"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

T.Tağıyev: “YAP yaranmasıyla Azərbaycanda yeni inkişaf dövrünün başlamasına səbəb oldu”

--2022-11-20 / 11:36

Azərbaycan xalqı bu gün mühüm bir tarixi hadisəni - ümummilli liderimiz Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illiyini qeyd edir. Bununla bağlı Belediyye.infoya açıqlama verən YAP-ın Nərimanov təşkilatının ilk təsis konfrasının iştirakıçısı olmuş, uzun müddət YAP-ın Nərimanov təşkilatının sədri olmuş, hazırda Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri olan Təmraz Tağıyev bildirib ki, Yeni Azərbaycan Partiyası ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizdə mövcud olmuş mürəkkəb siyasi vəziyyətin yaratdığı, habelə dövrün təxirəsalınmaz tələbindən irəli gələrək xalqımızın arzu və istəklərinin tərənnüm edən bir partiya olaraq yaranmışdır.

Məlum olduğu kimi, 16 oktyabr 1992-ci ildə 91 nəfərdən ibarət ziyalı qrupu ulu öndər  Heydər Əliyevə müraciət edərək onu siyasi mübarizədə lider olaraq gördüklərini və onun ətrafında birləşdiklərini elan etmişdi. 24 oktyabr 1992-ci il tarixində Naxçıvan Ali Məclisinin sədri işləyən Heydər Əliyev bu müraciətə müsbət cavab verərək təklifi qəbul etmişdir.

21 noyabr 1992-ci il tarixində isə Yeni Azərbaycan Partiyasının təsis konfransı Naxçıvan şəhərində keçirilmiş və 550 nəfərin iştirak etdiyi konfransda Heydər Əliyev partiya sədri seçilmişdir.

Bununla bağlı maraqlı məqama toxunan Təmraz Tağıyev bildirib ki, noyabr ayından başlanan siyasi proseslər az müddət ərzində genişlənərək paytaxt Bakı şəhərində YAP-ın ilk təsis konfrasının keçirilməsi zəruriətini yaratdı. 28 yanvar 1993-cü il tarixində müxalifətdə olan partiyanın vətənərvər üzvlərinin dəstəyi ilə çətinlik və siyasi represiyalara sinə gərərək ilk olaraq Nərimanov rayon təşkilatının təsis konfransı keçirildi. Təsis kofransı məşhur 91-lərdən olan mərhum Kərim Kərimovun təşkilatçılığı ilə və o illlərdə rayonda yerləşən “Elektromexanika” İnstitutunun direktoru işləyən Haşım Musayevin yaxından iştirakı ilə baş tutmuşdu. Hazırda Vergilər İdarəsinin yerləşdiyi binanın həmin zalı “Xatirə muzeyi” kimi fəaliyyətdədir.

YAP-ın Nərimanov təşkilatının ilk təsis yığıncağının iştirakçısı olaraq deyə bilərəm ki, YAP yaranmasıyla xaos və hərc mərcliyin hökm sürdüyü Azərbaycanın düçar ola biləcəyi daha böyük fəlakətlərin qarşısını almağa və məhv olmaq təhlükəsi ilə üz-üzə olan dövlətimizi xilas edilməsində yeni inkişaf dövrünün başlamasına səbəb oldu.

Sonrakı dövrdə ölkəmizdə gedən siyasi proseslər bir daha göstərdi ki, YAP-ın yaranması, Ümummilli lider Heydər Əliyevin bu partiyaya Sədr seçilməsi respublikanın ozamankı gərgin, təhlükəli ictimai-siyasi vəziyyətindən və getdikcə bu vəziyyətin daha da kəskinləşməsindən irəli gələn tarixi zərurət idi. O zamankı hakimiyyətin Yeni Azərbaycan Partiyasının yaranmasına göstərdikləri maneələr, ardıcıl təzyiqlər bu yola qədəm qoyan insanları özlərinin ali məqsədlərindən döndərə bilmədi. Çünki bütün uzaqgörən insanlar Heydər Əliyevin rəhbəri olduğu bu qurumun xilaskar bir missiya üçün yarandığını anlayır və Yeni Azərbaycan Partiyasına dəstəklərini əsirgəmirdilər.

Bu gün Ulu öndər Heydər Əliyevin layiqli davamçısı olan cənab İlham Əliyevin rəhbərliyi ilə doğma Qarabağımızın erməni işğalından azad edilməsiylə bağlı atdığı addımlar, ölkəmizin inkişafına söykənən səmərəli fəaliyyəti nəticəsində 800 min nəfərə yaxın üzvü olan YAP bu müddət ərzində ölkədə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində inamlı qələbələr qazanması da tarixi faktdır.

Öz gücünü xalqın dəstəyindən alan Yeni Azərbaycan Partiyası ölkəmizdə davamlı islahatların həyata keçirilməsinə, ictimai-siyasi sabitliyin qorunmasına, Azərbaycanın inkişafına, dövlət müstəqilliyimizin güclənməsinə, ölkəmizin beynəlxalq nüfuzunun artmasına milsilsiz töhfələr verib.

Partiya üzvü olaraq inanıram ki, Yeni Azərbaycan Partiyası bundan sonra da qarşısında duran vəzifələri uğurla yerinə yetirməklə ölkəmizdə yeganə siyasi güc, siyasi qüvvə olduğunu hər zaman təsdiqləyəcək.

Belediyye.info

ŞƏRHLƏR