"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Sonuncu şəkil

--2022-11-28 / 21:58

27 oktyabr 2020-ci ildə atamla çəkdiyim şəklimizin sonuncu olacağına hec vaxt inanmazdım. Şəhərə qayıdarkən sanki hiss etdiyimdən dədə-bala şəkil çəkməyimə anındaca razılaşdı. Gecəni isə müharibədəki qələbələrlə dolu günü geniş müzakirə edib, uzun gecəni bir xeyli də dərdləşmişdik.
Müharibə isə davam etməkdə idi.

29 sentyabr günündə, müharibənin ən gərgin və çətin anlarında doğma kəndini tərk edərkən yarı canı həyətində qalmışdı. Qurd-quşdan qorumaq üçün hazırladığı örtükləri “keçiəmcəyi” üzümünün salxımlarına bağlamağı çatdıra bilməmişdi. Həyətində özünün əkdiyi güleyşə narları belə dərməmişdi. Hələ bütün həyəti az qala öz qanadı altına alan və həvəslə becərdiyi boranıları demirəm...
Şəhərdə cəmi 28 gün saxlaya bildim. Müharibədəki irəliləyişdən ruhlanaraq təkidlə kəndə aparmağımı istədi. Beləcə artıq 25 oktyabrda yenidən kənddə idik...
Bir həftədən sonra noyabrın 4-də təkrar kəndə gəldim. Hər kəs müharibənin sona yaxınlaşdığını hiss etmişdi. Səhəri Gəncə şəhərinə baş vermiş faciə qurbanlarını ziyarətə getdim. Gəncə şəhəri həqiqətən faciəli günlərini yaşayırdı. Şəhərdə olduğum vaxtda atəş səsləri eşidilsə də artıq düşmən güllələri elə havadaca zərərsizləşdirilmişdi. Nə isə...
Noyabrın 6-da isə kənddən atamla xudahafizləşib ayrıldım. Bu bizim son görüşümüz oldu...
Hərtərəfli biliyə sahib olan, yalnız biliyinə güvənən, real həyatda keşməkeşli illərin sınağından uğurla çıxan, represiya qurbanı olmuş atası Məşədi Məhəmmədə ölümündən sonra bəraət almağı bacaran, həyatını kəndinin savadlanmasına həsr edən bir ziyalı - əziz atam yerin behişt olsun. Bu gün iki il olur ki, aramızda deyilsən.

Bu gün nəvələrinlə yanaşı, kəndində səpdiyin  digər çoxsaylı bilik toxumlarının artıq hər biri bar verməkdədir və sənin arzularını yaşatmaqdadırlar.
ALLAH RƏHMƏT ELƏSİN!!

Vüqar Tofiq oğlu Cəfərov

ŞƏRHLƏR