"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Vergilərlə xidmət haqlarını səhv salmayaq -CİDDİ

--2021-09-15 / 14:03

Bu yaxınlarda ATV kanalında efirə gedən verilişlərin birində bələdiyyələr tərəfindən evlərə əmlak və torpaq vergilərinin ödənilməsi ilə əlaqədar göndərilən tədiyə bildirişləri barədə vətəndaş tərəfindən müəyyən narazılıqların yaranması ilə bağlı məsələlərə aydınlıq gətirmək istərdim. Əvvəla onu qeyd edək ki, mənzil sahiblərindən Mənzil İstismar Sahələri tərəfindən yığılan pul vəsaiti yaşayış binalarının saxlanılması üçün qanunla müəyyən edilmiş istismar xərcidir. Bu istismar xərcləri əvvələr dövlət mülkiyyətində olmuş və sonradan vətəndaşların xüsusi mülkiyyətinə verilmiş mənzillərə şamil olunur. Bu tipli evlərdə yaşayan mülkiyyətçilərdən istismar xərclərinin yığılması Nazirlər Kabinetinin 1989-cu il 257 və 2000- ci il tarixli 40 saylı qərarları ilə müqavilə əsasıda tənzimlənir. Bələdiyyələr tərəfindən yığılan vəsait isə Azərbaycan Respublikasının qanunvericiliyi il müəyyən edilmiş yerli vergilərdir. Vergi anlayışı Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmişdir. Vergi - dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində, dövlət büdcəsinə və yerli büdcələrə,  köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. Yerli (bələdiyyə) vergilər və ödənişlər Azərbaycan Respublikasının Vergi Məcəlləsi və “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən və bələdiyyələrə ödənilən vergilərdir.

Qeyd edərək bildirirəm ki, Azərbaycan Respublikasında yerli özünüidarə vətəndaşların fəaliyyətinin təşkilinin elə bir sistemidir ki, bu sistem onlara qanun çərçivəsində yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst şəkildə həll etmək hüququnu həyata keçirmək və yerli əhalinin mənafeyi naminə Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinin II hissəsinə uyğun olaraq dövlət işlərinin bir hissəsini yerinə yetirmək imkanı verir. Yerli əhəmiyyətli məsələlər - bələdiyyə əhalisinin həyat fəaliyyətinin bilavasitə təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyənləşdirilən məsələlərdir. Bələdiyyələrin əsas fəaliyyət istiqaməti yerli sosial müdafiə və sosial inkişaf, yerli iqtisadi inkişaf və yerli ekoloji sahələri əhatə etməlidir. Bələdiyyələr dövlətin həyata keçirdiyi yerli sosial müdafiə və sosial inkişaf, yerli iqtisadi inkişaf və yerli ekoloji inkişaf proqramlarında nəzərdə tutulmayan və ya onlara əlavə olaraq yerli əhəmiyyətli məsələləri həll etməlidir. Bu proqramlarda nəzərdə tutulan işlərin həyata keçirilməsi yerli büdcə gəlirləri hesabına maliyyələşdirilir. Yerli büdcə gəlirləri isə yerli (bələdiyyə) vergi və ödənişlərdən toplanan vəsaitlər hesabına formalaşır. Belə məsələlərdə “mən vergi vermişəm, gəl evimin qapısını düzəlt” anlayışı düzgün deyil. Bu səbəbdən Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergilərin ödənməsi üçün vergi ödəyicilərinə tədiyə bildirişi göndərilir.      

Ümumiyyətlə, əhalinin bələdiyyələrin fəaliyyəti haqqında tam məlumat almaq imkanı var. Bələdiyyələrin yerli (bələdiyyə) vergilər və ödənişlərin yığılması və istifadəsi sahəsində fəaliyyəti tam aşkarlıq şəraitində həyata keçirilməlidir. Bu məqsədlə bələdiyyələr bələdiyyə ərazisində yaşayan sakinlər qarşısında hər ilin yanvar ayının üçüncü həftəsinin bazar ertəsi görülmüş işlər haqqında, o cümlədən maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyyətinin istifadəsi haqqında seçicilərinə hesabat verməldir. Hesabat yazılı formada tərtib edilməli və bələdiyyənin iclaslarında təsdiq edilməlidir. Yerli əhalini tanış etmək məqsədi ilə hesabat bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdirilməli, habelə elan, bülleten, vərəqə, yerli mətbuat, internet saytı və digər vasitələrlə əhaliyə çatdırılmalıdır. Bu məsələlər öz həllini taparsa yerli əhali ilə bələdiyyələr arasında heç bir fikir ayrılığı yaranmaz və ödədikləri vergilərin Respublikamızın gələcək inkişafında nə qədər əhəmiyyətli olduğuna əmin olarlar.

 Pərviz Muradov

Azərbaycan Şəhər  Bələdiyyələrinin Milli Assosiasyasının icraçı katibinin muavini, bələdiyyələrin iqtisadi inkişafı və əlaqələndirmə departamentinin direktoru, bələdiyyələrin onlayn xidmət mərkəzi MMC nin direktoru

ŞƏRHLƏR