"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

VƏTƏNPƏRVƏRLİK NÜMUNƏSİ

--2018-12-06 / 10:02

Əslində, vətənpərvərlik bir dərs, bir fəlsəfədir. Bu dərsin, bu fəlsəfənin kökündə Vətən deyilən yurda sevgi, ona bağlılıq, onun yolunda hər cür fədakarlığa hazır olmaq kimi cəsurluq, qəhrəmanlıq dayanır. Vətənpərvərlik, həm də nümunədir...

Ulu öndər Heydər Əliyev gənclərə: “Ordu həyat məktəbidir. Bu məktəbi keçənlər hər bir çətinliyə qalib gəlir”, valideynlərə: “Övladlarınızı hərbi xidmətə göndərin”, xalqa isə “Ordunu sevin, ona hörmət edin” deyirdi. Bu, Onun Azərbaycan sevgisi, əsl vətənpərvərliyi idi. Və bu nümunənin təsiridir ki, indi onun adını daşıyan nəvəsi Heydər İlham oğlu Əliyev minlərlə Azərbaycan əsgərinin sırasında Silahlı Qüvvələrdə xidmət edir. Prezident oğlu əsgərlərin cərgəsində! Bundan böyük vətənpərvərlik nümunəsi varmı?

Ulu öndər ölkəmizə rəhbərliyinin hər iki dövründə Ordu quruculuğuna xüsusi diqqət göstərdi, hələ sovet dövründə “Mən çox istəyirdim ki, Azərbaycanın milli ordusu olsun!” deyə böyük cəsarət və çətinliklə C.Naxçıvanski adına hərbi məktəbi yaratdı. Arzusuna çatdı. Təməlini qoyduğu Ordu Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti ilə indi regionun ən güclü Ordusuna çevrilib. 2003-cü ildən Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün atılan addımlar Ordumuzun gücünə əlavə güc qatır. Peşəkar ordusu olan xalqın müstəqilliyi isə əbədidir. Bu Ordunu fərqləndirən əsas cəhət zabit və əsgərlərin yüksək səviyyəli döyüş hazırlığı və qələbə əzmidir. Mübarizləri, Əhmədləri, Raqubları, Çingizləri... xatırlayaq. Hər birinin qəhrəmanlığı bir vətənpərvərlik nümunəsidir. Bəli, Ordumuz döyüşə yüksək hazırlığı ilə yanaşı, mənəvi ruhun sarsılmazlığına da nail olub.

Ordu quruculuğu prosesinin təkmilləşdirilməsi çağırış və səfərbərlik resurslarını tənzimləyən mükəmməl mexanizmin yaradılması ilə də gündəmə gəldi. Prezident İlham Əliyevin 13 fevral 2012-ci il tarixli Fərmanı ilə Müdafiə Nazirliyinin tabeliyində olan Respublika Hərbi Komissarlığı, Naxçıvan Muxtar Respublikasının Hərbi Komissarlığı, rayon, şəhər, şəhər rayonu hərbi komissarlıqları ləğv edilərək onların əsasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradıldı. Bu illərdə Xidmətin fəaliyyətini bir jurnalist kimi davamlı olaraq izlədiyimdən və işıqlandırdığımdan qazanılan uğurlar haqqında əminliklə danışa bilərəm. Vəzifəsi həqiqi hərbi xidmətə çağırışın qanunlara müvafiq qaydada təşkili olan Xidmət bir növ Ordu ilə cəmiyyyət arasında körpü rolunu oynayır. Gənclərin hərbi xidmətə hazırlanması, səfərbərlik işinin qurulması, çağırışçıların ordu sıralarına çağırılması, təntənəli yolsalma mərasimləri, hərbi təhsilə marağın artırılması istiqamətində güclü təbliğat və maarifləndirmə işləri aparılır. Vətəndaşların həqiqi hərbi xidmətə çağırış sistemi təkmilləşdirilib, çağırışçıların hərbi uçotunun dəqiq və düzgün aparılmasına nəzarət artırılıb, şəffaflığın təmin edilməsi, vətəndaşlarla maneəsiz və birbaşa əlaqənin qurulması məqsədilə Xidmətin internet saytı yaradılıb. 2013-cü ildən çağırışçılara müddətli həqiqi hərbi xidmətlərini hansı hərbi hissədə keçmələri ilə bağlı məlumatlar internet və ya qısa mesaj vasitəsilə verilir. Elektron xidmətlərlə yanaşı, "Asan Xidmət" mərkəzlərində Xidmətin səlahiyyətlərinə aid xidmət növləri də həyata keçirilir. Xidmətin "Asan Xidmət" mərkəzlərinə ezam olunan əməkdaşları bu işə müsbət təsir edirlər. SHXÇDX-nin tabeliyindəki “Hərbi-Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC isə çağırışçıların hələ orta məktəb illərindən hərbi xidmətə hazırlığı, hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi yönündə mühüm işlər görür. Vətənpərvərlik ruhlu nəşrlər, Bakıda və bölgələrdə keçirilən “Vətənin müdafiəsinə hazıram!” adlı ənənəvi tədbirlər, sərgi-müsabiqələr, hətta KİV nümayəndələri arasında atıcılıq turnirləri görülən işlərin təsir gücünü daha da artırır. Xidmətin fəaliyyəti, bütövlükdə Prezident İlham Əliyevin Ordu quruculuğu sahəsində qarşıya qoyduğu məsul və şərəfli vəzifələri layiqincə yerinə yetirməyə ünvanlanıb.

Yaxın hərb tariximizin şərəfli səhifələri: 2016-cı ilin Aprel döyüşləri, minlərlə hektar torpağımızın geri alınması, “Lələ Təpə”də dalğalanan Azərbaycan bayrağı, Cöcuq Mərcanlıya qayıdış, 2018-ci ilin mayında Naxçıvanın Günnüt kəndi və strateji yüksəkliklərin azad edilməsi Ordumuzun istənilən vəzifəni icra etməyə qadir olduğunu bir daha nümayiş etdirdi. Azadlıq meydanında keçirilən möhtəşəm hərbi paradlar da sübut etdi ki, bu Ordu işğal altındakı torpaqlarımızı azad etmək qüdrətinə malik bir gücdür.

Prezident İlham Əliyevin dediyi kimi, biz “yüksəklikləri, təpələri işğalçılardan azad etmişik və böyük qəhrəmanlıq göstərmişik”. Bu qəhrəmanlıq hərbi dərsliklərə salınmalıdır.

Cünki... bu, həm də bir VƏTƏNPƏRVƏRLİK NÜMUNƏSİdir.

 FİRUZƏ NADİR

***

 “Yazı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 7-ci ildönümü münasibətilə elan edilmiş yazı müsabiqəsinə təqdim olunur”.

***

 

 

 

 

 

 

 

ŞƏRHLƏR