"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Sadiq Xəlilov: “Heydər Əliyev müasir dövlətçilik ənənələrimizin yaradıcısıdır”

--2022-06-08 / 11:38

Müstəqil dövlətimizin təşəkkül tapmasında, şübhəsiz ki, ən böyük xidmət ümummilli liderimiz, dünya miqyaslı dahi şəxsiyyət Heydər Əliyevə məxsus olmuşdur. Onun xalqımızın ümdə arzularının gerçəkləşməsində rolu danılmazdır. Bugünkü azad və suveren respublikamız ulu öndərimizin ən böyük əsəridir. O, müstəqil respublikamızın qurucusu və memarıdır.

Bu gün müstəqil ölkəmiz məhz Heydər Əliyevin müəyyən etdiyi siyasi kursla irəliyə doğru inamlı addımlar atır. Azərbaycanın ən yeni tarixinin 34 illik bir mərhələsi Heydər Əliyevin böyük adı ilə bağlıdır. Ulu öndərimiz Heydər Əliyev şəxsiyyətinə dünyəvi hörmət, ehtiram və ümumxalq sevgisi əbədidir. Çünki o böyük insan bütün həyatı boyu Azərbaycan xalqının inkişafı və tərəqqisi naminə mübarizə aparmış, bu yolda taleyin sərt sınaqlarından alnı açıq, üzü ağ çıxmışdır.

Müstəqilliyimizin ilk illərində Azərbaycanda cərəyan edən xaotik proseslər təsdiq edirdi ki, yalnız möhkəm siyasi iradəsi olan bir rəhbər ölkənin başı üstünü almış bütün təhlükələrdən qurtarmaq, dövlət müstəqilliyimizi yaşatmaq kimi ağır bir missiyanın öhdəsindən gələ bilər. 1993-cü ildə Azərbaycan dağılmaq və parçalanmaq təhlükəsi ilə üzləşdiyi bir vaxtda xalqımızın ümummilli lider Heydər Əliyevə üz tutması təsadüfi deyildi. Çünki ölkədəki hərc-mərcliyi, itaətsizliyi, anarxiyanı yalnız o böyük insan aradan qaldıra bilərdi. O zaman vəziyyəti düzgün qiymətləndirən xalqın tələbi Bakıya – ölkə rəhbərliyinə Heydər Əliyevin gəlməsi idi. Heydər Əliyevə ünvanlanan müraciətlər təkcə maddi-mənəvi iztirablara məruz qalan bir xalqın sadəcə vəziyyətdən çıxış yolu deyildi. Bu həm də Azərbaycan dövlətçiliyinin yaşaması, hələ kövrək olan müstəqilliyimizin qorunması üçün qəbul edilən tarixi ümumxalq qərarı idi. 1993-cü il iyunun 9-da xalqın təkidli tələbi ilə Heydər Əliyev Bakıya gəldi. Heydər Əliyevin Bakıya gəlməsi xəbəri xalq tərəfindən sevinclə, ruh yüksəkliyi ilə qarşılandı. Heydər Əliyevi Naxçıvandan Bakıya gətirən yol Azərbaycan xalqının və dövlətçiliyinin nicat və qurtuluş yoluna çevrildi. Dövlətçiliyimizə qənim kəsilən dairələrin xaos yaradıb Azərbaycanı parçalamaq planları puça çıxdı. Xalqın böyük inam bəslədiyi Heydər Əliyevin ətrafında birləşməsi Azərbaycan dövlətçiliyinin və xalqının qanına susamış bütün planların üstündən birdəfəlik xətt çəkdi. Xalqın tələbi ilə Bakıya qayıdan ümummilli lider ölkəmizin başı üstünü almış təhlükənin qarşısını qısa vaxtda aldı.
Tarix ulu öndərimiz Heydər Əliyev kimi insanları yüz ildən, bəlkə də min ildən bir yetirir. Bu dahi insanın ölkəmizə rəhbərliyinin bütün dövrlərində Azərbaycanın iqtisadi dirçəlişi, tərəqqisi təmin edildi, millətimizin dünya millətləri içərisində səsi eşidilməyə başladı. Hər birimiz yaxşı başa düşürük ki, Heydər Əliyev olduqca uzaqgörən iti zəkaya, sağlam düşüncə tərzinə malik bir insan idi. Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi altında 1995-ci ildən başlayaraq iqtisadiyyatın bazar münasibətləri əsasında qurulması, kənddə aqrar islahatların həyata keçirilməsi, xüsusilə sovxoz və kolxozların ləğv olunması, onlara məxsus torpağın, mal-qaranın və əmlakın paylanması və s. kimi tədbirlər aqrar bölmənin strukturuna ciddi təsir göstərmiş, kənd təsərrüfatında ciddi dəyişikliklər baş vermiş, yeni sahələr yaranmışdır. Ən başlıcası isə Heydər Əliyevin memarı olduğu və uğurla həyata keçirdiyi torpaq islahatı Azərbaycan kəndlisinin çoxəsrlik arzusunu reallaşdırdı, onları torpağın həqiqi sahibinə çevirdi.

İstər birinci dəfə sovet dönəmində, istərsə də müstəqillik dövründə ulu öndər Heydər Əliyevin ölkənin rəhbərliyinə gəlməsi ilə respublikanın ictimai, siyasi, təsərrüfat, mədəni və təhsil həyatında da bir canlanma başlanmışdı. Qeyd etmək lazımdır ki, ulu öndər hələ 1969-cu ildə birinci dəfə respublika rəhbərliyinə gəldiyi zaman xüsusi diqqət verdiyi sahələrdən biri də məhz təhsil sahəsi idi. Artıq XX əsrin 70-80-ci illəri xalqımızın tarixində yalnız iqtisadiyyatın bütün sahələrinin inkişafı dövrü kimi deyil, həm də elmin, təhsilin, mədəniyyətin misilsiz tərəqqisi illəri kimi ayrıca mərhələ təşkil edir. Həmin dövrdə gələcək müstəqilliyimizin təməli qoyulmuş, iqtisadi, sosial və mədəni potensial formalaşdırılmışdır. Bu mərhələdə görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycanın iqtisadi-mədəni inkişafı, sənayenin, kənd təsərrüfatının, mədəniyyət, elm, təhsil və digər prioritet sahələrin idarə edilməsi üçün bacarıqlı və yüksəkixtisaslı kadrların hazırlanmasının vacibliyini mühüm vəzifə kimi qarşıya qoyaraq təhsilin inkişafına xüsusi qayğı göstərirdi.

Ulu öndər Heydər Əliyev sanki dünyaya gələndə elə xalq üçün, onun səadətə yetişməsi üçün gəlmişdi. Haqqın, ədalətin bərpası, ölkənin inkişaf etdirilib sivil cəmiyyətə çevrilməsi üçün çəkdiyi minbir əziyyət onun tale yolu, ömür yolu olmuşdur. Ümummilli liderimiz əmanət olaraq xalqımıza zəngin maddi və mənəvi dəyərlər, siyasi və iqtisadi cəhətdən etibarlı dayaqlar üzərində qurulmuş Azərbaycan qoydu. 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" Heydər Əliyevin uzaqgörən neft siyasətinin ilk konturları oldu. Məhz bu müqavilədən sonra inkişaf etmiş dünya dövlətlərinin Azərbaycana, burada cərəyan edən proseslərə marağı artdı. Ölkədə uğurlu islahatların bünövrəsi qoyuldu.

Dünya siyasətində nəhəng şəxsiyyət olan Heydər Əliyev qısa zaman kəsiyində ölkəmizi yetərincə tanıdaraq ona qarşı iqtisadi və siyasi maraqları artmışdır. Məhz ulu öndərimizin səyi, zəhməti sayəsində respublikamız sosial-iqtisadi inkişaf yoluna çıxdı. Heydər Əliyev dühasını, ucalığını, böyüklüyünü həmişə xatırlayacağıq. O, xalqımızın şəriksiz lideri olmaqla yanaşı, həm də ulu Tanrının bizə bəxş etdiyi nəhəng siyasi xadim, zamanın fövqündə dayanan dahi insan, bəşəri dəyərlərin daşıyıcısı idi.
Azərbaycan-Heydər Əliyev əsrlər boyu qoşa səslənəcək. Çünki müstəqil Azərbaycan Respublikası Heydər Əliyevin şah əsəridir.

Heydər Əliyevin ideyaları bu gün də yaşayır, reallaşır. Ulu öndərin siyasi kursu uğurla davam etdirilir. Azərbaycan Prezidenti cənab İlham Əliyev böyük öndərin qurduğu müstəqil Azərbaycanı daha qüdrətli dövlətə çevirməyə qadir olduğunu həyata keçirdiyi işlərlə sübut edir. Dövlət başçımızın yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan artıq öz ərazi bütövlüyünü bərpa edib və dünyanın ən dinamik inkişaf edən ölkəsinə çevrilib. Eyni zamanda da Cənubi Qafqazda yaranmış yeni iqtisadi və geosiyasi reallıqların müəllifi kimi, Azərbaycanın beynəlxalq nüfuzu da durmadan artır. Əlbəttə ki, bütün bunlar hər birimizi fərəhləndirir və ölkəmiz, xalqımız naminə daha yaxşı çalışmağa ruhlandırır.

Sadiq Xəlilov,
Bərdə şəhər Bələdiyyəsinin sədri

ŞƏRHLƏR