"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Reklam ödənişlərinin həcmini səkkiz dəfə artıra bilmişik

--2016-02-13 / 21:39

Bu gün Azərbaycanın bütün regionları kimi Qarabağın ən böyük iqtisadi rayonu olan Bərədə rayonu  sürətlə inkişaf edir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə rayonumuz son illər böyük sürətlə inkişaf etmiş, Avropanının inkişaf etmiş rayonları sırasına çıxmış, rayonun görkəmi tanınmaz dərəcədə gözəlləşmişdir.

Qeyd  edək ki, rayonun bütün bələdiyyələri kimi Bərdə bələdiyyəsi rayonda aparılan tikinti-abadlıq işlərində yaxından iştirak etmiş, yerli məsələlərin həlli üçün bütün imkanlardan istifadə edilməsi üçün cəhd göstərmişdir.

İl ərzində bələdiyyə ərazisindəki park, bağ, küçə və yolların təmiri və abadlaşdırılmasına ümumilikdə 27429 manat xərclənib. Belə ki, şəhərin H.Əliyev prospekti, Koroğlu, Nüşabə, İ.Qayıbov küçələrində olan avtomobil yolunun sağ və sol hissəsində piyadalara aid səki yolundakı bardurların və piyadalar üçün yol keçidlərinin rənglənməsi, Bərdə şəhər E.Əsədov, Ə.Ədilov, Cavanşir, M.F.Axundov, M.Ə.Rəsulzadə və Şəhriyar küçələrində yolların hamarlanması və doğranmış çınqılla örtülməsi, sağ və sol hissəsindəki alaq otlarının biçilməsi və nəqliyyatın gediş gəlişinə maneçilik törədən iri ağacların budanması, Bərdə şəhər B.Hacıyev, Qarabağ, Məhsəti, Ata-türk küçələrində yolların hamarlanması və şebenlə örtülməsi, düzəlməsi, yolların  sağ və sol hissəsindəki alaq otlarının biçilməsi, Bərdə şəhər Sənaye və Təbriz küçələrində yol kənarı və bardurların təmiri və küçənin alaq otlarından təmizlənməsi, Gəncə küçəsində isə yol kənarı su arxlarının  təmizlənməsi və daşınması kimi işlər görülmüşdür.

Ötən il də məhəllə komitələri ilə iş bələdiyyənin fəaliyyətinin əsas istiqamətlərindən olub. Bir neçə məhəllə komitəsində hesabat yığıncaqları keçirilib, 3 məhəllədə (H.Aslanov, B.Hacıyev, C.Məmmədquluzadə küçələrində) yeni komitələr formalaşıb.

Bələdiyyədə məhəllə komitələrinin fəalları ilə əmlak vergisinin ödənilməsi, küçə yollarının təmir olunması və s. mövzularda məlumatlandırma seminarları keçirilib. Məhəllə komitələrinin müraciətləri diqqət mərkəzində olub. Bələdiyyənin önəm verdiyi istiqamətlərdən ən vacibi imkansız və kimsəsiz şəxslərə maddi yardımların verilməsidir. Bu işlər pul, material, ərzaq yardımları və dəfn-yas mərasimlərinə edilən yardımlar şəklində  həyata keçirilir. Məhəllə komitələrinin müraciətləri və sakinlərin fərdi müraciətləri əsasında bələdiyyədə imkansız ailələrin siyahısı hazırlanıb.

Qurban bayramında qurbanlıq heyvan kəsilərək 49 nəfərə paylanılıb. Bir nəfərə mənzilində yanğın baş verdiyinə görə, 100 manat maddi yardım verilmişdir. Ötən il 3 nəfərə dəfn və yas mərasimlərinin keçirilməsinə kömək məqsədi  ilə yardım göstərilib.

2015-ci ildə bələdiyyə bir sıra mədəni-kütləvi tədbirlər həyata keçirib: 20 Yanvar–Ümumxalq Hüzn günü,26 fevral Xocalı soyqırımı günü, Beynəlxalq Qadınlar günü, Novruz bayramı, 9 May-Faşizm üzərində Qələbə günü, 26 iyun–Silahlı Qüvvələr günü, Mətbuat günü, Qurban bayramı, ulu öndər H.Əliyevin anım günü, Dünya Azərbaycanlılarının həmrəylik günü və yeni il şənliyndə müxtəlif səpgili tədbirlər reallaşdırılmışdır. Ötən ildə torpaq sahəsi ayrılması proseduruna başlanılmış bir sıra işlər yekunlaşdırılmışdır. Fərdi mənzil tikintisi üçün torpaq sahəsinin alqı-satqısı və sahibkarlıq fəaliyyəti üçün torpaq sahəsinin icarəyə verilməsi haqqında yekun qərarlar verilib.

Hesabatdan göründüyü kimi, ötən ilin müvafiq dövrü ilə müqayisədə Bərdə Bələdiyyəsi xeyli iş görüb, bir sıra sahələrdə gözəgörünən irəliləyişlərə nail olub. Bələdiyyənin ictimaiyyətlə əlaqələri gündən-günə möhkəmlənir. Hakimiyyət orqanları ilə, Kütləvi İnformasiya Vasitələri ilə, Qeyri-Hökümət təşkilatları ilə, məhəllə komitələri ilə qarşılıqlı münaisbətlər qurulmuşdur. Bələdiyyənin fəaliyyəti, strukturu və iş prinsiplərində şəffaflıq və hesabatlılıq vardır.

2015-ci ilin oktyabrın 12-dən 18-dək “Azərbaycanda Yerli Demokratiya Həftəsi” çərçivəsində tədbirlər görülmüş, şəhərdə 3 yerdə “Yerli demokratiya həftəsində fəal iştirak edək”, “Bələdiyyə-vətəndaş, vətəndaş-bələdiyyə əlaqələrini möhkəmləndirək” və “Vətəndaşların yerli özünüidarəetmədə iştirakını təmin edək” şüarları yazılmış plakatlar asılmış, “bələdiyyə poçt qutuları” quraşdırılmış, sakinlərlə operativ əlaqələrin təmin edilməsi məqsədilə “qaynar xətt” telefon nömrəsi elan edilmiş, “qaynar xətt” vasitəsi ilə qaldırılan məsələlərin qeydə alınması və cavablandırılması təmin edilmiş, bələdiyyədə “açıq qapı” günləri elan edilmiş və bələdiyyə üzvləri tərəfindən vətəndaşların qəbulu təşkil olunmuşdur. Həftə ərzində bələdiyyədə “Multikultural cəmiyyətdə həyat: hörmət, dialoq və qarşılıqlı fəaliyyət” adı altında 5 tədbir keçirilmiş, bu tədbirlərdə 456 nəfər iştirak etmişdir.

Həftə ərzində bələdiyyədə 61 vətəndaş dinlənilmişdir. Tədbirlərdə bələdiyyə tərəfindən 2015-ci ildə görülmüş işlər, o cümlədən “Bir bələdiyyə - azı bir layihə” təşəbbüsü çərçivəsində həyata keçirilmiş layihələr barədə hesabatlar verilmiş, 2016-cı ilin bələdiyyə büdcəsinin və həyata keçirilməsi nəzərdə tutulmuş layihələr müzakirə olunmuşdur.

2015-ci ildə bələdiyyənin 18 iclası keçirilib, iclaslarda 37 məsələ müzakirə edilərək müvafiq qərarlar qəbul olunub. Müzakirə edilmiş məsələlərdən 5-sı icarəyə və mülkiyyətə torpaq sahəsinin ayrılması ilə, 4-ü tikinti-abadlıq işlərinə, məhəllələrdə görülən işlərə və tədbirlərin həyata keçirilməsinə, maliyyə vəsaitinin ayrılmasına, 9 nəfərə maddi yardımlarla, 19-u isə təşkilati və digər məsələlərlə bağlı olub. Bundan başqa, iclaslarda sakinləri narahat edən bir sıra cari məsələlər müzakirə edilib.

Ötən il bələdiyyəyə vətəndaşlardan 148 ədəd ərizə və məktub daxil olub. Müraciətlərdən 27- si birdəfəlik maddi yardımla, 13-ü sahibkarlıq fəaliyyəti üçün torpaq sahəsi ayrılması ilə, 28-i həyətyanı torpaq sahəsi ayrılması ilə, 7-si tikinti və təmir işləri ilə, 65-i müxtəlif mövzularla əlaqədardır.

Müraciət edən şəxslərdən 2-i şəhid ailəsi, 3-ü Qarabağ müharibəsi əlili, 2-si köçkün, 1-i Çernobıl və digər dərəcəli əlil, 1-i ehtiyyatda olan zabit, 2-si Qarabağ müharibəsi veteranıdır. Maddi yardımla bağlı 9, fərdi mənzil tikintisi üçün torpaq sahəsi almaqla bağlı 28, sahibkarlıq fəaliyyəti üçün torpaq sahəsi almaqla bağlı 6 müraciət müsbət həllini tapıb, qalan ərizələrə qanunvericiliyin tələblərinə uyğun əsaslandırılmış yazılı cavablar göndərilib. 94 ərizə sorğu, şikayət və məlumat xarakterli olduğu üçün araşdırılaraq, vətəndaşlarla izahat işləri aparılıb. Hesabat dövründə 1225 nəfər vətəndaş bələdiyyə sədri tərəfindən fərdi şəkildə qəbul edilib. Qəbulda irəli sürülən müxtəlif müraciətlərin əksəriyyəti komissiyalar tərəfindən araşdırılaraq həllini tapıb. Həmçinin 42 nəfər hərbiçinin məzuniyyətə gəlmə-getmə qeydiyyatı aparılıb.

İl ərzində bələdiyyəyə orqanlardan 100 ədəd sənəd və məktub daxil olub ki, bunlardan 30-u şəhər İcra Hakimiyyətindən, 5-i Nazirliklərdən, 65-i idarə və təşkilatlardan göndərilib. Sənədlərə operativ baxılaraq, müvafiq cavablar yazılıb.

Tövsiyyə xarakterli məktublar, qanun və qərarlardan çıxarışlar olan sənədlər fəaliyyət üçün müvafiq şöbə və komissiyalarda saxlanılır.

2015-ci ildə bələdiyyə büdcəsinin gəlirləri 118.684  manat olub. Büdcə gəlirləri aşağıdakı mənbələrdən formalaşıb: icarəyə verilmiş torpaqlardan icarə haqqından 29.047 manat (ötən ildəkindən 41 % çox), fiziki şəxslərdən əmlak vergisindən 36428,90 manat (ötən ildəkindən 22.9 % çox), fiziki şəxslərdən torpaq vergisindən 6456,9 manat (ötən ildəkindən 22.9% çox) bələdiyyə torpaq satışından 2130 manat (ötən ildəkindən 0.6 % az), mehmanxana və turizm xidmətləri göstərən şəxslərdən alınan ödənişdən 100 manat, küçə reklamlarının vergisindən və yerləşdirilməsindən 44.521 manat (ötən ildəkindən 8 dəfə çox) vəsait toplanıb.

İl ərzində vergilərin yığılmasında ən çox irəliləyiş fiziki və hüquqi şəxslərdən toplanan əmlak, torpaq və reklam vergisi ödənişində müşahidə edilib.

Ötən il torpaq sahələrinin ayrılması ilə əlaqədar struktur dəyişikliyi ilə bağlı olaraq, bələdiyyə tərəfindən torpaq sahəsi alqı-satqı predmeti az olduğndan büdcəyə vəsait az daxil olmuşdur.

Mədən vergisindən gəlir daxil olmamasına səbəb isə qum-çınqıl karxanalarının bəzi sahibkarlarının vergidən yayınmaları və bir sıra karxanaların fəaliyyətlərinin dayanmasıdır.

2015-ci ildə bələdiyyə büdcəsindən 127182.50 manat vəsait xərclənib. İllik əməyin ödəniş fondu ümumi xərclərin 39.6 %-ni təşkil edib.

Sizi əmin edirik ki, Bərdə bələdiyyəsi fəaliyyətini genişləndirmək, yerli məsələlərin həllində bələdiyyənin fəaliyyətini  daha da gücləndirmək üçün bundan sonra da bütün qüvvələri səfərbər edəcəkdir.

Sadiq Xəlilov

Bərdə bələdiyyəsinin sədri

 

 

 

 

ŞƏRHLƏR