"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Veriglərin həcmini artırmalıyıq ki...

--2016-02-10 / 20:52

Məlum Ərazi Vahid daxilində yerli özünüidarəetmə bələdiyyələr tərəfindən həyata keçirilir.

Son illər ərzində dinamik sosial-iqtisadi inkişaf yolunda uğurla irəliləyən Azərbaycanda insanların rahatlığı, əhalinin rifahının yüksəldilməsi üçün ciddi addımlar atılır. Yeni yollar çəkilir, müasir parklar və xiyabanlar salınır.

Bu gün Azərbaycanda hüquqi demokratik dövlət quruculuğu ölkə prezidenti İlham Əliyev tərərfindən uğurla davam etdirilir. Uğurlu xarici və daxili siyasətin nəticəsi kimi yerli özünüidarəetmə sistemi də getdikcə möhkəmlənir.

Bu gün biz bələdiyyələr çalışırıq ki, insanlar dövlətin diqqət və qayğısının onların üzərində olduğunu daim görsün və hiss etsinlər.

Ölkəmizdə həyata keçirilən nəhəng tikinti, quruculuq, abadlıq işləri bizim rayonumuzda da geniş vüsət alır.

Dördüncü fəaliyyət dövrünün birinci ilini yekunlaşdıran Göygöl bələdiyyəsi mövcud şəraiti düzgün qiymətləndirərək ərazidə yaşayan əhalinin yaşayış tərzinin yaxşılaşdırılması, dövlət tərəfindən icrası nəzərdə tutulmayan ehtiyac duyulan layihələrin görülməsi üçün imkanlarından səmərəli istifadə edir. Elə buna görədir ki, Göygöl şəhərində aparılan abadlıq, quruculuq işlərinin hər birində əməyimiz, dəstəyimiz, payımız var.

Göygöl bələdiyyəsi öz fəaliyyətini ölkə Prezidentinin bələdiyyələrin fəaliyyəti ilə bağlı verdiyi fərman və sərəncamların, “Bələdiyyələri statusu haqqında” Azərbaycan Respublikası qanunlarından irəli gələn vəzifələri, rayon İcra Hakimiyyətinin sosial-iqtisadi inkişaf proqramının icrası istiqamətində qurur.

Əhalinin artan tələbatını ödəmək, ehtiyacı olanlara qismən də olsa yardım etmək, bələdiyyələrin maddi vəziyyətindən, büdcəyə toplanan vəsaitin məbləğindən asılıdır.

Əhali ilə yaxın təmasda olmaq, vergi və rüsumların vaxtında toplanmasını təşkil etmək sayəsində büdcəmizin durumunu yaxşılaşdırmağa çalışırıq. Vergi toplanması sahəsində xeyli irəliləyiş hiss olunur. Bələdiyyənin əsas maliyyə mənbəyi torpaq və əmlak vergisi ilə formalaşır. Digər gəlirlərin əldə olunması da vacib amildir.

Bir misal göstərim; 2014-cü ildə bələdiyyə torpaq vergisindən 10640                   manat əldə etdiyi halda, 2015-ci ildə bu rəqəm 12769 manat təşkil edir. 2014-cü ildə əmlak vergisindən daxil olma 235 manat idisə, 2015-ci ildə bu məbləğ 15830 manat təşkil edir. 2015-ci ilin bələdiyyə büdcəsini əsasən; torpaq, əmlak və mədən vergisi, torpaq icarəsi, reklam vergisi, bələdiyyə əmlakının özgəninkiləşdirilməsi, nəqliyyat xidməti, “Xeyir-Şər Evinin” gəlirləri, dövlət tərəfindən ayrılan dotasiya və digər daxil olmalar təşkil edir. Ümumilikdə 2015-ci ildə bələdiyyə büdcəsinə daxil olmaların məbləği 125.657 manat təşkil edir. 2015-ci ildə büdcəyə daxil olmuş vəsaitin 30,4 faizi əmək haqqına, 7,1 faizi Dövlət Sosial Müdafiə Fonduna ödənişlərə, 50,3 faizi abadlıq quruculuq işlərinə, 2,9 faizi kimsəsiz ailələrə yardım və hərbi qulluqçulara bayram sovqatına, 9,3 faizi isə bələdiyyənin saxlanmasına xərclənmişdir.

Doğrudur əldə olunan vəsait proqnozlaşdırılan məbləğin hamısı deyil, lakin bələdiyyənin fəaliyyətini təşkil etmək üçün kifayət qədər köməyimizə çatmışdır. Bələdiyyənin balansında olan “Üç sotlar” adlanan ərazidəki küçələrin 10,7 km  uzunluğunda olan hissəsinə çınqıl qatı tökülmüş,  yayılaraq ağır texnika ilə kipləşdirilmişdir. “Bir bələdiyyə azı bir layihə” çərçivəsində bir neçə layihənin icrası təmin edilmiş, R.Nəsibov məhəlləsində sadə idman meydançası inşa edilərək istifadəyə verilmişdir.

2015-ci ilin 12-18 oktyabr tarixdə keçirilmiş Demokratiya Həftəsində əhali ilə aparılan görüşlərdə qaldırılan məsələlərin əksəriyyəti icra edilmiş, Xanlar qəsəbəsində əhalinin boş vaxtının səmərəli keçirilməsinə şərait yaradılmış, M.Müşviq küçəsində sel sularının dağıtdığı küçənin keçid hissəsinə 10 m uzunluğunda 1000 mm-lik diametrli boru salınaraq küçədə hərəkət tam bərpa edilmişdir.

“Bir bələdiyyə azı bir layihə”  çərçivəsində şəhərin yeni salınmış yaşayış massivinin təxminən 20 km uzunluğunda 24 küçəsinə çınqıl qatı verilməsi 2016-cı ilin iş planına daxil edilmişdir. İsrafil Məmmədov küçəsində küçəni 2 yerə bölən 25m uzunluğunda təxminin 12 m enində dərəyə suların axıdılmasının qarşısının alınması üçün boru salınması, dərənin dolduraraq küçədə hərəkətin tamlığı bərpa edilməsi nəzərdə tutulur.

Qızılqaya qəsəbəsində uzunluğu 1060 m, eni 14 m olan baş küçənin çınqıl qatı ilə örtülməsi nəzərdə tutulmuşdur. Nəzərdə tutulmuş tədbirlər həyata keçirilməklə əhalinin artan tələbatının ödənilməsi üçün əlavə maliyyələrin daxil olması yolları araşdırılır.

2016-cı ildə  əhalinin az təminatlı ailələrinə yardımların verilməsi, şəhərdə yerləşən hərbi hissə zabit və əsgərlərinə bayram sovqatının göndərilməsi də illik iş planında nəzərdə tutulur.

2014-cü ilin dekabr ayında keçirilmiş bələdiyyə seçkilərində 41 nəfər bələdiyyə üzvülüyünə namizəddən 13 nəfəri bələdiyyə üzvü seçilmişdir. Seçilən bələdiyyə üzvülərindən 5 nəfəri qadındır. Üzvlərdən 1 nəfəri dördüncü dəfə, 2 nəfəri üçüncü dəfə, 6 nəfəri 2-ci dəfə, 4 nəfəri isə birinci dəfə seçilir. 3 nəfər bələdiyyə üzvü bələdiyyədə müvafiq işlə təmin edilmiş, bələdiyyədən əmək haqqı alırlar. 10 nəfəri isə müxtəlif dövlət müəssisələrində çalışırlar. İşlə təmin olunmayan bələdiyyə üzvü yoxdur.

Bələdiyyənin 5 daimi komissiyası, 17 yerli məhəllə komitələri fəaliyyət göstərir. Daimi komissiyaların ayda bir dəfə yığıncaqları keçirilir, qəbul edilmiş qərarlar barədə bələdiyyənin icra orqanına məlumat verilir.

Hesabat dövründə bələdiyyəyə qəbula gələnlərin sayı 424 nəfər, daxil olan ərizələrin sayı 151  olmuşdur.  Daxil olan ərizələrin 94-ü yuxarı orqanlardan olmuşdur.

Müraciətlər əsasən fərdi yaşayış, sahibkarlıq üçün torpaq sahəsi ayrılması, yardımlar edilməsi, evlərin və torpaq sahələrinin sənədləşdirilməsi, kanalizasiya su xətlərinin çəkilməsi, əmlak vergisindən azad edilməsi və ya qismən azaldılması və sairələr olmuşdur.

Hər bir müraciət vaxtında araşdırılmış, müraciət təmin edilmiş və ya müvafiq cavab göndərilmişdir.

Hesabat dövründə bələdiyyənin 13 iclası keçirilmiş 65 məsələ müzakirə edilmiş, müzakirə edilən hər bir məsələ üçün qərar qəbul edilərək icrası təmin edilmişdir.

Tərtib edilmiş hər protokoldan çıxarış inzibati nəzarət üçün Regional Ədliyyə Şöbəsinə göndərilmişdir.

Bələdiyyəmizin görəcəyi işlər hələ çoxdur. İşlərin gedişində bəzən yeni problemlər ortaya çıxır.

Maliyyə imkanlarımızı, layihələrin icrası potensialımızı bir araya gətirərək bütün çatışmamazlıqları aradan qaldırmağa yönəldirik. Bu il əvvəlki ildən, gələn il isə bu ilki ildən məhsuldar işləyəcək,  seçicilərimizin etimadını doğrultmaq üçün əlimizdən gələni əsirgəməyəcəyik.

 

Mikayıl Hacıyev

Göygol bələdiyyəsinin sədri

ŞƏRHLƏR