"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Şadlıq saraylarının Qaraçuxur Bələdiyyəsinə 4 min manat borcu var

--2019-06-04 / 17:56

Bələdiyyə seçkilərinə 3 aydan bir az artıq vaxt qalıb. Bu müddətə qədər yerli özünü idarəetmə qurumları, görəsən, hansı xidməti işləri ilə yadda qalacaq? Paytaxtda elə bələdiyyələr var ki, onların ancaq adları var. Elələri də var, işləri ilə adlarını duyururlar.

Belə bələdiyyələrdən biri də Suraxanı Rayon Qaraçuxur Bələdiyyəsidir. Qaraçuxur qəsəbəsinin mərkəzi yolları standartlara uyğun olaraq çəkilib. Yolların hər iki tərəfi ilə yaşıllıqlar salınıb. Hətta bu yaşıllıqların salınmasında Birinci vitse-prezident Mehriban xanım Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva da iştirak edib. Əkilən ağaclara və salınan yaşıllıqlara xidmət Qaraçuxur Bələdiyyəsi tərəfindən yüksək səviyyədə aparılır. 
Yolumuzu Qaraçuxur qəsəbəsində yerləşən «Vətən Şəhidləri Unudulmur» abidə kompleksindən saldıq. Abidənin ətrafı yaşıllığa qərq olunub. Sonra Şəhidlər bulağı kompleksində olduq. Kompleks yerləşən parkda açmış müxtəlif növ qızılgüllər və çiçəklər öz əsrarəngiz gözəlliyi ilə seçilirdi, sanki Nabatat bağını xatırladırdı. Yaşıllıqlara isə Bələdiyyə tərəfindən təyin edilmiş bağban və fəhlələr qulluq göstərirdilər. Yaxınlıqdakı Veteranlar Xiyabanı parkı da öz gözəlliyi ilə seçilirdi. Sözügedən parkda abadlıq işləri aparılmış, küçə işıqları bərpa olunmuş və yaşıllıqlar isə Bələdiyyə tərəfindən mühafizə olunaraq qorunub saxlanılırdı.

Onu da qeyd edək ki, Əhməd Mehbalıyev prospektində Suraxanı Rayon İcra Hakimiyyətinin və Qaraçuxur Bələdiyəsinin birgə köməkliyi nəticəsində iri ağaclarda budanma işləri aparılırdı, quruyan ağaclar isə kəsilib götürülürdü. Bələdiyyənin vəsaiti hesabına adıçəkilən prospektdəki binaların fasadlarında təmir və rənglənmə işləri aparılırdı, piyada yollara tamet daşlar döşənilirdi.
Suraxanıya gedən təzə təmir edilmiş mərkəzi asfalt yolun hər iki tərəfdən yolboyu bu il təzə əkilmiş ağaclar və qazonlar göz oxşayırdı. Orada da eyni vəziyyətin şahidi olduq. Həmin yaşıllıqlara isə Bələdiyyə işçiləri qulliq göstərirdilər. Fəhlələr isti günlərdə ağacları mütəmadi olaraq sulayırdılar. 
Bələdiyyə sədri İxdiyar Nəcəfov da ərazidə idi, fəhlələrə gösrərişlərini verirdi. Bələdiyyə sədri “Həftə içi”nə bildirdi ki, bu il yolkənarlarına 2000-dən çox ağac əkilib, “Lukoil” yanacaqdoldurma məntəqəsinədək əkilmiş ağaclara yerli bələdiyyə tərəfindən qulluq göstərilir: ”Etibar Bəkirli küçəsində 2 kilometr uzunluğunda olan asfalt yolun hər iki tərəfində salınmış yaşıllıqlara biz xidmət göstəririk. Qaraçuxur qəsəbəsində yaşılıqlara xidmət gösrərilməsi üçün işçi briqadası ayrılıb. Hər gün axşamadək ağaclar və yaşıllıqlar suvarılır. Hətta dərman preparatları və gübrələrədək almışıq. Xəstəliyə tutulan ağac və kollara dərhal dərman preparatları vurulur. Yaşıllığı əhatə edən əraziyə 1 000 metr uzunluğunda su xətləri çəkdirmişik, üç yerə sayğaclar quraşdırılıb. Suyun hər kubuna isə 1 manat vəsait ödəyirik”.

Bələdiyyə sədri vurğuladı ki, ölkə başçısının sərəncamına uyğun olaraq, “Dost” tərəfindən Qaraçuxur Bələdiyyəsinə 30 nəfər işçi verilib: ”Yeni Günəşli qəsəbəsində Bələdiyyə tərəfindən salınan “D-park”ında da abadlıq, təmizlik işləri aparılır, ağaclar isə suvarılır. İşimizi “Bir bələdiyyə, azı, bir layihə” çərçivəsində qururuq. Fərdi yaşayış evlərinin fasadları bələdiyyənin vəsaiti hesabına ağlay daşla üzlənilib. Bələdiyyənin 20 minə yaxın vergiödəyicisi var. Aralarında elələri də var ki, vergidən yayınır. İnzibati icraat haqqında Qanunun 82.2 maddəsini rəhbər tutaraq, boyun qaçıran ödəyicilərin vergiyə cəlb edilmələri üçün məhkəmədən kənar icra məmurlarına sərəncam təqdim edirik. “Orion” və “Yağmur” Şadlıq Sarayının Bələdiyyəyə 4 min manat borcu var. Məhkəmə qərarlarına məhəl qoymayan sahibkar bir manat da olsa ödəniş elmir. Vergiödəyiciləri ilə bağlı 140-dan çox inzibati akt qəbul etmişik, bunun 80-ə yaxını icra olunub. Bu da ümumi borcun 20 faizindən yuxarıdır”.

 
ŞƏRHLƏR