Sabunçu Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (OMBUDSMAN) və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən “Susma, səsini eşitdir!” adlı layihə çərçivəsində Kürdəxanı qəsəbəsində yerləşən 113 nömrəli, Pirşağı qəsəbəsində yerləşən 112, 188 və 305 nömrəli tam orta məktəblərin birgə təşkilatçılığı ilə növbəti tədbir keçirilib.
Belediyye.infonun əldə etdiyi məlumata görə, tədbir ilk olaraq məktəblilərin mövzu ətrafında hazırladıqları rəsm əsərlərinə baxış ilə başlanıb.
Daha sonra məktəblilər məişət zorakılığı, uşaq evliliyi, təhsildən yayınma halları, qohumlar arasındakı nikah və onların fəsadları mövzuları ətrafında hazırladıqları səhnəcikləri nümayiş etdirdilər, şeir və mahnılar səsləndirdilər. Tədbirin sonunda Kürdəxanı qəsəbəsində yerləşən 113 nömrəli tam orta məktəb tərəfindən hazırlanan “Susma, səsini eşitdir!” adlı sosial videoçarx nümayiş olundu. Videoçarxın hazırlanmasında Kürdəxanı bələdiyyəsinin də dəstəyi olub.
Məktəbdə keçirilən tədbir zamanı Kürdəxanı bələdiyyəsinin təşəbbüsü ilə layihənin icrasında göstərdiyi fəallığa görə məktəbin direktoru və təhsildə fərqlənən şagirdlərə “Fəxri fərman” və qiymətli hədiyyələr təqdim edilib.
Bildirilir ki, layihə çərçivəsində hər ay Sabunçu rayonunun bir qəsəbəsi üzrə fəaliyyət göstərən tam orta məktəblərdə aylığın keçirilməsi və insan hüquqları, məişət zorakılığı, uşaq evliliyi, təhsildən yayınma, bullinq və s. bu kimi mövzularda maarifləndirmə işinin gücləndirilməsi nəzərdə tutulmuşdur.
Belediyye.info
|
|
|
|
|
|
|
|
|
|
|