"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Sosial məsuliyyətin bölgüsü çərçivəsində işəgötürənlərin iştirakı

--2017-05-30 / 16:51

Cənab Prezidenti İlham Əliyevin  sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsü mövcud iqtisadi şəraitdə əhalinin məşğulluq imkanlarının artırılmasında işəgötürənlərin daha fəal iştirakına imkan yaradıb. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına dair konfransda Azərbaycan Prezidenti cənab İlham Əliyev “Hesab edirəm ki, əgər iş adamları bu məsələyə sosial məsuliyyət nöqteyi-nəzərdən yanaşsalar və işsiz qalan insanları işə götürsələr, yaxud da ki, işçiləri ixtisar etməsələr onlar ümumi işimizə töhfə verərlər. Çünki bu, sosial məsuliyyətdir. Bu, bizim ümumi işimizdir”- deyə bildirib.

Dövlət başçısının bu təşəbbüsü Azərbaycanda sosial məsuliyyət prinsipinin daha geniş dairədə praktik gerçəkliyə çevrilməsinə, əmək və məşğulluq sahəsində mövcud olan sosial tərəfdaşlıq müstəvisində dövlət-işəgötürən münasibətlərini keyfiyyətcə yeni və işgüzar bir mərhələyə çıxmasına yol açdı.

Qısa müddətdə işəgötürənlər tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin  məşğulluq orqanlarına 60 minə yaxın vakansiya təqdim edildi ki, bu da mövcud iqtisadi şəraitdə sərbəstləşmiş işçi qüvvəsinin yenidən məşğulluğuna, ailə gəlirlərini bərpa etmələrinə imkan yaratdı. Bununla da kompleks təsirli tədbirlər nəticəsində Azərbaycanın əmək bazarında gərginlik, kütləvi işsizlik halı özünü göstərmədi, ailə gəlirlərinin azalmasına imkan verilmədi.

Suraxanı rayonunda da bir neçə dövlət müəssisələri bu tapşırığın icrasında aktiv iştirak etmiş və qısa müddət ərzində Suraxanı rayon Məşğulluq Mərkəzinin göndərişləri əsasında vətəndaşlar  münasib işlə təmin edilmişlər. Bu mənada Suraxanı MKTB, Suraxanı OYL, Dalma Qurğularının Təmiri və Kirayəsi üzrə Eksperimental İstehsal Müəssisəsi adlarını çəkmək lazımdır. Həmin müəssisələrə Suraxanı rayon Məşğulluq Mərkəzi adından bizimlə sıx əməkdaşlıq etdiklərinə görə təşəkkürümüzü bildirir.

Məşğulluq sahəsində sosial məsuliyyətin bölgüsü çərçivəsində dövlət şirkətləri ilə birgə fəaliyyətin davam etdirilməsi barədə müvafiq tapşırıqlar verilmişdir. Tapşırığın icrasını təmin etmək məqsədilə rəhbərlik etdiyiniz təşkilatda mövcud olan peşə və ixtisaslar üzrə boş (vakant) iş yerləri barədə məlumatların qısa müddət ərzində rayon Məşğulluq Mərkəzinə təqdim edilməsi zəruridir.

7 aprel 2016-cı il tarixdə Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev Sərəncam imzalamışdır. Bu Sərəncamdan irəli gələn işlərin görülməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılmışdır. Sərəncamın məqsədi aztəminatlı ailələrin özünüməşğulluğunun təşkili, onların dövlətin dəstəyi ilə öz kiçik ailə təsərrüfatlarını formalaşdıraraq inkişaf etdirə bilmələri üçün daha əlverişli şərait yaradılması üçün bütün müvafiq tədbirlərin görülməsidir. Bu aktiv tədbirlər vasitəsilə aztəminatlı ailələrin nəinki yoxsulluq səviyyəsindən çıxarılması həmçinin, uğurlu biznes fəaliyyəti qurmalarının da stimullaşdırılacağı hədəflənib.

Məşğulluq Haqqında Qanunun 17-ci maddəsi bütövlükdə Məşğulluğun təmin edilməsində işəgötürənlərin iştirakına həsr edilib. Qanunun xüsusilə 17.2.  , 17.3 və 17.4 maddələri diqqəti çəkir. Belə ki Qanunun 17.2 (İşçilərin sayı və ya ştatları ixtisar edildikdə işəgötürənlər işdən çıxarılacaq işçilərin peşəsini, sənətini, ixtisasını və əmək haqqının məbləğini göstərməklə, onların sərbəstləşdiriləcəyi barədə azı 2 ay əvvəlcədən müvafiq icra hakimiyyəti orqanına rəsmi məlumat verməlidirlər )

17.3. (İşəgötürənlər boş iş yeri (vakansiya) yarandığı gündən ən geci 5 gün müddətində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidirlər.) 17.4. (İşəgötürənlər müvafiq icra hakimiyyəti orqanına, həmin orqanın göndərişi ilə işə qəbul edilənlər, kvota üzrə işə qəbul edilənlər və işdən çıxarılanlar haqqında aylıq hesabatlar təqdim etməlidirlər.)

Qanunun 17.8. maddəsi Məşğulluq Mərkəzi tərəfindən göndərilmiş əlilləri, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxsləri və sosial müdafiəyə xüsusi ehtiyacı olan digər şəxsləri onlar üçün kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul etməyən işəgötürənlər, həmin şəxsləri işlə təmin etmədikləri aylar üzrə hər iş yeri üçün - dövlət büdcəsinə respublika üzrə orta aylıq əmək haqqının üç misli məbləğində vəsait köçürməlidirlər.

Həmçinin bir məlumatı nəzərinizə çatdırmaq istəyirəm ki, İnzibati Xətalar Haqqında Məcəlləyə olan son dəyişikliklərdən sonra Məcəllənin 194-cü maddəsinə əsasən “Müvafiq icra hakimiyyəti orqanı tərəfindən göndərilmiş əlillərin, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin və sosial müdafiəyə xüsusi ehtiyacı olan digər şəxslərin onlar üçün kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul edilməməsinə, yaxud dövlət büdcəsinə vəsait köçürülməməsinə görə-

min beş yüz manatdan iki min manatadək (1500-2000) məbləğdə cərimə edilir”. Xatırladım ki, əvvəlki məcəllədə bu əlli manatdan doxsan manatadək (50-90) miqdarda nəzərdə tutulmuşdur.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq sonda bildirmək istərdik ki, Suraxanı rayon Məşğulluq Mərkəzi Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Səlim Müslümovun və Suraxanı rayon İcra Hakimiyyətinin başçısı cənab Ilqar Abbasovun qarşımızda qoyduğu tapşırıqların vaxtında və dəqiq  icra edilməsində, o cümlədən qanunvericiliyin qarşımıza qoyduğu bütün öhdəlikləri  lazımi səviyyədə yerinə yetirəcəyik.

Sənan Məmmədzadə

Suraxanı rayon Məşğulluq Mərkəzinin  direktoru

 

ŞƏRHLƏR