siyasəti ilə qurulan, Prezident İlham Əliyevin qətiyyəti ilə dünyanın ən qüdrətli ölkəsinə çevrilən Azərbaycana, xalqımıza xidmət etməkdən qürur duyuruq.

Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin sədri, 
Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədr müavini

ŞƏRHLƏR