"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Tarix və mədəniyyət abidələrinin qorunmasında bələdiyyələrin rolu

--2022-05-15 / 06:48

Tarixə nəzər salsaq görərik ki, Azərbaycan təkcə öz iqtisadiyyatı ilə deyil, həm də mədəniyyət sahəsindəki nailiyyətləri ilə dünyada tanınır. Dünyada bir mədəniyyət abidəsini yaratmaq nə qədər çətindirsə, bu abidənin sənin оlduğunu sübut edərək tarix boyu öz millətinin adına qоrumaq оndan da çətindir.

Xalqımızın əvəzsiz milli sərvəti olan tarixi-memarlıq abidələri eləcə də milli- mənəvi irs nümunələrinin bu günümüzə qədər gəlib çıxmasında bir çox dövlət xadimləri və ziyalıların, vətənpərvər insanların özünəməxsus əməyi olmuşdur. Bu gün də Azərbaycanın mədəniyyət siyasəti ölkəmizi yeni inkişaf yoluna çıxarmış cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun milli-mənəvi dəyərlərimizə, bütövlükdə mədəniyyətimizə göstərdiyi qayğı müstəqil Azərbaycanımızın dünyada tanınmasında və xalqımızın mədəni həyatında əsaslı yüksəlişə səbəb olur. Qədim tariximizin və mədəni irsimizin təbliği baxımından böyük əhəmiyyət kəsb edən tarixi abidələrə dövlət tərəfindən dəyər verilmiş, onların qorunub saxlanılması məqsədi ilə müvafiq dövlət qurumları yaradılmışdır. Məhz ölkə rəhbərliyinin böyük diqqət və qayğısı sayəsində ölkəmizdə tarixi abidələrin tədqiqi, mühafizəsi və bərpası, mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği istiqamətində böyük işlər görülür. Bütün bunlar isə Azərbaycanın qlobal dünyaya öz maddi və mənəvi mədəniyyəti ilə birgə inteqrasiyasını təmin edir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində bu sahədə də bir çox fərman, sərəncamlar və dövlət proqramları (Azərbaycan Respublikası Prezidentinin “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında, “Tarix və mədəniyyət qoruqlarının yaradılması haqqında 22 oktyabr 2019-ci il tarixli Sərəncamı, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin fərmanı və s.) qəbul edilmiş, sözügedən aktlar həm dövlət idarəçiliyində, həm yerli idarəçilikdə mədəniyyət abidələrimizin qorunmasında dövlət və bələdiyyələrin rolunu müəyyənləşdirmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 40-cı maddəsinə əsasən hər kəsin mədəni həyatda iştirak etmək, mədəniyyət təsisatlarından və mədəni sərvətlərdən istifadə etmək hüququ vardır. Hər kəs tarixi, mədəni və mənəvi irsə hörmətlə yanaşmalı, ona qayğı göstərməli, tarix və mədəniyyət abidələrini qorumalıdır. Eyni zamanda Konstitusiyada tarix və mədəniyyət abidələrini qorumaq hər kəsin borcu olması ilə bağlı müvafiq müddəa öz əksini tapmışdır.

Həmçinin “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 4.2-ci maddəsinə əsasən yerli sosial müdafiə və sosial inkişaf proqramlarından məqsəd dövlətin həyata keçirdiyi sosial inkişaf proqramlarında nəzərdə tutulmayan və ya onlara əlavə olaraq yerli əhəmiyyətli sosial inkişaf məsələlərini həll etməkdir. Həmin proqramlar təhsil, səhiyyə, mədəniyyət, yaşayış və qeyri-yaşayış binalarının saxlanılması və istifadə edilməsi, mədəniyyət müəssisələrinin inkişafına yardım göstərilməsi, tarix və mədəniyyət abidələrinin saxlanılması və yerli infrastrukturun digər sahələrini əhatə edə bilər. Həmçinin 33-cü maddəyə əsasən bələdiyyə mülkiyyətinin tərkibinə mədəniyyət müəssisələri də daxil edilmişdir. Bələdiyyələr bələdiyyə mülkiyyəti obyektlərini fiziki və hüquqi şəxslərin müvəqqəti və ya daimi istifadəsinə, icarəsinə verə bilər, qanunla müəyyənləşdirilmiş qaydada özgəninkiləşdirə bilər, habelə bələdiyyə mülkiyyətində olan əmlak barəsində başqa əqdlər bağlaya bilər, özəlləşdirilən və ya istifadəyə verilən obyektlərdən istifadə şərtlərini müqavilə və sazişlərdə müəyyənləşdirə bilərlər.

Torpaq Məcəlləsinin 29-cu maddəsinə əsasən tarix-mədəniyyət təyinatlı torpaqlara tarix-mədəniyyət qoruqlarının, xatirə parklarının, qəbiristanlıqların, məzarların, arxeoloji abidələrin və nadir geoloji törəmələrin torpaqları aid olmaqla həmin torpaqlarda onların məqsədli təyinatına zidd olan hər hansı fəaliyyət qadağan edilmişdir. Həmin Məcəllənin 46-cı maddəsinə əsasən tarix-mədəniyyət təyinatlı torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilir. Məcəllənin 53-cü maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələri istifadəyə və icarəyə verilərkən (satılarkən) tarix-mədəniyyət abidələrinin, arxeoloji obyektlərin saxlanması öhdəlikləri və məhdudiyyətləri qoyula bilər.

“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” 10 aprel 1998-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən dövlət tarix və mədəniyyət abidələrinin qorunmasına təminat verir, onların elmi tədqiqi və təbliği üçün zəruri olan qurumların yaradılmasını, fəaliyyətini və inkişafını təmin edir, abidələrdən səmərəli istifadə üçün şərait yaradır.

Qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqları təşkilatları, hüquqi və fiziki şəxslər tarix və mədəniyyət abidələrini qorumalı, onları qorumaqla məşğul olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), yerli özünüidarə orqanlarının yaratdığı təsisatlara və qeyri-dövlət təşkilatlara yardım göstərməlidirlər .

Abidələr dövlət və bələdiyyə mülkiyyətində, eləcə də xüsusi mülkiyyətdə ola bilər. Abidələrin qorunması, öyrənilməsi, bərpası və konservasiyası dövlət büdcəsindən və yerli büdcələrdən ayrılan vəsaitlər, fiziki və hüquqi şəxslərin maliyyə yardımları və ianələri hesabına maliyyələşdirilir.

Həmçinin “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dövlət və ya bələdiyyə mülkiyyətində olan dünya əhəmiyyətli daşınmaz abidələrin və ya onların ayrı-ayrı hissələrin in icarəyə verilməsinin qadağan edilməsi, ölkə və yerli əhəmiyyətli daşınmaz memarlıq abidələri, habelə xüsusi mülkiyyətdə olan daşınmaz abidələr və ya onların ayrı-ayrı hissələrinin (arxeoloji abidələr istisna olmaqla) müqavilə əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırıldıqdan sonra qanunvericilikdə nəzərdə tutulmuş qaydada icarəyə verilməsi halları ilə bağlı maddələr öz əksini tapmışdır.

Qeyd olunur ki, dövlət və bələdiyyə mülkiyyətində olan abidələrdə aparılan inşaat-möhkəmləndirmə və abadlıq işləri onların konservasiyası, təmiri, bərpası, rekonstruksiyası və regenerasiyası haqqında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında dövlət və yerli büdcələrin vəsaitləri hesabına, xüsusi mülkiyyətdə olan abidələrlə əlaqədar həmin işlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə mülkiyyətçinin vəsaiti hesabına aparılır.

Həmçinin “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 28-ci maddəsində abidələrin qorunması haqqında Azərbaycan Respublikası qanunvericiliyini pozan şəxslər barəsində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət, inzibati, intizam və mülki məsuliyyət tədbirləri nəzərdə tutulmuşdur.

Göstərilənləri nəzərə alaraq bələdiyyə üzvləri və qulluqçuları tərəfindən tarixi abidələrin qorunması, mühafizəsi, həmin tarixi abidələr yerləşən torpaq sahələrinin satılması, icarəyə verilməsi zamanı bu sahədə qanunvericiliyin tələblərinə ciddi əməl olunması tövsiyə olunur.

Bələdiyyələrlə iş mərkəzi

ŞƏRHLƏR