"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Seçicilərimizin etimadını qazanmağın yeganə yolu gördüyümüz işlərin hesabatlılığından keçir

--2019-05-02 / 18:21

Ulu Öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulan siyasi kursun Prezident İlham Əliyev tərəfindən böyük əzmkarlıqla həyata keçirilməsi, eləcə də sistemli olaraq sosial-iqtisadi islahatların aparılması Azərbaycanın inkişafında kefiyyətcə yeni mərhələnin əsasını qoymuşdur. Doğma Azərbaycanımız regionun lider dövlətinə çevrilmiş, beynəlxalq aləmdə nüfuzu durmadan artmaqdadır.

Ölkəmizdə dövlət idarəçiliyinin daim təkmilləşdirilməsi, demokratik təsisatların inkişaf etdirilməsi istiqamətində uğurla aparılan siyasət nəticə etibarı ilə vətəndaş cəmiyyətinin, eləcə də yerli özünüidarəetmə orqanlarının inkişafına müsbət təsirini göstərməkdədir.

Bu baxımdan ölkə bələdiyyələri də yaradılan əlverişli mühitdən yararlanaraq üzərilərinə düşən vəzifələri daha məsuliyyətlə icra edərək fəaliyyətlərini davam etdirirlər. Hesabat ilində Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasına üzv bələdiyyələrin fəaliyyətlərinin koordinasiyası, həmin fəaliyyətin Nizamnamə tələblərinə uyğun qurulması istiqamətində zəruri tədbirlər planlaşdırılıb və icra edilibdir.

Eləcə də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin Bələdiyyələrlə iş sektoru, Milli Məclisinin Regional Məsələlər Komitəsi və Ədliyyə Nazirliynin Bələdiyyələrlə iş mərkəzi ilə əməkdaşlığımız yüksək səviyyədə qurulub. Bu bizə imkan verir ki, bələdiyyələrin fəaliyyəti ilə bağlı olan bütün qanunvericilik aktlarının ilkin müzakirələrində Milli Assosasiyaların sədrləri kimi yaxından iştirak edək və Sizi layiqincə təmsil edək. Fəaliyyətimizin təkmilləşdirilməsində bizə əlavə imkanlar yaradılmasına və gələcəkdə bu imkanların daha da genişləndilməsinə görə, icazə verin yığıncaqda iştirak edən müvafiq orqanların nümayəndələrinə qəsəbə bələdiyyələri adından minnətdarlığımızı bildirək.

Yerli özünüidarəetmənin əsas prinsiplərindən biri, bələdiyyə orqanlarının fəaliyyətində demokratik mühitin və şəffaflığın təmin olunması, idarəetmə qərarlarının qəbulu və icrası proseslərinə sakinlərin cəlb edilməsidir. Bu nöqteyi nəzərdən 2007-ci ilin payızından başlayaraq Avropa Şurasının “Avropada Yerli Demokratiya Həftəsi” təşəbbüsünə qoşularaq bələdiyyələrin milli assosiasiyalarının təşkilatçılığı ilə müvafiq tədbirlərin keçirilməsi vətəndaş cəmiyyətinin qurulmasında və demokratik prinsiplərin tətbiqində kifayət qədər əhəmiyyətli olmuşdur.

Hesabat ilində də bu tədbirlər davam etdirilmişdir. Belə ki, Milli Assosiasiyalarının təşkilatçılığı ilə 11 oktyabr 2018-ci il tarixdə Sumqayıt şəhərində "Yerli demokratiyanın inkişafı naminə vətəndaşların iştirakı, maarifləndirilməsi və öhdəlikləri" mövzusunda konfrans keçirilmiş, konfransda bələdiyyə sədrləri ilə yanaşı, Milli Məclisin deputatları, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri üzrə şöbəsinin Bələdiyyələrlə iş sektorunun, Ədliyyə Nazirliyinin, bir sıra aidiyyəti dövlət qurumlarının, QHT və KİV nümayəndələri iştirak etmişlər.

Konfransda yerli özünüidarəetmə proseslərinə əhalinin cəlb edilməsi, qarşılıqlı fikir mübadilələrinin aparılması və öhdəliklərin müəyyən olunması, bələdiyyə idarəçiliyində hesabatlılığın, şəffaflığın və vətəndaş məmnunluğun təmin edilməsi kimi məsələlər geniş müzakirə olunmuşdur.

Tədbirin davamı olaraq milli assosiasiyaların tövsiyyələri əsasında, oktyabrın 15-dən 21-dək "Azərbaycanda Yerli Demokratiya Həftəsi" çərçivəsində bələdiyyələrdə müxtəlif tədbirlər təşkil edilmişdir. Keçiriləcək tədbirlər və sakinlərlə görüşlər barəsində əvvəlcədən KİV-lərdə və müxtəlif internet resurslarında xəbərlərin yerləşdirilməsi, bələdiyyə binalarının qarşısında, əhalinin sıx toplaşdığı yerlərdə müxtəlif çağırışçı şüarların asılması, keçirilmiş tədbirlərin kütləviliyini xeyli artırmışdır. Müxtəlif ünvanlarda sakinlərlə keçirilən 674 görüşdə 74886 nəfər iştirak etmiş, bələdiyyələrdə 7562 nəfər vətəndaş qəbul olunmuşdur.

Artıq ənənə halını almış belə tədbirlər bələdiyyə - vətəndaş əlaqələrinin möhkəmlənməsinə, bələdiyyələrin idarə olunmasında, bələdiyyə aktlarının qəbulunda vətəndaş iştirakçılığının yüksəlməsinə səbəb olmuş, onların fəaliyyətində şəffaflığın təmin edilməsində mühüm addımlar atılmışdır. Eyni zamanda görüşlərdə seçicilərimizin   səsləndirdikləri fikirlər, verdikləri təkliflər fəaliyyətimizi sakinlərimizin mənafeyi naminə qurmaqda və qarşiya qoyduğumuz məqsədlərə çatmaqda bizə yardımçı olmuş və cari iş planlarımızın əsasını təşkil etmişdir.

Maarifləndirmə tədbirləri çərçıvəsində Azərbaycan Respublikası FHN-in Bakı Regional Mərkəzinin və Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının təşkilatçılığı ilə 22 noyabr 2018-ci il tarixində Bakı şəhərində fəaliyyət göstərən bələdiyyə rəhbərlərinin iştirakı ilə Bakı Regional Mərkəzində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, təxliyə tədbirlərinin planlaşdırılması və həyata keçirilməsi zamanı FHN Bakı Regional Mərkəzinin yerli özünüidarəetmə orqanları ilə birgə fəaliyyəti” mövzusunda dəyirmi masa keçirilmişdir.  

Hamımızın əsas məqsədi Azərbaycan bələdiyyələrində idarəetmənin daha da təkmilləşdirilsi, sakinlərimizin sosial ehtiyaclarının hərtərəfli öyənilməsi və bu məsələlərin həli üzrə qəbul etdiyimiz qərarların icrasını vətəndaşlarımızın mənafeyi və rifahı naminə vaxtında təmin etməkdən ibarətdir. Biz sizinlə hər birimiz öz bələdiyyəmizin inzibati ərazisində bu məqsədlərə çatmaq üçün bütün potensialımızı səfərbər etməli və seçicilərimizin rifahı naminə yorulmadan çalışmalıyıq.

Etiraf etməliyik ki, heç də bütün qəsəbə bələdiyyələri işini günün tələbləri səviyyəsində qura bilməmişlər. Bələdiyyələrin əksəriyyətində kadr və informasiya təminatında ciddi problemlərimiz vardır. Biz fəaliyyətimizə özünətənqid formasında yanaşmaqla, bu problemləri burada səsləndirməklə və birgə müzakirə etməklə onları həll edə bilərik. Ona görə də yerli özünü idarəetmədə müasir informasiya texnologiyalarının tətbiqinə xüsusi önəm verməklə bərabər, bələdiyyə qulluqçularının peşəkarlığının artırılmasına və yüksək ixtisaslı kadrların müsabiqə yolu ilə işə cəlb edilməsinə xüsusi diqqət yetirməliyik. Nəticədə yerli problemlərin həlli ilə bağlı qəbul etdiyimiz qərarları vaxtında icra edə bilən çevik icra strukturunu formalaşdırmalıyıq. Bütün bunlarla yanaşı hamımıza məlumdur ki, bələdiyyə ərazisində gördüyümüz bütün işlərin, sakinlərə göstərdiyimiz müxtəlif xidmətlərin kəmiyyət və keyfiyyəti bələdiyyələrin iqtisadi potensialından birbaşa asılıdır. Bu baxımdan hesab edirəm ki, yerli büdcənin formalaşdırılması, maliyyə mənbələrinin genişləndirilməsi, xidmət və istehsal sahələrinin yaradılması istiqamətində bələdiyyələrinizdə mövcud olan problemlər və onların həlli istiqamətində müvafiq tədbirlərin görülməsi məsələləri də bugünki Ümumi Yığıncağımızın ciddi müzakirə obyekti olmalıdır.

Ötən dövr ərzində bələdiyyələr üçün ən ciddi problemlərdən biri, DSMF-na yaranan borclar nəticəsində onların bank hesablarına sərəncamların qoyulmasıdır. Nəticədə 64-ə yaxın qəsəbə bələdiyyəsinin maliyyə-təsərrüfat fəaliyyətləri məhdudlaşdırılmış, onlar üzərilərinə düşən vəzifələri tam icra edə bilməmişlər. Bu vəziyyət milli assosiasiyaya üzvlük haqqlarının ödənilməsinə də öz təsirini göstərmiş, bələdiyyələr il ərzində proqnozlaşdırılmış üzvlük haqqları üzrə maliyyə vəsaitinin cəmi 59,4 faizini ödəmişlər. Hesab edirəm ki, DSMF borcları ilə bağlı, narahatçılıq doğuran bu məsələ də müzakirə olunaraq öz həllini tapmalıdır.

Bələdiyyələrin maliyyə potensialının gücləndirilməsi, yerli vergi və ödənişlərin yığılması işinin səmərəli təşkili 2018–ci ildə keçirilən Ümumi Yığıncaqda da geniş müzakirə olunmuş və bu sahədə ciddi tədbirlərin görülməsi qarşımıza bir vəzifə kimi qoyulmuşdur. Bununla bağlı Prezident Administrasiyasının dəstəyi ilə Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyaları tərəfindən hazırlanmış Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi (BAMS) proqramının imkanlarından tam istifadə edilməsi respublikanın bütün bələdiyyələrinə, o cümlədən qəsəbə bələdiyyələinə də tövsiyyə olunmuşdu.

Hesabat ilində Milli assosiasiyanın əməkdaşları tərəfindən bələdiyyələrin müraciəti əsasında davamlı olaraq onlara texniki dəstək göstərilmiş və izahat işləri aparılmışdır. Nəticədə uzun müddət yerli vergi və ödənişlərin toplanması sahəsindəki pərakəndəliyə son qoyaraq bələdiyyələrin çoxunda öz müsbət nəticəsini vermişdir. Amma bir sıra qəsəbə bələdyyələri bu məsələyə ciddi yanaşmamış, elə əvvəlki formada, sistemsiz şəkildə fəaliyyətini davam etdirmişlər. Bəzi qəsəbə bələdiyyələrin büdcəsinə isə il ərzində vergi və ödənişlərdən bir manat belə olsun maliyyə vəsaiti daxil olmamışdır. Belə bələdiyyələrin adları məruzənin statistik təhlil hissəsində açıqlanacaqdır. Hesabat ilinin yekunları BAMS proqramı vasitəsilə ümumi gəlirlər və xərclər üzrə əldə etdiyimiz məlumatlar və statistik göstəriçilər təhlil edilmiş, ümumiləşdirmələr aparılmış və nəticədə ayrı-ayrı qəsəbə bələdiyyələri üzrə müsbət dinamikanın olması müşahidə olunsa da, yuxarıda qeyd etdiyim bələdiyyələr hesabına ümumilikdə qəsəbə bələdiyyələri üzrə illik büdcə daxilolmaları 342837 (üç yüz qırx iki min səkkiz yüz otuz yeddi) manat və ya 4,4 faiz azalmışdır. Belə ki, 2017-ci ildə assosiasiyaya üzv qəsəbə bələdiyyələrinin büdcə gəlirləri 7 716 047 (yeddi milyon yeddi yüz on altı min qırx yeddi) manat olduğu halda, 2018-ci illə bu rəqəm 7 373 210 (yeddi milyon üç yüz yetmiş üç min iki yüz on) manat olmuşdur. Büdcə xərclərində də azalma baş vermişdir. Ötən dövrlə müqayisədə xərclər 2,2 faiz azalararaq 7 247 145 (yeddi milyon iki yüz qırx yeddi min yüz qirx beş) manat təşkil etmişdir.

Qəsəbə bələdiyyələri üzrə illik büdcə daxilolmalarının 6 389 968 (altı milyon üç yüz səksən doqquz min doqquz yüz altmış səkkiz) manatı və ya 86,7 faizi yerli vergi və ödənişlərdən daxil olmalar, 704 108 (yeddi yüz dörd min yüz səkkiz) manatı və ya 9,5 fazini dövlət tərəfindən ayrılan dotasiya, 279 134 (iki yüz yetmiş doqquz min yüz otuz dörd) manatı və ya 3,8 faizi isə 2017-ci ildən növbəti hesabat ilinə keçən qalıq vəsaiti hesabına formalaşmışdır.

Ümumiləşdirmələr onu deməyə əsas verir ki, əksər qəsəbə bələdiyyələri ötən il yerli vergilərin toplanmasına daha ciddi yanaşmışlar. Belə ki, qəsəbələr üzrə yerli vergi və ödənişlərdən daxil olan vəsaitin 70,8 faizini, yerli vergilərdən daxilolmaların isə 98,8 faizini fiziki şəxslərdən torpaq və əmlak vergisi, yəni dayanıqlı maliyyə mənbələri təşkil etmişdir. Heç şübhəsiz ki, belə müsbət nəticələr BAMS proqramını tətbiq etməklə əsas vergi növləri olan fızıki şəxslərdən əmlak və torpaq vergilərinin uçotundakı sistemsizlikdə müəyyən qədər nizamın yaradılması hesabına nail olunmuşdur. Bu göstəricilər hələ ki, bizi qane etmir.

Uçota alma prosesi başlamış, amma bu bütün bələdiyyələri tam əhatə etmir, bu məsələyə obyektiv və ya subyektiv səbəblərdən ciddi yanaşmayan bələdiyyələr də az deyildir. Belə ki, BAMS proqramındakı göstəricilərə istinadən 141 qəsəbə bələdiyyəsindən 34 bələdiyyə fiziki şəxslərdən əmlak vergisindən, 16 bələdiyyə fiziki şəxslərdən torpaq vergisindən, onlardan 12 bələdiyyə hər iki vergi növündən bir manat da olsun belə vəsait yığa bilməmişdir. Təəssüf hissi ilə qeyd etməliyəm ki, 5 qəsəbə bələdiyyəsi - Füzuli rayonunun 3№-li Qayıdış, 8№-li Qayıdış və Zobucuq bələdiyyələri, Goranboy Qazanbulaq bələdiyyəsi, Qaradağ rayonunun Çeyildağ bələdiyyəsi bir manat da olsa belə vəsait yığa bilməmiş, onların büdcə gəlirləri yalnız dotasiya hesabına formalaşmışdır. Belə nəticələrin səbəbləri hökmən araşdırılmalıdır. Hər hansı bir çətinlik olubsa niyə müraciətlər olunmayıb? Təcrübə göstərir ki, qeyd olunan məsələlərlə bağlı hansısa bir çətinliyi olan bələdiyyələr tərəfindən milli assosiasiyalara gündəlik olaraq müraciət edən bələdiyyələr assosiasiya əməkdaşlarının köməyi ilə qeyd olunan problemi həll edirlər. Hesab edirəm ki, burada ancaq işə yanaşma tərzini dəyişilməli və digər subyektiv bəhanələrə əsaslanmamalıyıq. Hansı bəhanədən söhbət gedə bilər ki, Bakı şəhərində fəaliyyət göstərən 46 qəsəbə bələdiyyəsindən yalnız Qaradağ rayonunun Çeyildag bələdiyyəsinin illik büdcəsinə dotasiyadan başqa bir manat olsun belə maliyyə vəsaiti daxil olmamışdır? Və yaxud Beyləqan rayonunun 14 qəsəbə bələdiyyəsindən 12 –sində əmlak vergisindən illik daxilolmalar sıfır manatdır, amma 2 bələdiyyə - Mil və Örənqala bələdiyyələri bu vergiləri yığmağa müvəffəq ola biliblər? Eyni ilə Goranboy rayonunun Qızılhacılı və Aşağı Ağcakənd bələdiyyələri əmlak və torpaq vergilərindən kifayət qədər maliyyə vəsaiti yığdığı halda, qonşu Kürəkçay və Qazanbulaq qəsəbə bələdiyyələrinin büdcəsinə il ərzində qeyd olunan vergi növləri üzrə heç bir vəsait daxil olmamışdır? Məhz adı çəkilən və çəkilməyən belə fəaliyyətsiz bələdiyyələrin hesabına qəsəbələr üzrə illik büdcə gəlirlərində azalma baş vermişdir.

Fəaliyyəti zəif olan bələdiyyələrlə bərabər, kifayət qədər fəaliyyəti olan və müsbət nəticələr göstərən bələdiyyələrimiz daha çoxdur. Qabaqcıl bələdiyyələrimizin bir qismini nəzərinizə çatdırmaq istəyirəm. Bakı şəhərinin Binəqədi, Sabunçu, Suraxanı və Xəzər rayonunun qəsəbə bələdiyyələri, Nizami rayonunun Keşlə, Abşeron rayonunun Aşağı Güzdək, Ceyranbatan, Hökməli və Saray, Goranboy rayonunun Qızılhacılı, Astara rayonunun Kijəbə, İsmayıllı rayonunun Basqal və Lahıc, Şamaxı rayonunun Şəhriyar, Xaçmaz rayonunun İstisu (Müqtədir) bələdiyyələri ən qabaqcıl bələdiyyələr sırasındadırlar.

Bələdiyyələrimiz əmlak və torpaq vergilərinin yığılmasında fəallıq göstərsələr də, digər vergilərin yığımı barədə bunu demək olmaz.

Yerli əhəmiyyətli tikinti materiallarından mədən vergisi üzrə cəmi 7 bələdiyyə, bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərin mənfəət vergisi üzrə yalnız 2 bələdiyyəyə - Sabunçu rayonunun Bakıxanov bələdiyyəsinə və Zaqatala rayonunun Əliabad bələdiyyəsinə ümumilikdə 2857 manat vəsait daxil olmuşdur. Belə nəticəyə gəlmək olur ki, bələdiyyələrimizin keçən 20 il ərzində səmərəli fəaliyyətinin əsas göstəricilərindən biri kimi xarakterizə oluna bilən bələdiyyə müəssisələrinin və xidmət sahələrinin yaradılması işində hələ ki, irəliləyişə nail ola bilmirik. Halbuki, mənfəət əldə etməklə yanaşı, eyni zamanda yerli problemlərin həlli və sakinlərə bələdiyyə xidmətlərinin göstərilməsi baxımından xidmət və istehsal sahələrinin yaradılması çox vacibdir. Hesab edirik ki, cari ildə qarşımızda duran ən vacib məsələlərdən biri də məhz bu istiqamətdə fəaliyyətimizin gücləndirilməsi olmalıdır. Bu sahədə maliyyə çətinlikləri ilə bağlı keçən yığıncaqlarda səsləndirdiyimiz təkliflər əsasında bələdiyyələrə subvensiyaların verilməsi məsələsi həll olunmuşdur. Qəsəbə bələdiyyələri təşəbbüs göstərərək müxtəlif istehsal və xidmət sahələri yaradılması üzrə subvensiya layihələri ilə çıxış etməlidirlər. Bakıxanov bələdiyyəsi artıq təşəbbüs göstərərək subvensiya lahiyəsi əsasında qəsəbədə sakinlərə mərasim xidmətlərin göstərilməsi üçün Xeyir- şər evinin tikintisinə başlamışdır, yaxın zamanlarda lahiyə üzrə işlərin tamamlanması və vətəndaşların istifadəsinə verilməsi planlaşdırılır.

Qəsəbə bələdiyyələri üzrə yerli ödənişlərdən illik daxilolmalar barədə qısa məlumat vermək istəyirəm. Yerli ödənişlər üzrə gəlirlər 1 813 341 (bir milyon səkkiz yüz on üç min üç yüz qırx bir) manat təşkil edir ki, bu da büdcə gəlirlərinin 24,6 faizini, vergi və ödənişlərdən daxil olmaların isə 28,4 faizini təşkil edir. Belə nəticə bizi qətiyyən qane etməməlidir. Cədvəldən də göründüyü kimi torpaq sahələrinin özgəninkiləşdirməsindən və stasionar və ya səyyar ticarət, ictimai iaşə və digər xidmətlərə görə ödənişlərdən daxilolmalarda kifayət qədər artım olduğu halda, torpaq sahələrinin icarəyə verilməsindən daxilolmalar xeyli azalmış, digər ödənişlər üzrə yığımı bələdiyyələr ümumiyyətlə təşkil edə bilməmişlər. Belə ki, reklam yerləşdirilməsinə görə ödəniş cəmi 1 bələdiyyə, mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödəniş üzrə cəmi 3, nəqliyyat vasitələrinin daimi və ya müvəqqəti dayanacaqları üçün ödəniş üzrə cəmi 2 bələdiyyə, ümumilikdə 34 388 manat, büdcə gəlirlərinin cəmi 0,5 faizi məbləğində vəsait yığa bilmişlər.

Bununla belə qəsəbə bələdiyyələri hesabat ilində yerli problemlərin həlli ilə bağlı çoxsaylı iqtisadi, sosial və digər layihələr həyata keçirə bilmişlər. “Bir bələdiyyə - azı bir layihə” təşəbbüsü çərçivəsində 2018-cı ildə qəsəbə bələdiyyələri tərəfindən 19 istiqamətdə, 618 layihə üzrə, 3 550 000 (üç milyon beş yüz əlli min) manatlıq müxtəlif xarakterli sosial layihələr icra olunmuşdur ki, bu da büdcə xərclərinin 48,1 faizini təşkil edir. Həyata keçirilmiş layihələr sırasında 126 layihə üzrə 1.220.000 (bir milyon iki yüz iyirmi min) manat abadlıq və quruculuq işlərinin görülməsinə, 86 layihə üzrə 742 900 (yeddi yüz qırx iki min doqquz yüz) manat bələdiyyə yollarının saxlanmasına, 98 layihə üzrə 270.000 manat yaşıllaşdırma işlərinin yerinə yetirilməsinə, 78 layihə üzrə 782 400 manat məişət tullantılarının daşınmasına, 108 layihə üzrə 250 150 manat sosial yardımların verilməsinə, 17 layihə üzrə 19 000 manat yaşayış binalarının saxlanılmasına, 105 layihə üzrə 265 550 manat digər layihələrin yerinə yetirilməsinə maliyyə vəsaiti sərf etmişlər.

Cari ildə isə 3 740 200 (üç milyon yeddi yüz qırx min iki yüz) manat dəyərində 647 layihənin icrası nəzərdə tutulur ki, bu da 2018-ci illə müqayisədə 190 200 manat və ya 4,7 faiz daha çox layihənin icrası deməkdir.

Hesabat ilində Milli Assosiasiyalar, yerli özünüidarəetmə məsələləri bağlı beynəlxalq əlaqələri davam etdirilmiş, Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin sessiyalarında və beynəlxalq əlaqələr üzrə tədbirlərdə ölkə bələdiyyələrini təmsil etmişik. Ötən ilin noyabr ayında Azərbaycan Şəhər və Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyalarının sədrləri Fransanın Strasburq şəhərində keçirilmiş Avropa Şurası Yerli və Regional Hakimiyyətlərin Konqresinin növbəti 34-cü və 35-ci sesiyalarında, bu ilin aprel ayında isə 36-cı sessiyasında iştirak etmişlər.      

2018-ci ilin may və iyun aylarında Azərbaycan Şəhər və Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyalarının sədrləri Rumıniyanın Kovasna və Türkiyənin İstanbul şəhərlərində Avropa Şurası Yerli və Regional Hakimiyyətlərin Konqresinin (AŞ YRHK) Monitorinq Komitəsinin iclaslarında iştirak etmişlər.

29 aprel - 05 may 2018-ci il tarixlərində Milli Assosiasiyaının rəhbərliyi də daxil olmaqla bələdiyyə sədrlərindən ibarət nümayəndə heyəti Türkiyə Respublikasının Ankara və İstanbul şəhərlərində səfərdə olmuşdur.

Türk Dünyası Bələdiyyələr Birliyinin xətti ilə Azərbaycanın qadın bələdiyyə sədrləri 22-28 iyul 2018-ci il tarixlərində Türkiyənin İstanbul şəhərində, Milli Assosiasiyaların rəhbərləri və bələdiyyə sədrlərindən ibarət nümayəndə heyəti 22-28 iyul 2018-ci il tarixlərində Latviya Respublikasında tanışlıq proqramlarında iştirak etmişlər.

Latviya Bələdiyyələr İttifaqının sədrinin rəhbərlik etdiyi bələdiyyə sədrlərindən ibarət nümayəndə heyəti 15-20 oktyabr 2018-ci il tarixlərində ölkəmizdə səfərdə olmuşlar.

10-14 oktayabda şəhər və qəsəbə bələdiyyələrinin sədrlərindən ibarət nümayəndə heyəti Antaliyada Muradpaşa bələdiyyəsinin təşkil etdiyi növbəti tanıtım festifalında iştirak etmişlər.

Keçən ilin avqust ayında Türk Dünyası Bələdiyyələr Birliyinin xətti ilə Bosniya-Hersoqovinadan olan bələdiyyə sədrləri və iş adamları ölkəmizə səfəri zamanı əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur.

Göründüyü kimi hesabat ilində beynəlxalq əlaqələrimiz demək olar ki, xeyli genişlənmişdir.

Qarşılıqlı səfərlər zamanı çalışırıq ki, təcrübə mübadiləsindən səmərəli istifadə etməklə ölkəmiz haqqında həqiqətləri xarici həmkarlarımıza daha obyektiv çatdıraq.

Beləliklə, yekun olaraq bildirmək istəyirəm ki, fəaliyyətimizlə bağlı məruzədə bir çox məsələlərə, daha çox mövcud olan problemlərə toxunmağa çalışdım. Eyni zamanda, dövlət hakimiyyət orqanlarının burda iştirak edən hörmətli nümayəndələrinin də gələcəkdə fəaliyyətimizin daha səmərəli formada qurulması ilə bağlı dəyərli tövsiyyələrini eşidəcəyik. Şübhəsiz ki, verilən bütün təkliflər və tövsiyyələr ümumiləşdirilərək Ümumi Yığıncağımızın qərarında öz əksini tapacaqdır. Qəbul edəcəyimiz qərardan irəli gələn vəzifələri layiqincə yerinə yetirmək üçün gələcəkdə də birgə və səmərəli fəaliyyət göstərməliyik.

2019-cu il bələdiyyələrə növbəti seçkilərin keçirilməsi ilidir. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan bələdiyyələr daim inkişafdadır. Artıq bələdiyyə institutunun fəaliyyəti 20 illik bir dövrü əhatə edir. Bu mənada ötən dövr ərzində ölkədə uğurla formalaşan bələdiyyələrə assosiasiya tərəfindən də hərtərəfli dəstək verilmiş, fəaliyyətimizdə milli dövlətçilik mənafeləri həmişə ön plana çəkilmişdir.

Eyni zamanda, bələdiyyələr tərəfindən həyata keçirilən müxtəlif sosial layihələr, yerli əhəmiyyətli tədbirlər insanların yerli özünüidarəetmə orqanlarına inam və etibarını artıraraq bələdiyyə-vətəndaş münasibətlərini daha da möhkəmləndirmişdir.

Seçicilərimizin etimadının qazanılmasının yeganə yolu onları narahat edən yerli problemlərin həllindən, onlara yüksək xidmət göstərməkdən və gördüyümüz işlərin hesabatlılığından keçir. Bunu isə peşəkər kadrlarla və müasir idarəetmə texnologiyaların tətbiqi ilə reallaşdıra bilərik.

Hümbət Hüseynov

Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri

ŞƏRHLƏR