"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Tarix üzrə fəlsəfə doktoru: “Bələdiyyələrin qarşılaşdığı əsas problemlərdən biri dövlətin subvensiya, subsidiya və güzəştli kreditlərinə çıxa bilməməsidir”

--2021-09-23 / 19:26

Belediyye.infonun ekspress sorğusunu Ağsu rayonunun Gəgəli bələdiyyəsinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli cavablandırır:

Bələdiyyənizə aid olan xəritə Əmlak Məsələləri Dövlət xidməti tərəfindən Sizə təqdim edilibmi? Təqdim edilməyibsə bununla bağlı hansı addım atmısnız? Ümumiyyətlə, bununla bağlı son vəziyyət haqqında nə deyə bilərsiniz?-

-Əvvəlcə qeyd edim ki, bələdiyyənin dövlət aktı bizdə yoxdur. Əlimizdə yalnız 2015-ci ildə tərtib edilmiş baş plan xəritəsi var. Həmin xəritə ilə işləmək də çətindir. Əmlak Məsələləri Dövlət Xidmətinə müvafiq məktubumuzdan sonra Milli Məclis tərəfindən təsdiq edilmiş 2018-ci ilə aid xəritəni şəhadətnamə ilə birlikdə bizə təhvil verilməsi üçün göndəriblər. Elektron uçot xəritəsi bazası isə hələ bizə verilməyib.

- Ötən illə müqayisədə cari ildə büdcə gəlirləri barədə nə deyə bilərsiniz?

- Bu iki maliyyə ilinin müqayisəli təhlili aparılıbmı? Ötən illə müqayisədə cari ildə büdcə gəlirləri iki dəfə artacaqdır. Bu il indiyə qədər 50000 manatdan çox gəlirimiz olub. Halbuki keçən il bütün il boyu o qədər gəlir əldə etmişdik. Büdcə gəlirlərinin artırılması üçün vergi və icarə haqlarından asılılığı aradan qaldırmaq istəyirik. Ona görə də bələdiyyə müəssisələri yaradaraq istehsal və xdimət sektoruna daxil olmağı planlaşdırırıq.

-Ən çox artım və ən çox azalma hansı maliyyə istiqamətində olub?

-Bütün maliyyə istiqamətlərində artım var. Əslində bələdiyyə gəlirlərinin leqallaşdırılması və kölgə iqtisadiyyatının qarşısını almaqla bu nəticəyə nail olmuşuq. Şəffaflıq və hesabatlılıq bizim şüarımızdır.

- Ən yüksək borcu olan vergi ödyiciləriylə bağlı hansı addım atırsınız?

-Ən yüksək borcu olan vergi ödyiciləri ilə bağlı rayon İcra və Probasiya şöbəsinə qərarları göndəririk. Təəssüf ki, göndərdiyimiz qərarları iki dəfə itiriblər. Üçünücü dəfə isə icraata götürsələr də heç bir iş görməyiblər. Köhnə hamam, köhnə tas. Biz indi traktorçularla görüşür, onlara bələdiyyə mülkiyyətindəki yolların şumlanmaması ilə bağlı təsir göstəririk. İnanırıq ki, bu vergi sahəsində də irəliləyişə gətirib çıxaracaq.

-DSMF-yə və digər qurumlara borcunuz yoxdur ki, əgər varsa nə qədərdir?

-DSMF-yə və digər qurumlara heç bir borcumuz yoxdur.

-Ərazidə nə qədər vergi ödəyiciniz var? Vergi uçotu necə qurulub?

-Vergi uçotu sahəsində problemlər olduğu üçün böyük inventarizasiyaya gedirik. İnventarizasiya komissiyası yaradılıb. Bu sahədə peşəkar təşkilatlarla işləyirik.

-Ərazidə sənədsiz mənzillər ümumi rəqəmin neçə faizini təşkil edir?

-Demək olar ki, əksər mənzillərin çıxarışı yoxdur. Yalnız həyətyanı sahələrinin dövlət aktı var.

-Bələdiyyə sədri kimi bələdiyyələrin qarşılaşdığı hansı problemin ilk olaraq həll edilməsini istərdiniz ?

- Bələdiyyə sədri kimi bələdiyyələrin qarşılaşdığı əsas problemlərdən biri dövlətin subvensiya, subsidiya və güzəştli kreditlərinə çıxa bilməməkdir. Bu gün AKİA-ya müraciət eləmişik. Bələdiyyə müəssisələrinə münasibətdə qanunvericiliyə uyğun hansı addımı ata biləcəklərini hələ bilmirlər. Bildirim ki, bizim bölgəmizdə gördüyümüz əksər işlərdə ilk olduğumuz üçün yol açmaqla məşğuluq.

Belediyye.info

ŞƏRHLƏR