"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Vətəndaş qəbulu - məmnunluğumuzu necə təmin edək: TƏKLİF

--2019-08-22 / 21:06

Sosial mediada bəzən mərkəzi və yerli icra orqanları rəhbərlərinin son illər təşkil etdiyi vətəndaş qəbulları barədə bir cümləlik fikirlərmi qeyd edirəm. Və əsas fikrimdə bu qəbulların formatının dəyişdirilməsiylə bağlıdır.

Əlavə edim ki, vətəndaş qəbullarının mütəmadi olaraq keçirilməsi, birinci şəxslərin özlərinin bu qəbullarda iştirakının məcburi olması, habelə müəyyən problemlərin həllinə nail olunması dövlət başçısının tapşırığı ilə ölkədə vətəndaş məmnunluğunun təmin edilməsiylə bağlıdır, desəm yəqin ki, yanılmaram.

***

Mətləbə keçməmişdən əvvəl bir qəbul barəsində fikirlərimi oxucularımla bölüşmək istərdim.

Demək yaxın qohumumun problemiylə bağlı bu günlərdə “Dövlətqaçqınkom” sədrinin qəbuluna yazılmışdım. Mənə son anadək inadla desələrdə, sədrin özünün qəbul edəcəyinə, açıq deyim ki, inanmırdım.

Amma sədr Rövşən Rzayevi iki əməkdaşıyla dəhlizdə görəndə, üstəlik, qəbula gələnlərin bir qismiylə görüşməsi mənə yanıldığımı göstərdi.

Qəbula elə birinici bizi dəvət etdilər. Maraqlı məqam onda idi ki, həmin gün qəbula yazılan 26 nəfərin hansı məqsədlə və hansı sualla müraciət edəcəyi barəsində komitənin heç bir işçisində məlumat yox idi. Bu isə o anlama gəlirdi ki, işçilər qaldırılacaq bütün suallara cavab verməyə sanki hazır vəziyyətdə idilər. Vətəndaşlardan tələb olunan məqam yalnız əllərində rəsmi müraciətin olması idi.

Beləliklə, sədr Rövşən Rzayevin qəbul otağına geçdik. Ədəb ərkanla görüşüb, söhbətə giriş olaraq sədrə Qarabağla, Ağdamla bağlı yazdığım kitabları təqdim etdim. Sonra problem haqqında danışıldı. Əsas iki məsələ barəsində bildirildi və sədr dərhal məsələyə reaksiya verdi, məsələdən bilgisi olduğunu dedi.

Mən məsələnin həll olunub-olunmamasına toxunmaq istəmirəm. Bu başqa mövzudur. Sözsüz ki, istənilən məsələ vaxtında həll olmalı idi. Görüşün sonunda sədr təmkinlə  qaldırılan məsələyə bir daha baxılacağını dedi. Və bunu elə sakit tonda və  formada dedi ki, bundan sonra o məsələlər həll edilməsədə belə bizim gözümüzdə artıq müsbət fikir yarandı.

Bu qəbuldan hansı nəticəyə gəldim.

  1. Komitənin hər bir işçisi bütün məsələlər barəsində məlumatlıdırlar.
  2. Qəbullarda tam sərbəstlik var, əvvəlcədən heç kim hazırlanmır, məqsədli şəkildə elə şərait yaradılır ki, gələnlər ilk dəqiqədən sədrə hansısa mədhiyyə deməkdən çəkinirlər. Məhz elə sədrin özü tərəfindən buna yol verilmir.
  3. Komitəyə gələn hər kəsə sərbəst şəkildə istənilən vəzifə sahibiylə görüşmək şansı yaradılır.

İndisə mətləbə keçim.

***

İcra başçılarının sosial mediada yayılan qəbullarını diqqətlə izləyirəm və 25 rayon haqqında tam bilgim var. Bəzi ümumiləşdirmələri sizinlə bölüşmək istərdim:

  1. Təkbaşına qəbul keçirənlər-(yəni bir masada yalnız özü oturmaqla)  (Bakı və Bakı ətrafı rayonun üç icra başçısı)
  2. Rayonun digər rəhbərləriylə birgə qəbul keçirənlər (əsasən kənd rayonları olan 22 icra başçısı)
  3. Paytaxt rayonlarında yalnız kommunal xidmət sahələrinin rəhbərləri iştirak edir
  4. Digər rayonlarda isə bütün sahə üzrə rəhbərlər mütləq şəkildə iştirak edir.
  5. Təəssüf ki, mətbuat üçün olan əksər açıqlamalarda yalnız ad və məkanın yeri dəyişilir, yəni mətn dəyişmir.
  6. Şəkillər eyni rakursdan çəkilir.
  7. Məlumatlar sosial mediada yalnız səhəri gün yayılır.
  8. 18 rayonda səyyar görüşlər icra başçısının proqram xarakterli çıxışları ilə başlayır. Yəni icra başçısı demək olar ki, eyni mətni ardıcıl olaraq hər dəfə təkrar edir.
  9. Hər bir görüşə ciddi şəkildə hazırlıq gedir və “təhlükə” yarada biləcək insanlar çox ustalıqla bu görüşlərdən uzaqlaşdırılır.
  10. Görüşlərdə çox sadə məqamlar öz həllini tapa bilər.
  11. Hesabatlarda belə görüşlərin konkret nəticəsi barədə məlumatlar verilmir.

Bu bizim gəldiyimiz ilkin subyektiv düşüncələrdir. Sözsüz ki, bizim fikrimiz dövlət başçısının da söylədyi kimi, “məmurlar xalqın xidmətçisidir” fikrini real da görməkdir.

****

Sual oluna bilər ki, bəs siz nəyi təklif edərdiniz?

Birincisi istərdim ki, hər rayonda qaynar xətt rəsmi şəkildə fəaliyyət göstərsin. Günlərlə bəzən RİH-lərə zəng vurursan, açıgı heç kimi tapa bilmirsən. Ona görə ki, telefon ya cavab vermir, yada kənara qoyulub.

Bununla bağlı Binəqədi RİH-in yanında Sakinlərin Müraciət Xidməti–1646-nın təcrübəsinin yayılmasına ehtiyac vardır. Hətta bu rayonun saytına müraciət etdikdə sualını verə bilirsən. Yəni bu təcrübə digər rayonlarda yoxdur. Varsada formal xarakter daşıyır. Əgər belə bir sistem qurulsa və vətəndaşın bundan xəbəri olsa, onda heç o qəbullara da ehtiyac qalmaz, onlayn müraciət edib, cavabını da alar.

İkincisi, daim sakinlərin arasında olmaq lazımdır. Bu məqamla bağlı Suraxanı RİH başçısının hərəkəti təqdirəlayiqdir. Lakin belə məqamlar hazırlıqsız olanda daha səmərəli olur. Onu da əlavə edim ki, müraciət edən hər kəs barəsində icrada ətraflı məlumat olur. Həlli mümkün olanı və olmayanı çeşidləyib, onların mənzilinə gözlənilmədən gedib, elə yerindəcə həll etmək olar. Adətən belə addımın çox böyük əks-sədası olur. Və yaxud öz ərazisində hərəkət edən ictimai nəqliyyat vasitələrində hər hansı bir icra başçısını görmüsünüzmü? Məsələn Xəzər RİH-nin başçısı Mərdəkandan Zirəyə avtobusla getməsinin nəyi pisdir. Elə yol gedə-gedə sakinləri özü dinləmiş olar, həm də real vəziyyətlə tanış olar. Yaxud Nəsimi RİH başçısı “Adsız parkın baxımsız vəziyyətiylə” (http://belediyye.info/new/details/--5287.htm) tanış olardı, elə oradaca qəbul keçirərdi və sakində problemin həllini özü gözüylə görərdi.

Və ya “Abad həyət”lərin açılışdan sonra hansısa icra başçısını o parkda təkrar görən olubmu? İnanıram ki, icra başçısının gözlənilməz gəlişi vətəndaş məmur münasibətlərində yaranmış soyuqluğu aradan qaldırar.

Bu arada etiraf edək bir səyyar görüşün təşkilinə ən azı 10 nəfər cəlb edilir. Açığı icra aparatının işçilərinin hərəkət etməkdən az qala “ayaqlarına sarı su yığılır.”

Maraqlı məqam bir də ondadır ki, dünən icra başçısı təyin edilir, bu gün təkbaşına və “fors”la vətəndaş qəbulu keçirir və heç kimədə qulaq asmaq istəmir. Fikrimcə, belə olmaz.

 Və yaxud icra başçılarını öz ərazilərindəki bazarda və ya supermaketdə alver edən görmüsünüzmü. Olsa nəyi pisdir. Həm alış-verişini edər, həm öz sakinlərinin problemlərini dinləyər. Necə ola bilər ki, Prezident Sabunçuda bu addımı atır, nümunə göstərir amma...

Beləliklə, vətəndaş görəndəki nazir, sədr, icra başçısının onun problemi haqqında bilgisi var və onu diqqətlə qulaq asıb fikirlərinə və suallarına təmkinlə cavab verir, inanın ki, həmin problem bir daha qalxmaz.

Vüqar Tofiqli

ŞƏRHLƏR