"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Şəmkir rayonunda vətəndaşların bələdiyyə fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib

--2019-05-19 / 11:43

Azərbaycan Prezident İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Ədliyyə Nazirliyi tərəfindən daim diqqətdə saxlanılır, bu məqsədlə vətəndaşların bölgələrdə səyyar qəbulları davam etdirilir.

Bununla bağlı nazirliyin rəhbərliyinin göstərişinə əsasən Bələdiyyələrlə İş Mərkəzi tərəfindən bələdiyyələrin fəaliyyəti barədə daha çox şikayət daxil olan rayonlar üzrə tərtib edilmiş qrafikə uyğun olaraq mayın 13-də Mərkəzin rəhbərliyi tərəfindən Şəmkir rayonunda vətəndaşların qəbulu keçirilib.

Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilərək müraciətlərində qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün nəzarətə götürülüb.

Həmçinin fəaliyyətlərindən daha çox şikayət edilən bələdiyyələrin sədrlərinin iştirakı ilə Şəmkir Regional Ədliyyə İdarəsində keçirilmiş müşavirədə vətəndaşların şikayətləri, onları doğuran səbəblər ətrafında müzakirələr aparılıb, müraciətlərə həssaslıqla yanaşılaraq onlara qanunvericiliyin tələblərinə uyğun baxılmasının vacibliyi vurğulanıb.

Eyni zamanda yerli vergi və ödənişlərin, xüsusilə də mədən vergisinin yığımı zamanı qarşıya çıxan problemlərin həlli, o cümlədən bələdiyyələrin sahibkarlıq fəaliyyətində iştirakının genişləndirilməsi istiqamətində müzakirələr aparılıb və bələdiyyələrin fəaliyyətində qanunçuluğun möhkəmləndirilməsi və şəffaflığın təmin olunması ilə bağlı tövsiyələr verilib.

Bələdiyyələrlə İş Mərkəzi

ŞƏRHLƏR