"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

“Tarix yazan imza” mövzusunda videokonfrans keçirilib

--2022-05-04 / 15:03
Milli Məclisin Regional Məsələlər Komitəsinin və Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş “Tarix yazan imza” mövzusunda videokonfrans keçirilib.
Konfransda Milli Məclisin Regional Məsələlər Komitəsinin üzvləri, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinin, “Bələdiyyələrin Fəaliyyətinin Təbliği” İctimai Birliyinin, Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının rəhbərliyi və nümayəndələri, həmçinin 59 şəhər, qəsəbə və kənd bələdiyyəsinin sədrləri iştirak ediblər.
Milli Məclisin Regional Məsələlər Komitəsinin sədri Siyavuş Novruzov qüdrətli Azərbaycan dövlətinin qurucusu olan Ulu Öndərimizin əziz xatirəsinin qədirbilən xalqımız tərəfindən daima böyük ehtiramla yad edildiyini bildirib. Müasir Azərbaycan tarixində misilsiz xidmətlər göstərmiş əbədiyaşar liderimizin anadan olmasının 99-cu ildönümünün 44 günlük Vətən müharibəsindən sonra ərazi bütövlüyümüzün təmin olunduğu dövrdə qeyd edildiyini konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Heydər Əliyevin əzəli ərazilərimizin düşmən işğalından azad olunması istiqamətində apardığı ədalətli mübarizəsinin onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən qalibiyyətlə başa çatdırılmasından bəhs edən Siyavuş Novruzov qazanılan tarixi Zəfərin Ümummilli Liderin siyasətinin təntənəsi olduğunu bildirib. Ötən əsrin 70-ci illərindən başlayaraq, Azərbaycanın müasir tarixinin bütün mərhələləri, ölkəmizdə uğurla həyata keçirilən sosial - iqtisadi və demokratik hüquqi islahatlar məhz dahi Öndərin adı ilə bağlıdır.
Milli Məclisin Regional Məsələlər Komitəsinin sədr müavini Elşən Musayev Ümummilli Lider Heydər Əliyevin həyatı və fəaliyyəti barədə geniş məruzə ilə, komitənin üzvləri Emin Hacıyev və Məzahir Əfəndiyev “Tarix yazan imza” mövzusunda çıxış ediblər.
Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Rəhman Məmmədov, Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təmraz Tağıyev, Quba bələdiyyəsinin sədri Humayə Məmmədova, Xəzər rayonunun Binə bələdiyyəsinin sədri Habil Həmidov Ulu Öndərin rəhbərliyi ilə Azərbaycanda yerli özünüidarəetmə sisteminin yaradılmasından və bələdiyyələrə dövlət qayğısından danışıblar.
Sonra isə konfrans öz işini müzakirələrin aparılması ilə davam etdirib.
ŞƏRHLƏR