"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

“Şəhidlər ölməz, Vətən bölünməz”

--2019-04-09 / 09:19

Vətən sənin yaşadığın elin, oban, uca dağların, sərhədsiz dənizlərin, nəhayət, valideynlərin, döyüşdüyün səngərindir. Vətəni qorumaq bizim borcumuzdur. Qəhrəmanlıq verilmir, o qazanılır. Qəhrəmanlıq Vətəni sevirəm demək deyil, Vətənə olan sevgini sübut etməkdir. Qəhrəmanlıq Vətən uğrunda döyüşə atılmaqdır.

Qəhrəmanlığa gedən yol çox şərəfli və çətin yoldur. Bu yol şəhidlik zirvəsinə aparan yoldur. 2016-cı il Aprel döyüşləri zamanı bir daha Azərbaycan ordusunun əsgər və zabitlərinin döyüş ruhu çox yüksək səviyyədə idi. Bu döyüşlər sübut etdi ki, Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Çünki, Ordumuzun sıralarında əsl vətənpərvər, fiziki cəhətdən möhkəm, hərbi texnikadan mükəmməl istifadə etməyi bacaran gənclərimiz var. Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi, xalqımızın qəlbində həmişə yaşayacaq və tezliklə torpaqlarımızın işğaldan azad ediləcəyinə əminik.

Şəhidlər bizim kədərimiz, ürək ağrımız, həm də qururumuz, vüqarımız, fəxrimiz, örnəyimizdir!

Biz igid qəhrəmanlarımız ilə həmişə fəxr etmiş, onları əbədi xatirə kimi qəlbimizdə yaşadırıq. Son dövrlərin Qarabağ savaşı göstərdi ki, Azərbaycan doğrudan da qəhrəmanlar diyarı, igidlər və cəsurlar məskənidir.

Qarabağ müharibəsində Mərdəkan qəsəbəsindən bir neçə nəfər şəhid oldu. Bu şəhidlərdən biri də Hacıyev Adil Omarış oğludur. Onun da əziz xatirəsi əbədiləşdirilib. Vaxtilə yaşadığı binanın qarşısına vurulmuş “Xatirə lövhəsi”nin rəngi solduğundan, lövhənin yenilənməsi, ölçüsünün böyüdülməsi, qarşısında abadlıq, yenidənqurma işləri aparılmış və bəzək kolları əkilmişdir.

Qəsəbədə uyuyan bir şəhidin də “Xatirə lövhə”lərinin hazırlanıb vurulması istiqamətində iş gedir.

Yeniyetmə və gənclərin vətənpərvər ruhda böyümələrində şəhidlərin həyatı böyük örnəkdir.

İnanırıq ki, tezliklə torpaqlarımız işğaldan azad olunacaq və şəhidlərimizin qanı yerdə qalmayacaqdır.

 Xəzər rayonu Mərdəkan bələdiyyəsi

ŞƏRHLƏR