"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Sahil qəsəbəsində şəhidin ad günü qeyd edilib

--2021-09-10 / 19:38

10 sentyabr 2021-ci il tarixində Qaradağ rayonun Sahil qəsəbə sakini, II Qarabağ müharibəsində şəhidlik zirvəsinə yüksələn Şaiq Kəlbiyevin ad günü şəhidin məzarı önündə qeyd edilib.

Qaradağ RİH-in təşəbbüsü və Sahil qəsəbə bələdiyyəsinin iştirakıyla şəhidin doğum günü ilə əlaqədar olaraq Qaradağ rayon İcra Hakimiyyətinin başçısı S.Mikayılov, Milli Məclisin deputatı Aydın Hüseynov, icra hakimiyyətinin vəzifəli şəxsləri, şəhidin xidmət etdiyi hərbi hissənin zabit heyəti, döyüş yoldaşları şəhid Şaiq Kəlbiyevin doğum günü ilə əlaqədar məzarını ziyarət etmiş, məzarı üzərinə əklil qoymuş, ruhuna dualar oxunmuşdur.

Bu barədə Belediyye.infoya məlumat Sahil bələdiyyəsindən daxil olub.

Tədbir iştirakçıları şəhidin ailəsinə baş sağlığı verərək, Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açmış və rəşadətli ordumuz, qəhrəman oğullarımız qəhrəmanlıq göstərərək həyatları bahasına torpaqlarımızı düşməndən işğalçılardan azad etdiyini qeyd etmişlər.

Mərasimdə şəhidin keçdiyi qısa və mənalı həyat yolundan söz açılmış, vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsini daim uca tutmağı, vətən uğrunda mübarizənin vacibliyi, tarix yazan qəhrəman şəhidlərin and yerimizə, ziyarət məkanımıza çevriləcəklərini bildiriblər.

Mərasimdə həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edildiyini, rayonda da şəhid ailələri və qazilərə diqqət və qayğı göstərilməsinin yüksək təşkil olunması qeyd olunub.

Qeyd edək ki, Şaiq Kəlbiyev 1994-cü il sentyabrın 10-da Sahil qəsəbəsində anadan olub. 2012-ci ildə 319 nömrəli tam orta məкtəbi, 2014-cü ildə isə Sosial-İqtisadi Kollecdə təhsil alıb.

2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə iştirak edib. Döyüş meydanından yaralı hərbçilərin çıxarılmasında və Cəbrayıl rayonu istiqamətində Lələtəpə strateji nöqtəsinin işğaldan azad edilməsi zamanı fərqlənib.

Könüllü olaraq Şaiq Kəlbiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan qəsəbəsinin və Ağdərənin azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib.

Şaiq Kəlbiyev oktyabrın 15-də Suqovuşan-Ağdərə istiqamətində baş verən qızğın döyüş zamanı şəhid olub. Qaradağ rayonunun Sahil qəsəbəsində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şaiq Kəlbiyev ölümündən sonra "Vətən uğrunda" və “Suqovuşanın azad olunmasına görə” medalları  ilə təltif olunmuşdur.

ŞƏRHLƏR