"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Sultanbud kurqanına daha bir baxış

--2022-08-01 / 19:10

Bu şəkillər cari ilin may ayının 9-da Sultanbud kurqanında çəkilib. O zaman bir aya yaxın idi ki, tikinti Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə regional idarəsinin tərtib etdiyi akta əsasən dayandırılmışdı.

Artıq üç aya yaxındır ki, bu mövzu ilə əlaqəli apardığım müzakirə və araşdırmalarda tikintinin niyə məhz tarixi abidə üzərində inşasının hansı səbəbdən edilməsinə hələ də cavab tapa bilməmişəm.   Bilərəkdənmi, ya bilməyərəkdənmi, fakt odur ki, maddi-mədəni irsimizə qarşı-kurqana qarşı qəsd edilib. Özüdə kənar adam yox, ərazini tanımayan birisi yox, məhz özümüz etmişik. Etdiyimiz səhvi yox, məhz cinayəti etiraf edərək yaranmış mövcud vəziyyətin üzərinə “su səpmək” əvəzinə, gördüyümüz işə haqq qazandırmağa çalışmağımız əslində daha böyük cinayət hesab edirəm.

Bu günlərdə “II Milli Yaylaq Festivalında baş verənlərlə bağlı Mədəniyyət Nazirliyinin dərhal üzrxahlıq etməsi əslində məqamında atılan ən düzgün addım hesab edilməlidir. Çünki layihənin icrasında həqiqətən yalnışlıq, təcrübəsizlik, hətta məsuliyyətsizlik olub. Bunu nazirlik rəsmiləri gördüklərində dərhal etiraf edərək üzr istəməsi əslində bir ailcənablıq əlaməti sayılmalıdır.

Sözüm onda deyil. Nə o festivala dəvət edilmişəm, nə də iştirak etmişəm. Hər halda əsas məsələ odur ki görülən işdə sözsüz ki, problemin olması da təbiidir. Fikrimcə, hər kəs də onu təbii qarşılamalı və ona hazır olmalı idi.

Sözüm öndadır ki, tunc dövrünə aid kurqana bu qədər qəsd edilib, etiraf etmək əvəzinə gördükləri işi əsaslandırmağa çalışırlar. Və sübut etməyə çalışırlar ki, ərazidə heç bir dağıntı olmayıb. Abidənin üzərinə 50 tondan artıq yük vurulub, hələ yəqin ki daha 50 tonda vurula bilər, belə olan halda tökmə torpaq yatmayacaq, fikrinizcə. Sözsüz ki, artıq o torpaqda yatma indidən hiss edilməkdədir.

Şəkildə gördüyünüz daş qaya parçası da məhz beton tökmək üçün qazılan yerdən çıxarılıb. Bu gün AMEA-nın Arxeologiya İnstitutunun rəhbərliyi, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidməti bu dağıntının əleyhinə olduğu halda bəzi məmurlar əldə belə ideyanı gözə söxmağa cəhd edirlər ki, guya bu ərazidə 44 günlük Vətən müharibəsində qalib gəlmiş Azərbaycanımızın şərəfinə ucaldılacaq "Dəmir yumruğu"muzu düşmən görəndə ikinci dəfə sinəsinə dağ çəkiləcək.

Birincisi, quraşdırmaq niyyətində olduğumuz “Dəmir yumruq” Xankəndində və düşmənlərimizin məskunlaşdığı digər ərazilərdən görünəsi deyil. Çünki qoyulması nəzərdə tutulan abidənin istiqaməti Bərdə şəhərinə tərəfdir.

İkincisi, Dəmir yumruğumuzu düşmənə artıq cənab Prezidentin komandanlığı ilə müzəffər ordumuzun əsgər və zabit heyəti yüksək səviyyədə göstərib.

Üçüncüsü, əgər yenidən onu düşmənə göstərmək istəyiriksə onda onu elə yerdə ucaltmalıyıq ki, düşmən həqiqətən onu görsün.

Dördüncüsü isə, düşünürəm ki, belə bir məsuliyyətli layihənin icrasında ziyalı sözünə məhəl qoyulmalı, nəzərə alınmalı və ən nəhayət müzakirəyə çıxarılmalı idi.

Yekun olaraq qeyd edim ki, əvvəlki yazımda bütün mətləblərə toxunduğumdan indi bəzi məsələlərə yenidən toxunmuram, sadəcə etdiyim müraciətlərə verilcək cavabları gözləyirəm…

Vüqar Tofiqli

ŞƏRHLƏR