"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Səbail rayonunda 20 Yanvar faciəsinin qurbanları dövlətin daim diqqət mərkəzindədir

--2023-01-21 / 16:06

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov ilə birgə RİH başçısının müavini Eldar Ağayev, Səbail bələdiyyəsinin sədri Hacı Əliyev, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev və RİHBA-nın məsul əməkdaşları 20 Yanvar faciəsində həyatını itirmiş 13 yaşlı Məmmədova Larisa Fərman qızının və Qasımov Yusif İbrahim oğlunun ailərinini ziyarət ediblər. Görüşlərdə onların əziz xatirəsi yad edilib.

Şəhid Larisanın anası Qalina Məmmədova hadisəni belə xatırlayır:

“Həyat yoldaşım Fərman Məmmədov işə gedirdi. Larisa da təzə paltarlarını geyindi ki, atamla gedirəm. Mən həmin gün Larisanı atası ilə getmək fikrindən nə qədər daşındırmağa çalışsam da o inad etdi. Ümumiyyətlə atasının işinə getməyi çox sevərdi. Hərdən evdə "peraşki" bişirən kimi büküb isti-isti atasına aparardı. Atası da onu avtobusda gəzdirərdi. Elə həmin gün də atası ilə avtobusda gəzmək üçün getmişdi. Həyat yoldaşım Larisa ilə birgə 1990-cı ilin 19 yanvardan 20-ə keçən gecə saat 10:00 radələrində evdən çıxdı. Onlar Leytenant Şmidt adına zavoda getmişdilər. Əsgərlər zavodun yanında Fərmanla Larisanın oturduqları avtobusu da gülləbaran etdilər. Mən hadisə barədə xəbər tutanda artıq gec idi. Həmin günü xatırlayanda o dəhşətli görüntülər yenidən gözümün önündə canlanır. Mən, əlimdə körpə övladlarımla çıxılmaz durumda qalmışdım. Bütün yaralıların Semaşko xəstəxanasına aparıldığını öyrəndim. Ora gedəndə Fərmanın ayağından yaralandığını dedilər. Qızımı isə morqdan tapdım".

Qeyd edək ki, Səbail rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalovun təşəbbüsü ilə Səbail Bələdiyyəsi tərəfindən 20 Yanvar şəhidi Larisa Məmmədovanın yaşadığı mənzilin qarşısında barelyefi də vurulmuşdur.

Şəhid Qasımov Yusifin həyat yoldaşı Reyhanə xanım isə o faciyəvi gecədən belə danışır : “Xəzər» kinoteatrının yanında heç bir səbəb olmadan maşın atəşə tutulan Yusif ağır yaralanır. Yalnız iki gündən sonra qohumları onun meyidini mərkəzi meyidxanadan tapmışlar.

Bu gün 20 Yanvar faciəsinin iştirakçıları və şəhid ailələri dövlətin daim diqqət mərkəzindədir.

Keçirilən görüşlərdə səhid ailəsinin üzvləri Azərbaycan Prezidenti cənab İlham Əliyevin şəhid ailələrinin sosial-rifah halının yaxşılaşdırılması məqsədilə imzaladığı Fərman və sərəncamlardan məmnunluq ifadə etdiklərini, bu kateqoriyadan olan vətəndaşlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı Cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Ümumxalq hüzn gün isə, Səbail Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Səbail bələdiyyəsinin üzvləri və qulluqçuları, rayon ziyalılar və şəhid ailələri 20 yanvar abidə kompleksinə gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda mübarizədə həyatlarını fəda etmiş vətən övladlarını təcəssüm etdirən kompleksin önünə tər qərənfillər düzmüş, şəhidlərimizin xatirəsinə ehtiramlarını bildirmişlər.

Səbail bələdiyyəsi

 

ŞƏRHLƏR