"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

VERGİ XİDMƏTİ ORQANININ ƏMƏKDAŞLARINDAN MARAQLI TƏKLİF

--2021-03-10 / 13:42

Azərbaycanda fəaliyyət göstərən bələdiyyələrin büdcə gəlirlərinin artırılması ilə bağlı yaranan problemləri aradan qaldırmaq üçün bəzi hallarda yerlərdən təkliflər də səslənməkdədir. Xəzər rayonu Mərdəkan bələdiyyəsinin vergi xidməti orqanının əməkdaşları bu günlərdə belə bir təkliflə çıxış ediblər. Təklifin mahiyyəti ondan ibarətdir ki, vergi ödəyicisi olaraq bələdiyyədə qeydiyyata alınan və əmlaklarını vergi ödənişi məqsədilə qeydiyyata alınmasına aid sənədləri bələdiyyəyə təqdim etməyən vətəndaşlar əmlaklarını notariat qaydada alıqı-satqı edərkən, notariuslarda satıcıdan bələdiyyəyə vergi borcunun olmaması ilə bağlı arayışın tələb edilməsidir.

Vətəndaşlar notariat qaydada əmlak və torpaq sahələrini alqı-satqı edərkən onlardan vergi borcunun olub-olmaması ilə bağlı bələdiyyə arayışı tələb edilərsə, onda vətəndaşla bələdiyyə arasında mübahisə və ya hər hansı narazılıq yaranmaz. Vətəndaş məcbur olar ki, vergi borcunu ödəsin. Bu da debitor borcların yığılıb qalmasının qarşısını almış olar.

Alqı-satqı əməliyyatları zamanı belə bir arayış tələb edilmədiyi halda vergi borcu ödənilməmiş qalır və yeni əmlak sahibi isə verginin əvvəlki sahibi tərəfindən ödənilməli olduğunu bildirir. Əslində, qanunvericiliyin tələblərinə uyğun olaraq, əmlak alıcının sahibliyinə verilənədək vergi borcunu ödəmək satıcının üzərinə düşür. Satıcı vergi borcunu ödəmədiyi halda, vergi yeni mülkiyyətçi tərəfindən ödənilməlidir. Belə hallar bələdiyyə ilə yeni mülkiyyətçi arasında müəyyən mübahisələrə səbəb olur, həm də debitor borclar yaranır, debitor borcların alınmasında vətəndaş və bələdiyyə arasında çətinliklər və mübahisələr yaranır.

Bələdiyyənin vergi xidməti orqanının əməkdaşları onu da bildirdilər ki, ötən il Mərdəkan bələdiyyəsində vergi ödəyicisi olaraq qeydiyyata alınan və vergi borcunu ödəməyən iki yüzə yaxın vətəndaş mülkiyyətlərində olan əmlaklarını və torpaq sahələrini notariat qaydada alqı-satqı ediblər. Məhz həmin mükiyyət sahiblərinin bələdiyyəyə kifayət qədər vergi borcu olub.

Eyni zamanda vergitutma obyektinə aid sənədləri və şəxsiyyət vəsiqəsini bələdiyyəyə təqdim etməyən vətəndaşların sənədlərinin alınmasında müvafiq orqanlar bələdiyyəyə lazımı köməklik göstərərsə, həmin vətəndaşlar vergi ödəyicisi olaraq, bələdiyyədə qeydiyyata alınar. Bu da büdcə gəlirlərinin artırılmasına şərait yaradacaq.

Odur ki, qanunvericilik qaydasında belə təklifin, yəni notariuslarda alqı – satqı zamanı satıcıdan vergi borcunun olmaması ilə bağlı arayışın tələb olunması, nəticə etibarı ilə bələdiyyə büdcəsinə əlavə maliyyə vəsaitinin daxil olmasına şərait yaratmış olacaq və bu da vergi ödəyiciləri ilə bələdiyyə arasında narazılıqlara son qoyula bilər.

 Xəzər rayon Mərdəkan bələdiyyəsi

 

 

ŞƏRHLƏR